Azərbaycan tarixi günbəgün: 20 iyun
20 iyun 1997 - ABŞ-ın Denver şəhərində keçirilən "Böyük 8-lik” sammitində ABŞ, Rusiya və Fransa prezidentləri Bill Klinton, Boris Yeltsin və Jak Şirak Qarabağ münaqişəsinin nizamlanması barədə birgə bəyanat veriblər...
20 iyun Azərbaycanda qaz təsərrüfatı işçilərinin peşə bayramı günüdür. Prezident İlham Əliyevin 12 iyun 2006-cı il tarixli sərəncamı ilə təsis olunub.
20 iyun 1898 - Xalq artisti, aktyor Əli Mirzə oğlu Qurbanov (1898 – 14.10.1962) Tiflisdə anadan olub. Səhnə fəaliyyətinə Tiflis Azərbaycan Dram Teatrında başlayıb, 1925-ci ildə Bakıya gələrək ömrünün sonunadək Dövlət Akademik Dram Teatrında çalışıb. "Bəxtiyar" (Qurban), "Qızmar günəş altında" (Əli dayı), "Qara daşlar" (usta Ramazan), "Bir qalanın sirri" (Kamran baba) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
20 iyun 1921 - Görkəmli bəstəkar, Xalq artisti Cahangir Şirgəşt oğlu Cahangirov (1921 – 25.3.1992) Bakınn Balaxanı kəndində doğulub. Xor üçün işlənmiş “Arazın o tayında” vokal-simfonik poeması, “Füzuli”, “Nəsimi” kantataları, «Sabir», «Hüseyn Cavid» oratoriyaları, “Azad”, “Xanəndənin taleyi” operalarının, “Təzə gəlin” opetettasının, çoxsaylı mahnıların müəlifidir. “Koroğlu”, “Yenilməz batalyon”, “Dəli Kür” filmlərə musiqi yazıb.
20 iyun 1924 - Bibliоqraf, ədəbiyyatşünas, prоfеssоr Nazim Fərrux oğlu Axundоv (1924- 10.3.1994) anadan оlub.
20 iyun 1971 - Azərbaycan KP MK-nın 1-ci katibi Heydər Əliyevin təşəbbüsü ilə respublikamızda ilk hərbi tədris müəssisəsinin - Cəmşid Naxçıvanski adına hərbi məktəbin təşkil olunması barədə qərar qəbul olunub. 1973-cü ildə fəaliyyətə başlayan hərbi məktəb Azərbaycanda milli zabit kadrların hazırlanmasında müstəsna rol oynamışdır. Vaxtilə bu məktəbin müdavimləri olmuş şəxslər indi Azərbaycan Silahlı Qüvvələrinin yüksək rütbəli zabit heyətinin əsasını təşkil edirlər.
20 iyun 1992 - Azərbaycanla Estoniya (ölkəmizin müstəqilliyini 1992-ci il fevralın 20-də tanıyıb) arasında diplomatik münasibətlər qurulub.
20 iyun 1997 - ABŞ-ın Denver şəhərində keçirilən "Böyük 8-lik” sammitində ABŞ, Rusiya və Fransa prezidentləri Bill Klinton, Boris Yeltsin və Jak Şirak Qarabağ münaqişəsinin nizamlanması barədə birgə bəyanat veriblər. Hər üç ölkə ATƏT-in Minsk qrupunun həmsədləri olaraq vasitəçilik səylərinı fəallaşdırmaq niyyətini ifadə ediblər. Bundan öncə vasitəçilər "paket həll" planını tərəflərə təqdim etmişdilər, “Denver bəyanatı”ndan sonra “mərhələli həll” layihəsi hazırlandı. Lakin Ermənistan hər iki layihəni rədd etdi.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: