Azərbaycan tarixi günbəgün: 20 iyul
20 iyul 1918 – Nuru paşanın komandanlığı altındakı Qafqaz İslam Ordusu Şamaxı şəhərini «Bakı Kommunası» qoşunlarından azad ediblər...
20 iyul 1402 – Ankara yaxınlığında özbək-türk hökmdarı Teymurləngin (Əmir Teymur) qoşunları ilə Osmanlı sultanı İldırım Bəyazidin ordusu arasında tarixi döyüş olub. O vaxtkı dünyanın iki böyük imperiyasının başında duran türk sərkərdələri döyüş meydanında üz-üzə gəlib. Əmir Teymurun ordusu İldırım Bəyazidin qoşunlarını məğlub edib, sultanın özü isə əsir götürülüb. Bundan öncə, Teymurləng Azərbaycan torpaqları, Orta Asiya və Hindistan daxil olmaqla geniş coğrafiyanı ələ keçirmişdi.
20 iyul 1918 – Xalq Cümhuriyyəti və türk (Osmanlı) qüvvələrinin Nuru paşanın komandanlığı altındakı birgə Qafqaz İslam Ordusu daşnak-bolşevik «Bakı Kommunası» qoşunlarına daha bir zərbə endirərək Şamaxı şəhərini azad ediblər. Bu arada türk qoşunları cənubdan (indiki Neftçala rayonu) irəliləyərək Bakı istiqamətinə irəliləməyə başlamışdı.
20 iyul 2001 – Prezident Heydər Əliyev Milli Mətbuat, Teleradio və İnternet Şurasının yaradılması barədə fərman imzalayıb. Fərmana əsasən, yeni təsisat ölkədə kütləvi informasiya fəaliyyətinə ictimai nəzarəti təmin etməli idi. Sonradan beynəlxalq ekspertlərlə (o cümlədən Avropa Şurası) aparılan məsləhətləşmələrdən sonra dövlət tərəfindən yalnız Teleradio Şurasının yaradılması qərara alındı. Mətbuat Şurası isə 2003-cü ildə qeyri-hökumət qurumu kimi təsis edildi.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: