“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
24.04.2015, 10:39
2572

Buduqlular

A- A+

Buduqlularla bağlı ilk rəsmi sənəd 1607-ci ildə Səfəvi hökmdarı I Şah Abbas tərəfindən verilmiş fərmandır. Buduq və buduqlular barədə XVIII və XIX əsrin əvvəllərində verilmiş Quba xanlarının – Həsənəli xanın, Fətəli xanın, Şeyxəli xanın fərmanları xüsusi əhəmiyyət kəsb edir. A.Bakıxanovun "Gülüstani-İrəm" əsərində Buduq və buduqlularla bağlı müəyyən yer verilib. XVIII əsrdə Buduq eyni adlı mahalın mərkəzi olub.

Tarix elmləri doktoru, professor Vaqif Buduqlu-Piriyev “Buduq və buduqlular” adlı kitab yazıb. Kitab 1994-cü ildə "Sabah" nəşriyyatında çap olunub. Kitabda Azərbaycanın qədim yaşayış məskənlərindən biri – Quba rayonunun Buduq kəndi və onun sakinləri barədə elmi araşdırmalar əksini tapıb. Burada Buduq kəndinin tarixi, buduqluların etnik mənsubiyyətləri, bugünü və keçmişi, buduq dilinin öyrənilməsi səviyyəsi, Buduğa aid tarixi sənədlər və materiallar, maraqlı söhbətlər, rəvayətlər verilir.

Buduq kəndində buduq dilində danışan buduqlular yaşayır. Buduqluların mədəniyyətləri də dilləri kimi qrızlıların mədəniyyətnə çox yaxındır. Əldə olan məlumata görə, Buduq kəndinin əsası Qafqaz Albaniyası dövründə qoyulub. Əhalinin Sasani qoşunlarının qəfil basqınlarından qorunması üçün kənd çətin keçilən yerdə salınıb. Buduqlular yolların keçilməsinin yalnız yay mövsümündə mümkün olduğu ərazidə məskən salıblar. Kəndin yaxınlığında yerləşən Küləxana və Əmbərə dağında olan mağaralar burada qədim sakinlərin mövcud olmasından xəbər verir. “Buduq” sözü qədim türk dillərində “dəliqanlı, hirsli” mənasını verir. Buduqlular isə özlərini “budad” adlandırırlar.

Buduqlulara dair əldə olunan ilk tarixi məlumat Xlll əsrin sonu XlV əsrin əvvəllərində yaşamış Fəzlullah Rəşidəddinin “Came ət-təvarix” (“Tarixlərin toplusu”) əsərində verilib. Müəllif öz əsərində qeyd edir ki, bu qəbilə Tumbine xanın 5-ci oğlu Bat-Kulkinin nəslindən şaxələnib. Buduqlular tarixən nəsillərə - böyük və ya kiçik ailə birliklərinə bölünüblər və indi də həmin nəsillərin adı ilə tanınırlar. Kəndin qəbirstanlığında hər bir nəslin öz yeri olub.

Buduq və buduqlularla bağlı saytda oxuyuruq: “Buduq Azərbaycanın ən qədim kəndlərindən biridir. İlk ibtidai insanların yaşadığı ehtimal edilən mağaralar, mürəkkəb relyef xüsusiyyətlərinə malik keçilməz dağlar, təbiətin füsünkar mənzərələri insanı valeh edir. Babadağdan, Qırxbulaqdan axan sular Qaraçayda birləşib, lal və sükutla bizə baxan pir Əbdülməhəmmədə, Keçili dağına,Ənbərəyə layla çalır, suların şırıltısı dağ şəlalələrinə qarışıb Sənəm yaylağından Çərəkə düzünədək yayılır.

