Türkmənistan Azərbaycanı tranzit imkanlarından məhrum edir
Transxəzər ideyasını məhv edən Aşqabad Şimal-Cənub nəqliyyat dəhlizində də təşəbbüsü ələ alır2010-cu ilin ilk həftəsində regionda baş verən və Azərbaycanın maraqlarını dolayısı ilə əhatə edən mühüm hadisələrdən biri Türkmənistanla İran arasında yeni qaz kəmərinin açılması oldu. Türkmənistandan İrana çəkilən və 30,5 kilometr uzunluğunda olan Dövlətabad-Səraxs-Xangəran qaz kəməri yanvarın 6-da Türkmənistan və İranın prezidentləri Qurbanqulu Berdiməhəmmədov və Mahmud Əhmədinejadın iştirakı ilə işə salındı.
Təntənəli mərasimdə Türkmənistan və İranın dövlət başçıları ilə yanaşı, Türkiyənin enerji və təbii egtiyatlar naziri Taner Yıldızın da iştirak etməsi isə bu layihənin, sadəcə, Aşqabad-Tehran əməkdaşlığı ilə məhdudlaşmadığını göstərir. Çünki Türkmənistanın İrana nəql etdiyi qazın bir hissəsi oradan Türkiyə bazarına daxil olacaq.
Xatırladaq ki, İran Türkiyənin mühüm qaz təchizatçılarından biridir. İki ölkə arasında 2002-ci ildə işə salınan qaz kəmərinin ötürücülük gücü 14-15 milyard kubmetrə yaxındır. Lakin ötən müddətdə iki ölkənin qaz satışı qiymətində bir türlü anlaşmaya varmaması bu kəmərin tam gücü ilə işləməsini mümkün etməyib. Öz növbəsində Türkiyə kifayət qədər baha olan İran qazı əvəzinə regionda daha ucuz qaz satışı mənbələri aramaqdadır. Belə mənbələrdən biri də Türkmənistandır.
Eyni zamanda, iri qaz ehtiyatlarına malik olan Türkmənistan Rusiyaya əlverişsiz qaz satışı asılılığından qurtulmaq üçün həm Şərqdə (Çin, Hindistan), həm də Qərb istiqamətində alternativ bazarlar arayır. Qaz yataqlarının həcminə görə, dünyada 4-cü yerdə (Rusiya, İran və Qətərdən sonra) olan Türkmənistanda, son məlumatlara görə, 30 trilyon kub metr «mavi yanacaq» ehtiyatı var.
2008-ci ildə Türkmənistanın cənubunda kəşf edilən və dünyanın ən zəngin qaz yataqları sırasına girən Yolöten-Osman strukturunda 6-14 trilyon kubmetr həcmində qaz ehtiyatı olduğu bildirilir. Müqayisə üçün qeyd edək ki, Azərbaycanın «Şahdəniz» qaz yatağının həcmi maksimum 2 trilyon kubmetr həcmində hesablanıb.
Bu qədər zəngin qaz ehtiyatları müqabilində Türkmənistan, yetərli ixrac boru kəmərləri infrastrukturu olmadığı üçün, qaz satışını istədiyi həcmə qaldıra bilmir. Türkmənistan əsas bazarı olan Rusiyaya ildə 30 milyard kub metr mavi yanacaq nəql etmək imkanındadır.
Halbuki rəsmi Aşqabad bəyan edib ki, yetərli kəmərlər olacağı təqdirdə qaz ixracı 80 milyard kubmetrə çata bilər. Bu baxımdan Türkmənistanın İrana, eləcə də İran üzərindən Türkiyə və digər üçüncü ölkələrə qaz satışı planları xüsusilə genişdir.
Qeyd edək ki, Türkmənistanla İran arasında ilk qaz kəməri (Körpəcə-Qurtqui xətti) 1999-cu ildə işə salınıb və onun nəql gücü ildə 8 milyard kubmetrdir. Yeni istifadəyə verilən Dövlətabad-Səraxs-Xangəran qaz kəmərinin isə ilkin gücü 12 milyard kub metrdir, gələcəkdə onun gücünün iki dəfə artırılması nəzərdə tutulur.
Bu isə o deməkdir ki, artıq 2010-cu ildə Türkmənstan İrana və İran üzərindən digər bazarlara (ilk növbədə, Türkiyəyə) 20 milyard kubmetr qaz sata biləcək. İrəlidə isə bu həcm 30 milyard kubmetri aşacaq.
Xatırladaq ki, məhz bu həcmdə qaz ehtiyatı Avropanın neçə ildən bəri müzakirəsini apardığı və içərisində Azərbaycanın da yer aldığı «Nabucco» qaz kəmərinin gerçəkləşməsi üçün yetərlidir. Lakin indiyədək «Nabucco» ətrafında söz-söhbətin praktik müstəviyə keçməməsi, o cümlədən bu layihənin əsas təchizat xətti kimi gözdən keçirilən Transxəzər (Türkmənistan-Azərbaycan) qaz kəməri ideyasının havada qalması regionda yeni təşəbbüslərə meydan açıb.
Türkmənistanın İran üzərindən iri həcmdə qaz nəqlinə başlaması isə nəticə etibarilə Transxəzər ideyasının məhvi, ən yaxşı halda isə bu ideyanın yaxın illər üçün arxivə verilməsi deməkdir. Bununla Türkmənistan Azərbaycanı da dolayısı ilə mühüm regional enerji tranziti imkanlarından məhrum etmiş olur.
Eyni zamanda, Türkmənistan və İran prezidentlərinin son görüşünün yekunlarına nəzərən belə qənaətə gəlmək olar ki, Xəzərin o tayındakı qonşumuz öz təşəbbüsləri ilə Azərbaycanın təkcə enerji (qaz) tranziti imkanlarını hədəf almayıb. Aşqabad və Tehran həmçinin Qazaxıstan-Türkmənistan-İran dəmir yolu xəttinin çəkilişini sürətləndirmək barədə razılığa gəliblər. Bu barədə İran prezidenti Mahmud Əhmədinejadın türkmən həmkarı Qurbanqulu Berdıməhəmmədovla görüşündən sonra bildirilib.
Qeyd edək ki, sözügedən dəmir yolu xətti Şimal-Cənub nəqliyyat dəhlizinin əsas magistrallarından biri kimi nəzərdə tutulur. Türkmənistanın Nəqliyyat Nazirliyi ilə İranın «Pars Enerdji» şirkəti, habelə Türkmənistan hökuməti ilə İslam İnkişaf Bankı arasında imzalanan sazişlərə əsasən, 325 kilometr uzunluğunda Bereket-Ertek dəmir yolu xəttinin inşası bu ilin yanvarında başlanmalı və 2011-ci ilin dekabrında başa çatmalıdır. Maliyyəti 696 milyon dollar həcmində hesablanan layihənin 371 milyon dollarını Türkmənistan tərəfi (İslam İnkişaf Bankının krediti ilə), 325 milyon dollarını isə İran tərəfi təmin edəcək.
Qeyd olunur ki, Türkmənistanla İran arasında dəmir yolunun işə salınması iki ölkə arasında hazırda 3 milyard dollar təşkil edən ticarət dövriyyəsini bir neçə dəfə artırmağa 2015-ci ilədək 10 milyard dollara çatdırmağa imkan verəcək. Eyni zamanda, bu magistral Qazaxıstanın, eləcə də Qazaxıstan vasitəsilə Rusiyanın Türkmənistan və İran üzərindən Fars körfəzi regiona nəqliyyat daşımalarına güclü təkan verəcək.
Məlum olduğu kimi, Mərkəzi və Şimali Avropa ölkələrindən Rusiya. İran, Fars körfəzi regionu və Hindistanadək bir çox ölkələrin maraqlı olduğu Şimal-Cənub nəqliyyat dəhlizi ideyası artıq neçə illərdir ki, müzakirə mövzusudur. Ötən dövrdə Şimal-Cənub nəqliyyat dəhlizinin gerçəkləşməsi üçün bir sıra qərarlar qəbul olunub və bu sırada Azərbaycanın nəqliyyat infrastrukturuna da önəmli yer ayrılır.
Hələ 2005-ci ildə Şimal-Cənub nəqliyyat dəhlizinin əsas xəttinin Azərbaycan keçməsini ön görən üçtərəfli Rusiya- Azərbaycan-İran razılaşması əldə olunmuşdu. Razılaşmaya əsasən, Rusiyanın dəmir yolu şəbəkəsi Azərbaycan vasitəsilə İranın dəmir yolu xətləri ilə birləşməlidir. Bunun üçün İran ərazisilə Astara-Rəşt-Qəzvin dəmir yolu çəkilməli, həmçinin Azərbaycanın cənub istiqamətində (Astarayadək) dəmir yolu xəttinin imkanları genişlənməlidir.
Lakin hələlik Rusiya, Azərbaycan və İranın dəmir yolu xətlərinin birləşdirilməsi istiqamətində praktik addım atılmayıb. Bu isə, ilk növbədə, İran tərəfin öz payına düşən dəmir yolu xətinin çəkilişini gerçəkləşdirməməsi ilə bağlıdır. Başqa sözlə, İran böyük maliyyət tələb edən Astara-Rəşt-Qəzvin dəmir yolu xəttinə təkbaşına inşa etmək istəmir, bu layihəyə Şimal-Cənub nəqliyyat dəhlixinə maraqlı olan digər tərəflərin maliyyə ayırmasını gözləyir.
Rusiyanın hələlik bu layihəyə yardım etmək niyyəti bəlli deyil, Azərbaycanın da mövcud vəziyyətdə İranla müüştərək dəmir yolu çəkməsi də həmçinin. Bakı onsuz da Gürcüstan-Türkiyə dəmir yolu xəttinin bir hissəsinin (Gürcüstan ərazisilə) öz üzərinə götürməklə böyük yükün altına girib və bu layihənin necə başa çatacağı bəlli deyil. Çünki iki il öncə Gürcüstana ayırdığımiz 200 milyon dollar vəsait xəttin çəkilməsi üçün yetərli olmayacaq və Azərbaycan tərəfi bu layihənin bitməsi üçün yenidən əlini cibinə atmalıdır.
Belə bir vəziyyətdə İranın Türkmənistanla iri dəmir yolu layihəsi üzərində anlaşması və həmin xəttin qısa zamanda (2 ilə) başa çatacağının elan olunması nəticə etibarilə Azərbaycanı Şimal-Cənub nəqliyyat dəhlizində də əsas söz sahibi (tranzit ölkə) olmaq şansından məhrum edə bilər.
Vüqar Orxan, "525-ci qəzet", 07.01.2010.
* * *
Mövzuya dair:
Səfir Annaməmməd Məmmədov: “Türkmənistan “Nabucco”da iştirak etməyə hazırdır”
-07.01.2010-
Türkmənistanın Azərbaycandakı səfiri Annaməmməd Məmmədov ölkəsinin enerji siyasətinə həsr olunmuş mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, səfir bildirib ki, Türkmənistan enerji daşıyıcılarının xarici bazarlara daşınması marşrutlarının diversifikasiyasının tərəfdarıdır.
Diplomat yanvarın 6-da Türkmənistan və İran prezidentlərinin iştirakı ilə Dövlətabad yatağından qaz boru kəmərinin ikinci qolunun açılışı olduğunu xatırladıb. Bu kəmərlə Türkmənistandan İrana ildə 20 milyard kubmetr təbii qaz nəql etmək mümkün olacaq.
A. Məmmədov 2009-cu ilin dekabrında Türkmənistan-Çin qaz kəmərinin istifadəyə verildiyini də xatırladaraq deyib ki, uzunluğu 7 min kilometr olan bu kəmər vasitəsilə Çin Türkmənistandan ildə 40 milyard kubmetr qaz alacaq. O, ilin əvvəlindən Türkmənistan qazının Rusiyaya ixracının bərpa olunduğunu da nəzərə çatdıraraq bu ölkəyə ildə 30 milyard kubmetr qaz göndəriləcəyini söyləyib.
Ölkəsinin enerji ehtiyatları barədə məlumat verən diplomat Türkmənistan geoloqlarının mindən artıq neft və qaz strukturları aşkarladıqlarını, təkcə “Cənub Yeloten-Osman” yatağındakı qaz ehtiyatlarının 14 trilyon kubmetr olduğunu açıqlayıb.
Sualları cavablandıran səfir bəyan edib ki, Türkmənistan “Nabucco” layihəsində iştirak etməyə hazırdır. O, Bakı ilə Aşqabad arasında birbaşa aviareyslərin açılması barədə suala cavabında bu istiqamətdə müzakirələr aparıldığını bildirib.