Bizə inqilab lazımdırmı? (2005)
Bu suala siyasi konyuktur nöqteyi-nəzərindən deyil, vətəndaş və dövlətçilik mövqeyindən yanaşmaq daha düzgün olardı⇔ ⇔ ⇔
Azərbaycanda parlament seçkilərinə beş həftə vaxt qalır. Seçkilərdə ciddi nəticələrə iddia edən qüvvələr marafonun finişə qədər qalan hissəsini üstün mövqedə başa vurmaq üçün bütün imkanlarını işə salıblar. Siyasi mübarizənin hərarəti günbəgün armaqdadır. Əlbəttə, dünyanın bir çox ölkəsində seçki yarışının həlledici mərhələsi gərgin atmosferlə müşayiət edilir və Azərbaycandakı vəziyyəti də əlahiddə olaraq təsəvvür etməmək olardı.
Amma ölkədə seçkiqabağı mühitdə gəlişən hadisələr göstərir ki, proses artıq siyasi mübarizə müstəvisindən çıxaraq daha çox siyasi münaqişə hüdudlarına doğru yayılır. Özəlliklə son bir neçə həftədə, daha dəqiq desək, müxalifətin əsas güclərinin təmərküzləşdiyi "Azadlıq" blokunun 10 sentyabr mitinqindən sonra seçkiqabağı atmosfer qəlizləşib. İqtidar-müxalifət münasibətlərində anlaşmazlıq və mövqelərdəki çarpazlığın artıq kritik həddə çatdığını təsbit etmək mümkündür.
Ötən bazar müxaliflər hakimiyyət tərəfindən sanksiyalaşdırılmamış mitinq keçirməyə cəhd etdilər. Tərəflər demək olar ki, ciddi toqquşmanın eşiyindən döndülər, özü də Amerika səfirinin vasitəçilik səyləri nəticəsində. Bundan sonra hakimiyyət və müxalifət təmsilçiləri danışıqlar masası arxasında əyləşsələr də, nəticə hasil olmadı, hərə öz mövqeyində qaldı. Hakimiyyət müxalifətin tələb etdiyi 6 meydanın heç birində mitinq keçirməyə razılıq vermədi, müxaliflər isə hakimiyyətin təklif etdiyi 5 meydanın heç birinə yaxın durmadılar. İndi ortada, necə deyərlər, 11 meydan var, amma nəticə etibarilə onların heç biri mövcud şərtlər daxilində normal oyun qaydalarına riayət ediləcək şəkildə siyasi mükalimə müstəvisi kimi yararlı deyil.
Bu gün müxaliflər yenidən icazəsiz aksiya keçirməyə cəhd edəcəklər, hakimiyyət də buna imkan verməyəcəyini bildirib. Belə olan tərzdə vəziyyətin hansı səmtə doğru inkişaf edəcəyini təsəvvür etmək çətin deyil. Proseslərdəki gedişata diqqətlə nəzər salsaq, qeyd etməli olarıq ki, hadisələrin bu məcraya düşməsinə görə tərəflərin ikisi də məsuliyyət daşıyır. Hərçənd onu da vurğulamaq gərəkdir ki, seçkiqabağı mübarizədə oyun qaydalarını birinci olaraq müxalifət pozdu. Daha doğrusu, rəsmi seçki təbliğatı başlayanadək (7 sentyabr) iqtidar-müxalifət münasibətlərində ciddi insidentlər (hər iki düşərgəyə məxsus KİV-də qarşılıqlı "qara piar" kampaniyasını nəzərə almasaq) qeydə alınmamışdı. Lakin təbliğat kampaniyasının başlaması ilə münasibətlərdə ziddiyyətlər meydana çıxdı.
Əvvəlcə müxalifət dairələri 6 noyabr seçkilərində "exit-poll" keçirəcək əcnəbi şirkətlərə və onların Azərbaycanda tərəfdaş seçdikləri qurumlara etimadsızlıq nümayiş etdirdilər. Hətta ABŞ Dövlət Departamentinin rəsmi tenderinin qalibi olaraq Azərbaycanda "exit-poll" keçirmək imkanı qazanmış "RA Consalting Crour" şirkətinin burada kiminlə işləməsi dəqiqləşəndən sonra, müxalifət onun da fəaliyyətinə şühbəsini bildirdi. Bir sözlə, müxalifət faktiki olaraq 6 noyabr seçkilərinin "exit-poll" nəticələrini tanımayacağını artıq nəzərə çatdırıb. Təbii ki, əgər bu nəticələr müxalifləri qane etməsə.
