Barak Obama: "Qarabağ probleminin həlli istiqamətində addımlar atılmalıdır"
Amerika prezidenti Ankarada Türkiyəni Ermənistanla sərhədləri açmağa çağırdı
Aprelin 6-da Ankarada Türkiyə prezidenti Abdullah Gül və ABŞ prezidenti Barak Obama arasında görüş keçirilib. APA-nın xəbərinə görə, hər iki prezident görüşdən sonra birgə mətbuat konfransı keçirib.
A.Gül iki ölkə arasında strateji tərəfdaşlığın, eləcə də iqtisadi əməkdaşlığın inkişafını, texnologiyalar, investisiyalar sahəsində qarşılıqlı fəaliyyəti müzakirə etdiklərini deyib. O bildirib ki, ABŞ super güc olaraq dünyadakı bütün problemlərlə maraqlanır və maraqlanmalıdır: "Terrorçuluqla mübarizə, Əfqanıstan, Orta Şərq və Qafqaz bölgələrində birgə çalışacağıq".
Obama isə bir həftədir Avropada olduğunu xatırladaraq bu turneni Türkiyədə tamamlamasının təsadüf olmadığını söyləyib: "Mən bir həftəlik səfərimi Türkiyədə bitirməklə Türkiyənin dünyada nə qədər əhəmiyyətli ölkə olduğunu vurğulamaq istəyirdim. Türkiyə demokratiyaya, bazar iqtisadiyyatına önəm verən, NATO üzvü olan müsəlman ölkəsidir. Biz Türkiyə ilə Əfqanıstan və İraqda bundan sonra necə əməkdaşlıq edəcəyimizi, Amerika qoşunları İraqdan çəkilərkən hansı addımların atılacağını, terrorçuluqla mübarizəni, bölgədəki və dünyadakı nüvə problemini, ticarət, biznes və iqtisadiyyat sahələrində əməkdaşlığın inkişafını müzakirə etdik. Mən Türkiyəyə dəstək verəcəyimizi təkrarladım. Biz birlikdə çalışaraq strateji ortaqlığımızı davam etdirəcəyik".
Sonra prezidentlər jurnalistlərin suallarına cavab veriblər. ABŞ-ın "Chicago Tribune" qəzetinin əməkdaşı Obamadan senator olarkən "erməni soyqırımı" ilə bağlı tutduğu mövqenin hazırda dəyişib-dəyişmədiyini soruşub. Obama bu suala belə cavab verib: "Mənim mövqeyim bəllidir və dəyişməyib. Amma məni ən çox cəsarətləndirən məsələ hörmətli Gülün təşəbbüsü ilə Ermənistanla Türkiyə arasında müzakirələrin davam etməsidir. Bu müzakirələrdə bir çox məsələ, o cümlədən sizin dediyiniz məsələ də nəzərdən keçirilir. Müzakirələri izləyirəm və bu müzakirələr çox qısa müddətdə nəticə verə bilər. Bundan sonra mən diqqəti öz mövqeyim deyil, Türkiyənin mövqeyi üzərində cəmləşdirərək hərəkət etmək istəyirəm. Keçmişdə faciəvi olaylar yaşanıb. Amma dünya Türkiyəni cəsarətləndirməli və konstruktiv mövqe tutmalıdır. ABŞ prezidenti olaraq yaxın gələcəkdə veriləcək açıqlamalarla bağlı bir şey söyləmək istəmirəm. Türklər və ermənilər konstruktiv şəkildə ortaq məxrəcə gəlməlidir. Mən hörmətli Gülün uğurla apardığı müzakirələrə yardımçı olmaq istəyirəm. Kimsənin bu müzakirələri pozmasını istəmirəm".
Prezident Gül isə uydurma "soyqırım"ın hüquqi-siyasi deyil, tarixi məsələ olduğunu deyib. O, Osmanlı İmperiyasının 1915-ci ildə 4 cəbhədə döyüşərkən ölkə daxilindəki ermənilərin xarici qüvvələrin təhriki ilə hərəkət etdiyini xatırladıb: "Həmin hadisələrdə bizim çox insan həyatını itirib. Türklər çox böyük itkiyə məruz qalıb. Balkanlardan, Qafqazdan milyonlarla müsəlman qovulub. Amma Türkiyə yeni nəsilləri nifrət duyğusu ilə tərbiyə etməmək üçün bunu gündəmə gətirməyib. Təəssüf ki, erməni diasporu bunu siyasi məqsədlə daim gündəmdə saxlayıb. Biz istəyirik ki, tarixçilər, mütəxəssislər oturub bu problemi həll etsinlər. Kimin haqlı, kimin haqsız olduğuna siyasətçilər, parlamentarlar qərar verə bilməz. Ortaq bir komissiya qurulmalıdır. O komissiya hansı qərarı versə, biz ona hazırıq. Biz arxivlərimizi açmışıq, hər kəs gəlib baxa bilər. Biz qonşularımızla əlaqələrimizin yaxşı olmasını istəyirik. Ermənistanla da bu məqsədlə danışıqlara başlamışıq. Bu danışıqların müsbət nəticələnməsini gözləyirik. Qafqazda yeni mərhələ başlayıb. Ermənistanla Azərbaycan arasındakı problemin də həlli və bölgədə əməkdaşlıq mühitinin yaranması istiqamətində çalışırıq". Obama sonda PKK terroru ilə mübarizədə Türkiyəyə dəstək verməyə davam edəcəklərini açıqlayıb.
Prezident Güllə görüş və birgə mətbuat konfransından sonra Obama Türkiyə Böyük Millət Məclisindəki proqramına başlayıb. Burada Obamanı TBMM sədri Köksal Toptan qarşılayıb. Obama ilə Toptanın görüşü 15 dəqiqə çəkib. ABŞ prezidenti parlament müxalifətinin rəhbərləri Dəniz Baykal, Dövlət Baxçalı və Əhməd Türklə 5 dəqiqəlik görüşlər keçirəndən sonra TBMM-də çıxış edib.
Obama çıxışa "Məndən bu səfəri mesaj üçünmü həyata keçirirsən deyə soruşurdular. Cavabım çox sadədir - bəli!" sözləriylə başlayıb. ABŞ prezidenti Türkiyənin önəmli bir müttəfiq və Avropanın çox önəmli bir hissəsi olduğunu vurğulayıb. O, Atatürkün məzarını ziyarətdən çox təsirləndiyini deyib: "Atatürk tarixi dəyişdirən liderdir. Demokratik və dünyəvi Türkiyə Cümhuriyyəti Atatürkün ən böyük mirasıdır. Türkiyə Birinci Dünya müharibəsindən sonra fərqli yol seçə bilərdi, amma demokratik bir ölkə olmağı seçdi və bütün dünyanın sayğısını qazandı".
Obama ABŞ-ın müstəqilliyinə ilk dəstəyin türklərdən - Osmanlıdan gəldiyini qeyd edib: "Müstəqilliyimizi qazandığımız zaman bizə bir çox dostun köməyi oldu. Bunlardan biri də İstanbuldaydı - Sultan Əbdülməcid bizə üzərinə şeir yazılmış mərmər göndərdi. Sonralar dostluğumuz daha da gücləndi. Prezident Trumen da Türkiyənin müstəqilliyini qorumaq üçün yardım etdi. İki ölkə Koreyadan Kosovoya və Əfqanıstana qədər birlikdə çalışdı".
ABŞ prezidenti Türkiyənin Avropa Birliyinə üzvlüyünü dəstəklədiklərini söyləyib. O, Türkiyənin bir sıra islahatlar həyata keçirdiyini vurğulayıb: "Amma bu, Avropanın deyil, Türkiyənin xeyrinədir. Son bir neçə ildə dövlət təhlükəsizlik məhkəmələrini ləğv etdiniz. Cinayət Məcəlləsində islahatlar apardınız, mətbuat və toplantı azadlığına dair qanunları gücləndirdiniz. Kürdcə təhsil və yayınlardakı qadağaları götürdünüz".
Obama çıxışında Türkiyə-Ermənistan münasibətlərinə toxunub: "Mən bu parlamentdə 1915-ci ildəki qorxunc olaylarla bağlı güclü fikirlər olduğunu bilirəm. Mənim fikirlərim haqqında çox şərhlər olduğunu da bilirəm. Ancaq irəliyə doğru ən yaxşı addım Türkiyə və Ermənistan xalqlarının dürüst, açıq və barışçı şəkildə birlikdə çalışmalarıdır. Türkiyə və Ermənistan liderlərinin tarixi və cəsur addımlar atdığını gördük. Bu müzakirələr yeni bir günün müjdəsini verir. Açıq bir sərhəd Türkiyə və Ermənistan xalqlarının birlikdə sülh və rifah içərisində yaşamalarına yol açar və hər iki ölkənin də mənfəətinə uyğun olar. Bu səbəbdən ABŞ Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləməkdədir".
Obama ABŞ-da vaxtilə quldarlıq quruluşunun mövcud olduğunu xatırladaraq bildirib ki, hər ölkə öz keçmişi ilə barışmalıdır: "Tarix faciəvi gerçəklərlə doludur. Amma keçmişdəki məsələlər həll edilməsə, yük kimi daim çiyinlərimizdə qalacaq. 1915-ci ildə baş vermiş hadisələr mənim yox, ermənilərlə türklərin birgə həll edəcəyi məsələdir. Bu istiqamətdə atılan cəsur addımları görürük. Sərhədlərin açılması türk və erməni xalqlarının sülh, rifah içində yaşamasına gətirib çıxarar və hər iki ölkənin mənafeyinə uyğun olar. Qarabağda uzun müddətdir davam edən problemin həlli istiqamətində də addımlar atılmalıdır".
ABŞ prezidenti Qərblə müsəlman dünyasının münasibətlərinə də yer verib. Obama Vaşinqtonun Türkiyəni Əfqanıstanda çox güclü müttəfiq saydığını bildirib. O, son illərdə islam dünyasında fərqli mövqelərin ortaya çıxdığını, lakin ABŞ-ın islam dünyası ilə savaşda olmadığını deyib: "İslam dünyası ilə yaxşı münasibətlərdə olmalıyıq. ABŞ-da çox ailədə müsəlman var. Mən də bunlardan biriyəm. Bilirəm ki, Türkiyənin gələcəyi ilə bağlı müzakirələri sevənlər var. Siz mədəniyyətlərin qovuşduğu bir yerdəsiniz. Ölkəni bu və ya digər yönə çəkməyə çalışanlar ola bilər. Amma Türkiyənin böyüklüyü hər şeyin mərkəzində olmasından qaynaqlanır".
“525-ci qəzet”, 07.04.2009.