Azərbaycan tarixi günbəgün: 29 sentyabr
29 sentyabr 1994 – Bakıda parlamentin vitse-spikeri Afiyəddin Cəlilov və Prezident yanında Xüsusi İdarənin rəisi, polkovnik Şəmsi Rəhimov qətlə yetiriliblər...
29 sentyabr 1928 - Dünya şöhrətli alim, akademik Azad Xəlil oğlu Mirzəcanzadə (1928 - 17.7.2006) anadan olub. Neftçıxarma texnologiyaları üzrə elmi yeniliklərin müəllifidir, xarici elmi mərkəzlərə, Rusiya Təbiət Elmləri Akademiyasına fəxri üzv seçilib. Respublika Ali Attestasiya Komissiyasının, Dövlət Elm və Texnika Komitəsinin sədri işləyib.
29 sentyabr 1991 – Prezident Ayaz Mütəllibov Azərbaycan Respublikasının Müdafiə Şurasının yaradılması barədə fərman verib. Ermənistanın hərbi təcavüzünün genişləndiyi bir vaxtda ordu quruculuğuna real şərait yaratmayan prezident A.Müttəllibov Müdafiə Şurasında müxalifət təmsilçilərinə də yer ayırmaqla əslində siyasi məqsədlər güdürdü. Nəticədə ordu quruculuğuna heç bir töhfə verməyən və iqtidarla müxalifətin qarşılıqlı intriqa meydanına çevrilən qurum bir neçə aydan sonra ləğv edildi.
29 sentyabr 1994 – Azərbaycan prezidenti Heydər Əliyev ilk dəfə BMT Baş Assambleyasında çıxış edib. Baş Assambleyanın 49-cu sessiyasının ümumi siyasi müzakirələrində çıxış edən prezident Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsi barədə dünya birliyinə müfəssəl məlumat verərək BMT-ni bu işğalçılığı dayandırmağa çağırıb.
29 sentyabr 1994 – Bakıda parlamentin vitse-spikeri Afiyəddin Cəlilov və Prezident yanında Xüsusi İdarənin rəisi, polkovnik Şəmsi Rəhimov qətlə yetiriliblər. Hadisə ilə bağlı Nyu-Yorkda bəyanat verən Heydər Əliyev terror aktının Azərbaycanın dövlətçiliyi əleyhinə yönəldiyini, lakin dövlətin bu təhdidlərdən sarsılmayacağını bildirmişdi.
29 sentyabr 2001 – Bakıda prezidentlər Heydər Əliyev və Eduard Şevardnadzenin görüşündə Azərbaycanla Gürcüstan arasında "Şahdəniz" qazının tranzitinə (Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihəsi) dair saziş imzalanıb.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: