“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
15.01.2013, 20:43
1308

Azərbaycan tarixi günbəgün: 15 yanvar

A- A+

15 yanvar 1990 - SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində və ona bitişik rayonlarında fövqəladə vəziyyət elan olunub...

15 yanvar 1902 - Böyük türk şairi Nazim Hikmət (1902-3.6.1963) Salonikidə (indiki Yunanıstan ərazisi) anadan olub. Bəzi mənbələrdə doğum günü 20 yanvar göstərilir. Siyasi baxışlarına görə kommunist olan şair 1938-ci ildə Türkiyədə 28 illik həbsə məhkum edilmiş, 1951-ci ildə ona SSRİ-yə mühacirət etməyə icazə verilmişdi. Türkiyə vətəndaşlığından məhrum edilən Nazim Hikmət ömrünün axırınadək SSRİ-də yaşadı. Məzarı Moskva şəhərindədir. Şairin "Məhəbbət əfsanəsi" pyesi əsasında bəstəkar Arif Məlikov eyniadlı balet yazıb, rejissor Əjdər İbrahimov "Mosfilm"də "Məhəbbətim mənim, kədərim mənim" filmini çəkib. Hazim Hikmətin ssenarisi əsasında "Azərbaycanfilm"də "Bir məhəllədən iki nəfər" (1957, M.Qorki kinostudiyası ilə birgə, rejissor Ə.İbrahimov), ədibin avtobioqrafik “Romantika” romanı əsasında “Yaşamaq gözəldir, qardaşım” (1966) filmləri çəkilib.

 

15 yanvar 1906 - Sankt-Peterburqda Ümumrusiya müsəlmanlarının II qurultayı (15-23 yanvar) işə başlayıb. Qurultayda Rusiya Müsəlman İttifaqının («İttifaqi-müslimin», 1905-ci ilin avqustunda Ümumrusiya müsəlmanlarının qurultayında təsis olunmuşdu) birinci Dövlət Dumasına seçkilərlə baglı taktikası müzakirə edilib, yeni proqram qəbul olunub.

 

15 yanvar 1914 - Yazıçı Ənvər Yusif oğlu Qasımov (1914-1989) Yevlax rayonunda anadan olub. Əsərləri: "Düşmənimin düşməni", "Cərrahlar" romanları, “Hamballar" povesti və s.

 

15 yanvar 1940 - Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Ələsgər oğlu Kazımzadə anadan olub. Azərbaycan kinosunun gerçək tarixinin (2 avqust 1898-ci il) üzə çıxması onun tədqiqatlarının nəticəsidir. Bir çox kitabların müəllifi, “Azərbaycan Kino Ensiklopediyası”nın tərtibatçısıdır.

 

15 yanvar 1952 - Tanınmış tarixçi alim, professor Cəmil Poladxan oğlu Həsənli Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. 10-dan çox kitabın müəllifidir. Milli Məclisin deputatı (2005-2010) olub. . Amerika Orta Şərq Araşdırmaları Cəmiyyətinin üzvüdür.

 

15 yanvar 1990 - Dağlıq Qarabağda gərginləşən münaqişənin qarşısında aciz qalan Azərbaycan SSR-in rəhbərliyi Dağlıq Qarabağ Muxtar Vilayətində və ona bitişik rayonlarda fövqəladə vəziyyətin tətbiq olunması üçün Moskvaya müraciət edib. Elə həmin gün (15 yanvar 1990) SSRİ Ali Sovetinin Rəyasət Heyəti Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində və ona bitişik rayonlarında fövqəladə vəziyyət elan olunması barədə qərar qəbul edib. Qərara əsasən, Ermənistanın Gorus rayonunda və İran-Azərbaycan (SSRİ) sərhədi boyunca da fövqəladə vəziyyət elan edilib. Fövqəladə vəziyyət elan edilən ərazilərə Sovet Ordusunun birləşmələri yeridilib, yerli hakimiyyət hərbçilərə verilib.

 

15 yanvar 1992 - Avstriya Azərbaycanın müstəqilliyini tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər həmin il fevralın 20-də quruldu.

 

15 yanvar 1997 - Azərbaycan Kosta Rika (ölkəmizin müstəqilliyini 1991-ci il dekabrın 28-də tanıyıb) ilə diplomatik əlaqələr qurub. 

Hazırladı: Vüqar Orxan 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi