Avropa Şurası Azərbaycanla bağlı qətnamə qəbul edib
Qətnamədə ölkə hakimiyyətinə demokratik parlament seçkisi keçirmək tövsiyə olunur
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası çərçivəsində iyunun 24-də keçirilmiş iclasında Azərbaycanla bağlı müzakirələr aparılıb. “Turan” in informasiya agentliyinin məlumatına görə, müzakirələrin yekunu olaraq AŞPA “Azərbaycanda demokratik təsisatların fəaliyyəti” adlı qətnamə qəbul edib.
Məruzəni təqdim edən AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə məruzəçisi Andres Herkel Azərbaycanda demokratiya və insan hüquqları sahəsində vəziyyəti tənqidi qiymətləndirib. Onun sözlərinə görə, ölkədə demokratik seçkilərin keçirilməsi üçün zəruri siyasi şərait yoxdur. Məruzəçi sərbəst toplaşmaq azadlığının məhdudlaşdırıldığını və müxalifətin mitinq keçirməsinə imkan verilmədiyini qeyd edib. Herkel AXCP sədri Əli Kərimlinin xaricə səfər edə bilməsi üçün ona pasport verilməməsini ölkədə siyasi iqlimi səciyyələndirən göstərici adlandırıb.
Digər məruzəçi Cozef Debone Qrex mənfi hallar haqqında danışmamağı üstün tutub. Onun fikrincə, müsbət cəhətlər də var və onların inkişaf etməsinə şərait yaratmaq lazımdır: “Düşünürəm ki, biz Azərbaycanı nəzərdə tutduğumuz səviyyəyə qaldıracağıq”.
Böyük Britaniyadan olan deputat Maykl Hankok Azərbaycan müxalifətini tənqid edib: “Müxalifətiniz pisdirsə, başqalarından şikayət etmək lazım deyil”. Henkok məruzənin tənqidi xarakterli olması ilə razılaşmayaraq deyib ki, Azərbaycanda demokratik sistemin yoxluğunu iddia etmək olmaz.
Portuqaliyalı deputat Xose Mendes Bota diqqəti jurnalistlərin həbsinə, QHT-lərin fəaliyyətinə müdaxilə təmayülünə, seçki təcrübəsinə çəkib. O, jurnalist Eynulla Fətullayevin həbsdən azad edilməsi zərurətini vurğulayıb. Bota ölkədə gender bərabərliyi məsələsinin həll edilmədiyini deyib: “Bir nəfər də qadın nazir yoxdur. Hakim qadınların sayı azdır. Parlament deputatlarının cəmi 14 faizi qadındır”.
“Turan”ın məlumatına görə, AŞPA-nın qətnaməsində qeyd edilir ki, noyabrda keçiriləcək parlament seçkisi ölkənin Avropa Şurasına daxil olmasının 10 illiyi ərəfəsində demokratiyaya sadiqlik üzrə daha bir sınaq olacaq: “Konstitusiyada zəmanət verilmiş hakimiyyət bölgüsü prinsipinin təcrübədə tətbiqi gücləndirməyin, xüsusən parlamentin rolunun və icra hakimiyyətinə nəzarətinin gücləndirilməsi zərurəti olan ölkədə bu seçki xüsusilə əhəmiyyətlidir”.
Sənəddə hakimiyyət parlament seçkisini tam mənada Avropa standartlarına uyğun şəkildə keçirməyə çağırılır. AŞPA hesab edir ki, hakimiyyətə ən yüksək siyasi səviyyədə saxtalaşdırmaların yolverilməz olduğu haqqında mesaj göndərilməlidir.
Qətnamədə Azərbaycanda ümumilikdə seçki təcrübəsinin təkmilləşdirilməsi və demokratik parlament seçkisi keçirilməsi üçün şərait yaradılması üzrə konkret tövsiyələr irəli sürülüb. Seçki Məcəlləsinə yenidən baxılması, seçki komissiyalarının tərkibi məsələsində Venesiya Komissiyası ilə əməkdaşlıq, sərbəst toplaşmaq və mətbuat azadlığı hüququnun təcrübədə tam şəkildə həyata keçirilməsi təklif olunur.
AŞPA qətnaməsində həmçinin Strasburq məhkəməsinin jurnalist Eynulla Fətullayevin həbsdən dərhal azad edilməsi haqqında qərarını icra etmək çağırışı yer alıb. Assambleya həmçinin azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş iki gənc fəal - Emin Milli və Adnan Hacızadənin taleyi ilə bağlı narahatlığını ifadə edib.
“Turan”, 25.06.2010.