“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
10.01.2014, 16:11
12224

Azərbaycan etnik mədəniyyəti

A- A+

⇔ ⇔ ⇔ 

Coğrafi baxımdan Avropa və Asiya qitələrinin sərhəddində yerləşən müasir Azərbaycan tarixi keçmişdə müxtəlif sivilizasiyaların: əhəməni-sasani, roma-bizans, skif-xəzər, türk-oğuz mədəniyyətlərinin kəsişməsində bərqərar olmuşdur. Lakin maddi və mənəvi dəlil kimi tarixi abidələrdə təcəssümünü tapmış bütün bu mədəni simbioz və rəngarəng ənənələrlə yanaşı, Azərbaycanın çiçəklənməsi fenomeni onun etnogenezi ilə, bədii yaradıcılığın ən müxtəlif sahələrində ecazkar incilər yaradan xalqla bağlıdır.

Azərbaycan etnosunun tarixini nəzərdən keçirsək, görərik ki, respublikamızın əhalisinin 90% -ni təşkil edən azərbaycanlılardan başqa, bu etnosun təşəkkülündə əsrlərdən bəri müxtəlif azsaylı xalqlar, etnik və milli qruplar iştirak etmişlər. Onların arasında Altay ailəsinin türk qoluna məxsus (azərbaycanlılar, tatarlar, mesxeti türkləri), həmçinin hind-avropa (tatlar, talışlar, dağ yəhudiləri, kürdlər), qafqaz (udilər, ləzgilər, avarlar, saxurlar, buduqlular, ingiloylar, qrızlar, xınalıqlar), slavyan (ruslar, molokanlar, ukraynalılar) dil qruplarının təmsilçiləri vardır.

XX əsrin sonunda keçmiş SSRİ respublikaları dövlət müstəqilliyinin bərpası yolunda tarixi imkan əldə etdilər. Keçmişə, milli şüurun təşəkkülünə və inkişafına, mədəni sərvətlərin yenidən dəyərləndirilməsinə, tarixi yaddaşın aktuallaşdırılmasına maraq artdı. Bununla yanaşı, müasir dünya birliyinin inkişafında "qloballaşma" aparıcı təmayülə çevrildi ki, bu da müxtəlif ölkə və xalqlar arasında sərhədlərin silinməsinə əsaslanır, insanları yaxınlaşdırır və vahid ümumbəşəri, planetar mədəniyyətin təşəkkülünə və inkişafına şərait yaradır. İdeoloji, siyasi və dil baxımından maneələrin silinməsi mədəniyyətlərdəki rəngarəngliyin itməsinə və yekrəngiliyinə gətirib çıxarır. Belə yekrənglik isə polimədəniyyətə malik cəmiyyət daxilində özünəməxsus etnik mədəniyyətlər üçün xüsusilə məhvedici ola bilər.

Sadalanan ictimai - tarixi hadisələr dalğasında respublika rəhbərliyinin balanslaşdırılmış siyasətinin əsas məsələlərindən biri dövlətin polietnik əhali kütləsinin qorunub saxlanılmasından ibarətdir. Bu da xalqın mədəni genofondunun determenantı kimi, etnik mədəniyyətin - dil, xalq incəsənəti, xalqın maddi mədəniyyəti, adət və ənənələri, etika, ənənəvi tərbiyə sistemi və s. bu kimi ünsürlərini özündə ehtiva edir.

"Azərbaycanda yaşayan milli azlıqların, azsaylı xalqların və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətlərinin inkişafı üçün dövlət yardımı haqqında" 1992-ci ildə verilmiş sərəncamı ilə başlanmışdır. Sərəncamın məzmununda etnik azlıqların təhsil, mətbuat, mərkəzi televiziya və radio ilə xüsusi verilişlərin təşkili, həmfikirlik və ədalətlilik, tolerantlıq və həqiqilik, bərabərlik və əməkdaşlıq hüquqları təsbit edilir.

Bu sərəncamın uğurla həyata keçirilməsi ona gətirib çıxarmışdır ki, yeni Azərbaycanın vətəndaşlarının bugünkü süurunda üç komponentin vəhdəti kök salmışdır: bunlar öz etnosuna mənsubluq haqqından (istər azərbaycanlı, istər tatar, istər talış, istərsə də rus olsun), öz milli ənənələrinə və öz xalqının tarixinə hörmət və məhəbbət hissindən, milli dilin və milli mədəniyyətin öyrənilməsi meyllərindən ibarətdir. Eyni zamanda, onların çoxmillətli Azərbaycan cəmiyyətinə və nəhayət, dünya birliyinə mənsubiyyət hüququnun təsdiqi, təkcə öz xalqının və çoxmillətli ölkəsinin taleyi üçün deyil, həmçinin, bütün dünyanın taleyi üçün məsuliyyət hissinin aşılanması bu qəbildəndir.

Şübhəsiz, elə bir xalq yoxdur ki, etnik mədəniyyətin qorunması və inkişafı problemi ilə qarşılaşmasın. Məlumdur ki, ümumi amal insanları birləşdirir. Əsas məqsəd - millətin və onun mədəniyyətinin qorunması, yeni bilgilərlə zənginləşdirilməsi, həm əvvəlki, həm də indiki nəsillər tərəfindən toplanılan biliklərin gələcək nəsillər üçün qorunub saxlanılması ilə bağlıdır.

Azərbaycan xalqı, yuxarıda qeyd edildiyi kimi, respublika cəmiyyətinin əsas hissəsi olan azərbaycanlılardan və ölkənin müxtəlif guşələrində yığcam halda yaşayan 30 sayda millət və etnik qruplardan ibarətdir. Sayının, dil və dinlərinin müxtəlifliyinə baxmayaraq, onlar Azərbaycanın barabər hüquqlu vətəndaşlarıdır və çoxsaylı azərbaycanlılarla bərabər bütün vətəndaşlıq hüquqlarına malikdirlər. Onların folklor ənənələri və bilikləri ümummədəni və elmi baxımdan dəyərlidir: çunki bunlar etnik təşəkkül və inkişaf tarixi, həyat tərzi, dünyagörüşü və dünyaduyumu haqqında zəngin məlumatları özündə cəmləşdirir. Onların hər biri unikal, özünəməxsus və təkrarolunmazdır.

Təəssüf ki, bu etnosların ənənəvi bilikləri, onların autentik folkloru janr zənginliyinə və mövzu rəngarəngliyinə baxmayaraq, intellektual mükliyyət kimi, bu günə qədər layiqincə qiymətləndirilməmiş, nə bizim ölkəmizdə, nə də xaricdə geniş işıqlandırılmamışdır. Bundan əlavə, bu xalq sərvəti son illərə kimi Azərbaycan tarixçilərinin, etnoqrafların, etnopsixoloqların, etnolinqvistlərin, etnomusiqişünasların tədqiqat obyektinə çevrilməmişdir. Hərçənd ki, bu məsələlər Azərbaycanın hüdudlarından kənarda nəşr olunan işlərdə daha ətraflı işıqlandırılsa da, heç də həmişə həqiqətə uyğun və obyektiv xarakter daşımırdı. Buna görə də bu problemin tədqiqi təkcə humanitar elmi araşdırmalar nöqteyi-nəzərindən deyil, həmçinin, siyasi, ictimai, tarixi rakursdan qloballaşma və ənənəvi biliklərin hüquqi qorunması dövründə aktuallıq kəsb edir.

 

Tariyel Məmmədov

musiqişünas, Bakı Musiqi Akademiyasının professoru, “Musiqi dünyası” jurnalının baş redaktoru

 

Xəbərlər
Redaktorun seçimi