Azərbaycan tarixi günbəgün: 16 fevral
16 fevral 1992 - Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO - Economic Cooperation Organization) üzvlüyə qəbul olunub.
16 fevral 1873 - Azərbaycan xalq memarlığının görkəmli nümayəndələrindən biri Zivərbəy Əhmədbəyov (1873-1925) anadan olub. Bakıdakı Təzəpir məscidi və Əmircandakı Murtuza Muxtarov məscidi onun layihələri əsasında ucaldılıb. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakının baş memarı olub.
16 fevral 1906 - Əməkdar elm xadimi, geoloq, professor Şamil Əbdürrəhim oğlu Əzizbəyov (1906-1976) anadan olub.
16 fevral 1916 - I Dünya müharibəsi gedişində Qafqaz cəbhəsində hücumu (1915-ci ilin dekabrından) davam etdirən çar Rusiyasının qoşunları Türkiyənin Ərzurum bölgəsini işğal ediblər. Rusiya bunadək Türkiyənin Qars və Ərdəhan bölgələrinə də nəzarət edirdi, Osmanlı bu əraziləri 1877-1878-ci illər müharibəsində itirmişdi. Ərzurumun işğalı ilə bölgədəki erməni qüvvələri özlərini daha da arxalı hiss etməyə və türk əhalisinə (o cümlədən azərbaycanlı türklərə) qarşı hücumları genişlənldirməyə başladılar. Türkiyə 1918-ci ildə hər üç bölgəni Rusiyadan geri ala bildi.
16 fevral 1916 - Görkəmli sənətşünas-alim, akademik Əbdülvahab Salamzadə (1916 – 19.8.1983) Şamaxıda doğulub. Azərbaycan memarlıq tarixinə dair dəyərli tədqiqat əsərlərinin, “Abidələr danışır” (1952), «Azərbaycan memarlıq abidələri» (1958), «Əcəmi Naxçıvani» (1976) və s. kitabların müəllifidir.
16 fevral 1945 – Görkəmli opera müğənnisi, aktyor, rejissor, pedaqoq, Xalq artisti Hüseynqulu Məlik oğlu Sarabski (Rzayev), 20.3.1879 - 1945) vəfat edib. "Leyli və Məcnun" operasında Məcnun rolunun ilk və uzun illər (30 ildən artıq) əvəzsiz ifaçısı olub.
16 fevral 1992 - Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO - Economic Cooperation Organization) üzv olub. Təşkilatın Tehranda keçirilən toplantısında keçmiş SSRİ-nin daha beş müsəlman respublikası - Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Tacikistan da üzvlüyə qəbul edilib. ECO 1985-ci ildə Türkiyə, İran və Pakistan tərəfindən təsis edilib. Hazırda Əfqanıstan da daxil olmaqla 10 ölkəni birləşdirir.
16 fevral 1993 - Azərbaycanla Sudan (ölkəmizin müstəqilliyini 1991-ci il dekabrın 28-də tanıyıb) arasında diplomatik münasibətlər yaradılıb.
16 fevral 2001 - Azərbaycan BMT-nin “Təhlükəli (radioaktiv) tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında Bazel Konvensiyası”na (1989-cu il martın 22-də qəbul olunub) qoşulub.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: