Azərbaycan tarixi günbəgün: 20 fevral
20 fevral 1988 - Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Xalq Deputatları Sovetinin erməni deputatları Dağlıq Qarabağın Azərbaycandan ayrılması haqqında qərar qəbul ediblər.
20 fevral 1832 - Çar ordusunun Qafqaz korpusunda qulluq edən Abbasqulu ağa Bakıxanov müsəlman məktəbləri barədə layihə hazırlayaraq Rusiyasının Qafqaz hakimi baron Rozenə təqdim edib. Layihə müsəlman uşaqları üçün dünyəvi məktəblərin açılmasını nəzərdə tuturdu. Qafqaz hakiminin diqqətə almadığı layihə bir əsr sonra, 1957-ci ildə Tbilisi arxivində aşkarlanıb.
20 fevral 1907 - Çar Rusiyasının ikinci Dövlət Duması fəaliyyətə başlayıb. Birinci Dumada (1906) olduğu kimi, ikinci Dumanın tərkibində də 5 azərbaycanlı deputat (Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Mustafa Mahmudov, Məhəmməd ağa Şahtaxtinski və Zeynal Zeynalov) vardı. İkinci Dumanın ömrü daha qısa oldu və iyunda çar II Nikolayın fərmanı ilə buraxıldı.
* * *
20 fevral 1928 - Tanınmış şair, dramaturq Əliağa Kürçaylı (Əliağa Həsənağa oğlu Vəliyev, 1928 - 11.2.1980) Salyan rayonunun Kürqaraqaşlı kəndində doğulub. Onlarla şeir kitabının müəllifi olan şair həm də rus ədəbiyyatından gözəl poetik tərcümələrin müəllifidir.
20 fevral 1938 - Xalq artisti, görkəmli xanəndə Arif İmran oğlu Babayev Ağdamın Sarıhacılı kəndində anadan olub. Azərbaycan milli musiqi sənətinin inkişafındakı xidmətlərinə görə “Şöhrət” (1998) və “İstiqlal” (2008) ordenlərinə layiq görülüb.
20 fevral 1988 - Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Xalq Deputatları Sovetinin erməni deputatları qeyri-legitim növbədənkənar sessiya çağıraraq "Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana verilməsi haqqında" qərar qəbul ediblər. Bu barədə SSRİ Ali Sovetinə müraciət qəbul olunub. DQMV-nin Xalq Deputatları Sovetinin mandatı 1988-ci ilin yanvarında bitmişdi və ermənilərin qəbul etdiyi qərar qeyri-legitim idi. Bu hadisə Qarabağ konfliktinin rəsmi tarixinin başlanğıcı hesab olunur.
20 fevral 1992 - Azərbaycanla Almaniya arasında (ölkəmizin müstəqilliyini 1992-ci il yanvarın 12-də tanıyıb) diplomatik münasibətlər qurulub.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: