Azərbaycan tarixi günbəgün: 18 yanvar
18 yanvar 1903 – Tanınmış pedaqoq, alim və maarifçi Mehdi Mehdizadə (1903-1984) Cəbrayıl rayonunda anadan olmuşdur.
Mehdi Mehdizadə SSRİ Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü olub, uzun illər Azərbaycanın Təhsil (Maarif) Nazirliyinə rəhbərlik edib.
18 yanvar 1941 – Kinorejissor, respublikanın xalq artisti Eldar Quliyev anadan olub. “Bir cənub şəhərində”, “Sevinc buxtası”, “Babək”, “Nizami” və s. filmlərin rejissorudur.
18 yanvar 1947 – Xalq artisti, tanınmış rəqqasə, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri Afaq Məlikova anadan olub.
18 yanvar 1990 - Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Kərki kəndi erməni silahlı qüvvələri tərəfindən işğal olunub. 1920-ci illərdə Naxçıvan ərazisinin bir hissəsinin Ermənistana verilməsi nəticəsində Kərki kəndi Ermənistan ərazisində qalmış və anklav vəziyyətində idi.
Kərki kəndinin işğal olunmasında Ermənistan ərazisindəki dislokasiya olunmuş SSRİ Müdafiə Nazirliyi 7-ci ordusunun hərbçiləri də yaxından iştirak etmişdilər.
Əlavə bax:
http://1990-1993.nakhchivan.az/xron.htm
18 yanvar 1992 – Ali Sovetin Milli Şurasında 1990-cı ilin 20 Yanvar hadisələri ilə bağlı yaradılmış parlament komissiyasının (sədr akademik Mitəd Abbasov, müavin vitse-spiker Tamerlan Qarayev idi) hesabatı dinlənilib. Parlamentin qəbul etdiyi qərarda 20 Yanvar faciəsi SSRİ-nin ali hakimiyyət orqanlarının Azərbaycan xalqına və insanlığa qarşı ağır cinayəti kimi qiymətləndirilirdi.
Azərbaycan parlamenti tərəfindən 20 Yanvar hadisələrinə tarixi və hüquqi nöqteyi-nəzərdən daha bir qiymət Heydər Əliyev ölkə rəhbərliyinə qayıdandan sonra, 1994-cü ildə verildi.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: