Azərbaycan tarixi günbəgün: 9 avqust
9 avqust 1992 – Azərbaycan Mili Ordusunun hissələri Gədəbəy rayonunun Başkənd qəsəbəsinin erməni silahlı qüvvələrindən təmizləyiblər...
9 avqust 1919 – Böyük Britaniya ilə İran arasında bağlanan sazişə əsasən, İran Britaniyadan tam asılı dövlətə çevrilib, ölkədəki ingilis hərbi qüvvələrinə geniş səlahiyyətlər verilib. Razılaşma Cənubi Azərbaycanda Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi altında xalq hərəkatını alovlandırıb. Təbrizdə ingilis hökmranlığına qarşı çıxışlar başlanıb, İran şahının valisi şəhərdən qovulub. Bundan sonra əhalinin tələbi ilə ingilis hərbi birləşmələri də Təbrizdən çıxarılıb. İngilislərlə İran arasındakı saziş, Cənubi Azərbaycandan fərqli olaraq, Şimali Azərbaycan üçün müsğət cəhətə malik idi. Sənəddə İran tərəfi Azərbaycan Xalq Cümhuriyyətinə qarşı hər hansı ərazi iddiası olmadığını bildirmişdi.
9 avqust 1920 – Bolşevik Rusiyasının XI ordu hissələri Azərbaycanın ardınca Ermənistanı da sovetləşdirmək üçün Sisiyan, Qafan və Gorus istiqamətində hücuma keçərək Dro və Nijdenin daşnak qüvvələrini oradan vurub çıxarıblar. Bolşeviklərin gəlişi daşnakların Zəngəzur bölgəsindəki azərbaycanlı əhaliyə qarşı qırğınlarının qarşısını, qismən də olsa, aldı. Lakin çox keçməmiş bu «xilaskarlıq» əks üzünü göstərdi və Zəngəzur Sovet Ermənistanına verildi.
9 avqust 1959 – Azərbaycanın Milli Qəhrəmanı Məhəmməd Ələsgər oğlu Həsənov (1959- 14.6.1992) Goranboy rayonunda anadan olub. Könüllülərdən ibarət dəstənin komandiri kimi Goranboy-Ağdərə istiqamətində döyüşlərdə böyük fədakarlıq və şücaət göstərib. Azərbaycan Respublikası prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə Həsənov Məhəmməd Ələsgər oğlu “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
9 avqust 1992 – Azərbaycan Mili Ordusunun hissələri Gədəbəy rayonunun Başkənd qəsəbəsinin erməni silahlı qüvvələrindən təmizləyiblər. Başkənd vaxtilə Azərbaycan ərazisisində anklav formada yerləşən və Ermənistanın xəritəsinə daxil edilən iri yaşayış məntəqəsi olub. Qarabağda hərbi əməliyyatların başlamasından sonra Ermənistan ordusu həmin anklavdan Azərbaycanın Gədəbəy rayonunun Şınıx bölgəsini və Tovuz rayonunun bəzi kəndlərini atəş altında saxlamaq üçün istifadə edirdi və orada çoxsaylı hərbi qüvvələrini yerləşdirmişdi. Azərbaycan Milli Ordusunun hissələrinin, xüsusən yerli və Tovuz rayonundan olan könüllülərin keçirdiyi uğurlu hücum əməliyyatı nətəcəsində Başkənd işğalçılardan azad edilib. Bu, Azərbaycan ordusunun o vaxt həyata keçirdiyi ən uğurlu hücum əməliyyatlarından biri kimi yadda qalıb.
9 avqust 1993 – Ali Sovetin sədri, prezident səlahiyyətlərini həyata keçirən Heydər Əliyev Azərbaycanın Xəzərdəki neft yataqlarının işlənməsində iştirak etmək istəyəq xarici şirkətlərinin nümayəndələri ilə görüşüb. Azərbaycan hökuməti ilə xarici neft şirkətləri arasında danışıqların bərpa olunması barədə razılıq əldə olunub. Heydər Əliyev hakimiyyətə gələndən sonra Xalq Cəbhəsi iqtidarı dövründə xarici şirkətlərlə başlanmış danışıqların dayandırılması, hazırlanan müqavilənin Azərbaycanın maraqları baxımından yenidən işlənilməsi barədə hökumətə göstəriş vermişdi.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: