Avropa Parlamenti Türkiyədən Ermənistanla sərhədi açmağı tələb edir
Qurumun qəbul etdiyi sənəddə “erməni soyqırımı”na yer verilməyib, Türkiyə və Ermənistan hökumətlərinə isə “keçmiş olayları açıq müzakirə etmək” çağırışı vurğulanıb
Avropa Birliyinin (AB) ali qanunverici orqanı olan Avropa Parlamenti (Strasburq) martın 12-də Türkiyə ilə bağlı növbəti illik məruzəni qəbul edib. AB ilə üzvlük müzakirəsi aparan ölkələr barəsində bu cür sənədlər hər il hazırlanır.
Türkiyənin AB ilə üzvlük müzakirəsi rəsmən 2005-ci ilin oktyabrında, faktiki olaraq isə 2006-cı ilin yayında başlanıb.
Avropa Parlamentinin Türkiyə üzrə məruzəçisi, hollandiyalı xristian-demokrat deputat Ria Oomen-Ruijten tərəfindən hazırlanan budəfəki hesabatda Ankaranın xarici siyasət kursundan ölkədaxili proseslər və hüquqi islahatlaradək geniş spektr əksini tapıb. Məruzə 528 səs lehinə, 52 əleyhinə olmaqla qəbul edilib.
Sənəd Türkiyənin Avropa Birliyinə üzvlüyü yolunda "Kopenhagen kriteriyaları"na (AB-nin 1993-cü ilin iyununda Kopenhagendə keçirilmiş sammitində qəbul edilən və yeni üzvlər üçün nəzərdən tutulan təməl şərtlər) hörmətlə yanaşma, ölkədə iqtisadi inkişafın davamlılığı, mehriban qonşuluq siyasəti, Türkiyə-AB arasında ikitərəfli əməkdaşlığın gücləndirilməsi kimi əsas prinsipləri özündə əks etdirir.
Məruzə ətrafında müzakirələrdə avropalı deputatlar Türkiyədə milli azlıqlar problemini, ölkədəki milli azlıqlara hörmətlə yanaşılması tələbini gündəmə gətiriblər. Bəzi deputatlar Türkiyənin AB-yə üzv olmağa hələ hazır olmadığını bildiriblər. Bu yöndəki problemlər sadalanarkən Kipr problemi, həmçinin türk-erməni münasibətləri, Ermənistanla sərhədlərin açılması məsələlərinə toxunulub.
Qeyd etmək lazımdır ki, Avropa Parlamenti hələ Türkiyənin AB ilə müzakirə sürəci başlamazdan öncə də bu ölkə ilə bağlı qəbul etdiyi sənədlərdə "erməni mövzusu"nu daima diqqətə saxlayıb. Türkiyəni Ermənistanla sərhədi açmağa çağıran müddəalar da bu sərhədlərin bağlandığı vaxtdan (1993) bu yana, demək olar ki, hər il qurum tərəfindən önə sürülür. Bundan əlavə, Avropa Parlamenti hələ 1987-ci ildə 1915-ci il olaylarının "erməni soyqırımı" kimi tanınması barədə qətnamə qəbul edib və sonrakı illərdə dəfələrlə Türkiyəni bu qondarma "tarixi" tanımağa çağırıb. Son illərdə isə Avroparlamentin Türkiyəyə dair sənədlərində "soyqırımı" iddialarına yer verilmir, əvəzində Türkiyə-Ermənistan sərhədinin açılması daha israrla tələb olunur.
Elə dünən qəbul edilən məruzədə də 1915-ci il olayları ilə bağlı erməni tezislərə yer verilməyib. Sənəddə Türkiyədən "sərhədləri açaraq Ermənistanla iqtisadi və siyasi əlaqələri bütünlüklə qurması" tələb olunur. Məruzədə Türkiyə prezidenti Abdullah Gülün 2008-ci ilin sentyabrında Ermənistana futbol yarışına baxmağa getməsi müsbət dəyərləndirilib və bu addımın iki ölkə arasında münasibətlərin normallaşdırılmasına real təsir göstərəcəyinə ümid ifadə olunub. Məruzə həmçinin Türkiyə və Ermənistan hökumətlərini "bugünə və keçmişə hörmət göstərərək, keçmiş olayların açıq və səmimi şəkildə müzakirəsinə izn verməyə" çağırır və Avropa Komissiyasının da bu uzlaşma prosesinə dəstək verməsi xahiş olunur.
Sənəddə Türkiyənin bir nömrəli problemi olan PKK terroruna da yer verilib. Məruzədə PKK-nın Türkiyədə həyata keçirdiyi aksiyalar pislənilir və Avropa Parlamentinin terrorizmlə mübarizədə Türkiyə ilə həmrəy olduğu bildirilir. Avropa Parlamenti həmçinin "kürdlərin partiyası" kimi tanınan Demokratik Toplum Partiyasını (DTP) öz siyasi fəaliyyətində PKK-dan və terror aksiyalarından "açıq şəkildə uzaq durmağa" çağırır. Bununla yanaşı, məruzədə DTP-in fəaliyyətinin dayandırılması tələbi ilə məhkəmə davasından da narahatlıq ifadə olunur. Sənəddə 2008-ci ildə Türkiyə Konstitusiya Məhkəməsində hakim Ədalət və İnkişaf Partiyasına qarşı açılmış məhkəmə davasından da söz edilir və bu tendensiyanın əndişəverici olduğu vurğulanır.
Xatırladaq ki, AKP-yə qarşı məhkəmə partiyanın 2008-ci il üçün dövlətdən yardım payının azadılması ilə yekunlaşıb, DTP-yə əleyhinə proses ilə hələ tamamlanmayıb. Avropa Parlamenti bu xüsusda Türkiyədə "Siyasi partiyalar haqqında" qanunun dəyişdirilərək Avropa Şurası Venesiya Komissiyasının tövsiyələrinə və Avropa İnsan Haqları Məhkəməsinin qərarlarına uyğunlaşdırılmasının zəruriliyini vurğulayır.
Məruzədə Türkiyədə son dönəmdə daxili siyasi gərginliyin artması və partiyalararası qütbləşmənin dərinləşməsindən narahatlıq qeyd olunur və bunun islahatlar prosesinə mənfi təsir etdiyi bildirilir. Məruzədə Türkiyədə konstitusion islahatlar məsələsinə də toxunulur. Avropa Parlamenti Türkiyə hökumətini yeni Anayasa üzərində çalışmaları sürətləndirməyə, bu prosesi cəmiyyətdə daha artıq qütbləşməyə yol açmadan həyata keçirməyə çağırır.
Məruzəyə görə, Türkiyə son bir ildə AB standartlarına uyğunlaşmaq yolunda ümid edildiyindən az məsafə qət edib: "Türkiyə 2005-ci ildə üzərinə götürdüyü islahat sürəcini davam etdirməklə bağlı siyasi iradəsini sübut etməlidir". Bu xüsusda Türkiyədə ordunun siyasətə təsirinin hələ də qaldığına işarə vurulur, Silahlı Qüvvələr üzərində mülki nəzarətin təmin edilmədiyi nəzərə çatdırılır. Bundan əlavə, məhkəmə orqanlarının siyasi diskussiyalara müdaxilə etdiyi və bunun məhkəmələrin müstəqilliyi prinsipinə xələl gətirdiyi qeyd olunur.
Məruzədə son dönəmdə Türkiyə gündəminin aparıcı mövzularından olan "Ergenekon" məhkəmə prosesinə də yer verilib. Avropa Parlamenti "Ergenekon" təşkilatının ifşa olunmasını, Türkiyədə "dövlət qurumlarına uzantıların" ortaya çıxarılmasını təqdir etməklə yanaşı, prosesdə hüququn aliliyinin təmin edilməsinin zəruriliyini vurğulayır, məsuliyyətə cəlb olunan şəxslərə təzyiqlər edilməsi ilə bağlı xəbərlərdən narahatlıq ifadə edir.
Sənədin diqqətçəkən bir məqamı da Türkiyənin AB ilə münasibətlərinin düyün nöqtəsi olan Kipr məsələsi ilə bağlıdır. Məruzədə vurğulanır ki, Kiprdə türk və yunan liderləri arasında müzakirə atmosferinin yaxşılaşması üçün Türkiyənin hərbi qüvvələrini adadan çıxarması lazımdır. Qeyd olunur ki, bu, "hər iki liderə öz gələcəklərini azad şəkildə müzakirə etmək imkanını yarada bilər".
Onu da qeyd edək ki, Türkiyə AB-nin üzvü olan yunan Kipri ("Kipr Respublikası") hər hansı hansı münasibət qurmaqdan imtina edir və bu vəziyyət onun təşkilatla üzvlük müzakirələrinə mənfi fon yaradır. Yunan Kipri və Yunanıstan Türkiyənin bu tutumuna cavab olaraq onunla müzakirə sürəcini daima veto etməklə hədələyirlər. 2006-cı ildə AB Türkiyə ilə bir sıra müzakirə fəsillərini dondurmaq barədə qərar qəbul edib.
Bununla yanaşı, dünənki məruzədə Türkiyə ilə üzvlük müzakirələrində texnik baxımdan hazır olan fəsillərin açılmasının zəruriliyi vurğulanır. Yeri gəlmişkən, AB-yə sədrlik edən Çexiyanın baş nazirinin müavini Aleksandr Vondra Avropa Parlamentində keçirilmiş müzakirələrdəki çıxışında Türkiyə ilə üzvlük müzakirələrində enerji fəslinin tezliklə açılmasına tərəfdar olduğunu bildirib. O qeyd edib ki, Türkiyə Avropanın enerji təhlükəsizliyində, habelə "Nabucco" layihəsinin həyata keçirilməsində mühüm bir ölkədir.
Çexiya XİN başçısının müavini əlavə edib ki, Türkiyə ilə üzvlük müzakirələrində sosial siyasət, vergilərlə əlaqədar fəsillər gələn ay müzakirə olunacaq: "Lakin Türkiyə ötən il AB standartları səviyyəsində islahatlarda ləngiməyə yol vermişdir. Halbuki, bu islahatlar Türkiyənin öz xeyrinədir. Xüsusilə, söz azadlığı və dini azlıqların problemlərinə daha çox diqqət yetirilməlidir". Xatırladaq ki, Türkiyənin AB ilə 2006-cı ildə başlanan üzvlük müzakirələri paketi ümumilikdə 35 fəsli əhatə edir və onların yarıdan çoxuna hələ start verilməyib.
Vüqar Orxan, “525-ci qəzet”, 13.03.2009.