Azərbaycan tarixi günbəgün: 8 iyul
8 iyul 2002 – Türkmənistanın Türkmənbaşı limanında Azərbaycanın Xəzər Dövlət Dəniz Gəmiçiliyinə məxsus "General Şıxlinski" tankerində baş verən yanğında 6 nəfər həlak olub...
8 iyul 1909 – Görkəmli dilçi alim, filologiya elmləri doktoru Əbdüləzəl Dəmirçizadə (1909-1979) Şəkidə anadan olub. 1946-cı ildən ömrünün sonunadək Azərbaycan Pedaqoji İnstitutunun Azərbaycan dilçiliyi kafedrasının müdiri işləyib. Azərbaycan dilçilik elmində fundamental əsərlərin, müasir Azərbaycan dilinin fonetikasına, üslubiyyatına, etimologiyasına və dilçiliyə aid əsərlərin, orta və ali məktəb dərsliklərinin müəllifidir. Elmi kadrların hazırlanmasında xüsusi xidməti var. Azərbaycanın Əməkdar еlm xadimi, Dövlət mükafatı laureatı olub. 1979-cu il aprelin 10-da vəfat edib.
8 iyul 1992 – ATƏM-in (1995-ci ildən ATƏT) Helsinkidə keçirilən zirvə toplantısında iştirak edən prezident Əbülfəz Elçibəy Azərbaycanın təşkilata üzvlüyünə dair sənədləri, o cümlədən Helsinki Yekun Aktını (1975) imzalayıb. Azərbaycan ATƏM-ə 1992-ci il yanvarın 30-da qəbul olunmuşdu.
8 iyul 1996 – Azərbaycan Respublikası ilə Boliviya arasında diplomatik münasibətlər qurulub.
8 iyul 2002 – Türkmənistanın Türkmənbaşı limanında Azərbaycanın Xəzər Dövlət Dəniz Gəmiçiliyinə məxsus "General Şıxlinski" tankerində yanğın baş verib. Tankerdə olan 22 nəfərdən 6-sı həlak olub.
8 iyul 2003 – Prezident Heydər Əliyev İtaliya XİN başçısının müavini Marqerita Boniveri, Türkiyənin daxili işlər naziri Abdulkadir Aksunu qəbul edib, Təhlükəsizlik Şurasının iclasını keçirib. Bu, Heydər Əliyevin prezident postunda Bakıda keçirdiyi son görüşlər idi. Həmin gün axşam dövlət başçısı Gülhanə Hərbi Tibb Akademiyasında müalicəsini davam etdirmək üçün Ankaraya gedib. 2003-cü il avqustun 7-dən Heydər Əliyevin müalicəsi ABŞ-ın Ohayo ştatının Klivlend Klinikasında davam etdirilib. Dekabrın 12-də orada vəfat edib.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: