“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
03.08.2009, 10:08
476

Virtual dünyada Azərbaycan ideyası

A- A+

Yeni fəaliyyətə başlayan www.azerbaycanli.org saytı bu mərama xidmət edir...

Müasir dünyadakı qlobal inteqrasiya prosesində qabaqcıl yer tutmaq istəyən dövlət özünün iqtisadi, siyasi gücü ilə yanaşı, həm də tarixi, mədəniyyəti, milli-mənəvi dəyərləri ilə tanınmalı, onları yüksək səviyyədə təbliğ etməyi bacarmalıdır. 
Bu xüsusda informasiya-kommunikasiya texnologiyalarından geniş istifadə müstəsna önəm kəsb edir. Son illərdə Azərbaycanda bu istiqamətdə dövlət tərəfindən mühüm işlər görülür. Eyni zamanda, vətəndaş cəmiyyəti institutlarının, qeyri-hökumət təşkilatlarının üzərinə böyük məsuliyyət düşür.

Prezident İlham Əliyev bununla bağlı demişdir: «Azərbaycan dünya birliyinin dəyərli üzvünə çevrilibdir. Biz öz təbliğat işimizi daha da səmərəli qurmalıyıq. Bu işləri informasiya-kommunikasiya texnologiyaları, internet vasitəsilə daha fəal şəkildə görmək lazımdır. Biz gərək bu fəaliyyəti birgə aparaq».

Qeyd olunan vacib postulatı əsas götürən «Effektiv Təşəbbüslər Mərkəzi» demokratik dəyərlərin öyrənilməsi və təbliği İctimai Birliyi 2008-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Azərbaycançılıq - milli eyniyyətdən qlobal dünyaya pəncərə: tədqiqat və təbliğat platformu» layihəsini həyata keçirir.

Layihənin başlıca qayəsi ölkəmizin dünyaya inteqrasiyası kontekstində azərbaycançılıq ideyasının, Azərbaycanın tarix və mədəniyyətinin tədqiq və təbliği, bu yöndə əyani vəsaitlər, informasiya resursları hazırlamaqdır. Ötən il layihə çərçivəsində hazırlanan və nəşr edilən “Azərbaycan tarixi günbəgün” kitab-təqvim dövlət qurumları, diaspor təşkilatları, KİV-lər, QHT-lər arasında yayılmış, təhsil ocaqlarına, kitabxanalara, o cümlədən xarici ölkə kitabxanlarının Azərbaycan dilində fondlarına hədiyyə edilmişdir.

2009-cu ilin may ayından QHT-lərə Dövlət Dəstəyi Şurasının qrantı hesabına layihənin növbəti mərhələsi həyata keçirilir. Bu mərhələdə layihə üzrə hazırlanmış www.azerbaycanli.org saytının əsasında «Azərbaycanın dünya birliyinə inteqrasiyası: tarix və mədəni irsin təbliği» mövzusunda informasiya resurslarının hazırlanması nəzərdə tutulub.

Ötən müddətdə saytın Azərbaycan dilində versiyası zənginləşdirilib, yeni menülər, gündəlik xəbər xətti yaradılıb. Saytda aktual ictimai-siyasi mövzularda elektron rəy sorğuları keçirilir. Bundan əlavə, “Azərbaycan tarixi günbəgün” kitab-təqvimin yenilənən elektron versiyasının əsasında saytda gündəlik xronoqraf - «Bizim təqvim» rubrikası fəaliyyət göstərir.

Sayta dünyanın onlarla ölkəsindən ziyarətçilərin daxil olması onun xaricdəki azərbaycanlılar arasında maraq doğuran informasiya mənbəyi olduğunu göstərir. Bu günlərdə saytın rus dilində versiyasının işə salınması onun ziyarətçi dairəsinin daha da genişlənməsinə zəmin yaradıb. Yaxın aylarda isə saytın ingilis dilində versiyası hazırlanacaq.

Son nəticədə saytın üç dildə informativ-analitik və təbliğat portalına çevrilməsi nəzərdə tutulur. Bununla www.azerbaycanli.org saytı Azərbaycanın tarix və bugününün, milli-mədəni zənginliyinin dünyaya çatdırılmasına, dünya azərbaycanlıları arasında informasiya mübadiləsinə yardım etməklə yanaşı, hazırda aktual məsələ olan «Virtual Azərbaycan»ın formalaşmasına da praktik töhfə ola bilər.

“525-ci qəzet”, 31.07.2009.

Xəbərlər
Redaktorun seçimi