“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
01.08.2013, 10:19
1287

1 avqust

A- A+

1 avqust 2001 - Azərbaycan ərazisində bütün idarə-müəssisələr, təşkilatlar, Azərbaycan dilində bütün nəşrlər latın qrafikalı əlifbaya keçiblər. Bu tarix "Azərbaycan əlifbası və Azərbaycan dili günü" kimi qeyd olunur...

Azərbaycan

 

1 avqust Azərbaycan əlifbası və Azərbaycan dili günüdür. 2001-ci il avqustun 1-də Azərbaycan ərazisində bütün idarə-müəssisələr, təşkilatlar, Azərbaycan dilində bütün nəşrlər latın qrafikalı əlifbaya keçiblər. Bu tarixi proses prezident Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli fərmanına əsasən gerçəkləşib. Azərbaycanda latın qrafikasına keçid barədə qərar 1991-ci ilin dekabrında qəbul edilsə də, bu proses çox ləng gedirdi. Fərman bu prosesi başa çatdırdı. Prezident Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli fərmanı ilə 1 avqust Azərbaycan əlifbası və Azərbaycan dili günü elan edildi.
 

1 avqust 1894 - Görkəmli yazıçı-dramaturq, maarifçi, dövlət xadimi Nəriman Nərimanovun təşəbbüsü ilə Bakıda ilk ictimai kitabxana - qiraətxana açılıb.

 

1 avqust 1896 - Əməkdar incəsənət xadimi, teatr rəssamı və qrafiki Həsənağa Hacağa oğlu Mustafayev (1896-22.4.1977) anadan olub.

 

1 avqust 1908 - Ədəbiyyatşünas, professor Hidayət Əfəndiyev (1908-1979) anadan olub. 

 

1 avqust 1929 - Əməkdar elm xadimi, ədəbiyyatşünas, professor Bağır İbrahimxəlil oğlu Bağırov (Bağır Ulduz) (1929-15.1.2010)  anadan olub. 

 

1 avqust 1933 - Xalq artisti, rejissor Firudin Səttar oğlu Səfərov Bakıda anadan olub. Azərbaycan Akademik Opera və Balet Teatrında quruluşçu rejissor işləyib. 1977-ci ildən Ə.Nəvai adına Daşkənd Akademik Böyük Opera və Balet Teatrının baş rejissorudur. Daşkənd Dövlət Konservatoriyasının professorudur. 

 

1 avqust 1935 - Ədəbiyyatşünas alim, professor Xeyrulla Qulam oğlu Məmmədov (1935 – 8.9.2005) Lerik rayonu Hoveri kəndində anadan olub. “Azərbaycan ədəbi tənqidi XIX-XX əsrlərin hüdudunda”, “XIX əsr Azərbaycan ədəbiyyatı” və s. dərslik və monoqrafiyaların müəllifidir.


 

1 avqust 1948 - Kinooperator, rejissor, Əməkdar incəsənət xadimi Ələkbər Yunus oğlu Muradov  (1948 – 1.8.2013) Bakıda anadan olub. Filmləri: “Qaladan tapılan mücrü”, “O dünyadan salam”, “Mənim ağ şəhərim” (operator); “Güllələnmə təxirə salınır” (rejissor).
 

1 avqust 1960 - Kinoşünas, rejissor, ssenarist Ayaz Salayev anadan olub. 1995-ci ildə çəkdiyi “Yarasa” filmi bir sıra festival və müsabiqələrdə mükafat qazanıb. “Vahimə” (psixiatr), “Təxribat” (vəkil) filmlərində çəkilib.

 

1 avqust 1961 - Məşhur bəstəkar Qəmbər Muxtar oğlu Hüseynli (16.4.1916-1961) vəfat edib. Dünyaca məşhur "Cücələrim" mahnısının (sözləri - Tofiq Mütəllibov), "Ay işığında", "Gecələr uzanaydı", "İlk məhəbbət", "Düşür yadıma" və s. populyar mahnıların müəllifidir.

 

Dünya 

 

1 avqust 1819 - Amerika yazıçısı Herman Melvill (Herman Melville, 1819-1891) anadan olub. Əsərləri: “Mobi Dik” romanı, “Con Marr və digər dənizçilər” hekayələr toplusu və s.

 

1 avqust 1923 - Məşhur rus-sovet televiziya aparıcısı və diktoru, SSRİ Xalq artisti Valentina Leontyeva (1923-2007) anadan olub.
 

1 avqust 1923 - İngilis (Avstraliya) yazıçısı, məşhur detektiv romanların müəllifi Karter Braun (1923-1985) anadan olub.
 

1 avqust 1936 - Dünya şöhrətli fransız modelyeri İv Sen Loran (Yves Henri Donat Mathieu-Saint-Laurent) anadan olub.
 

1 avqust 1942 - Məşhur italyan aktyoru Cankarlo Cannini (Giancarlo Giannini) anadan olub. Filmləri: “Həyat gözəldir”, “Lili Marlen” və s. 

 

1 avqust 1948 - Tanınmış Latviya aktyoru İvar Kalnınış (Ivars Edmunds Kalnins) anadan olub. Filmləri: “Qreta” villasının sirri”, “Qış albalısı”, “Dronqo” teleserialı və s. 

 

1 avqust 1965 - Amerika kinorejissoru Sem Mendes (Samuel Alexander Mendes) anadan olub. “Amerikansayağı gözəllik” filminə görə “Oskar”a layiq görülüb. 

 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi