“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
02.03.2013, 15:11
428

Vyanada Xocalı konfransı

A- A+

“Azərbaycan və Türkiyə əsassız erməni iddialarını ifşa etmək üçün birgə fəaliyyət göstərməlidirlər”

Martın 1-də Azərbaycanın Avstriyadakı səfirliyi və Avstriya Türk Konfederasiyasının birgə təşkilatçılığı ilə Vyanada Xocalı soyqırımına həsr olunmuş konfrans keçirilmişdir.

Tədbirdə Avstriyada yaşayan soydaşlarımız, Avstriya Atatürkçü Düşüncə Dərnəyi, Avstriya Türk Konfederasiyasının və digər türk cəmiyyətlərinin üzvləri, Avstriya ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Konfransda Azərbaycan Respublikası Milli Məclisinin deputatları Rövşən Rzayev və Fuad Muradov məruzə ilə çıxış etmişlər.

Millət vəkili Rövşən Rzayev çıxışında Ermənistanın Azərbaycana ərazi iddiaları və ötən əsrin 80-ci illərinin sonlarından Azərbaycana qarşı təcavüzə başladığını qeyd etmiş, Xocalı soyqırımına gətirib çıxaran hadisələrə nəzər salmış, 1992-ci il fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndində Azərbaycan xalqına qarşı ilk soyqırımının törədildiyini bildirmişdir.

Qeyd olunmuşdur ki, öz havadarlarına arxalanan erməni separatçıları 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Rusiya (keçmiş sovet) ordusunun hərbi dəstəyi ilə Xocalı şəhərində dinc əhaliyə qarşı amansız soyqırımı törətmiş, uşaq, qadın və qocalar da daxil olmaqla, yüzlərlə insanı qətlə yetirmişdir. Həmin faciədən 21 il ötsə də, münaqişənin fəsadları hələ də aradan qaldırılmamışdır. Azərbaycanda bir milyondan artıq qaçqın və məcburi köçkün mövcuddur. Ən ağrılısı isə budur ki, ölkəmizin ərazilərinin 20 faizi hələ də Ermənistanın işğalı altında qalmaqdadır.

Milli Məclisin deputatı bildirmişdir ki, bu gün Azərbaycan və Türkiyə əsassız erməni iddialarını ifşa etmək, tarixi ədaləti bərpa etmək, dünya ictimaiyyətinin diqqətini bu problemlərə yönəltmək üçün birgə fəaliyyət göstərməlidirlər. Eyni zamanda, Avropa ölkələri və dünyanın müxtəlif yerlərində Azərbaycan və türk icmaları ümumi problemlərə qarşı vahid cəbhə yaradaraq fəaliyyət göstərməlidirlər. Bu gün Azərbaycan Cənubi Qafqazda ən güclü iqtisadiyyata malik qüdrətli dövlətdir və əsas məqsədi Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməkdən ibarətdir.

Milli Məclisin deputatı Fuad Muradov çıxışında bildirmişdir ki, Ermənistan işğalçı dövlət olsa da, soyqırımı törətsə də, bu gün ermənilər dünyanın müxtəlif ölkələrində özünü məzlum xalq kimi qələmə verərək, 1915-ci ilin qondarma hadisələrini soyqırımı kimi tanıtmaq üçün dəridən-qabıqdan çıxırlar. Deputat bildirmişdir ki, erməni millətçilərinin xam xəyallarını puça çıxarmaq üçün ayrı-ayrılıqda fəaliyyət göstərməməli, bu məsələdə bütün türkdilli ölkələr bir yumruq kimi sıx birləşməli, müxtəlif ölkələrdə müvafiq iş aparmalıdırlar. O, 2008-ci ildən etibarən davam edən "Xocalıya ədalət" kampaniyası çərçivəsində 80-dən artıq ölkədə müxtəlif tədbirlər həyata keçirildiyini qeyd etmiş, bu nümunə əsasında səyləri daha da intensivləşdirməyin vacibliyini vurğulamışdır. Azərbaycan əsl həqiqətləri dünyaya tanıtmaq sahəsində öz dostlarına, ilk növbədə isə strateji tərəfdaşı olan Türkiyəyə böyük ümid bəslədiyini bildirmişdir.

Məruzələrdən sonra deputatlar tədbir iştirakçılarının suallarını cavablandırmışlar.

Çıxışlar bitdikdən sonra ilk olaraq Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin Xocalı soyqırımından çəkdiyi kadrlar əsasında hazırlanmış sənədli film nümayiş olunmuşdur. Sonra isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə soyqırımına həsr olunan, “Xocalıya ədalət!” kampaniyası çərçivəsində sənədli materiallar əsasında “Sonu görünməyən dəhliz” filmi nümayiş etdirilmişdir.

Mənbə: AzərTAc

* * *

Mövzuya dair:

“Qarabağ hekayələri” Almaniyada təqdim olunub

Xocalı soyqırımının 21-ci ildönümündə Almaniyanın paytaxtı Berlinin “Keti Kolvets” adına muzeyində azərbaycanlı yazıçı Günel Anarqızının yeni işıq üzü görmüş “Qarabağ hekayələri” kitabı alman ictimaiyyətinə təqdim edilib. Kitab alman dilində çap olunub, Azərbaycan və rus dillərində isə həm də audio-kitab kimi hazırlanıb.

Tədbirdə Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, Milli Məclisin deputatı Rövşən Rzayev, Almaniyanın və Azərbaycanın siyasi, ictimai xadimləri, azərbaycanlı tələbələr, həmçinin “Qarabağ hekayələri”nin audio formatının hazırlanmasında iştirak etmiş Nərgiz Cəlilova iştirak ediblər.

Avropa Azərbaycanlıları Konqresinin sədri, Almaniyada yaşayan Azərbaycanlıların Koordinasiya Mərkəzinin icraçı direktoru Samirə Patzer “Qarabağ hekayələri” kitabının Xocalı faciəsi mövzusunda alman dilində işıq üzü görən ilk nəşr olduğunu qeyd edib.

Səfir Pərviz Şahbazov belə layihələrin hər iki ölkə üçün əhəmiyyətindən və Azərbaycan ilə Almaniya arasında mövcud əməkdaşlığın müxtəlif aspektlərindən söz açıb.

Potsdam Universitetinin professoru Filfred Furman və muzeyin direktor müavini Keti Kolvits Xocalı soyqırımına dair düşüncələrini bölüşüblər.

Tədbirdə kitabdan iki hekayə - “Ataya məktub” və “Şuşa” alman dilində səsləndirilib. Sonda tədbir iştirakçılarına müəllifin imzası ilə kitablar hədiyyə olunub.

 

 

Xəbərlər
Redaktorun seçimi