“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
02.11.2009, 22:27
431

Moskvada Qarabağa həsr olunmuş “dəyirmi masa”da insident baş verib

A- A+

Dağlıq Qarabağdan olan erməni təmsilçinin siyasi bəyanat verməsi qalmaqala səbəb olub

Noyabrın 2-də Moskvada “İzvestiya” qəzetinin redaksiyasında “Dağlıq Qarabağ münaqişəsi: sülhün yaranması üçün şəraitin yaradılması, Rusiyanın rolu” adlı "dəyirmi masa" keçirilib. Tədbiri “İnternational Alert” təşkilatı, Dinlərin Strateji Tədqiqatları və Müasir Dünya Siyasəti Mərkəzi, Rusiya Federasiyasının İctimai Palatası təşkil edib. 

"Dəyirmi masa"nın gedişində insident baş verib.

Görüşün iştirakçısı olmuş Rusiya İslam Komitəsinin sədri Heydər Camalın APA-ya verdiyi məlumata görə, insident separatist rejiminin nümayəndəsinin görüşə qatılması ilə bağlı olub: “Biz tələb etdik ki, o tədbirdə Dağlıq Qarabağın təmsilçisi kimi yox, bir fərd olaraq təmsil olunsun. Lakin onun çıxışı diskussiyada iştirak yox, siyasi bəyanat olduğu üçün, onu dərhal dəyirmi masa keçirilən məkandan uzaqlaşdırdılar”.

Müzakirələrdə iştirak edən ermənilərin azərbaycanlılardan çox olduğunu deyən Heydər Camal deyib ki, Azərbaycanı görüşdə Rasim Musabəyov və Əvəz Həsənov təmsil ediblər: “Tədbirə Rusiya İslam Komitəsinin sədri kimi dəvət olunsam da, Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəklədiyim üçün, məni də Azərbaycanı təmsil edən şəxs kimi təqdim etmək olar”.

Heydər Camal hesab edir ki, əgər Rusiya birbaşa olaraq Ermənistanı dəstəkləməsə, bu gün Dağlıq Qarabağ münaqişəsi mümkün olmazdı: “Bu iki məqamı nəzərə alsaq, demək olar ki, öz mövqeyimizi deməyə imkan var idi. Erməni ekspertlərin insafsızlığı nəticəsində tədbirdə neqativ iqlim, o cümlədən qeyri-peşəkar təhlil mühiti yaranmışdı. Hər zaman olduğu kimi əsas məsələlər müzakirə olunmurdu.

Çıxış etməyə vaxt az idi, amma ermənilər həmi sayca çox olduğundan, həm də reqlamentə riayət etmədikləri üçün, onların çıxışları vaxt baxımından daha çox oldu. Mən görüş iştirakçılarının nəzərinə çatdırdım ki, Cənubi Qafqaz ətrafındakı ölkələr – İran, Türkiyə, Rusiya, Avropa münaqişənin nizamlanmasında maraqlı deyillər, çünki onlar mövcud vəziyyətdən öz maraqlarına uyğun istifadə edirlər. Rusiya münaqişənin onun iştirakı olmadan da bitməsinə razı deyil. Çünki bütün dövrlərdə, sovet dövründə Beriya ətrafında birləşən antiazərbaycan lobbisi ermənilərin milli maraqları ilə həmrəy olub.

Rusiya həm sovet dövrində, həm də postsovet tarixində sərt antiazərbaycan rolu oynayıb. Rusiya münaqişənin davam etməsində maraqlıdır. Əvvəllər Ermənistan və İrana qarşı Azərbaycan-Türkiyə birliyi var idi. İndi isə Ermənistanla Türkiyənin yeni münasibətlər formatı ilə bağlı Azərbaycan İranın, Ermənistanın, Türkiyənin, ənənəvi olaraq İrəvan-Tehran xəttini dəstəkləyən Rusiya dövrəsində qalıb. Qərbin də rolunun anlaşılmaz olduğunu nəzərə alsaq, Azərbaycan faktiki olaraq strateji cəhətdən təcrid vəziyyətindədir”.

Xəbərlər
Redaktorun seçimi