Azərbaycanın dostu Avropa Birliyinin enerji komissarı olacaq
Günter Oettinger: “Avropanı Rusiyanın «enerji iynəsi»ndən qurtarmaq üçün Xəzər hövzəsi ilə əməkdaşlıq lazımdır”
Avropa Birliyinin ali icra orqanı olan Avropa Komissiyasının yeni tərkibinin təsdiqi ilə bağlı Avropa Parlamentində həlledici müzakirələr başlayıb. Bu müzakirələrin yekunu olaraq gələn həftə avroparlamentarlar AB-nin yeni hökumətinin tərkibini təsdiqləməlidirlər.
Azərbaycanın Avropa Birliyinin «Şərq Tərəfdaşlığı» proqramında təmsil olunduğunu nəzərə alsaq, Avropanın yeni ittifaq hökumətinin tərkibi bizim üçün də maraq doğurur. Üstəlik Avropa Komissiyasının gələcək fəaliyyətinin mühüm bir istiqamətini enerji təhlükəsizliyi məsələsi təşkil edəcək ki, bu xüsusda da Azərbaycan Avropa üçün ayrıca önəm kəsb edir.
Bu baxımdan Avropa Komissiyasında enerji məsələləri üzrə komissar (ittifaq naziri) postuna Azərbaycanı yaxından tanıyan və ölkəmizlə xoş münasibətləri olan almaniyalı namizəd Günter Oettingerin təklif olunması əlamətdar faktdır.
Günter Oettinger Almaniyanın Baden-Vürtemberq federal torpağının baş naziridir. 2009-cu ilin avqustunda ölkəmizdə səfərdə olan Oettinger Azərbaycandakı ilk alman məskəninin - Göygöl (Helenendorf) şəhərinin 190 illik yubiley təntənələrində iştirak etmiş, Azərbaycanda alman icmasının tarix və mədəniyyətinə göstərilən yüksək qayğını məmnunluqla qeyd etmişdi. Bu yaxınlarda isə Ottinger Berlində Dağlıq Qarabağın Azərbaycanlı İcmasının təşkil etdiyi simpozium və sərgidə şəxsən iştirak edib.
Almaniya ilə Azərbaycan arasında siyasi-iqtisadi və mədəni əlaqələrin inkişafında iştirak edən Baden-Vürtemberq federal torpağının baş naziri yeni posta artıq Avropa Birliyi-Azərbaycan münasibətlərinə öz töhfəsini verə biləcək.
Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı postuna namizəd qismində yanvarın 15-də Avropa Parlamentinin deputatları qarşısında öz proqramı ilə çıxış edən Oettinger Avropanın enerji siyasətini dəyişməsinin vacibliyindən danışıb.
Avropalı komissar mövcud vəziyyətdən çıxış yolunu Xəzəryanı ölkələrlə enerji əməkdaşlığını genişləndirməkdə gördüyünü vurğulayıb: “Diqqətimizi Xəzər hövzəsinin resurslarına yönəltməliyik”.
Gələcək komissar enerji siyasətini avropalaşdırmaq gərəkliyindən də söz açıb: “Avropa Birliyinin dövlətləri enerji problemini ayrı-ayrılıqda həll etmək istəsə, nəticə əldə edə bilməyəcək. Bu dediklərim Almaniyaya da aiddir”.
O qeyd edib ki, Avropanın enerji idxalından asılılığı məlum bir həqiqətdir. «Buna görə də biz Rusiyadan enerji asılılığını azaltmalıyıq, eyni zamanda, bu ölkə ilə tərəfdaşlıq münasiğbətlərimizi qoruyub saxlamalıyıq».
Avropada hazırda geniş müzakirə və mübahisə mövzusu olan qaz kəmərləri layihələrinə toxunan Oettinger bildirib ki, bu məsələdə ölçülüb-biçilmiş yanaşma lazımdır ki, ayrı-ayrı ölkələr zərər görməsinlər.
Qeyd edək ki, hazırda Avropanın ölkələrin yeni enerji idxalı mənbələri ilə bağlı iki layihə gündəmdədir: «Nabucco» layihəsi və «Cənub axını» qaz kəməri.
2006-cı ildən müzakirə mövzusu olan «Nabucco» kəməri Mərkəzi Asiya və Xəzər hövzəsindən, eləcə də Yaxın Şərqdən qazın Türkiyə üzərindən Bolqarıstan, Rumıniya, Macarıstan və Avstriya vasitəsilə Avropa bazarına çıxarılmasını ön görür. Bu layihənin mühüm qolu kimi Türkmənistan və Azərbaycan qazının nəqlini nəzərdə tutur. Lakin hələlik bu məsələdə proses real müstəviyə keçməyib.
«Nabucco»ya rəqib olan digər kəməri - Qara dənizin dibi ilə cənub-şərqi Avropa ölkələrinə uzanacaq xətti isə Rusiya çəkmək istəyir. Rusiya «Cənub axını» layihəsi ilə bağlı İtaliya ilə mühüm sövdələşmə əldə edib. Kəməri Rusiyanın «Qazprom» və İtaliyanın «Eni» şirkətləri inşa edəcək.
Bundan əlavə, kəmərin tranzit olaraq keçəcəyi ölkələrdən Bolqarıstan və Serbiya, eləcə də Yunanıstan, Macırıstan və Rumıniya da layihəyə dəstək verirlər. Həmçinin Türkiyə kəmərin Qara dənizdə öz ərazi suları ilə çəkilməsinə razılıq verib. Bu ölkələrin eyni zamanda, həm «Nabucco», həm də «Cənub axını» layihəsində yer alması Avropa dairələrində birmənalı qarşılanmır.
Bundan əlavə, Rusiya Avropaya daha bir qaz kəmərini «Şimal axını» Baltik dənizin dibi ilə çəkmək istəyir. «Şimal axını» layihəsində Rusiyanın əsas tərəfdaşı və şəriki qismində Almaniya çıxış edir. Baltikyanı ölkələr isə buna qarşı çıxırlar.
Nəhayət, Avropa Birliyinin gündəmində olan digər bir enerji layihəsi Xəzər hövzəsi, o cümlədən Azərbaycan neftinin Gürcüstan-Ukrayan-Polşa marşrutu (Odessa-Brodı-Qdansk) ilə Avropaya nəqli ilə bağlıdır. Oettingerin sözlərinə görə, Avropa Birliyinin yeni enerji idxalı mənbələrini gözdən keçirərkən həm Avropanın ümumi enerji təhlükəsizliyi, həm də ayrı-ayrı ölkələrin enerji təchizatını göz önünə almaq lazımdır.
Avropa Birliyinin enerji məsələləri üzrə yeni komissarı Avropanı Rusiyanın «enerji iynəsindən xilas etməyi» başlıca məsələ olduğunu deyib. Onun sözlərinə görə, Avropa enerji təhlükəsizliyi məsələsində birliyin bütün iştirakçıları birgə çıxış etməlidirlər. «Əgər Avropa Birliyi ölkələri təkbaşına çıxış edərək yalnız özləri üçün sərf edən ikitərəfli müqavilələr imzalayacaqlarsa, bu təhlükəsizliyi təmin etmək mümkün olmayacaq».
Qeyd edək ki, yanvarın 26-da Avropa Parlamentində Avropanın yeni hökumətinin - Avropa Komissiyasının tərkibinin təsdiq olunması üzrə səsvermə keçiriləcək. Avropa Komissiyasının yeni heyəti fevralın 1-də fəaliyyətə başlayacaq.
Vüqar Orxan, “525-ci qəzet”, 16.01.2010.