Həmin nəticələr isə 6 noyabrın səhərisi məlum olacaq. Amma o da artıq indidən məlumdur ki, müxalifət prinsip etibarilə elə 7 noyabra hazırlaşır. Təsadüfi deyil ki, bu gün müxalifət düşərgəsində ən işlək müzakirə mövzusu seçkisonrası vəziyyət və "inqilab"la bağlıdır.
Əslində "Azadlıq" blokunun 10 sentyabr mitinqindən sonra "Qələbə" meydanından üz döndərməsi və şəhərin mərkəzində mitinq yeri tələb etməsi hakimiyyətin opponentlərinin "B" variantına hazırlaşdıqlarının bir göstəricisidir. Sözsüz ki, hakimiyyət də özlüyündə bu varianta hazırlıq görür.
Bir sözlə, Azərbaycanda seçki yarışı tədricən qarşıdurma havasına köklənməkdədir. Eyni zamanda, bu havanın sifarişçilərinin daha çox müxalifət cəhbəsində olduğu şühbə doğurmadığı kimi, həmin havanı prinsipcə məqbul sayanlar qarşı tərəfdə də yox deyil. Hərçənd onların hansı tərəfdə çox, hansında az olması mahiyyəti o qədər də dəyişmir. Ümumilikdə iqtidar da, müxalifət də 6 noyabr parlament seçkilərinə 2003-cü ilin prezidentlik yarışının davamı kimi yanaşırlar. Hakimiyyət bu seçkilərdə 2003-cü ildəki uğurunu daha da möhkəmləndirmək, müxalifət isə iki il öncə düçar olduğu məğlubiyyətin əvəzini çıxmaq əzmindədir.
Eyni zamanda, hakimiyyət öz məqsədinə seçkilərin şəffaflıq və demokratiklik "planka"sını yüksəltməklə, başqa sözlə, seçkidən sonra beynəlxalq dairələrdən daha dözümlü və ötən seçkilərə nisbətən daha məqbul qiymət almaqla nail olmaq fikrindədir. Müxalifət isə 2003-cü ilin prezident seçkilərindən ciddi nəticələr çıxardığını və bu dəfə öz iddiasında daha monolit və əzmli olacağını bildirir.
Hərçənd bu seçkilərə revanşizm hissləri (revanşizm istənilən halda qisasçılıq deməkdir) yanaşanlar gərək bunun nəticəsini də tam şəkildə göz önünə alsınlar. Söhbət 6 noyabrdan sonra (yaxud ondan öncə - prinsipcə bunun elə bir fərqi yoxdur) meydana gələcək qarşıdurmanın tərəflərdən hansınasa gətirəcəyi siyasi nəticələrdən deyil, bütövlükdə Azərbaycan dövləti üçün yaranacaq nəticədən gedir.
Bu gün Azərbaycanda "məxməri inqilab" ideologiyasını kultivasiya edənlər öncə bir gerçəkliyə diqqət yetirməlidirlər ki, ümumiyyətlə, inqilab nə deməkdir. İnqilab bütün hallarda mövcud sistemin dağıdılması və bu prosesi müşayiət edəcək və çeşidli faktorlara transformasiya olunan qarşıdurma deməkdir. Bu atmosferdə dağıdılmış sistemin qalıqları üzərində yeni nəyin qurulacağına və onun öncəkindən nə dərəcədə müsbət olacağına heç bir təminatın verilmədiyini də nəzərə alsaq, mənzərə ümumən tamamlanmış olacaq. Bunun şahidi olmaq üçün uzağa getmək lazım deyil. Son günlər istər Ukraynada, istərsə də, Qırğızıstanda yaşanan postinqilab havasını müşahidə etmək yetərlidir.
Elə isə gəlin görək, bu inqilab atmosferi Azərbaycanda hansı mənzərəni ortaya qoyacaq. Əvvala, Azərbaycanda indiyədək cərəyan etmiş daxili siyasi mübarizənin anatomiyasına, o cümlədən 1992-ci ildən etibarən baş verən hakimiyyət uğrunda çarpışmaların xronikasına diqqət yetirsək, görərik ki, bizdə bu olayların heç biri nəinki toqquşmasız və qan-qadasız ötüşməyib, üstəlik həmin çarpışmalar nəticə etibarilə Azərbaycanın indi xəritədə qara ləkə kimi görünən 20 faiz torpaqlarının işğalına şərait yaradıb.
Bu gün Azərbaycana inqilab ixracı illüziyasına qapılıb, "filan yerdə qan-qadasız ötüşdü, bizdə də elə olacaq" deyənlər hər halda bu gerçəkləri bilməmiş deyillər. Onlar bunu da daxilən nəzərə almamış deyillər ki, torpaqları işğal altında olan, məkrli düşmənlə üz-üzə qalmış Azərbaycan üçün inqilabi təlatümlər heç bir halda "məxməri" ola bilməz. 1992-1993-cü ildə itirdiklərimizi göz önünə alsaq, növbəti təlatümlərin bizə daha hansı itkiləri gətirəcəyini təsəvvür etmək belə müdhişdir.
Bu təlatümlərin Azərbaycanın son illərdə əldə etdiyi iqtisadi nailiyyətləri hansı kökə sala biləcəyini isə təsəvvür etmək çətin deyil. Bu gün Azərbaycanın dünyada ən sabit və sürətli iqtisadi inkişaf tempinə malik olduğunu artıq beynəlxalq təşkilatlar birmənalı olaraq etiraf edir.
Beynəlxalq Valyuta Fondunun (BVF) açıqladığı son hesabat da bunu təsdiqləyir. Həmin hesabata əsasən, 2005-ci ildə Azərbaycanda iqtisadi artım həcmi 18,4 faiz təşkil edəcək. Gələn il isə bu göstərici dünya üzrə rekord səviyyədə - 26,6 faiz həcmində gözlənilir.
Müqayisə üçün qeyd edək ki, cari ildə qonşu Ermənistanda iqtisadi artım tempi 8 faiz, Gürcüstanda 7,5, Rusiyada isə 6 faiz həcmində gözlənilir. Bu göstəriciyə görə ən ağır vəziyyət isə iqtisadi potensialına görə Rusiyadan sonra MDB-nin ikinci nəhəng ölkəsi olan Ukraynada yaranıb. BVF-nin hesabatına görə, 2005-ci ilin yekununda bu ölkədə iqtisadi artım ən aşağı səviyyədə - 4,5 faiz olacaq. Mövcud tendensiya gələn ildə də bu ölkə üçün ürəkaçan situasiya vəd etmir. Halbuki ötən il, yəni Ukraynada baş vermiş "narıncı" inqilabadək ölkənin iqtisadi artım tempi xeyli yüksək - 12-13 faiz həcmində idi.
Təbii ki, istər BVF-nin, yaxud digər beynəxlaq maliyyə institunun, istərsə də Azərbaycan hökumətinin açıqladığı yüksək iqtisadi inkişaf rəqəmləri heç də boş yerdə yaranmıyıb. Bütün bunlar ölkədə aparılan iqtisadi siyasətin, təməli hələ bir neçə il öncə qoyulmuş strategiyanın praktik nəticələridir. Hövbəti ildə Azərbaycanın dövlət büdcəsi 3,6 milyard dollar həcmində nəzərdə tutulub. Bu, Azərbaycan kimi böyük iqtisadi potensialı olan ölkə üçün ideal göstərici olmasa da, mövcud problemləri və bir neçə il öncəki vəziyyəti nəzərə alsaq, kifayət qədər yüksək bir rəqəmdir.
Təkcə onu qeyd etmək yetər ki, bir neçə ilə öncəyədək ölkə büdcəsinin qısa zamanda bu həddə çatacağı yalnız iqtisadi nəzəriyyəçilərin təhlillərində görünə bilərdi. Yç il öncə - 2002-ci ildə Azərbaycanın dövlət büdcəsi 1 milyard dollar həddini aşmışdı və o vaxt üçün bu mühüm göstərici sayılırdı. Sonrakı ildə bu göstərici 1,2 milyard dollara, 2004-cü ildə isə 1,6 milyarda çatdı. Bu il isə dövlət büdcəsi artıq 2,4 milyard həcmindədir. Yəni 2004-cü ildən başlayaraq Azərbaycanın büdcəsi hər il faktiki olaraq 50 faiz artır. Dünyada az ölkə tapılar ki, qısa müddətdə belə artım tempinə nail olsun.
Ölkənin iqtisadi imkanları ayrı-ayrı sahələrə, o cümlədən bizim üçün ən prioritet sahə olan ordu quruculuğuna büdcə ayırmalarını da artırır. 2004-cü ildə Azərbaycanın hərbi büdcəsi 175 milyon dollar təşkil edirdisə, bu il həmin rəqəm 300 milyon dollara çatıb, 2006-cı ildə isə hərbi xərclər 100 faiz artaraq 600 milyon dollara çatacaq. Müqayisə üçün deyək ki, 2003-cü ildə Azərbaycanın hərbi büdcəsi 135 milyon, ondan bir il öncə isə cəmisi 120 milyon dollar idi. Bu artım tempindən ən çox əndişələnən tərəf isə Ermənistan olmalıdır. Yerevanda başa düşməlidirlər ki, Azərbaycanın hərbi büdcəsinin Ermənistanın bütünlükdə dövlət büdcəsini üstəməsi artıq reallıqdır və işğalçı ölkə gec-tez bu reallıq və onun doğuracağı nəticə ilə hesablaşmağa məcbur olacaq.
Əlbəttə, hamımız istərdik ki, bu hesablaşma anı tez yetişsin və Azərbaycan ərazi bütövlüyünü, nəhayət, bərpa etsin. O cümlədən bu gün aylıq məvaciblə, aldığı təqaüdlə normal yaşayışını təmin edə bilməyən vətəndaşlarımız da istərdi ki, ölkə büdcəsinin artım tempini daha nəzərəçarpacaq şəkildə öz ciblərində hiss etsinlər. Çünki Azərbaycanda büdcə imkanları nə qədər sürətlə artsa da, hələlik ölkə əhalisinin müəyyən qismi 150 min manatlıq (33 dollar) təqaüd və minimal əməkhaqqının ümidinədir. Azərbaycanda o vaxt ümumi rifahdan danışmaq mümkün olacaq ki, ölkədə minimal təqaüd və maaşlar minimum istehlak zənbilini doldura biləcək. Təbii ki, hakimiyyət bu yöndə addımları davam etdirir, yeni ildən minimal təqaüd və maaşlar 200 min manat olacaq. İlyarım öncə isə bu rəqəm 80 min manat idi.
Əlbəttə, bu yöndə populist bəyanatlar da vermək mümkündür, o cümlədən minimal əməkhaqqının qısa müddətdə 100 dollar həcminə çatrılıcağını da vəd etmək olar. Amma bir məsələ var ki, meyar həddi olmayan populizmdən fərqli olaraq, reallığın bəlli hüdudları var. Bu xüsusda başlıca reallıq isə ondan ibarətdir ki, Azərbaycanda istər iqtisadi inkişafı sürətləndirmək və büdcəmizi hər kəsə minimal yaşayış imkanı saxlayacaq həddə çatdırmaq, istərsə də dövlətimizin bir nömrəli problemini həll etmək üçün hər şeydən öncə sabitlik vacibdir.
Normal məntiqə dayanan heç bir kəs inkar edə bilməz ki, Azərbaycanda həyata keçirilən bütün iri layihələr və onların gətirməyə başladığı real iqtisadi dividendlər məhz stabil iqtisadi inkişaf, o isə öz növbəsində ölkədəki ictimai və siyasi sabitlik sayəsində mümkün olub. Və yaxın günlərdə tam istifadəyə veriləcək Bakı-Tbilisi-Ceyhan BTC kəməri də, gələn il işə düşəcə "Şahdəniz" layihəsi və Bakı-Tbilisi-Ərzurum qaz kəməri də, bir sonrakı il fəaliyyətə başlayacağı gözlənilən Türkiyə-Gürcüstan-Azərbaycan dəmir yolu xətti də - bütün bu nəhəng iqtisadi layihələr nəticə etibarilə Azərbaycanın ümumi rifahını təmin edəcəklər.
Amma bütün bunların heç biri olmaya da bilər. Odur ki, sərlövhədəki suala da tam ciddiliyi ilə yanaşmaq gərəkdir...
Vüqar Orxan
Effektiv Təşəbbüslər Mərkəzinin Analitik qrupu
“525-ci qəzet», 2 oktyabr 2005-ci il