“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
25.11.2009, 22:12
490

Volqa sahilində Qarabağı danışıqları

A- A+

İlham Əliyev: «Bütün dövlətlər arasında münasibətlər Azərbaycan-Rusiya münasibətləri kimi olsaydı, dünyada problem qalmazdı»

Azərbaycan prezidenti İlham Əliyevin Ermənistan rəhbəri ilə Almaniyada keçirilmiş görüşdən iki gün sonra Rusiyaya işgüzar səfərə getməsi əksər dairələrdə Moskvanın Qarabağ nizamlanmasında vasitəçi təşəbbüsünü ələ alması kimi şərh olunur. 

Çünki Rusiya və Azərbaycan prezidentlərinin noyabrın 24-də Ulyanovskda gerçəkləşən görüşü, hər nə qədər formal səbəblərlə bağlı olsa da, əslində müzakirə edilən başlıca mövzunun Qarabağ nizamlanması olduğu yəqin idi.

Qeyd edək ki, Azərbaycan prezidentinin Ulyanovsk şəhərinə işgüzar səfəri bu şəhərdə Heydər Əliyevin adını daşıyan meydanın açılışında iştirak etməklə bağlı idi. Ulyanovska gələn Azərbaycan prezidentini hava limanında Rusiya rəhbəri Dmitri Medvedev şəxsən qarşılayıb.

Sonra iki prezident Volqa çayı üzərində inşa olunmuş körpü-keçidinin açılışına qatılıblar. Medvedev azərbaycanlı həmkarının sözügedən tədbirdə iştirak etməsindən məmnunluğunu vurğulayıb.

Qeyd edək ki, Volqa üzərindəki nəhəng körpünün inşası hələ 1980-ci illərdə başlanmış və bu layihəyə o vaxt SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini Heydər Əliyev rəhbərlik etmişdi. Lakin sonradan SSRİ-nin dağılması ilə, bir çox iri infrastrutur layihələri kimi, bu tikinti də yarımçıq qalmışdı. Uzun fasilədən sonra inşası başa çatdırılan körpü Uralla Sibiri birləşdirən mühüm nəqliyyat dəhlizi hesab olunur.

Açılış mərasimindən sonra Rusiya və Azərbaycan prezidentləri Ulyanovsk şəhərində Heydər Əliyevin adını daşıyan meydanda ucaldılmış abidəsini ziyarət ediblər.

Mərasimlərdən sonra Rusiya və Azərbaycan prezidentlərinin təkbətək görüşü keçirilib.

“İTAR-TASS”ın yaydığı məlumata görə, hər iki prezident Azərbaycanla Rusiya arasında dostluq və dinc qonşuluq münasibətlərinin başqa dövlətlər üçün nümunə ola biləcəyini deyib.

Dmitri Medvedev Ulyanovskda Heydər Əliyevin abidəsinin açılmasını iki ölkə arasında dostluğun simvolu adlandırıb və postsovet məkanında münasibətlərin məhz bu əsaslarda qurulmalı olduğunu deyib.

Öz növbəsində prezident İlham Əliyev Azərbaycan və Rusiya arasında mehriban dostluq və əməkdaşlıq münasibətlərinin nümunəvi xarakter daşıdığını vurğulayıb. «Əgər bütün dövlətlər arasında münasibətlər Azərbaycan-Rusiya münasibətləri kimi olsaydı, dünyada problem qalmazdı», - deyə Azərbaycan prezidenti qeyd edib.

Daha sonra görüş jurnalistlərin iştirakı olmadan davam edib. Qeyd edək ki, Azərbaycan prezidentinin Ulyanovska səfəri öncəsi Rusiya prezidenti administrasiyasındakı mənbə dövlət başçılarının görüşündə Qarabağ münaqişəsi və enerji əməkdaşılığı məsələlərinin əsas müzakirə mövzusu olacağını bildirmişdi.

“İkitərəfli əməkdaşlığın gündəliyində enerji sahəsində qarşılıqlı münasibətlərin genişlənməsi məsələsi var”, - deyə mənbə qeyd edib. Kreml təmsilçisi ilkin mərhələdə 0,5 milyard kubmetr Azərbaycan qazının 2010-cu il yanvarın 1-dən Rusiyaya satışına dair bu il oktyabrın 14-də müqavilə imzalandığını xatırladıb.

Əslində Azərbaycan və Rusiya prezidentlərinin son dövrdə keçirilən görüşlərinə nəzər salsaq, onların başlıca mövzusunu məhz bu iki məsələ təşkil edib. Başqa sözlə, Azərbaycan daha çox Rusiyanın Qarabağ məsələsinin həllinə verəcəyi dəstək maraqlandırırsa, Rusiya üçün əsas məsələ bu dəstəyin müqabilində Azərbaycandan strateji yöndən nələr alacağı (o cümlədən enerji sahəsində) ilə bağlıdır.

Yeri gəlmişkən, dünən Rusiya XİN Azərbaycan və Ermənistan prezidentlərinin noyabrın 22-də Münxendə keçirilmiş görüşünə rəsmi münasibət bildirib.

“Biz Azərbaycan və Ermənistan prezidentləri arasında kontaktları dəstəkləyirik”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Andrey Nesterenko keçirdiyi mətbuat konfransında deyib (APA). Rusiya XİN rəsmisi Azərbaycan və Ermənistan rəhbərləri arasında aktiv təmasların konkret nəticələrlə yekunlaşmasını arzu etdiklərini bildirib.

Bu arada Rusiya mediasında Qarabağ nizamlanması ətrafında gəlişmələrə və Azərbaycan və Ermənistan rəhbərlərinin son görüşə geniş diqqət ayrılır.

Hətta mətbuatda yer alan bəzi iddialara görə, Rusiya hərbi-siyasi elitası Bakıdan alacağı böyük güzəştlər müqabilində Qarabağ məsələsində Azərbaycanı dəstəkləməyə, hətta gizli olaraq Azərbaycanın Dağlıq Qarabağda lokal hərbi əməliyyatlara başlamasına razılıq verib.

Hərçənd mövcud şəraitdə bu iddiaları inandırıcı saymağa elə bir tutarlı əsas yoxdur. Bir də ki Rusiyanın Qarabağ məsələsində Ermənistanı güdaza verəcəyini düşünmək, ümumiyyətlə, ağlabatan deyil.

Əksinə, Rusiya təmsilçilərinin dolayı yolla səslənən və mediada da yer alan əsas mülahizələr Ermənistana dəstək yönündədir.

MDB məkanında Rusiyanın hərbi-siyasi alyansı olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan) baş katibi Nikolay Bordyuja Qarabağ münaqişəsinin həərbi yolla həllinə yönəlik bəyanatlara qətiyyətlə qarşı olduğunu vurğulayıb.

Bordyuja bu fikri noyabrın 24-də Yerevanda keçirilən «Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Qafqaz regionunda sabitlik və təhlükəsizlik faktorudur» adlı «dəyirmi masa»da çıxış edərkən bildirib. Rusiya təmsilçisinin sözlərinə görə, Qarabağ münaqişəsinin yenidən alovlanmasına imkan verməmək üçün münaqişə tərəfləri arasında hərbi güc tətbiqini birmənalı istisna edən saziş imzalanmalıdır.

Xatırladaq ki, Rusiya vaxtilə Gürcüstanı da Abxaziya və Cənubi Osetiyaya münasibətdə belə bir saziş imzalamağa təşviq etmək istəsə də, rəsmi Tbilisi buna getməmişdi.

Azərbaycanla Ermənistan arasında yeni müharibənin yolverilməzliyinə gəldikdə isə, əslində Moskvanın təşəbbüsü və vasitəçiliyi ilə 2008-ci ilin noyabrın 2-də Azərbaycan, Ermənistan və Rusiya prezidentləri tərəfindən imzalanmış «Mayndorf bəyannaməsi» elə buna xidmət edir. Həmin sənəddə tərəflər Qarabağ münaqişəsinin sülh yolu ilə həllini ön görən müddəalara imza atıblar. Lakin, belə görünür ki, Rusiya münaqişə tərəfləri arasında hərbi yolu tam istisna edən və konkret öhdəliklər nəzərdə tutan daha bir sənədin imzalanmasını istəyir.

«Siyasətçilər 1990-cı illərdə münaqişələrin hərbi yolla həllinin dəhşətlərini görüblər. Buna görə də ümid edirəm ki, Azərbaycan rəhbərliyinin hərbi yolla bağlı son bəyanatları, sadəcə, Ermənistanı Qarabağla bağlı razılaşmaya sövq etmək məqsədi güdür», - deyə Bordyuja bildirib.

Bu arada Rusiyanın ermənipərəst «Regnum» agentliyi isə Azərbaycanı hədəf alan yeni analitik yazı ilə çıxış edib. Yazıda Azərbaycan rəhbərliyinin son bəyanatlarında bəhs edilərək qeyd olunur ki, mövcud vəziyyətdə Azərbaycanın müharibəyə başlaması dərhal Dağlıq Qarabağın müstəqiliyinin tanınması ilə nəticələnəcək.

«Digər tərəfdən, Azərbaycan rəhbərliyinin müharibə bəyanatlarını səsləndirməsi nəticə etibarilə Ermənistanda hakimiyyətin mövqelərinin möhkəmlənməsinə rəvac verəcək. İndiyədək Ermənistanda prezidentə qarşı geniş müxalifətdə olan qüvvələr mümkün müharibə təhlükəsi qarşısında Serj Sarkisyana olan tənqidlərinə ara verəcəklər, hətta onun ətrafında birləşəcəklər», - deyə Rusiya agentliyi bildirir.

Vüqar Orxan, “525-ci qəzet”, 25.11.2009.

Xəbərlər
Redaktorun seçimi