“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
17.12.2009, 21:53
40

Amerika niyə ermənipərəstdir?

A- A+

Bəs biz nə vaxta qədər hadisələrin arxasında gedəcəyik?

1992-ci il aprelin 3-də ABŞ prezidenti Corc (ata) Buş Konqresə müraciət edərək yeni müstəqillik əldə etmiş keçmiş sovet respublikalarına yardım göstərmək barədə qanun qəbul olunması təşəbbüsü ilə çıxış etmişdi. 
 
«Azadlığa Dəstək Aktı» («Freedom Support Act», yaxud tam adı ilə ifadə etsək - «Freedom for Eurasia and Emerging Eurasian Democracies and Open Markets Support Act») adlanan qanun keçmiş SSRİ-nin 12 ölkəsinə (Baltikyanı respublikalar - Latviya, Litva, Estoniya - 1991-ci ildən ABŞ tərəfindən müstəqillikləri tanınaraq geniş yardım alırdı) müstəqil dövlət quruculuğu, demokratiya və bazar iqtisadiyyatına keçidlə bağlı maliyyə yardımı göstərilməsini nəzərdə tuturdu.

Amerika o vaxtadək dünyanın bir sıra ölkələrinə bənzər yardımlar edirdi və bununla bağlı hər il Konqres tərəfindən xüsusi büdcə qanunu qəbul olunurdu. 

«Azadlığa Dəstək Aktı»nın müzakirəsi isə həm də Amerika Konqresində keçmiş sovet respublikalarına yönəlik lobbiçilik yarışmasının (mübarizəsinin) başlanması demək idi.

Bu artıq həmin dövrdə Konqresdə ciddi qüvvələri olan erməni lobbisi üçün geniş imkanlar açırdı. Bu müzakirələrdə Azərbaycanın maraqlarının diqqətə alınmasından isə söhbət belə getmirdi, çünki orada bizim sözümüzü deyəcək bir konqresmen belə yox idi.

Bu yerdə bir haşiyə çıxaq.

2003-cü ilin avqustunda Bakıda səfərdə olan ABŞ konqresmenlərdən biri, Nümayəndələr Palatasının hərbi işlər komitəsi sədrinin müavini Kurt Ueldon maraqlı bir faktı etiraf etmişdi. Onun sözlərinə görə, 1986-cı ildə ilk dəfə Konqresə üzv seçilərkən özü də daxil həmkarlarının çoxu Azərbaycanın harada olduğunu xəritədə göstərə bilməzdilər. Halbuki o vaxt ABŞ ictimaiyyəti "erməni həqiqətləri"ndən yetərincə xəbərdar idi.

Məsələn, 1986-cı ildə Kaliforniyanın erməni əsilli qubernatoru Corc (Qurqen) Dokmecyan Amerikada ilk dəfə olaraq "erməni soyqırımı"nı tanınmasına (rəhbərlik etdiyi ştatda) dair akta imza atmışdı. Bu aktdan sonra erməni diasporu ABŞ-ın daha 30-dək ştatında analoji qərarların qəbuluna nail oldu.

1988-ci ildə Qarabağ münaqişəsi başlayanda Amerika erməniləri mümkün gedişatlara hazırlıqlı idi. 1990-cı ildə həmin Dokmecyan Kaliforniyada Mixail Qorbaçov üçün təmtəraqlı qəbul təşkil edərək ona Qarabağ məsələsinin «ədalətli həlli»ni, yəni bu ərazinin Ermənistana verilməsini ön görən xahişini çatdırmışdı.

Azərbaycan həqiqətlərinin ABŞ siyasi elitasına çatdırılmasından isə danışmaq mümkün deyildi. Halbuki elə o dövrdə Amerikada çoxsaylı azərbaycanlı icması yaşamaqda idi.

Amma ABŞ Konqresində Azərbaycan sözünün deyilməsi bir yana qalsın, o vaxt burada bizim özümüzün Vaşinqtonun siyasi dəhlizlərində baş verənlərdən doğru-düzgün xəbərimiz yox idi. Azərbaycanın ABŞ-da diplomatik nümayəndəliyi 1992-ci ilin avqustunda təsis olunsa da, faktiki işə başlamamışdı, səfirlik Türkiyənin Vaşinqton böyükelçiliyində müvəqqəti yerləşmişdi.

Məhz bunun nəticəsi idi ki, Qarabağ məsələsi barədə ermənipərəst qanunvericilərin bəyanatları əsasında məlumatlanan Konqres 1992-ci ilin oktyabrında «Azadlığa Dəstək Aktı»nı təsdiqləyərkən həmin sənədə Azərbaycana yardımı yasaqlayan maddə əlavə etdi.

