Azərbaycan tarixi günbəgün: 13 iyun
13 iyun 1993 - Milli Məclisdə Gəncə hadisələri (4 iyun) ilə bağlı gərgin müzakirələrdə AXC iqtidarının ikinci şəxsi, parlamentin sədri İsa Qəmbər istefa verib...
13 iyun 1709 - Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndəsi Molla Vəli Vidadi (1709-1808) Qazaxda anadan olub. Yaradıcılığı ilə aşıq şeirinin inkişafına böyük töhfə verib.
13 iyun 1796 - Azərbaycanın şimal torpaqlarına yürüş edən general V.Zubovun komandanlığı altındakı rus qoşunları Bakını ələ keçiriblər. Rus qoşunlarının komandanlarından olan general Pavel Sisianov Bakının komendantı təyin olunub. Bundan bir qədər əvvəl, 1796-cı ilin yazında rus qoşunları Dərbəndi və Gəncəni işğal etmişdilər. Rusların bu işğalı uzun çəkmədi və II Yekaterinanın ölümündən sonra oğlu I Pavel Zubovu geri çağırdı. Ruslar 1797-ci ilin martında Bakını tərk etdilər. Lakin bir neçə ildən sonra (1803) çar Rusiyasının Azərbaycan torpaqlarına növbəti və bu dəfə artıq uzunmüddətli işğalçılıq yürüşü başladı.
13 iyun 1934 - Bakıda Azərbaycan yazıçılarının I qurultayı başlanıb. Qurultay iyunun 17-dək davam edib.
13 iyun 1959 – Xalq artisti, tanınmış aktrisa Bəsti Əli qızı Cəfərova anadan olub.
13 iyun 1993 - Milli Məclisdə Gəncə hadisələri (4 iyun) ilə bağlı gərgin müzakirələr başlayıb. Gəncədəki hərbi qiyamı yatırtmaq üçün həyata keçirilən uğursuz əməliyyata görə məsuliyyət daşıyan AXC iqtidarının ikinci şəxsi, parlamentin sədri İsa Qəmbər istefa verib. Onun istefasını Surət Hüseynovun başçılıq etdiyi qiyamçılar dəstəsi tələb edirdi. Prezident Əbülfəz Elçibəy və digər hakimiyyət mənsubları parlament sədri postunu Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə təklif etsələr də, o, mövcud vəziyyəti bilavasitə öyrənmək üçün Gəncəyə gedəcəyini və yalnız bundan sonra təklifə cavab verəcəyini bildirib. Heydər Əliyev bir qrup jurnalistin müşayiəti ilə həmin gün Gəncəyə yola düşüb.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: