Azərbaycan tarixi günbəgün: 28 iyul
28 iyul 1723 – Rus qoşunları Bakını işğal edib. Bakı hakimi Məhəmmədhüseyn bəy sürgünə göndərilib...
28 iyul 1723 – Çar I Pyotrun göndərdiyi rus qoşunları Bakını işğal edib. Bakı hakimi Məhəmmədhüseyn bəy sürgünə göndərilib. Bu, Rusiyanın Azərbaycan üzərinə birinci işğalçılıq yürüşü idi. 1735-ci ildə ruslar Səfəvi dövləti ilə bağlanmış müqavilənin şərtlərinə görə, Azərbaycan torpaqlarını tərk etdilər. Rusiya imperiyasının Azərbaycan üzərinə ikinci və həlledici yürüşü XIX əsrin əvvəlində başlandı.
28 iyul 1931 – Məşhur Azərbaycan neftçisi, geoloq Fərman Salmanov (1931-2007) Şəmkirdə anadan olub. Fərman Salmanov 1960-1980-ci illərdə Qərbi Sibirdə 100-dən neft-qaz yatağının kəşfində iştirak edib. SSRİ Elmlər Akademiyasının müxbir üzvü olub, SSRİ neft sənayesi nazirinin müavini vəzifəsində çalışıb.
28 iyul 1935 – Görkəmli bəstəkar, Azərbaycanın xalq artisti Vasif Adıgözəlov (1935-2006) anadan olub. Musiqinin müxtəlif janrlarında dəyərli əsərlər yaradıb: simfoniyalar, fortepiano və orkestr üçün konsertlər, musiqili komediyalar, 4 oratoriya ("Odlar yurdu", "Qarabağ şikəstəsi", "Qəm pəncərəsi", "Çanaqqala"), 2 opera ("Ölülər", Natəvan"), skripka ilə orkestr üçün konsert, kinofılmlərə musiqi, çoxlu sayda mahnı və romanslar. Bəstəkarın "Odlar yurdu", "Qarabağ şikəstəsi" oratoriyaları, "Natəvan" operası Qarabağ nisgili ilə yazılıb.
28 iyul 1990 – Azərbaycanda başda Xalq Cəbhəsi olmaqla demokratik qüvvələrin ilk ümumrespublika forumu keçirilib. Parlament seçkiləri (sentyabr 1990) ərəfəsində bir araya gələn 20-dən çox ictimai təşkilatın iştirakı ilə “Demokratik blok” adlı vahid seçki koalisiyası yaradılıb.
28 iyul 2001 – Türkmənistan Azərbaycanın “Əsrin müqaviləsi” çərçivəsində istismar etdiyi "Azəri" və "Çıraq" yataqlarının, həmçinin "Kəpəz" neft-qaz strukturlarının ona məxsus olması barədə Azərbaycana nota göndərib. Rəsmi Bakı notaya cavab olaraq Azəri" və "Çıraq" yataqlarının birmənalı şəkildə Azərbaycana məxsus olduğunu, “Kəpəz” strukturu ilə bağlı isə konstruktiv danışıqlara hazır olduğunu bildirib.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: