Azərbaycan tarixi günbəgün: 16 yanvar
16 yanvar 1453 - Uzun Həsən Diyarbəkirə daxil olub və Ağqoyunlu tayfa birləşmələrinə rəhbərliyi ələ alıb. Bir qədər sonra Azərbaycanın böyük dövlətlərindən biri - Ağqoyunlu dövləti tarix səhnəsinə çıxdı.
Uzun Həsənin rəhbərliyi altında (1468-1478) Ağqoyunlu dövləti Yaxın və Orta Şərqdə qüdrətli hərbi-siyasi amilə çevrildi. Uzun Həsən bütün Azərbaycan torpaqlarını əhatə edən güclü mərkəzləşdirilmiş dövlət yaratmaq siyasəti yeridirdi, bu məqsədlə xüsusi "Qanunnamə" hazırlatmışdı. Onun başladığı işi nəvəsi Şah İsmayıl Xətai başa çatdırdı, şimallı-cənublu bütün Azərbaycan torpaqlarını öz hakimiyyəti altında birləşdirdi.
16 yanvar 1732 - Səfəvi dövləti ilə Osmanlı imperatorluqları arasında Qafqaza nəzarət uğrunda növbəti müharibənin yekunu olaraq Kirmanşah sülh müqaviləsi bağlanıb. Müqavilənin şərtlərinə əsasən, Azərbaycanın İrəvan, Naxçıvan, Gəncə, Şamaxı və Şirvan bölgələri Osmanlı imperatorluğunun, Kirmanşah, Ərdəbil və Təbriz bölgələri isə Səfəvi dövlətinin nəzarətinə keçib.
16 yanvar 1905 - Məşhur neft milyonçusu Şəmsi Əsədullayevin qızı, yazıçı Üm-əl Banin (Ümbülbanu Şəmsi qızı Əsədullayeva; 1905-1994) anadan olub. Azərbaycanın sovetləşməsindən sonra ailəsi ilə Fransaya mühacirət edib, fransız dilində əsərlər yazıb.
16 yanvar 1944 - Tanınmış ədəbiyyatşünas, türkoloq, ictimai xadim Aydın Mirsaleh oğlu Məmmədov (1944-20.4.1991) Şəki rayonunun Kiş kəndində doğulub. "Sovetskaya turkologiya" jurnalının redaktor müavini, Bakıda Tərcümə Mərkəzinin yaradıcısı olub. 1990-cı ildə Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilb. 1991-ci il aprelin 20-də deputat həmkarı, alim Dilarə Əliyeva ilə birlikdə Qax rayonu ərazisində avtomobil qəzasında həlak olub.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: