Azərbaycan tarixi günbəgün: 22 iyul
22 iyul 1875 – Azərbaycan milli mətbuatının müjdəçisi olan “Əkinçi” qəzetinin ilk sayı çapdan çıxıb. Bu tarix Azərbaycanda "Milli mətbuat və jurnalistika günü" kimi qeyd olunur...
22 iyul 1875 – Azərbaycan milli mətbuatının müjdəçisi olan “Əkinçi” qəzetinin ilk sayı çapdan çıxıb. Bu tarix Azərbaycanda "Milli mətbuat və jurnalistika günü" kimi qeyd olunur. Həsən bəy Zərdabinin rəhbərliyi ilə iki il ərzində cəmisi 56 sayı işıq üzü görən “Əkinçi” qəzeti xalqımızın milli oyanışında böyük rol oynamış, bütün Qafqazda əks-səda doğurmuşdu. “Əkinçi”nin maarifçi ideyaları çar Rusiyasının hakim dairələrini narahat etmiş və qəzet 1877-ci ildə bağlanmışdır.
"Əkinçi"dən sonra Azərbaycan mətbuatının yeni səhifələrini açan "Ziya" (1879), "Kəşkül" (1880), "Kaspi" (1890) qəzetləri nəşrə başladı.
22 iyul 1882 – Azərbaycanın istiqlal tarixində önəmli rol oynamış şəxs, Türkiyənin görkəmli hərbi və dövlət xadimi Kazım Karabəkir paşa (1882-1946) anadan olub. 1919-cu ildə Osmanlı ordusunun Şərq gəbhəsinə komandanlıq edən Kazım Karabəkir paşa Naxçıvanın erməni-daşnak işğalından qorunmasında, bu bölgənin tarixi Azərbaycan torpağı olaraq qalmasında müstəsna xidmətlər göstərib.
22 iyul 1884 – Məşhur filosof və tarixçi, Azərbaycanda fəlsəfə elminə mühüm töhfələr vermiş Aleksandr Osipovic Makovelski (1884, Qrodno, Belarus - 16.12.1969) anadan olub. Polyak əsilli alim 1920-1960-cı illərdə Bakı (Azərbaycan) Dövlət Universitetində dərs deyib, Azərbaycan EA-nın akademiki (1949), Fəlsəfə İnstitutunun direktoru olub. Antik fəlsəfə, Yaxın Şərq xalqlarının fəlsəfəsinə dair tədqiqatların müəllifidir.
22 iyul 1941 – Xalq artisti, Azərbaycan radiosunun tanınmış diktoru, teatr xadimi Yusif Mehdi oğlu Muxtarov Sabirabad rayonunun Kür kəndində anadan olub.
22 iyul 1990 – Heydər Əliyev 1982-ci ildən yaşadığı Moskvadan Azərbaycana qayıdıb. Respublikanın o vaxtkı rəhbərliyi (prezident Ayaz Mütəllibov) onun Bakıda yaşamasına imkan verməmiş və Heydər Əliyev iyulun 22-də doğulub boya-başa çatdığı Naxçıvana getmişdir. Heydər Əliyev Naxçıvanda xalq kütlələrinin böyük izdihamı ilə qarşılanıb. Bu, böyük siyasətçinin yenidən fəal siyasətə qayıdışı idi.
22 iyul 1993 – Erməni silahlı qüvvələri Qarabağ münaqişəsi zonasından kənarda olan Tərtər və Qazax rayon mərkəzlərini raket atəşinə tutub.Hər iki şəhərdə ümumilikdə 11 dinc sakin həlak olub, 30-dək adam yaralanıb.
22 iyul 2001 – Prezident Heydər Əliyevin fərmanı ilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılıb.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: