Azərbaycan tarixi günbəgün: 23 iyun
23 iyun 1920 – Təbrizdə Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə Azərbaycan Milli Hökuməti qurulub. Cənubi Azərbaycan Milli Hökuməti 1920-ci ilin sentyabrında süqut etdi...
23 iyun 1908 – Tehranda əksinqilabi çevriliş olub, Konstitusiya tərəfdarlarına divan tutulub. İranda 1905-ci ilin sonunda monarxiya əleyhinə başlanan Məşrutə (Konstitusiya) inqilabının ilk mərhələsi 1906-cı ildə Müzəfərədin şahın Konstitusiyanın qüvvəyə minməsini elan etməsi ilə başa çatmışdı. Tehrandakı əskinqilabi çevrilişdən sonra inqilabın ikinci mərhələsi başlandı və fəal proseslər Tehrandan Təbrizə, Cənubi Azərbaycana keçdi. Tezliklə Səttərxanın başçılıq etdiyi fədailər dəstəsi Təbrizi ələ keçirərək onu İran inqilabının mərkəzi elan etdilər.
23 iyun 1918 – Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası ölkə ərazisində hərbi vəziyyətin elan olunması və bütün qüvvələrin daşnak-bolşevik “Bakı Kommunası”nın ilə mübarizəyə səfərbər edilməsi barədə qərar qəbul edib.
23 iyun 1920 – Təbrizdə Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə Azərbaycan Milli Hökuməti qurulub. Xiyabaninin lideri olduğu Azərbaycan Demokrat Firqəsi həmin ilin aprelində baş verən üsyan nəticəsində Təbrizdə faktiki hakimiyyəti ələ almışdı. Xalq qarşısında çıxış edən Xiyabani Cənubi Azərbaycanın adının dəyişdirilərək "Azadıstan" ("Azadlıq ölkəsi") adlandırılacağını bəyan etdi. Cənubi Azərbaycan Milli Hökuməti 1920-ci ilin sentyabrında Şeyx Məhəmməd Xiyabaninin qətlə yetirilməsi ilə süqut etdi.
23 iyun 2006 – Azərbaycanda ilk dəfə dövlət qulluqçularının peşə bayramı günü qeyd olunub. Prezident İlham Əliyev BMT-nin Baş Assambleyası tərəfindən iyunun 23-nün «Dövlət qulluğu günü» elan olunmasını nəzərə alaraq bu barədə müvafiq sərəncam (25 may 2006-cı il tarixdə) vermişdi.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: