“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
19.10.2009, 08:39
482

İlham Əliyev: «Dağlıq Qarabağa 100 ildən sonra da müstəqillik verilməyəcək”

A- A+

“Ermənistan danışıqlarda vaxt uzatmaq taktikasını tətbiq edir. Biz isə prinsipial mövqeyimizdən dönməyəcəyik”

«Azərbaycan ordusu bu regionda ən böyük hərbi potensiala malik ordudur». Prezident İlham Əliyev bunu oktyabrın 16-da Nazirlər Kabinetinin 2009-cu ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasında çıxışı zamanı deyib (APA). 
 
Dövlət başçısı bu potensialın daha da artırılmalı olduğunu deyib: «Çünki müharibə hələ bitməyib və danışıqlar əfsus ki, hələ nəticə vermir. Bunun da yeganə səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyidir. Ermənistan danışıqlar prosesində vaxt uzatmaq taktikasını tətbiq edir. Bu, yenilik deyil, danışıqların müxtəlif mərhələlərində bunu görmüşük. Həlledici məqamlarda onlar daha əvvəl razılaşdırılmış məsələləri bir daha müzakirəyə çıxarmaq istəyir. Bəzən həm biz, həm də vasitəçilər bunu təəccüblə qarşılayırıq ki, bir il, ya üç il əvvəl razılaşdırılmış məsələ yenidən, sanki yeni mövzu kimi ortaya atılır. Bunun yeganə izahı ola bilər, bu da qəsdən vaxt uzatmaqdır.

Ermənistan praktiki addımlar atmalıdır. Bu addım da odur ki, Ermənistan qoşunlarını işğal olunmuş torpaqlardan çıxarmalıdır. Bu, uzun illərdir razılaşdırılmış məsələdir. Bu məsələdə heç bir başqa fikir ola bilməz. Razılaşdırılmış məsələlərə yenidən qayıtmağın yeganə izahını bunda görürük: həlledici məqamlarda vaxtı süni şəkildə uzatmaq və danışıqlara zərbə vurmaq. Biz isə öz prinsipial mövqeyimizdən dönməyəcəyik».

İlham Əliyev deyib ki, danışıqlarda əldə edilmiş nailiyyətlər gələcək proses üçün gözəl əsasdır: «Danışıqlarda Dağlıq Qarabağa nə vaxtsa, lap 100 ildən sonra da müstəqilliyin verilməsi ümumiyyətlə müzakirə olunmur və bu, heç vaxt olmayacaq. Azərbaycanın işğal olunmuş torpaqları azad edilməli, Azərbaycan vətəndaşları doğma torpaqlarına qayıtmalıdır. Ondan sonra sülhməramlı qüvvələr tərəfindən sülhməramlı missiya həyata keçiriləcək. Buna etiraz etmirik. Dağlıq Qarabağa müvəqqəti status verilə bilər. Ancaq bu, müstəqillik demək deyil və gələcək danışıqlarda Ermənistan və Azərbaycan Dağlıq Qarabağın gələcək statusu haqqında müzakirələri davam etdirəcək. Əsas prinsiplər budur».

 

Keçmiş dövlət müşaviri Vəfa Quluzadə: “Ilham Əliyev tam haqlıdır, onu dəstəkləyirəm”

“Azərbaycanın Rusiyaya qaz verməsi ABŞ-ın xoşuna gəlməyəcək, cəhənnəmə ki...”

“Təbii ki, Azərbaycan bu vəziyyətə laqeyd qala bilməz. Türkiyə-Ermənistan sərhədinin açılması bizə qarşı xəyanətdir. Sərhədlərin açılması ilə Ermənistan Azərbaycanı müttəfiqsiz qoyacaq, üstəlik də iqtisadi yardım alacaq. Azərbaycan əks tədbirlər görmək haqda düşünməlidir. Bu mənada İlham Əliyev tam haqlı idi, mən onu dəstəkləyirəm”.

Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə bu fikirləri ölkə başçısı İlham Əliyevin ötən həftə keçirdiyi müşavirədə dediyi fikirləri şərh edərkən söylədi.

Xatırladaq ki, İlham Əliyev Türkiyə ilə qaz danışıqlarının dalana dirənməsinin səbəbləri barədə danışarkən Avropa Birliyinin Azərbaycan qazını dünya bazarındakı qiymətlərə almağa hazır olduğunu xatırladıb. Onun sözlərinə görə, Bakının bu qazı və onu ötürmək gücü var, amma onun keçəcəyi Türkiyə tranzit üçün elə şərtlər tələb edir ki, onu qəbul etmək mümkün deyil.

