Ləzgilər
Ləzgilər Dağıstanın cənubunda və Azərbaycanın şimalında məskunlaşmış Qafqaz xalqıdır. Onlara beş etnos daxildir - ləzgilər, saxurlar, aqullar, rutullar və tabasaranlar. Bunlar Qafqazın şimali-şərq xalqlarının samur budağını təşkil edirlər və tarixən Samur çayının hər iki sahilində yaşamışlar. Ərazi əsasən dağlıq yerlərdən, Samur və Gülgərçay boyunca uzanan vadilərdən, bir də Xəzər sahili boyu ensiz, lakin məhsuldar düzənlikdən ibarətdir. Ləzgilər öz mənşəyini qədim Qafqaz Albaniyası çarlığından götürürlər. VIII əsrdə ərəblər buranı işğal etmişdi. Ləzgilərin İslamı qəbul etməsi XV əsrin ortalarına təsadüf edir, bu o vaxt idi ki, həmin ərazi Saxur və Axtı kəndlərinə qədər Şirvanşah Xəlullah tərəfindən fəth edilmişdi. 1501-ci ildə ləzgi ərazisinin bir hissəsini iranlılar zəbt etdilər. Ərazinin digər hissəsində 1775-ci ildə Kazıkumık şamxallarının rəhbərliyi altında paytaxtı Kurax olan Kurin xanlığı yaradıldı. Ləzgilərin çoxu icmalar şəklində yaşamağa davam edirdilər. Bəziləri isə Quba, Dərbənd və Kazıkumık xanlıqlarında yaşayırdılar.
1812-ci ildə Kürin xanlığı Rusiyanın protektorantına çevrildi. Kürin xanlığının ləğvindən sonra, 1864-cü ildə ləzgilər rus təbəəsi oldular. Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələri Rusiya ilə İran arasındakı sərhədləri dəqiq müəyyənləşdirəndən sonra, 1860-cı ildə çar Rusiyası ləzgilərin yaşadığı ərazini Dağıstan vilayəti və Şamaxı quberniyası olmaqla iki yerə ayırdı. Bu bölünməyə ilk açıq etiraz 1921-ci ildə oldu. Həmin il Dağıstan Xalq Deputatları Soveti, Azərbaycanla sərhədləri müəyyən edərkən, əvvəllər Dağıstanın bir parçası olmuş ləzgi ərazisini Dağıstanın tərkibinə verməyi tələb etdi. Lakin sovet dövründə ləzgilər iki inzibati ərazidə yaşamalı olmuşlar.
1958-1960-cı illərdə ləzgi ziyalıları, o cümlədən azərbaycanlı şair İzzət Şərifov və dağıstanlı alimlər Hacı Əbdürrəhimov və Zabit Rizvanov ləzgi xalqının problemini yenidən müzakirəyə çıxardılar. 1965-ci ildə mövcud sərhədlərə etiraz nəticəsində dağıstanlı jurnalist İsgəndər Qazıyev qeyri-formal ləzgi təşkilatı yaratdı. Bu təşkilat ləzgilərdən ibarət ayrıca inzibati ərazi vahidi yaratmağı tələb edirdi.
Ləzgilərin yaşadığı Dağıstan Muxtar Respublikası Rusiya Federasiyasının Şimali Qafqazdakı ən böyük muxtar qurumudur. Əhalisinin etnik tərkibi çox müxtəlif olan bu ərazidə Qafqaz və türk mənşəli 2 137 600 nəfər yaşayırdı. Burada 14 etnik qrup vardır. Onların bəzisi, məsələn, avarlar müxtəlif dil yarım qruplarına daxildirlər. Avarlar - 28 faiz, darginlər -16 faiz, kumıklar – 13 faiz, ləzgilər – 12 faiz, laklar – 5 faiz, çeçen, tabasaran və azərilər - hər qrupda 4,5 faiz, noqaylar – 7 faiz təşkil edir. Dağıstan RF-da rusların ən az yaşadığı federasiya subyektidir. Özü də bu etnik qruplardan heç biri çoxluq təşkil etmir.
Keçmiş SSRİ-də 1989-cu ildə aparılmış siyahıyalamaya görə ləzgilərin sayı 46 833 nəfər idi. Bu gün Dağıstanda və Azərbaycanda yaşayan ləzgilərin sayı siyasi müzakirələrin mövzusu olmuşdur. Rəsmi məlumatlara görə Azərbaycanda 171 395 nəfər (2,3 faiz), Dağıstanda 204 370 nəfər (respublikanın 12 faizi) yaşayır. Dağıstan ləzgiləri əsasən Dərbənddə və respublikanın Məhərrəmkənd, Axtı, Doqquzpara, Qasımkənd və Rutul rayonlarında yaşayırlar. Azərbaycanda ləzgilər Qusar, Quba, Şəki, Şamaxı və Xaçmazda yaşayırlar. Qusar rayonu əhalisinin 91 faizi ləzgilərdir. Ləzgilərin yaşadığı digər 10 rayonda isə onların sayı cüzidir. Hər halda, Azərbaycanda yaşayan ləzgilərin sayı məsələsi müxtəlif siyasi oriyentasiyalı ləzgilər tərəfindən şübhə ilə qarşılanır. Bəzilərinin fikrincə, Azərbaycanda bundan iki dəfə çox ləzgi yaşayır. Hazırda Türkiyədə də ləzgi diasporu mövcuddur və ləzgi mənbələrinə görə, onların sayı 200 000-dən 300 000-ə qədərdir. (“Qanun” jurnalının xüsusi buraxılışı. № 6, yanvar 1998, səh. 22)
Bu gün Nicdə udinlərlə yanaşı, ləzgilər də yaşayır. Kənd əhalisinin 10 %-ni təşkil edən bu etnoslar azərbaycanlılarla sıx ünsiyyətdə yaşayırlar. Əsasən heyvandarlıq, dəmirçilik, bağçılıq, tərəvəzçiliklə məşğuldurlar. Heyvandarlığın əsasən qoyunçuluq növü ilə məşğul olan ləzgilərin istehsal etdikləri məhsullar ətraf kəndlərin də bu məhsullara olan tələbatını ödəyir. (R.Dudavari. “Azərbaycanda yaşayan ləzgilər bu məmləkəti öz vətənləri sayırlar və bu hisslərində tam haqlıdırlar”, “Xalq qəzeti”. 1997-ci il 23 oktyabr, Səh 2.)
Ləzgilər milli yeməkləri arasında xəngəl növləri üstünlük təşkil edir. “Ləzgi xəngəli” adı ilə məşhur olan bu yemək növləri ətraf kəndlərdə də məşhurdur. Çörəyin lavaş növünə üstünlük verilir. Adət-nənələrə gəlincə isə onlar azərbaycanlılarla eynidir, fərqli heç nə yoxdur.
Şirvanın aran yerləri tarixən köçəri tayfaların qışlağına çevrilib. Mülayim havası, böyük otlaq sahələri olan bu yerlər tərəkəmə həyat tərzi sürənlərin məşğuliyyətinə həmişə zəmin yaradıb. Yayılma arealının belə göstəricisi əslində bu xalqın oturaq həyat tərzi keçirən hissəsinə aiddir. Lakin Azərbaycanda yaşayan ləzgilərin bir hissəsi isə tərəkəmə həyatı keçirən zümrəyə daxilidir. Bir xalq kimi ləzgilərin özlərinə məxsus adət-ənənələri, məşğuliyyət formaları və həyat tərzi olub.
Azərbaycanın digər xalqları kimi ləzgilərin məişətində də maldarlıq üstün təsərrüfat sahəsi olaraq qalır. Bu da ləzgilərin məskunlaşdığı ərazilərin təbii-coğrafi şəraiti və əhalinin təsərrüfat ənənələrindən irəli gəlib. Zəngin yaylaqlara malik olmasına görə ləzgilər əsasən qoyunçuluqla məşğul olublar. Tarixən yayı yaylaqlarda keçirən ləzgilər payızın son aylarından yazın əvvəllərinədək qışlaqlara köçər, burada mal-qaralarını saxlayardılar. Bu da faktdır ki, onların qışlaqları başlıca olaraq Azərbaycanın Mil, Muğan, Salyan, Qobustan, Alazan və Şirvan ərazilərində yerləşir. Şirvan ərazisində yerləşən rayonlarımız arasında öz münbit torpaqlarına görə Göyçay mühüm yer tutur. Məhz buna görə də həyat tərzi heyvandarlıq üzərində köklənmiş, köçəri tayfaları bu yerlər çox əsrlər əvvəldən özünə cəlb edib. Alpout kəndi ərazisində hələ yüz illər öncədən qış aylarında qazmalar yaradaraq köç salan ləzgi tayfaları hələ də ata-baba məşğuliyyət formalarını davam etdirir, bir qədər müasir formada olsa da həmin həyat tərzini keçirirlər.
Bu binələr nə qədər müasirləşsə də bir çox xüsusiyyətləri keçmişdə olduğu kimi özündə yaşadır. Bu xüsusiyyətlər öz əhəmiyyətinə görə yüz illər keçməsinə baxmayaraq sıradan çıxmayıb. Öz əhəmiyyəti ilə zəruriliyini təmin edən şərtlərdən biri burada heyvanlara yaradılan şəraitdir. Belə ki, ötən əsrlərdə olduğu kimi, hələ də qoyun-quzuların saxlanıldığı yer yeraltı qazmalarda olur ki, bu da heyvanları soyuq havalarda xəstələnməkdən qoruyur. Qazmalar qurularkən onların üzərinə bir neçə qat qamış elə üsulla, sıx çəkilir ki, burada qoyun-quzuların qalacağı tamamilə yağış sularından qorunur.
Ümumiyyətlə, köçəri tayfaların çoxillik təcrübələri onlara təbii şəraitdən əlverişli istifadə etməkdə həmişə kömək olur. Bir çox belə nişanələr var ki, adi həyat sürən insanlardan onları fərqləndirir. Belə nişanələr onların ev-eşiklərində, olacaqlarında aydın görünür. Burada evlər bir qayda olaraq başdan-ayağa budaqlı ağaclardan tikilir. Bu evlərin tikilməsində bir dənə olsun belə daşdan istifadə olunmur. Ona görə də bu tip evlər bir neçə saatın içində tikilir.
Binələrdə böyüyən uşaqların gündəlik işi olduğuna görə artıq yetkinlik yaşına çatana qədər onlar heyvandarlığın bütün sirlərinə yiyələnirlər. Qoyunçuluğun heç bir sahəsi sirr olaraq qalmır. Burada orta yaşlı nəsil sərbəst şəkildə qoyun sürülərinin saxlanmasına təkcə başçılıq edə bilər. Bu onların göz açandan gördükləri işdir.
İnsanlar hələ qədim zamanlarda maldarlıqla məşğul olmağa başlayandan bir çox heyvanlardan əvvəl köpəklərin əhilləşdirilməsinə nahaq yerə fikir verməyiblər. Bunun həqiqətən də çox böyük əhəmiyyəti vardı. Əhilləşdirilən itlər sürünün otarılmasında, qorunmasında müstəsna qabiliyyətə malikdir. Onlar çox az yatır, yatanda isə sayıq yatırlar. Bu da sürüyə basqın edən yırtıcı heyvanların qarşısının alınmasında çobanlara əvəzsiz kömək deməkdir.
Köçəri ləzgilərin mətbəxinin formalaşmasında həm ümumazərbaycan süfrəsinin, həm ləzgilərin milli kulinariyasının, həm də tərəkəmə həyatının təsiri görünür. Belə ki, Azərbaycanda bişirilən elə bir yemək növü tapmaq olmaz ki, binələrdə hazırlanmasın. Bundan başqa, özünəməxsus formada hazırlanan ləzgi pendirindən də söz açmamaq mümkün deyil. Bütün köçəri tayfalarda olduğu kimi, ləzgilərdə də ət məhsullarının bir neçə formada bişirilməsi, qaxac edilməsi məşhurdur.
Ümumiyyətlə hər bir xalqın tərəkəmə həyat tərzi keçirən hissəsi biri-birinə bütün xüsusiyyətləri ilə oxşayıb, oturaq əhalinin yaşayış tipindən tamamilə fərqlidir.
Ənənəvi ləzgi rayonlarında, ləzgilərlə həmin ərazidə yaşayan digər xalq qrupları arasında heç bir milli etnik gərginlik yoxdur. Azərbaycanda da ləzgilər heç bir ayrı-seçkilik görmürlər. Əksinə, burada yaşayan xalqlarla onlar arasında mənəvi və tarixi yaxınlıq vardır. Azərbaycanlı-ləzgi münasibətləri həmişə sabit olmuşdur. Çoxlu qarışıq nikah vardır. Azərbaycanda yaşayan ləzgilərin əksəriyyəti azəricə yaxşı danışır. (M.Çələbov, M.Şarvili, “Ləzgi xalq qəhrəmanı haqqında”, Bakı, 2001.- 483 s.)
Qusarda Bakı Pedaqoji Universitetinin filialı vardır. Burada ibtidai məktəblərdə ləzgi dilini tədris edəcək müəllimlər hazırlanır. Filial həm də ləzgi ədəbi dilini inkişaf etdirir. Qusar filialında yalnız Azərbaycan ləzgiləri deyil, Dağıstan ləzgiləri də təhsil ala bilərlər. Burada rus və ləzgi dilləri ixtisası verilir ki, məzunlar həm Azərbaycanda, həm də Dağıstanda işləyə bilsinlər. İndi filialda 160-dan çox tələbə oxuyur.
Azərbaycanın ləzgi məktəblərində tədris ya Azərbaycanca, ya da rusca aparılır. Dərs kitablarının çatışmaması problemi vardır.
Dağıstanda hər hansı milli dildə tədris uşaqların sayı ilə müəyyən edilir. Eyni millətdən beş-altı uşaq varsa, ana dili həftədə iki dəfə keçilir. Eyni millətin kompakt yaşadığı ərazidə tədris ana dilindədir, rus dili bir fənn kimi öyrədilir. Bundan başqa, məktəblərdə “Dağıstan xalqlarının mədəniyyət və adət - ənənələri” adlı fənn tədris olunur. Dağıstan Dövlət Universiteti Azərbaycandan müsabiqədənkənar bir neçə tələbə qəbul edir. Dərbənd Pedaqoji İnstitutu da Azərbaycandan olan tələbələr ləzgi dili ixtisası verir. (“Qanun” jurnalının Xüsusi Buraxılışı. № 6, yanvar 1998, səh. 22)
1993-cü ildən başlayaraq ləzgi dilində dərsliklər çap edilməyə başlayıb. Məlumatlara görə, onlara 100-ə yaxın məktəbdə ləzgi dilində dərslər keçirilir. Həmin məktəblərdə I - IV siniflərin sayı 200-ə yaxındır, bu siniflərdə 2 mindən artıq şagird təhsil alır. X-XI siniflərin sayı 120-dən, şagirdlərin sayı isə 1800-dən artıqdır.
Mənbə: multikultural.az