Azərbaycan tarixi günbəgün: 17 iyun
17 iyun 1993 - Prezident Əbülfəz Elçibəy respublika rəhbərliyindən heç kimi xəbərdar etmədən gecə bir qrup AXC fəalı ilə Bakını tərk edərək Naxçıvanın Ordubad rayonunun Kələki kəndinə gedib. Ölkədə hakimiyyət böhranı dərinləşib...
17 iyun 1918 - Gəncədə ilk iclasını keçirən Azərbaycan Milli Şurası ölkədə yaranmış ağır vəziyyəti nəzərə alaraq fəaliyyətini dayandırmaq və yeni parlament (Müəssislər Məclisi) çağırılanadək bütün hakimiyyəti (qanunvericilik və icra) Nazirlər Şurasına vermək barədə qərar qəbul edib. Bu addım Nuru paşanın tövsiyəsi ilə Cümhuriyyətin əsaslarını möhkəmləndirmək, daşnak-bolşevik qüvvələri ilə mübarizədə çevik qərarlar qəbul etmək naminə atılmışdı. Həmin gün Fətəli xan Xoyskinin başçılıq etdiyi Nazirlər Şurası istefa verib və onun rəhbərliyi ilə ikinci hökumət qurulub.
17 iyun 1918 - Xalq Cümhuriyyəti Nazirlər Şurasının tərkibində yeni struktur - Səhiyyə Nazirliyi təşkil olunub. Xudadat bəy Rəfibəyli ilk səhiyyə naziri təyin edilib. Prezident Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli sərəncamına əsasən, 17 iyun Səhiyyə işçiləri günü kimi qeyd olunur.
17 iyun 1926 - Xalq rəssamı Elbəy Rzaquliyev (1926-15.09.2007) anadan olub. Elbəy Rzaquliyevin əsərləri dünyanın onlarla ölkəsində sərgilənib, bir çox filmlərə bədii tərtibat verib.
17 iyun 1992 - Azərbaycanla Belçika Krallığı (ölkəmizin müstəqilliyini 1991-ci il dekabrın 31-də tanıyıb) arasında diplomatik münasibətlər qurulub.
17 iyun 1992 – Azərbaycan Respublikasının prezidenti seçilmiş Əbülfəz Elçibəy and içərək səlahiyyətlərinin icrasına başlayıb. Elçibəy 1992-ci il iyunun 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində qalib gəlmişdi. Mərkəzi Seçki Komissiyasının elan etdiyi rəsmi məlumata görə, prezidentliyə beş namizədin iştirak etdiyi seçkidə ölkə üzrə seçicilərin 76,3 faizi iştirak etmiş və Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəy 59,4 faiz səslə qalib gəlmişdi.
17 iyun 1993 - Prezident Əbülfəz Elçibəy respublika rəhbərliyindən heç kimi xəbərdar etmədən gecə ikən bir qrup AXC fəalı ilə Bakını tərk edərək Naxçıvanın Ordubad rayonunun Kələki kəndinə gedib. Bu hərəkət ölkədə hakimiyyət böhranını daha da ağırlaşdırıb. İyunun 18-də televiziya ilə ölkə əhalisinə müraciət edən Ali Sovetin sədri Heydər Əliyev respublikaya rəhbərliyi öz üzərinə götürməyə məcbur olub.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: