“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
19.05.2009, 12:30
510

19 Mayısdan başlanan yol…

A- A+

Böyük Atatürkün öndərliyi ilə başlanan bu yol Türkiyəni İstiqlal və Cümhuriyyətə qovuşdurdu

Bu gün Türkiyə tarixinin önəmli gününü, 19 May - Atatürkü anma, gənclik və idman bayramını qeyd edir. Türkiyə Cümhuriyyətinin digər tarixi günləri kimi, bu gün də böyük öndər Atatürklə, onun türk milləti qarşısında misilsiz xidmətləri ilə bağlıdır. Eyni zamanda, bu günün əlahiddə özəlliyi də var. 19 may həm də Atatürkün doğum günü kimi qeyd olunur. 

Tale elə gətirib ki, Türkiyə Cümhuriyyətinin qurucusu, dünyanın ən görkəmli sərkərdə və dövlət xadimləri sırasında yer almış Atatürkün rəsmi doğum günü tarixə naməlum qalıb. Atatürk isə 19 mayı - Türkiyənin qurtuluşu və istiqlalu uğrunda savaşa başladığı günü özünün doğum günü olaraq xalqına, türk gəncliyinə və bütövlükdə tarixə ərməğan edib.

90 il öncə, 1919-cu il mayın 19-da Mustafa Kamal paşanın başçılığı altında Samsun şəhərindən başlanan tarixi yol torpağının bütövlüyü, suverenliyi və dövlətçiliyi uğrunda haqq müharibəsi aparan hər bir xalq üçün böyük örnəkdir. Türkiyə isə 19 mayı ikiqat bayram olaraq qeyd edir, bu gün həm İstiqlal savaşının tarixini, həm də Atatürkün həyat yolunu bir daha vərəqləyir. Mahiyyət etibariə bir-birindən ayrılmaz olan bu iki tarixi yolçuluğa qısaca biz də nəzər salaq.

Atatürk dünyaya gözlərini açanda Osmanlı imperatorluğu öz qüdrətini itirməyə doğru gedirdi. Belə bir vaxtda onun doğulması türk xalqının və dövlətinin xilaskarının dünyaya gəlməsi demək idi.

Mustafa Kamal 1881-ci ildə o vaxt Osmanlı imperatorluğunun tərkibində olan Balkanlardakı Rumeli vilayətində, Selanik şəhərinin (indiki Yunanıstanın Saloniki şəhəri) Qocaqasım məhələləsində doğulub. Anası Zibeydə xanımın xatırladığıına görə, oğlu Mustafa qış vaxtı, yanvara dünyaya gəlib. Lakin bu barədə heç bir rəsmi sənəd yoxdur.

Atatürkün ata-anasının vaxtilə Anadoludan Rumelinə köçmüş qızıl-oğuz türkmənləri soyundan olduğu bildirilir. Atası Əli Rza Əfəndi və anası Zibeydə xanım 1876-cı ildə ailə qurublar. Atası Selanik şəhər gömrük idarəsində kiçik məmur olub. Mustafadan savayı ailədə daha beş uşaq dünyaya gəlsə də, onlar kiçik yaşlarında vəfat ediblər.

Mustafa məktəb yaşına gələndə anası onun dini təmayüllü məktəbdə təhsil almasını, atası isə müasir təhsil verən ibtidai məktəbə getməsini istəyir. Sonuc atasının istəyi kimi olur və Mustafa 1887-ci ildə Selanikdəki Şəmsi Əfəndi ibtidai məktəbinə gedir. 1890-cı ildə atası vəfat edir. Bir müddət təhsildən kənarda qalan Mustafa hərbçi olmaq arzusuna düşür. Anasının etirazına rəğmən Selanik hərbi təmayüllü məktəbinə qəbul olunur.

1898-ci ildə Mustafa Kamal Selanikdəki məktəbi bitirir və İstanbul hərbi məktəbinə daxil olur. 1902-ci ildə oranı da leytenant rütbəsi ilə başa vurur. Bundan sonra hərbi təhsilini 1902-1905-ci illərdə İstanbul Hərbi Akademiyasında davam etdirir. 1905-ci ildə tam hərbi təhsilini başa vuraraq ilk hərbi təyinatını alır, imperatorluğun cənubuna - Suriyanın paytaxtı Dəməşqə göndərilir.

Burada o, Osmanlının ağır durumunu yaxından dərk edir. İmperatorluğun bir çox müstəmləkələrində olduğu kimi, burada da dövlət məmurları arasında rüşvətxorluq, dövləti işlərə laqeydlik baş alıb gedirdi. Böyük imperatorluğun belə vəziyyətdə idarə olunması onun şüurunda acı izlər buraxır. 

1906-cı ildə Mustafa Kamal bir neçə hərbçi dostu ilə "Vətən və Hürriyyət" adlı gizli cəmiyyət təşkil edirlər. Gənc və ambisiyalı zabitlər dövlətin idarəçiliyini sağlam əsaslar üzərinə qaytarmaq barədə düşünürlər. Eyni vaxtda Mustafa Kamalın vətəni Selanikdə keçmiş hərbçi yoldaşlarından bir qrupu da "İttihad və Tərəqqi" cəmiyyəti qurmuşdular. 1907-ci ildə Mustafa Kamal qısa müddətə hərbi xidmətini Balkanlara dəyişir və orada sözügedən iki cəmiyyətin birləşməsi qərara alınır.

1909-cu ildə Osmanlı dövlətində növbəti saray çevrilişi baş verir, sultan II Əbdülhəmid taxtdan salınır və V Mehmet padşah elan edilir. Bu çevrilişdə "İttihad və Tərəqqi"də birləşən gənc zabitlərin də rolu olur. Lakin elə bu vaxtdan Mustafa Kamalla cəmiyyətdəki gənc zabitlər arasında fikir ayrılıqları yaranır.

Mustafa Kamal cəmiyyətin leqal siyasi təşkilata, partiyaya çevrilməsini və onun üzvlərinin siyasət və ya hərbi xidmət arasında seçim etməsini təklif edir. Çünki zabitlərin bilavasitə siyasətlə məşğul olması orduda ixtilaflara rəvac verirdi.

Lakin "İttihad və Tərəqqi"nin rəhbərliyində təmsil olunan əksəriyyət bunu qəbul etmir. Mustafa Kamal isə siyasətdən ayrılaraq hərbi xidmətə üstünlük verir. Bu arada Avropaya hərbi ezamiyyətə göndərilən, Fransada hərbi təlimlərdə iştirak edən Mustafa Kamal Osmanlı ordusunun rəqiblərindən nə qədər geri qaldığını bir daha dərk edir.

1912-1913-cü illərin Balkan müharibəsində Osmanlının ağır məğlubiyyəti bu gerçəyi sübut edir. Müharibə nəticəsində Osmanlı altı əsrə yaxın nəzarət etdiyi Balkanları, o cümlədən Mustafa Kamalın vətəni Rumelini itirir.

Balkanlardakı məlğubiyyət ölkədə böyük etiraz doğurur, İstanbulda yeni saray çevrilişi (iyun 1913) nəticəsində baş nazir Mahmud Şövkət paşa öldürülür, "İttihad və Tərəqqi"nin liderləri Tələt, Ənvər və Camal paşalar hakimiyyəti ələ keçirirlər. Ambisiyalı gənc generallar Balkan uğursuzluğunu unutdurmaq üçün yeni hərbi kampaniya barədə düşünür və Almaniya ilə müttəfiqliyi gücləndirirlər.

Qeyd etmək lazımdır ki, bilavasitə ordu rəhbərliyində təmsil olunmayan Mustafa Kamal Osmanlının dünya savaşına Almaniya ilə müttəfiq olaraq girməsinə mənfi baxırdı. O görürdü ki, Osmanlı ordusundakı alman məsləhətçilər əslində dövləti məhvə təhrik edirlər.

1915-ci ilin yazında Çanaqqala döyüşlərinin ilk mərhələsində mayor Mustafa Kamalın 19-cü diviziyası misilsiz rəşadət göstərir. Ona polkovnik rütbəsi verilir. 1916-cı ildə Çanaqqala zəfərindən ardından onu Diyarbəkirdəki ordu komandanlığına, Rusiya ildə savaş cəhbəsinə göndərirlər. Mustafa Kamal yolda ikən ona general - paşa rütbəsinin verildiyini eşidir.

Onun komandanlığı altında 1916-cı ilin avqustunda rus ordusunun Diyarbəkir istiqamətində hücumlarının qarşısı alınır, Bitlis və Muş azad edilir. Bu uğurdan sonra Mustafa Kamal paşa Osmanlının 2-ci ordu (şimal-şərq istiqamətində) komandanı təyin edilir. Lakin digər cəbhələrdəki məğlubiyyət Osmanlının dünya savaşından qalib çıxmasını mümkünsüz etmişdi.

1918-ci ilin oktyabrın 31-də Osmanlı Mudros sülhü müqaviləsini bağlamağa məcbur olur. Türk qoşunları tutduqları bir çox əraziləri, o cümlədən Cənubi Qafqazı (Azərbaycanı) tərk etməli olurlar. "İttihad və Tərəqqi" hökumətinin rəhbərləri - Ənvər, Tələt, Camal paşalar isə alman gəmisində ölkəni tərk edirlər.

Dövlət faktiki olaraq idarəolunmaz vəziyyətə gəlmişdi. 1919-cu ilin yazında indiki Türkiyənin böyük hissəsi işğal edilmiş, o cümlədən yunan qoşunları ölkənin cənub-qərbini ələ keçirmişdilər. İstanbuldakı Osmanlı hakimiyyəti nə dövləti xilas etmək, nə də işğalın qarşısını almaq iqtidarında idi.

General Mustafa Kamal İstanbuldakı təslimçi hakimiyyətlə yolları ayırır. 1919-cu ilin mayın 16-da o, bir qrup silahdaşı ilə "Bandırma" adlı gəmidə İstanbulu gizlicə tərk edərək Samsuna gəlir. Burada mayın 19-da Qurtuluş savaşının başladığını elan edir. İstanbul hökuməti ona mane olmağa çalışsa da, Mustafa Kamal paşa ordudakı vəzifələrindən istefa verdiyini bildirir. Həmin il dekabrın 27-də qoşunları ilə Ankaraya gəlib çıxan Mustafa Kamal bu şəhəri yeni Türkiyə dövlətçiliyi uğrunda mübarizənin mərkəzi elan edir.

Mustafa Kamal paşa 1920-ci il aprelin 23-də Ankarada Türkiyə Böyük Millət Məclisinin çağırılmasına nail olur. Ölkədə faktiki ikihakimiyyətlik - bir tərəfdə iflas etmiş imperatorluq hakimiyyəti, digər tərəfdə isə xalqın iradəsini bir yerə toplayaraq vətənin xilası uğrunda savaşan hərbçilər, Mustafa Kamal paşanın komandanlığı altında təşəkkül tapan ordu vardı.

1919-cu ilin mayından 1921-ci ilin yanvarınadək dövr Qurtuluş savaşında lokal hərbi əməliyyatlar dövrü olur. 1921-ci ilin yanvarından isə Mustafa Kamal paşa türk qoşun birliklərini genişmiqyaslı hərbi əməliyyatlara hazırlayır.

1921-ci il avqustun 22-də başlanan və sentyabrın 13-də qalibiyyətlə başa çatan Sakarya savaşı Türkiyə ordusunun gücünü nümayiş etdirir. Sakarya zəfərindən sonra TBMM Mustafa Kamala "qazi" adı və marşal hərbi rütbəsi verir.

Qurtuluş savaşının zirvə nöqtəsi isə 1922-ci ilin avqustundakı "Böyük Taarruz" ("Böyük Hücum") əməliyyatı oldu. Avqustun 26-da sübh tezdən türk qoşunları baş komandan Qazi Mustafa Kamal paşanın əmri ilə düşmən üzərinə hücuma keçdi. 30 avqustadək Eskişehir və Afyonu nəzarətə götürən türk qoşunları baş komandandan "Ordular, hədəfiniz Aralıq dənizidir!" əmrini aldı. 15 günün içində türk ordusu 100 kilometr enində cəhbə boyunca 500-600 kilometr irəliləmiş, 150 minlik yunan ordusu darmadığın edilmişdi.

30 avqust zəfəri Türkiyənin tarixində və Mustafa Kamalın həyatında yeni bir şərəfli səhifə açdı. Türk xalqı yenilməzliyini sübut etmiş, yeni Türkiyə dövlətinin, cümhuriyyətin ilk təməl daşı qoyulmuşdu.

Bir il sonra, 1923-cü il oktyabrın 29-da Mustafa Kamal paşa sərhədləri bütöv, müstəqil Türkiyə Cümhuriyyətini elan etdi. Artıq onun tarixə Atatürk kimi düşməyə tam haqqı vardı. 1934-cü il noyabrın 24-də TBMM-nin qərarı ilə ona rəsmən Atatürk soyadını verildi. 1938-ci il noyabrın 10-da Atatürk bu dünyaya vida etdi. Onun qurduğu möhtəşəm dövlət isə 86-cı ilini yaşamaqdadır.

Vüqar Orxan, “525-ci qəzet”, 19.05.2009.

Xəbərlər
Redaktorun seçimi