“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
24.04.2011, 17:33
119

Göygöl-Helenendorf: dostluq və mədəniyyət körpüsü

A- A+

Göygöl rayonunun uşaq xor kollektivi Almaniyada səfərdədir

Son vaxtlar Azərbaycan xalqının tarixinin, mədəniyyətinin dünyaya layiqincə təqdim olunması, tanıdılması istiqamətində geniş işlər görülür. 

Təqdirəlayiq haldır ki, xalqımızın milli-mədəni irsinin, ölkəmizdə tarixən mövcud olmuş tolerantlıq və mədəniyyətlərarası dialoqun təbliğinə xidmət edən bu mühüm işlər respublikamızın bölgələrinin timsalında da özünü göstərir. 1819-cu ildə Vürtemberq krallığından (indiki Almaniyanın Baden-Vürtemberq federal torpağı) Azərbaycana pənah gətirmiş almanların saldıqları Helenendorf – indiki Göygöl şəhəri buna gözəl nümunədir.

Azərbaycan-alman tarixi dostluğunu özündə yaşadan Göygöl şəhəri iki xalq arasında mədəni əlaqələrdə mühüm körpü rolunu oynayır. Göygöldəki alman tarixi-mədəni irsinə ehtiramla yanaşılır. Şəhərdəki alman kilsəsi (kirxa), digər tikililər, memarlıq nümunələri təmir-bərpa olunub. 2005-ci ildə Göygöl rayonundan millət vəkili Rövşən Rzayevin təşəbbüsü ilə şəhərin təməlini qoyan alman ailələrindən birinin - Hummel qardaşlarının xatirəsi əbədiləşdirilib. Göygölün küçələrindən birinə Hummel adı verilib.

Millət vəkili Rövşən Rzayevin təşəbbüsü ilə Göygöl-Helenendorfun yaranma tarixi hər ilin avqustunda «Şəhər günü» tədbirləri ilə geniş qeyd olunur. Həmin tədbirlərdə Almaniyadan qonaqlar, vaxtilə bu torpaqlarda yaşamış almanların varisləri, diplomatlar, tələbələr, tarixçi alimlər iştirak edirlər. Almaniyanın tanınmış qafqazşünas alimi, Azərbaycanın yaxın dostu, Berlindəki Humboldt Universitetinin “Azərbaycan tarixi” kafedrasının rəhbəri, professor Yeva Mariya Aux bu tədbirlərin fəal iştirakçısıdır. Almaniyalı qonaqlar vaxtilə burada yaşamış soydaşlarının həyat tərzi, məişəti ilə yaxından tanış olur, onların ata-babalarının ruhuna göstərilən hörmətdən razı qaldıqlarını bildirirlər.

2009-cu ilin avqustunda Göygöl-Helenendorfun yaranmasının 190 illiyi münasibətilə “Şəhər günü” tədbirləri xüsusilə geniş qeyd olunmuşdu. Yubiley şənliklərinə Almaniyanın Baden-Vürtemberq federal torpağının baş naziri Günter Oettingerin başçılığı ilə Almaniyadan geniş nümayəndə heyəti təşrif buyurmuşdu.

 

Avqust 2009. Göygöl. "Şəhər günü".

 Alman kirxasında bayram konserti

 

Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin, millət vəkillərinin iştirak etdiyi tədbirlərin yaddaqalan məqamlarından biri Göygöldəki alman kirxasında simli alətlərdən ibarət simfonik orkestrinin və məktəblilərin xor kollektivinin rəngarəng çıxışları olmuşdu. Azərbaycan və alman bəstəkarlarının əsərlərinin ifa olunduğu konsert almaniyalı qonaqlarda böyük təəssürat doğurmuşdu. Nümayəndə heyətinin rəhbəri Günter Oettinger, digər qonaqlar ansamblın üzvləri ilə xatirə şəkli çəkdirmiş, birlikdə xor ifa etmişdilər. Günter Oettinger rayonun musiqi kollektivlərini Almaniyada görmək arzusunu bildirmişdi.

Baden-Vürtemberq federal torpağının baş naziri ölkəsinə qayıtdıqdan sonra millət vəkili Rövşən Rzayevə göndərdiyi təşəkkür məktubunda Göygölə zəngin səfər təəssüratını bölüşərək ən xoş istəklərini bildirmiş və işgüzar diaoqun gələcəkdə də davam etməsi üçün səy göstərəcəyini vurğulamışdı. Qeyd edək ki, G.Oettinger 2010-cu ildə daha yüksək vəzifəyə - Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı postuna təyin olunub və bu statusda ölkəmizə də səfər edib.

Budur, indi səfər növbəsi göygöllülərə çatıb. Aprelin 24-də Göygöl rayon 7 illik musiqi məktəbinin 21 nəfərlik uşaq xor kollektivi Almaniyaya yola düşüb.

Nümayəndə heyətinin rəhbəri, rayon icra hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova bildirib ki, beşgünlük səfər proqramı cox zəngindir. Musiqi kollektivi Ştutqart və digər şəhərlərdə görüşlər keçirəcək, Azərbaycanın xalq mahnılarını, musiqi nömrələrini təqdim edəcək. Repertuarda alman mahnısı da var. Səfər müddətində uşaqların hər biri ayrı-ayrı alman ailələrində qalacaq. Bu da onlara öz vətənləri haqqında məlumat verməyə geniş imkanlar açacaq. Yeri gəlmişkən, kollektivin üzvləri müxtəlif kurslarda məşğul olub ingilis dilində ünsiyyət qurmağı öyrəniblər.

Səfər Azərbaycanın Almanıyada və Almaniyanın Azərbaycandakı səfirliklərinin təşkilatçılığı, Humbolt-Berlin Universitetinin “Azərbaycan tarixi” kafedrasının müdiri, professor Yeva Mariya Auxun köməyi ilə reallaşıb.

Xəbərlər
Redaktorun seçimi