“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
17.02.2010, 20:50
473

İtaliya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

A- A+

İtaliya Senatı Cənubi Qafqazda vəziyyətlə bağlı qətnamə qəbul edib

Fevralın 16-da İtaliya Senatı Cənubi Qafqazda vəziyyətlə bağlı qətnamə qəbul etmişdir. Milli Məclisin mətbuat xidmətindən bildirmişlər ki, sənəddə Dağlıq Qarabağ münaqişəsinin həllinə xüsusi diqqət yetirilir.

Bölgənin Avropa ilə Mərkəzi Asiya arasında mühüm geosiyasi vəziyyətini nəzərə alaraq, problemin həllinə beynəlxalq hüquq normaları çərçivəsində həssaslıqla yanaşmağın vacibliyi vurğulanır.

Senat Yeni Avropa üçün Paris Xartiyasında (1990-cı ildə ATƏT-in Paris sammitində qəbul olunub) da öz əksini tapan sərhədlərin toxunulmazlığı prinsipinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünü bir daha dəstəkləyir.

Qətnamədə bütöv bir regionun inkişafına böyük maneçilik törədən Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həllinin Avropa məkanı üçün əhəmiyyətli olduğuna diqqət yetirilir.

Senatda qəbul edilmiş sənəddə İtaliya hökumətinə tapşırılır ki, Dağlıq Qarabağ probleminin həllində ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasını dəstəkləsin, ölkələrin ərazi bütövlüyü prinsipinə əsaslanan sülh və sabitləşmə prosesinə yardım etsin, BMT-nin, ATƏT-in və Avropa Şurasının münaqişə ilə bağlı bütün qətnamələrinin yerinə yetirilməsinin təmin edilməsi və problemin həlli məsələlərində iştirak etsin.

Qətnamədə İtaliya Senatının Dağlıq Qarabağ münaqişəsinin həllində, ümumiyyətlə Cənubi Qafqazda sülhün bərqərar olunmasında ölkələrin ərazi bütövlüyü prinsipinə böyük önəm verdiyi öz əksini tapmışdır.

Azərbaycan-İtaliya Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, millət vəkili Azər Kərimli deyib ki, qəbul olunan qətnamə Senatın gündəliyinə 2009-cu il dekabrın 9-da salınıb:

“Bu sənəd üzərində uzun müddətdir ki, iş gedirdi. Biz İtaliyadakı həmkarlarımıza məsələyə göstərdikləri obyektiv münasibətə görə minnətdarlığımızı bildiririk. Bununla yanaşı, Azərbaycanın İtaliyadakı səfirliyinin bu məsələdə xidmətlərini qeyd etmək istəyirik. Bu qətnamə, həmçinin ölkə prezidenti İlham Əliyevin həyata keçirdiyi xaric siyasət nəticəsində iki ölkə arasında mövcud dostluq və tərəfdaşlıq münasibətlərinin məntiqi nəticəsidir”.

Xəbərlər
Redaktorun seçimi