Buduq və buduqlular haqqında bir çox alimlər, tarixçilər, etnoqraflar, dilçilər fikir söyləyib, məqalələr dərc edib, kitablar yazıblar. Ancaq bütün deyilənlər ehtimallar üzərində qurulduğu üçün Buduqun tarixi, buduqluların kimliyi və soykökləri barədə elmi dəqiqləşdirmələr aparılmayıb. Yalnız 13-14-cü əsrlərin görkəmli tarixçisi, mənbəşünası, dövlət xadimi Fəzlullah Rəşidəddin İbn Həmədani özünün “Camə ət-təvarix” (“Tarixlərin toplusu”) kitabında Buduğun tarixinə və soykökünə işıq sala biləcək məlumat verib. Bu məlumat buduqluların kimliyinin və soyköklərinin öyrənilməsində açar rolunu oynaya bilər. Məlumdur ki, buduqlular özlərini öz dillərində “budat” adlandırırlar, bir-birləri ilə ünsiyyətdə olarkən “vin budati” deyə soruşurlar. Maraqlıdır ki, F.Rəşidəddin öz əsərlərində budat qəbiləsinin mövcudluğu barədə xəbər verir. “Camə ət-təvarix” kitabının 98 və 193-cü səhifələrində yazır: “Budat qəbiləsi, bu qəbilə Tumbinə xanın 5-ci oğlu Bat-Kulkinin nəslindən şaxələnib. Çingiz xanın dövründə onların başçısı Urud və ya Uruday idi. Çingiz xan Tayçuit qəbiləsi ilə vuruşduğu vaxt onlar - budatlar onunla ( Çingiz xanla) müttəfiq idilər və onun qoşununda birləşmişdilər, onlardan (budatlardan) çoxlu əmirlər olmuş və vardır. Lakin hazırda adları məlum deyil”. Rəşidəddin köçəri türk xalqlarının təsnifatını verərkən budatları “Qədim vaxtlarda moğol ləqəbi daşıyan türk qəbilələrindən “Nirun türkləri” sırasına daxil edib. Göründüyü kimi, burada əlavə şərhə ehtiyac yoxdur, ən azından böyük tarixçi alimin şəxsiyyətinə və məlumatına hörmətlə yanaşılmalıdır”.

Sonralar Buduq kəndi mahal mərkəzinə çevrilir: “Buduq bəyləri Quba qəzasının içtimai həyatında mühüm rol oynayırdılar. Buduq bəylərinin sonuncu nümayəndəsi Soltan bəy Abadan bəy oğlu olub. Bu cüssəli, üzündən-gözündən nur tökülən bəyimizi mən uşaq vaxtı görmüşdüm. O, həqiqətən də oturuşu-duruşu ilə el ağsaqqalı idi. 1833-cü ildə Buduq mahalına 19 kənd birləşdirilmişdi. Mahal mərkəzi kimi inzibati idarəetmə, mədəniyyət mərkəzi kimi inkişafda idi. XX əsrin 60-cı illərərinə kimi keçmiş Qonaqkənd rayonunun tərkibində olan Buduq və s. kəndlərdə həyat qaynayırdı, əkinçilik və maldarlıq, qoyunçuluq geniş vüsət almışdı. N.S.Xurşovun yarıtmaz siyasəti ilə Qonaqkənd rayonu ləğv edildi, əkin sahələri sıradan çıxdı, kəndlər boşaldı, o cümlədən buduqluların aran torpaqlara axını başladı. Hazırda budatlar-buduqlular Azərbaycanımızın çox yerində - ən çoxu Quba, Xaçmaz, Şabran, Qusar və Siyəzən rayonlarında, Dağıstanda və Rusiyanın müxtəlif yerlərində yaşayırlar.

Quba rayonunda Bağbanlı, Barlı, Nərimanabad, Dəlləkli, Vladimirovka, Vəlvələ, Qəcərzeyid, Amsar, Qışlaq və s. kəndlərində, Xaçmaz rayonunun Arzu kənd, Hacıəlibəy, Ağyazı, Barisbol, Yergüc, Suxtakələ kəndlərində daha kompakt yaşayırlar. Qusarın Balaqusar, Həsənqala, Şabran və Siyəzən şəhər və kəndlərində buduqlu ailələr var. Bakı, Sumqayıt, Gəncə şəhərlərində, Qaxın Qum kəndində, Göyçayda, İsmayıllıda, Qəbələdə və Şəkidə buduqluların yaşadıqları barədə məlumatlar var”.