Bu gün də Konqresdə "Ermənistanın dostları qrupu"na rəhbərlik edən konqresmenlər Frenk Pallone, Co Knollenberq və digərlərinin səyi ilə qəbul olunan 907 saylı düzəlişə görə, Azərbaycan «Dağlıq Qarabağ ermənilərinə qarşı təcavüz etdiyinə və Ermənistanı nəqliyyat blokadasında saxladığına görə» Amerika yardımından məhrum edilmişdi.

Lakin məsələnin acınacaqlı tərəfi təkcə bu deyildi. Ən təəssüfedici məqam o idi ki, Azərbaycanın hakimiyyəti Konqresdə qəbul edilən qərardan yalnız 1992-ci ilin dekabrında, qanun layihəsi prezident Corc (ata) Buş tərəfindən təsdiqlənərək qüvvəyə minəndən sonra xəbər tutmuşdu.

* * *

Üstündən 17 il ötdü və 2009-cu ilin aprelində ABŞ prezidenti Barak Obama Amerikanın növbəti il (2010) üçün xarici yardımlar büdcəsinin layihəsini Konqresə təqdim etdi.

Həmin layihədə «Azadlığa Dəstək Aktı» çərçivəsində Azərbaycana yardım payı da yer almışdı. Çünki 907-ci qadağanın qüvvəsi 2002-ci ildən etibarən dayandırılıb. Bu, Azərbaycanın beynəlxalq antiterror mübarizəsində Amerikaya verdiyi dəstək hesabına baş verib.

Konqresə təqdim olunan qanun layihəsində 2010-cu ildə Ermənistana 30 milyon dollar, Azərbaycana 22 milyon dollar yardım göstərilməsi nəzərdə tutulmuşdu. Artıq 1992-ci il olmadığı üçün biz burada - Azərbaycanda bu faktdan vaxtında xəbər tutduq. Çünki ən azından internet var.

Təbii ki, ermənilər də bundan anında xəbər tutmuşdular və Ağ Evin Ermənistana yardım payını (2009-cu ilə nisbətən) azaltmasına etiraz olaraq kampaniyaya başladılar. Erməni diasporu və Konqresdəki erməni lobbisinin etirazına səbəb olan başqa xüsus isə prezident Obamanın təqdim etdiyi layihədə Dağlıq Qarabağ ermənilərinə yardımın nəzərdə tutulmaması idi.

Burada bir haşiyə də çıxaq.

Amerikanın erməni diasporu və Konqresdəki erməni lobbisi Dağlıq Qarabağa ayrıca yardım göstərilməsi üçün hələ 1993-cü ildən fəaliyyətə başlamışdı. Bunun nəticəsi olaraq 1998-ci ildə ermənilər ABŞ rəhbərliyini Dağlıq Qarabağa oradakı humanitar vəziyyəti öyrənmək üçün xüsusi missiya göndərilməsinə razı saldılar. 1999-cu ildən başlayaraq isə isə Konqresdə qəbul olunan xarici yardımlar paketinə Dağlıq Qarabağa dair maddə əlavə olundu.

Düzdür, Ağ Evdən Konqresə göndərilən büdcə layihələrində belə bir maddə olmurdu. Lakin sıraları ilbəil genişlənən ermənipərəst konqresmenlər həm Ermənistanın yardım payının artmasına, həm də Dağlıq Qarabağa yardım ayrılmasına müvəffəq olurdu. 1999-2005-ci illərdə Qarabağ ermənilərinə ayrılan yardım 2-3 milyon dollar həcmində olub.

2006-cı ildən Dağlıq Qarabağa ayrılan yardımın məbləği artaraq 5 milyon, 2007-2008-ci illərdə 6 milyon, 2009-cu ildə isə 8 milyon dollar təşkil edib. Bu artım tendensiyası həm də Amerika Konqresində, bu ölkənin siyasi dairələrində erməni fəallığının dərəcəsini göstərir.

Baxmayaraq ki, ABŞ administrasiyası, Ağ Ev son illərdə (2001-2003-cü illərdə Əfqanıstan və İraq kampaniyalarının başlaması ilə) xarici yardımlar paketini ixtisar edir, bu azalma ermənilərə münasibətdə özünü o qədər də büruzə vermir. Çünki erməni diasporu və lobbisi bu yöndə dayanmadan işləyir. Diaspora Konqresdəki erməni dostlarını «yemləyir», onlar da Ermənistanı və Dağlıq Qarabağ ermənilərini.

2010-cu il üçün yardım büdcəsi ortaya çıxında da ermənilər mövcud şəbəkəni dərhal işə saldılar. Büdcə layihəsi üzrə müzakirələr zamanı Konqresin aşağı palatası (Nümayəndələr Palatası) Ermənistana 48 milyon dollar, Dağlıq Qarabağa isə 10 milyon dolla ayrılmasını təklif etdi. Senat prezident layihəsini dəstəkləyərək Ermənistana 30 milyon dollar yardım etməyi, Dağlıq Qarabağa isə maliyyə ayırmamağı məqbul saydı.

Amerikadakı qanunvericilik praktikasına görə, hər hansı layihə ilə bağlı Konqresin palataları arasında fikir ayrılığı yaranırsa, məsələ hər iki tərəfin (Nümayəndələr Palatası və Senat) təmsil olunduğu uzlaşdırma komissiyasında həllini tapır.

Dekabrın 10-da həmin komissiyanın gəldiyi nəticə belə oldu: 2010-cu ildə Ermənistana 41 milyon dollar, Dağlıq Qarabağa 8 milyon dollar ayrılsın.

Amerikanın qanunverici orqanında erməni fəallığının mənzərəsini aşkar görmək üçün son illərin (2006-2009) statistikasına da nəzər salaq.

2009-cu il. Administrasiya Ermənistana 24 milyon dollar ayrılmasını təklif etmişdi. Konqresin qəbul etdiyi qanunla bu məbləğ 48 milyon dollara çatdı.

2008-ci il. Prezidentin Konqresə təqdim etdiyi layihədə Ermənistana 35 milyon dollar yardım nəzərdə tutulmuşdu, nəticədə bu rəqəm 58 milyon dollar oldu.

2007-ci il. Büdcə layihəsində təklif olunan məbləğ - 50 milyon, Konqresin qəbul etdiyi qanunda - 75 milyon dollar.

2006-cı il. Təklif - 55 milyon, Konqresin yekun qərarı - 75 milyon dollar.

Öncəki illərdə (2001-2005) Ermənistanın yardım payı 80-90 milyon, 1993-2000-ci illərdə isə 100-110 milyon dollar təşkil edib. 

Ümumilikdə ABŞ qaynaqlarının rəsmi statistikasına görə, 1993-2006-cı illərdə Ermənistan Amerikadan 1,717 milyard dollar yardım alıb ki, bunun da 1,222 milyard dolları «Freedom Support Act» çərçivəsində həyata keçirilib.

Bu yardımı əhali üzrə böldükdə isə Ermənistan digər postsovet ölkələrini qat-qat üstələyir. 1993-2006-cı illərdə Amerikanın Ermənistana yardımı adambaşına 537 dollar təşkil edib.

Sonrakı yerləri Gürcüstan (adambaşına 381 dollar), Qırğızıstan (172 dollar), Moldova (163), Tacikistan (117), Rusiya (103), Qazaxıstan (85) tutur.

Azərbaycan və Ukrayna bu illərdə ABŞ-dan adambaşına 78 dollar yardım alıb. Türkmənistanda bu rəqəm 55 dollar, Belarusda 47, Özbəkistan isə 30 dollar təşkil edir.

1993-2006-cı illərdə Azərbaycan ABŞ-dan «Azadlığa Dəstək Aktı» çərçivəsində 430 milyon dollar yardım alıb (Bax: http://www.globality-gmu.net/archives/608).

Bu məbləğin azlığının bir səbəbi, yuxarıda qeyd ediyimiz kimi, 2002-ci ilədək qüvvədə olmuş 907-ci qadağadır. 2002-ci ildən sonraya gəldikdə isə, Amerikanın Ermənistan və Azərbaycana yardım ayrılmasında birinciyə daha diqqətcil olmasını görürük.

Bu illərdə Azərbaycana ayrılan yardım payı 45 milyon dollardan çox olmayıb. O cümlədən: 2006-cı il - 35 milyon dollar; 2007-ci il - 28 milyon dollar; 2008 - 19 milyon dollar. 2009 - 19,5 milyon dollar; 2010 - 22 milyon dollar.

Əlbəttə, Azərbaycanla Ermənistanın mövcud iqtisadi vəziyyətlərini müqayisə etsək, bizim belə yardımlara möhtac olmadığımızı qeyd edə bilərik. Bu baxımdan ABŞ-ın ayırdığı yardımlar da bizim üçün daha çox siyasi anlam kəsb edir. O cümlədən Dağlıq Qarabağa ayrıca yardım ayrılması da.

Və burada Amerikanın niyə belə ermənipərəst davranması ilə bağlı suallar ortaya çıxır. Amma, zənnimizcə, bu sualları Amerikadan öncə biz özümüzə ünvanlamalıyıq.

Amerika siyasəti, o cümlədən Konqres, bütün digər xüsusları ilə yanaşı, həm də maraq mübarizəsi və lobbi yarışmaları meydanıdır. Əgər bu meydanda özümüzə yetərli yer edə bilməmişiksə, bunun günahını Amerikanın ermənipərəstliyində axtarmaq lazım deyil.

1994-cü ildə Azərbaycan ABŞ şirkətlərinin iştirakı ilə «Əsrin müqaviləsi»ni imzalayandan başlayaraq bizdə belə rəy formalaşmışdı ki, Amerikaya verəcəyimiz neftin müqabilində ondan Qarabağ probleminə ən azı ədalətli yanaşma, perspektivdə isə dəstək görəcəyik. "ABŞ Azərbaycanı özünə etibarlı tərəfdaş sayır" - prezident Bill Klintonun 1994-cü ilin sentyabrında bəyan etdiyi bu sözləri Bakıda çoxları hərfi mənada qəbul etmişdi.

Lakin tezliklə məlum oldu ki, Amerikanın Azərbaycanın probleminə diqqətcil olması üçün yalnız neft amili yetərli deyil. Bu ölkənin sənin problemlərinə diqqət kəsilməsi üçün onunla daima işləmək lazımdır. Özü də yalnız hökumətlə yox.

1997-ci ildən Azərbaycan parlamenti ilə ABŞ Konqresi arasında ilk dostluq qrupu yaranıb. 2003-cü ildə parlamentlərarası əməkdaşlıq daha da dərinləşib, Milli Məclislə Konqres arasında memorandum imzalanıb, birgə işçi yaradılıb.

Ötən müddətdə Koqresdəki Azərbaycan dostlarının sayının artdığı müşahidə olunub, Azərbaycan XİN mütamədi olaraq hansısa konqresminin bu qrupa qoşulduğunu xəbər verir. Amma nəticə etibarilə ortada real bir fəaliyyət nəzərə çarpmır. İldə bir-iki dəfə (əsasən Xocalı soyqırımı ilə bağlı) tək-tük konqresmenlərin açıqlamaları eşidilir, vəssalam.

Bəs bizim Amerikadakı diasporumuz, Amerikada Azərbaycan həqiqətlərinin yayılması, lobbiçilik fəaliyyətinin dəstəklənməsi üçün xərclənən vəsaitlər?

Ötən həftə Konqresdə qəbul olunan və Qarabağ ermənilərinə yardım nəzərdə tutan layihə aprel-may ayından müzakirədə idi. Bu müddətdə Amerika Konqresinə hansısa müraciətimiz, real bir təşəbbüsümüz oldumu?

Olmadı. Konqresdə müzakirələr bitəndən, sənəd təsdiq ərəfəsinə gələndən sonra Vaşinqtona müraciət göndərib, Nobel sülh mükafatlı Obamanı ədalətə çağırırıq.

Yaxud da «Euronews» telekanalında noyabrın 28-də efirə getmiş ermənipərəst reportajla bağlı dekabrın 11-də aksiya keçirib, etiraz bildiririk.

Yeri gəlmişkən, dekabrın 1-də Ukraynanın «İnter» telekanalında bənzər reportaj yayımlanıb. Mətbuatda yer alan son məlumatlara görə isə, bizim bu ölkədəki səfirimiz hələ «İnter» telekanalının rəhbərliyi ilə görüşməyə müvəffəq olmayıb…

Vüqar Orxan, “525-ci qəzet”, 17.12.2009.

Xəbərlər
Ermənilərin yerlə-yeksan etdikləri Cəbrayılda tikdikləri “ibadətgah” işğalçılığın nümunəsi idi

26.03.2021, 14:00 17

Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək

19.03.2021, 13:00 71

Qarabağda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışı keçirilib

30.01.2021, 19:00 349

Əgər kimsə Ermənistanda revanş haqqında düşünürsə – bizim dəmir yumruğumuzu bir daha görəcək

15.01.2021, 15:00 407

2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilib

06.01.2021, 10:00 71

Zəfər gətirən ildən yeni zəfərlərə doğru

31.12.2020, 11:00 350

Cəbrayılın azad olunması uğrunda canından keçən igidlər

26.12.2020, 17:00 419

Azərbaycan bu məsələni özü həll etdi, halbuki Minsk qrupu 28 il mandata sahib idi

13.12.2020, 09:00 580

"Mən müstəqilliyi Azərbaycan xalqı üçün ən böyük nailiyyət hesab etmişəm"

12.12.2020, 12:00 1306

Vətən müharibəsinin möhtəşəm finalı

11.12.2020, 11:00 596

Alban-udi dini icmasının nümayəndələri Kəlbəcərdəki Xudavəng monastırını ziyarət ediblər

05.12.2020, 12:00 534

Müsəlmanlar, xristianlar, yəhudilər Vətən müharibəsi şəhidlərini yad ediblər

04.12.2020, 17:00 455

Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb

04.12.2020, 14:00 351

Cənubi Qafqaz təhlükəsizlik və əməkdaşlıq baxımından yeni mərhələyə qədəm qoyur

03.12.2020, 10:00 335

Yaşasın bizim çoxmillətli Azərbaycan xalqı!

01.12.2020, 17:00 126

Redaktorun seçimi