İlham Əliyevin son günlər erməni açılımı siyasətini yürütməklə Azərbaycanı incik salmış Ankaraya açıq mesajları da diqqət çəkib: “Biz istəyirik ki, qazımızın qiyməti heç olmasa, Rusiya qazının qiymətinin 8-10 faizi qədər aşağı olsun, daha 50 faizi qədər yox. Bizə bölgədə mövcud olan tranzit tariflərdən 70 faiz baha tarif təklif edirlər. Kim buna razılaşar?” Dövlət başçısı deyib ki, bu vəziyyət bütövlükdə Türkiyə ilə qaz sövdələşməsinin pozulmasına səbəb ola bilər. Hətta etiraf edib ki, artıq Azərbaycan öz qazını satmaq üçün əlavə bazarlar axtarır.

Prezident İlham Əliyev müşavirədə Azərbaycan qazının Rusiyaya və İrana satılması perspektivinə toxunub. Dövlət başçısı həmçinin üçüncü istiqamət kimi qazın Gürcüstan vasitəsilə Qara dəniz sahilləri ilə Avropa məkanına çatdırılmasının mümkünlüyündən də danışmaqla Türkiyəyə ciddi mesaj vermiş olub.

Vəfa Quluzadə verilən mesajları haqlı sayır: “Məlum oldu ki, sən demə, iki il bizim xəbərimiz olmadan Ermənistanla Türkiyə arasında gizli danışıqlar aparılırmış. Bundan sonra isə bizə çox vədlər verildi ki, darıxmayın, sizinçün yaxşı olacaq. Gah dedilər Dağlıq Qarabağın ətrafındakı 5 rayon azad olunacaq, gah bildirdilər sərhədlərin açılması Dağlıq Qarabağ probleminin həlli ilə pararlel gedəcək. Bunların hamısı yalan çıxdı.

Mən Türkiyənin bu cür dövlət siyasətini təsəvvür etmirəm. Bu cür dövlət siyasəti aparmazlar. Dövlət dediyi sözün üstündə dayanır. Bəyan olunmuşdu ki, torpaqlar azad olunmayınca Ermənistanla sərhədlər açılmayacaq. İşlərin gedişi göstərir ki, bunlar hamısı boş sözdür. Azərbaycan Türkiyə üçün neft və qaz sahəsində olduqca əlverişli şərait yaradıb. Ancaq Türkiyə iqtidarı bizə biganə münasibət bəsləyəndə gərək biz də buna uyğun davranaq. Yəni dünyada qazın, neftin qiyməti nə qədərdirsə, onlara da həmin qiymətə sataq. Yəni burda Türkiyəyə qarşı qərəzli mövqedən danışmaq olmaz”.

Vəfa Quluzadə hesab etmir ki, Azərbaycan rəhbərliyi Türkiyəyə dirsək göstərməklə üzünü yenidən Rusiyaya çevirmə siyasəti yürüdür: “Burda siyasət deyil, iqtisadiyyatdır. Biz Rusiyaya dünya qiymətinə qaz satacağıq. Mən bunu Rusiyaya üz çevirmək kimi qiymətləndirmirəm. O mümkün olmayan şeydir. Azərbaycan müstəqil dövlətdir, axıra qədər müstəqil dövlət olaraq qalacaq. Ancaq göründü ki, nə Türkiyə, nə də Amerika Azərbaycana qarşı səmimi siyasət aparmır. Amerika Rusiyanın qaz monopoliyası ilə mübarizə aparmaq istəyir.

Sözsüz ki, Azərbaycanın Rusiyaya qaz verməsi Amerikanın xoşuna gəlməyəcək. Amma cəhənnəmə gəlsin. Gəlin görək Amerika bizə nə cür münasibət bəslədi. Obama Sərkisyanla telefon söhbətində dedi ki, Dağlıq Qarabağ məsələsinin sərhədlərin açılmasına dəxli yoxdur. Bu, Azərbaycan üçün böyük xəyanətdir. Obama bizi erməni lobbisinin, xristian aləminin maraqlarına satır”.

Politoloq Türkiyəyə də xəbərdarlıq etdi: “Türkiyə bilsin ki, onu Avropa İttifaqına qəbul etməyəcəklər. Ermənistanın baş naziri bəyan edib ki, Ermənistan Türkiyənin Avropa İttifaqına daxil olmasını dəstəkləyəcək. Bu, boş yalandır, siçan tələsinə pendir qoymaq kimi bir şeydir. Görün nə vəziyyət yaranıb ki, Avropa Türkiyədən tələb edir öz konstitusiyasından Atatürkü müdafiə etmə bəndini çıxartsın. Məsələ bundadır ki, türklər türklüyünü, müsəlmanlığını itirməyincə Avropa İttifaqına qəbul edilməyəcək. Məncə, onlar bunları itirsələr də, Avropa İttifaqına üzv seçməyəcəklər. Kəsəsi, Türkiyəyə möhkəm atacaqlar. Türkiyə iqtidarı, sadəcə, duza gedir”.

“Yeni Müsavat”.

Xəbərlər
Redaktorun seçimi