“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
13.08.2014, 16:19
2163

Azərbaycanda yəhudi mədəni irsi necə qorunur?

A- A+

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının 2019-cu il oktyabrın 4-də keçirilən iclasında “Yəhudi mədəni irsinin qorunması” adlı məruzə müzakirə olunub.

Müzakirələrə qatılan Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov əvvəlcə dünya mədəni irsinin qorunması ilə bağlı çalışmaların hər gün davam etdirilməsi zəruriliyindən bəhs etdi: “Avropa İttifaqı çox nəcib təşəbbüs irəli sürərək 2018-ci ili “Avropa mədəni irsi ili” elan etmişdi. Lakin mədəni irs avropalıları və bütövlükdə bəşəriyyəti qovuşduran elə vacib, qorunmalı və yaşadılmalı dəyərlər sistemidir ki, əslində hər növbəti il, hər başlanan ay, hər yeni həftə, hər təzə gün mədəni irsin mühafizə və inkişaf etdirilməsi ili, ayı, həftəsi, günü olmalıdır. Mədəni irs insanları birləşdirən körpülərin ən universalı, ən mötəbəridir”.

Daha sonra Rafael Hüseynov Azərbaycanda yəhudi mədəni irsinin qorunması ilə bağlı Parlament Assambleyasının üzvü olan deputatların böyük marağına səbəb olan tarixi məlumatları diqqətə çatdırdı: “Qədim, zəngin ənənələri olan yəhudi mədəni irsinin isə bu sərvətlər silsiləsində xüsusi və əhəmiyyətli yeri var. Mən bir ölkənin timsalında yəhudi mədəni irsinin qorunması və yaşadılmasının çoxəsrlik tarixindən bəhs etmək, bununla da mədəni irsin qorunmasında tarixi ənənənin və sistemli yanaşmanın nə qədər ciddi rol oynadığını diqqətə çatdırmaq istəyirəm.

XII əsrin məşhur yəhudi səyyahı Benyamin Tudela yazır ki, ö dövrdə Azərbaycanda 1000 sinaqoq vardı. Bircə bu rəqəm orta əsrlərdə yəhudilərin Azərbaycan cəmiyyətinə necə sıx inteqrasiya etməsinin ən bariz göstəricisidir. Tarixi məxəzlər isə yəhudilərin Azərbaycanda hələ Həxamənişilər dövründən, yəni, eramızdan əvvəl VI əsrdən yaşadığını xəbər verir. XIII əsrdə Azərbaycan alimi Nəsirəddin Tusi Marağa şəhərində akademiya və rəsədxana yaratmış, ora dünyanın müxtəlif ölkələrindən minlərlə alim dəvət etmişdi. Onların böyük bir hissəsi yəhudilər idi. Ən köhnə mənbələrdən tutmuş XX-XXI əsrin müəlliflərinədək bir fikir sabit şəkildə təkrarlanır ki, tarixin bütün dövrlərində yəhudilərin ən rahat və təhlükəsiz şəraitdə yaşadığı, özünüifadə üçün münasib meydan tapdığı yer Azərbaycan olub”.

Tarixin müxtəlif dövrlərində ayrı-ayrı ölkələrdə yəhudilərə qarşı müxtəlif təzyiqlərin və təqiblərin mövcud olduğu halda ölkəmizdə onlara daim ən xoş münasibət göstərildiyini, cəmiyyətin ayrılmaz parçası sayıldıqlarını bildirən Rafael Hüseynov həmin ənənənin indi də uğurla davam etməsini təfərrüatları ilə diqqətə çatdırıb: “Dünyanın haralarındasa, hansısa tarixi dönəmlərdəsə yəhudilər və onların mədəni irsi hansısa təqiblərə, təzyiqlərə, təcavüzlərə məruz qalsalar da, Azərbaycanda istisnasız olaraq bütün dövrlərdə heç vaxt belə narahatlığa əsas olmayıb. Təsadüfi deyil ki, bu gün yalnız paytaxt Bakıda deyil, Azərbaycanın müxtəlif bölgələrində, Qubada, Oğuzda, Sumqayıtda sinaqoqlar fəaliyyət göstərməkdə, ölkəboyu yaşı yüz illərlə ölçülən neçə-neçə yəhudi məzarlığı ehtiramla qorunmaqdadır. Bu gün Azərbaycanda yəhudilərin yetərincə fəal olan Azərbaycan-İsrail icması, Dağ Yəhudilərinin icması, Avropa yəhudiləri (eşkenazi) icması, Gürcü-yəhudi icması, Yəhudilərin Qadın Humanitar Assosiasiyası kimi nümunəvi təşkilatları var. Azərbaycanın etnik mozaikasında yəhudilərin belə yüksək yer tutması, yəhudilərin tarixi və dini abidlərinə, məzarlıqlarına qayğı ilə yanaşılması, onların mədəni irsinin bütöv Azərbaycanın milli sərvəti kimi qorunması çox mühüm və düşündürücü bir həqiqətin ifadəsidir”.

Azərbaycanda dinlər və mədəniyyətlər, müxtəlif xalqlar və etnik qruplar arasında mehriban birgəyaşayış mühitinin bərqərar olduğunu vurğulan Rafael Hüseynov bunun başlıca səbəbinin nəcib ənənələr olduğunu söyləyib: “Mədəni müxtəlifliyin, tolerantlığın, dinlər və mədəniyyətlərarası dialoqun bir ölkənin həyatında çox ahəngdar şəkildə bərqərar olması hansısa təbliğatlar, çağırışlar, rəsmi qərarlarla baş tutan iş deyil. Bu keyfiyyət tarixi vərdişə, ənənəyə əsaslananda hər yeni dövrdə də elə təbii şəkildə özünün yeni ifadə formasını tapır. Azərbaycanda yəhudilərin həyatının uzun əsrlərə sığan tarixi yolu bunun aşkar göstəricisidir. Yəhudilər və onların mədəni irsinin Azərbaycandakı uğurlu qisməti etnik, dini və mədəni müxtəlifliyin yanaşı və qarşılıqlı əlaqədə mövcudluğunun parlaq örnəyi sayıla bilər”. Bu qəbil uğurların qazanılmasının və bu cür təcrübələrin örnək olaraq başqa ölkələrdə də tətbiq edilməsinin necə mümkünləşə biləcəyinə toxunan deputat deyib: “Təəssüf ki, belə nümunəni model kimi qəbul edərək təkrarlamaq çətindir. Belə münasibət yalnız həyat tərzinə çevriləndə arzulanan bəhrələri verir”.

 

Xəbərlər
Redaktorun seçimi