“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
06.10.2009, 08:53
427

Azərbaycanla İran arasında yeni bayraq qalmaqalı

A- A+

İran Milli Teleradio Şirkətinin saytında Azərbaycanı sionizmə təəssübkeşlikə ittiham edən video-xəbər yerləşdirilib

Oktyabrın 4-də İran Milli Teleradio Şirkətinin internet saytının Azərbaycan dilində radio bölməsində “Azərbaycan R-da sionistlərin nəzarətində olan dövlət qurumları” başlıqlı material yerləşdirilib. 

Həmin materiala illüstrasiya kimi verilmiş Azərbaycan Respublikasının dövlət bayrağının rəsmində təhriflər olub. Dövlət bayrağında səkkizguşəli ulduz isə İsrailin dövlət bayrağındakı ulduz (altıguşəli ulduz) təsvirinə bənzər şəkildə əks olunub.

Oktyabrın 5-i səhər saatlarında “Media forum” saytı bu barədə xəbər yayandan az sonra təhrif edilmiş bayraq saytdan çıxarılıb. Videomaterial isə olduğu kimi saxlanıb.

4 dəqiqə 23 saniyəlik materialda iddia edilir ki, İsrail rejimi Azərbaycan Respublikasında eskpansionist və qeyri-qanuni məqsədlərini təmin etmək üçün siyasi fəallar və media nümayəndələrindən ibarət qrupa təlim proqramları həyata keçir: “Sionistlərin nümayəndəliyi olan MAŞAV (İsrail Xarici İşlər Nazırliyi nəzdində fəaliyyət göstərən Beynəlxalq Əməkdaşlıq üzrə Mərkəz – red.) kurslarında iştirak edən şəxslər hazırda respublikada müxtəlif siyasi və inzibati işlərdə çalışaraq hökuməti istiqamətləndirmək missiyasını yerinə yetirirlər”.

İranın televiziyası iddia edib ki, “indiyə qədər Azərbaycanda 300 nəfər MAŞAV kurslarında iştirak edib və onların şəxsiyyəti İslam dünyasının düşməni kimi formalaşdırılıb”. Saytdakı video-xəbərdə Azərbaycanın rabitə və informasiya naziri Əli Abbasovu, millət vəkilləri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri Səməd Seyidov, Qənirə Paşayeva, Asim Mollazadəni, eləcə də Azərbaycan XİN-in mətbuat katibi Elxan Poluxovu MAŞAV kurslarını bitirən şəxslər kimi təqdim edilir. 

 

Azərbaycan XİN Iran saytındakı materialla bağlı araşdırmaya başlayıb

Azərbaycanın Xarici İşlər Nazirliyi İran Milli Teleradio Şirkətinin rəsmi saytında yerləşdirilən “Azərbaycan R-da sionistlərin nəzarətində olan dövlət qurumları” başlıqlı materialla bağlı araşdırma aparır. “Media forum” saytına danışan Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poluxov belə deyib.

Videomaterial Azərbaycan Respublikasının təhrif edilmiş dövlət bayrağı ilə təqdim olunub. Dövlət bayrağında səkkizguşəli ulduzun əvəzində İsrailin dövlət bayrağındakı simvol verilib.

“Azərbaycan R-da sionistlərin nəzarətində olan dövlət qurumları” başlıqlı materialda deyilir: “Sionist İsrail rejimi Azərbaycan R-da ekspansionist və qeyri-qanuni məqsədlərini təmin etmək üçün siyasi fəallar və media nümayəndələrindən ibarət qrupa təlim proqramları həyata keçirir”.
 

Qənirə Paşayeva: “Biz İran tərəfindən üzrxahlıq gözləyirik”

“Azərbaycan bayrağının təhrif edilməsi, eləcə də dövlət məmurları və millət vəkillərini sionizmdə suçlamaq İran Milli Teleradio Şirkətinin təxribatdır”. İranın dövlət televiziyasının saytında yer almış məlumatda adı çəkilən deputat Qənirə Paşayeva “Media forum”a açıqlamasında belə deyib.

Q.Paşayeva təxribatın gözlənilməz olmadığını söyləyib: “Azərbaycan insanının əksəriyyəti İranın “Səhər” kanalının hansı təxribatlarla məşğul olduğunu yaxşı bilir. İndiyə qədər bu televiziya Azərbaycan haqqında yaydığı yalan, yanlış məlumatlarla insanları çaşdırmağa çalışıb. Mən bu telekanalın Azərbaycanla bağlı yalanlarına ən çox etiraz edən şəxslərdən biri olmuşam, öz etirazlarımı rəsmi şəkildə həmişə ifadə etmişəm. İran rejiminin Azərbaycan ərazilərini işğal altında saxlayan, bir milyon müsəlmanı yurd-yuvasından didərgin salan Ermənistanla münasibətləri dərinləşdirməsini həmişə açıq şəkildə tənqid etmişəm. Görünür, bizim bu etirazlarımız İran milli televiziyasını narahat etməyə başlayıb, təxribatla məşğul olmağa çalışıblar”.

Q.Paşayeva İran televiziyasından həm dövlət, həm də öz adına üzrxahlıq tələb edəcəyini deyib: “Mən elə bu gün İranın Azərbaycandakı səfiri ilə danışacağam. Onun da diqqətinə çatdıracağam ki, biz üzrxahlıq gözləyirik. İran milli televiziyası Azərbaycanın dövlət atributunu təhrif etdiyi üçün üzr istəməlidir. Səfirlik də buna ayrıca öz münasibətini bildirməlidir. Eyni zamanda bizim haqqımızda işlədilən ifadələrə görə üzr istənməlidir”.

