“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
20.08.2013, 10:27
1546

Azərbaycan tarixi günbəgün: 20 avqust

A- A+

20 avqust 1992 – Azərbaycan ərazisindən sovet (Rusiya) qoşunlarının çıxarılması başlanıb. Ilk olaraq Naxçıvandakı keçmiş SSRİ ordusunun 75-ci motoatıcı diviziyasının çıxarılması barədə qərar qəbul edilib...

 

20 avqust 1783 – Çar Rusiyasının Qafqaz ekspedisiya korpusuna başçılıq edən general Potyomkin Azərbaycan xanlarına müraciət edərək onları Rusiya imperiyası himayəsinə keçmək barədə Georgiyevsk müqaviləsinə qoşulmağa çağırıb. Bundan bir qədər əvvəl (4 avqust 1783) Şərqi Gürcüstan (Kartli və Kaxetiya) çarı II İrakli Rusiya ilə Georgiyevsk traktatını imzalayaraq Rusiyanın himayəçiliyini qəbul etmişdi. General Potyomkinin müraciətinə Azərbaycan xanlarından heç biri müsbət cavab vermədi.

 

20 avqust 1901 – Məşhur xanəndə, Azərbaycan xalq musiqisinin bənzərsiz ifaçısı, xalq artisti Xan Şuşinski (İsfəndiyar Cavanşirov, 1901-1979) anadan olub.

 

20 avqust 1912 – Görkəmli dirijor və bəstəkar Niyazi (1912-1984) anadan olmuşdur. Dahi bəstəkar Üzeyir Hacıbəyovun qardaşı (Zülfüqar Hacıbəyov) oğludur. 1984-cü il avqustun 2-də vəfat edib.

 

20 avqust 1918 – Azərbaycanın məşhur fiziki, akademik Həsən Abdullayev (1918-1993) anadan olub. Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti (1970-1983-cü illərdə) olub.

 

20 avqust 1992 – Azərbaycan ərazisindən sovet (Rusiya) qoşunlarının çıxarılması başlanıb. Bu tarixi proses Naxçıvandan başlamışdı. Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü ilə muxtar respublikada yerləşən keçmiş SSRİ ordusunun 75-ci motoatıcı diviziyasının çıxarılması barədə qərar qəbul edilmişdi. Razılaşmaya əsasən, diviziyanın şəxsi heyəti Naxçıvanı tərk etdi, onun bütün əmlakı isə Azərbaycan Ordusunun Naxçıvandakı hissələrinə verildi. Azərbaycan ərazisindən Rusiya qoşunlarının çıxarılması prosesi 1993-cü il mayında başa çatdı.

 

20 avqust 1997 – Azərbaycan hökuməti ilə ABŞ-ın "R.V.İnvestment" şirkəti arasında ölkənin bir neçə rayonunda qızıl yataqlarının işlənməsinə dair müqavilə imzalanıb. Müqavilə Azərbaycanın Ordubad, Gədəbəy, eləcə də işğal altında olan Kəlbəcər rayonu ərazisindəki qızıl, gümüş və mis yataqlarının işlənməsini nəzərdə tuturdu. Lakin Amerika şirkətinin günahı üzündən (şirkət sonradan müqaviləni rentabelli olmadığını elan etdi) saziş uzun müddət həyata keçirilmədi. Müqavilə üzrə yataqların işlənməsinə (Gədəbəy rayonu) 2009-cu ilin mayında başlanıldı.

 

20 avqust 2001 - Prezidenti Heydər Əliyev Azərbaycanda hərbi təhsil sisteminin təkmilləşdirilməsi ilə bağlı fərman verib. Fərmana əsasən, Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdır. 2004-cü ildən bu hərbi məktəblər Heydər Əliyevin adını daşıyır. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi