“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
08.12.2012, 15:19
429

Dublin də arxada qaldı, Qarabağa yol görünmür

A- A+

ATƏT-in daha bir toplantısı münaqişə tərəflərinə formal çağırışla başa çatdı...

ATƏT Xarici İşlər Nazirləri Şurasının dekabrın 6-7-də İrlandiyanın paytaxtı Dublində keçirilən növbəti, sayca 19-cu iclası da Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yönəlik formal çağırışlarla yadda qaldı. Toplantı çərçivəsində ATƏT-in Qarabağ nizamlanmasında vasitəçilik edən Minsk Qrupunun həmsədrləri birgə bəyanat yayıblar.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ-ın dövlət katibi Hillari Klinton və Fransanın Avropa işləri üzrə naziri Bernar Kazenev Dağlıq Qarabağ münaqişəsinin tərəflərini konfliktin sülh yolu ilə nizamlanması üçün zəruri siyasi iradə nümayiş etdirməyə çağırıblar.

Sənəddə Helsinki Yekun Aktının əsas prinsiplərinə, o cümlədən cüt tətbiq etməmək və güc tətbiqi ilə hədələməmək, dövlətlərin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyinetmə hüququna riayət olunmasının zəruriliyi vurğulanır.

“Prezidentlərin 2011-ci ildə qəbul etdiyi Dövil bəyanatına əsaslanaraq, yenidən tərəfləri sülh yolu ilə nizamlanmaya nail olmaq üçün qətiyyətli addımlar atmağa çağırırıq. Təəssüf edirik ki,  Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin 2012-ci il yanvarın 23-də Soçidə qəbul etdiyi birgə bəyanata rəğmən, sülh prosesində sürətli tərəqqiyə nail olunacağı ilə bağlı gözləntilər özünü doğrultmayıb. Bunun əvəzinə, tərəflər qarşılıqlı anlayışa əsaslanan razılaşma imkanı tapmaq əvəzinə,  danışıqlar prosesində tez-tez birtərəfli üstünlük əldə etmək yolları axtarıblar”.

Bəyanat müəllifləri tərəfləri 1994-cü ildə imzalanmış atəşkəs rejiminə riayət etməyə çağırıb və qeyd ediblər ki, hərbi güc tətbiqi münaqişəni həll etməyəcək: “Biz tərəfləri əhali arasında düşmənçilik hissini qızışdıran bəyanat və hərəkətlərdən çəkinməyə çağırırıq. Münaqişə tərəflərinin liderləri öz əhalisini bir gün düşmən deyil, digər tərəfin mədəniyyət, tarix və ənənələrinə hörmətlə yanaşılacaq qonşu kimi yaşayacaqları günə hazırlamalıdır”.

Nümayəndə heyətlərinin rəhbərləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 2013-cü ilin əvvəlində ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirələri davam etdirməyə hazır olmasını alqışlayıblar: “Ölkələrimiz əvvəlki kimi tərəflərə kömək etmək üçün özündən asılı olan hər şeyi etməyə hazırdır, lakin Dağlıq Qarabağ münaqişəsinə son qoymaq üçün məsuliyyət yenə də tərəflərin üzərində qalır”. 

Xatlrladaq ki, ATƏT Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə 1992-ci ildən “məşğul olur”. 1994-cü ildə münaqişədə rəsmən atəşkəs elan olunub. ATƏT ölkələri xarici işlər nazirlərinin toplantısı da həmin ildən etibarən müntəzəm olaraq (ildə bir dəfə dekabrda) keçirilir. Hər il tərəflərə bənzər çağırışlar səslənir.

Yeri gəlmişkən, Dublin toplantısında ATƏT-ə sədrlik İrlandiyadan Ukraynaya keçib.

* * *

►Mövzuya dair:

“Qarabağ münaqişəsi beynəlxalq təhlükəsizlik üçün ciddi təhdiddir”  

“Dağlıq Qarabağ münaqişəsi yenə də beynəlxalq təhlükəsizlik üçün ciddi təhdiddir. Ermənistan ATƏT-in Nizamnaməsini pozaraq status-kvonu möhkəmlədir, Azərbaycanın işğal altında olan ərazilərinə nəzarəti saxlamaq üçün güc tətbiq edir”.

APA-nın Dublinə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT XİN Şurasının 19-cu iclasında çıxışı zamanı deyib.

Nazir çıxışında ATƏT məkanında təhlükəsizlik və mövcud münaqişələrin həlli məsələlərinə də toxunub. Elmar Məmmədyarov bildirib ki, Ermənistanın işğal etdiyi ərazilərdə Azərbaycan mədəniyyətinə dair dağıdılmamış abidə qalmayıb.

XİN başçısı Ermənistanın Xocalı aeroportundan uçuşlara başlamaq cəhdindən narahatlıq ifadə edib və bildirib ki, bu aeroportun açılışı regionda vəziyyəti daha da gərginləşdirəcək.

Elmar Məmmədyarov bildirib ki, bu münaqişənin sülh yolu ilə həllinin alternativi yoxdur və Azərbaycan sülh danışıqlarını davam etdirməkdə maraqlıdır: “Biz ATƏT-in Minsk Qrupunun öz fəaliyyətini aktivləşdirməsini, həmsədrlərə dəstək verilməsini və bütün tərəfləri qane edən sülh sazişi üzərində işə başlamağı təklif edirik”.

XİN başçısı Ukraynanın 2013-cü ildə ATƏT-ə sədrlik etməsini də alqışlayıb.

* * *

Nalbandyan Azərbaycanı vasitəçilərin təkliflərini rədd etməkdə günahlandırıb

“Təəssüf ki, həmsədrlərin regiona onlarla səfəri nəticə verməyib, çünki Azərbaycan tərəfi bir-birinin ardınca həmsədrlərin bütün təkliflərini rədd edib. Biz Azərbaycanın ATƏT-in mandatı çərçivəsində gördüyü işləri pozmaq niyyətində olduğunu görürük”.

APA-nın Dublinə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu fikirləri Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ATƏT Xarici İşlər nazirləri Şurasının 19-cu iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, Azərbaycan danışıqlar prosesində maksimalist mövqe tutub və Minsk Qrupunun işinə hər cür maneə yaradır: “Azərbaycan tərəfi hər bir vəchlə vasitəçiləri dəyişməyə çalışır və onları səylərinə qara yaxır. Azərbaycan Ermənistana qarşı nifrət siyasəti yürüdür və daim sivil dünyanın prinsiplərinə zidd addımlar atır”.

Ramil Səfərov məsələsinə toxunan Nalbandyan bildirib ki, “bu şəxs Azərbaycanda milli qürur simvoluna və təqlid nümunəsinə çevrilib, bu isə regional stabilliyi təhlükə altında qoyur”.

 O, “Azərbaycanın Dağlıq Qarabağa qarşı güc tətbiq etmək kimi daimi təhdidlərdən” narahatlıq ifadə edib. Nalbandyan bildirib ki, Ermənistan münaqişənin sülh yolu ilə nizamlanmasında həmsədrlərin yanındadır: “Biz Kazan sammitində irəliləyiş əldə olunmamasına görə təəssüf edirik”.

* * *

“Ümid edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin həllində tərəqqi əldə olunacaq”  

“Bu ilin aprelindən Ermənistan-Azərbaycan sərhədində qarşıdurmanın güclənməsi bölgə insanlarının iztirabına səbəb olan Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllinin vacibliyini göstərir”.

APA-nın məlumatına görə, bu sözləri ATƏT Xarici İşlər Nazirləri Şurasının 19-cu iclasının açılışında qurumun fəaliyyətdə olan sədri, İrlandiyanın xarici işlər və ticarət naziri Eymon Gilmor (Eamon Gilmore) deyib. O, ATƏT-in Minsk Qrupu həmsədrlərinin münaqişənin həli üzrə işini qeyd edib və şəxsi nümayəndəsi Anjey Kasprşikə bölgədə fəal iş apardığına görə təşəkkür edib. E. Gilmor Dağlıq Qarabağ münaqişəsinin həllində tərəqqi əldə olunacağına ümid etdiyini söyləyib.

Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik üzrə ali komissarı Ketrin Eşton (Katrin Ashton) da çıxışında bu mövzuya toxunub. O bildirib ki, münaqişələr beynəlxalq əməkdaşlığı məhdudlaşdırır: “Biz etimadı möhkəmləndirən tədbirləri dəstəkləyirik. Bizim töhfəmiz bölgədə demokratiyanın inkişafına yönəlmiş uzunmüddətli dəstəyi də ehtiva edir. Avropa Birliyi ATƏT-in mövcud münaqişələrin həllinə dair səylərini dəstəkləyir”. 

Xəbərlər
Redaktorun seçimi