 

Dünya Azərbaycanlıları Konqresi Azərbaycan bayrağının təhrif edilməsi ilə əlaqədar bəyanat verib

Dünya Azərbaycanlıları Konqresi İran milli televiziyasının internet saytında Azərbaycan bayrağının təhrif edilməsi ilə əlaqədar bəyanat verib. Bəyanatda bildirilir: 

Oktyabrın 4-də İran adlanan yerin “dövlət televiziyası” Azərbaycan Respublikasının dövlət bayrağını təhrif edib. “Azərbaycan Respublikasında sionistlərin nəzarətində olan dövlət qurumları” başlıqlı və 4 dəqiqə 23 saniyə olan videomaterialın təqdimatında yer alan dövlət bayrağında səkkizguşəli ulduzun əvəzində İsrailin dövlət bayrağındakı altıgüşəli ulduzun simvolu verilib. Materialın məzmunu dövlət bayrağındakı təhrifin qəsdən, təhqir məqsədilə edildiyini göstərir. Bundan əlavə, materialda Azərbaycan Respublikasının dövlət rəsmiləri, siyasi partiya rəhbərləri və millət vəkillərinin də ünvanına təhqiramiz fikirlər səsləndirilib.

Dünya Azərbaycanlıları Konqresi (DAK) olaraq bildiririk ki, İran adlanan yer Azərbaycan Respublikasına qarşı təxribatlarından heç vaxt əl çəkməyib. Bundan əvvəl də fars şovinist rejiminin teleradioları, internet saytları dövlət rəsmiləri, ictimai-siyasi xadimlərimizin ünvanına təhqiramiz fikirlər səsləndirib, ay-ulduzlu, üçrəngli bayrağımızı təhrif edib.

Eyni zamanda, din pərdəsi altında Azərbaycanda öz məkrli siyasətini həyata keçirməyə çalışan fars şovinistləri ölkəmizdə terrorçu dəstələr, xüsusi cinayətkar qruplar yaradır, “casus yuvası” qurur, narkotik qaçaqmalçılığını dəstəkləyir:

“Biz 50 milyondan artıq Azərbaycan türkünü özündə birləşdirən beynəlxalq təşkilat olaraq, İran adlanan yerin dövlət televiziyasının üçrəngli bayrağımızı təhrif etməsini Azərbaycan Respublikasına qarşı növbəti təxribat cəhdi kimi qiymətləndirir və fars  şovinist rejiminin bu addımını kəskin şəkildə pisləyirik. İran adlanan yerin “dövlət televiziyası”nın diqqətinə çatdırırıq ki, Azərbaycan Respublikasının dövlət rəmzlərindən biri olan ay-ulduzlu, üçrəngli bayraq Azərbaycan türklərinin ümid çırağıdır. Bu bayrağı təhrif etmək milyonlarla Azərbaycan türkünü təhqir etmək deməkdir”.

 

Güney Azərbaycan İstiqlal Partiyası bəyanat yayıb

Güney Azərbaycan İstiqlal Partiyası bəyanat yayıb. Bəyanatda deyilir ki, İran Milli Teleradio Şirkətinin rəsmi saytında yayımlanan videomaterialda Azərbaycan Respublikasının bəzi dövlət qurumlarının sionistlərin nəzarətində olduğu vurğulanıb və Azərbaycan Cümhuriyyətinin dövlət bayrağı təhrif olunmuş formada göstərilib: “Bu təxribatçı şəbəkənin hədələyici siyasəti bir daha sübut edir ki, İran rejimi Azərbaycanın müstəqil dövlət kimi günü-gündən inkişaf etməsi, regionda və dünyada söz sahibi olan ölkə kimi tanınmasından olduqca narahatdır”.

Güney Azərbaycan İstiqlal Partiyasının mövqeyinə görə, İran rejimi Azərbaycan müstəqillik əldə etdiyi vaxtdan bu günə kimi din pərdəsi adı altında müxtəlif terrorçu dəstələr, cinayətkar qruplar, casus şəbəkələri vasitəsilə Azərbaycanın daxilində sabitliyi pozmağa cəhd göstərib və işğalçı Ermənistana hərtərəfli yardım edib: “Güney Azərbaycanda yaşayan 35 milyondan çox Azərbaycan türkünün ən ibtidai hüquqları pozulur, onların milli kimliyi inkar olunur, milli hüquqları uğrunda sivil mübarizə aparan gənc və ziyalı kəsim zindanlarda təzyiq və işgəncələrə məruz qalır”.

Partiya dünyada yaşayan Azərbaycan türklərinə, xüsusilə də müstəqil Azərbaycanın vətəndaşlarına müraciət edərək bildirir ki, İran rejiminin əsil mahiyyətini düzgün dəyərləndirsinlər və onun təxribatlarının gerçəkləşməsinə imkan verməsinlər: “İnanırıq ki, Azərbaycan Cümhuriyyətinin dövlət qurumları qanun çərçivəsində bu kimi təxribatların qarşısının alacaq”.

 

Yeri gəlmişkən:

Onu da qeyd edək ki, İran tərəfdən Azərbaycanın bayrağı və digər dövlət atriburları ilə bağlı təhriflər bundan öncə də baş verib. Bir neçə il öncə Azərbaycan prezidentinin İrana səfəri zamanı rəsmi görüş keçirilən zalda Azərbaycan bayrağı tərsinə (bayraqdakı rənglər yaşıl, qırmızı, mavi sırası ilə) asılmışdı. İranın Azərbaycandakı səfirliyinin binası önündəki rəsmi lövhədə isə Azərbaycan Respublikasının adı göstərilməyib (“İran İslam Respublikasının Bakıdakı səfirliyi”) ki, bu da diplomatik qaydalara ziddir.

www.azerbaycanli.org

Xəbərlər
Redaktorun seçimi