Buduq kəndində vaxtilə 500 ev və kəndli təsərüffatı mövcud idi: “Orta məktəb, klub, kitabxana, poçt-rabitə, feldşer-mama məntəqəsi və hətta ətraf kəndlərdən məktəbə gələn uşaqlar üçün internat da təşkil olunmuşdu. Rayonda buduqlu müəllimlər daha çox idilər, ətraf kəndlərdə dərs keçirdilər. Ömürlərini xalqın övladlarının təhsilinə və tərbiyəsinə həsr etmiş belə müəllimlərdən bəzilərini xatırlamaq yerinə düşər. Bu gün həyatdan getmiş buduqlu müəllimlərdən Ramazan Bahadirovu, Nurulla Məmmədovu, Bəylər Abdullayevi, Şərafəddin Bahadurovu, Əbubəkir Ağayevi, Zalı Əliyevi, Həmdulla Əhmədovu, Şabran rayonunda təhsil şöbəsinə başçılıq etmiş rayon ağsaqqalı Teyfur Adayevi, Quba şəhərində buduqlu Müsənnif müəllimi, buduqlu Əhməd müəllimi, Xaçmaz rayonunda buduqlu Hüseyn müəllimi, Qiyasəddin müəllimi, Feyzulla müəllimi, Şahlar müəllimi, vaxtilə Kuba respublikasında tərcüməçi işləmiş Sabir müəllimi və bir çox başqalarını göstərmək olar.

Böyük Vətən müharibəsində iştirak etmiş, Taqanroq və 223-cü atıcı diviziya qəhrəmanlarını necə unutmaq olar? Canı-qanı ilə azərbaycanlı qardaşları ilə birgə buduqlular Ukraynada, Kerçdə, Terek çayı sahillərində döyüşlərdə həlak olub, hətta Almaniyaya - Berlinə kimi gedib çıxmışdılar. Onlardan biri Beybut Hidayət oğlu Əhmədov bir çox orden və medallara layiq görülüb, müharibə bitdikdən bir neçə il sonra da Berlin komendantlığında çalışıb”.

1940-50 ci illərdən başlayaraq buduqlular yavaş-yavaş aran kəndlərə köç etməyə başlayırlar: “Buna səbəb əhalinin sıxlığı, yol və s. çətinliklərlə bağlı idi. Kənddə 100-dən çox əqrəba, nəsil var idi ki, onların hər birinin ayrıca qəbirsanlıqları bu gün də qalmaqdadır. Buduq kəndində, Qazmalarda, Dağüstü və Yalavanc kəndlərində 150-yə yaxın ailə məskunlaşıb ki, onlar buduq dilində danışa bilirlər.

Dəliqaya kəndi də Buduqluların yaşadığı dağ kəndidir, orada da 30-dan çox buduqlu ailəsi məskunlaşıb”.

Buduqluların tarixi haqqında tarix elmləri doktoru Vaqif Piriyev “Buduqlar” adlı məqaləsində yazır: “Buduqlular əsasən Qubanın 64 kilometr cənub-qərbində, Qaraçayın sol sahilindən 2 kilometr aralıda, Böyük Qafqaz dağ silsiləsi yamacında, Babadağın yaxınlığında yerləşən Buduq kəndində yaşayırlar. 1990-cı illərin məlumatına görə, Buduq kənd sovetliyinin tabeliyində olan üç kənddə - Buduq, Yalavanc və Dağüstüdə 780 nəfər buduqlu yaşayıb. Buduqluların etnik mənsubiyyəti haqqında müxtəlif fikirlər mövcuddur. Məsələn, onların ləzgilərlə yaxın qohumluq əlaqələlərinin olmaması (M.H.Baharlı), onların Şəki-Zaqatala zonasından köçüb gəlmələri və ya alban diyarı olan Beddən (Q.Qeybullayev), eləcə də Herodotun fərziyyələrinə görə budiyalarla yaxınlığı, Fəzlullah Rəşidəddinə görə isə budat tayfalarına aid olmaları barədə (V.Piriyev) müxtəlif fikirlər var. Bu mövzu ilə bağlı geniş tədqiqat işlərinin aparılması vacibdir. Bunu da qeyd etmək lazımdır ki, buduqluların Qafqaz Albaniyası tayfalarına aidiyyəti şəksizdir”.

Buduqluların keçmişi haqda məşhur tarixçi və səyyahların əsərlərində, eyni zamanda Azərbaycan tarixinin müxtəlif səhifələrində məlumatlar az deyil. Məlumatların birində bildirilir ki, Buduq kəndinin əsası Qafqaz Albaniyası zamanı qoyulub. Buduq kəndi meşəsiz ərazidə qərar tutur. Bəzi tədqiqatçılar “buduq” sözünü “dik yerdə həyat” və ya “təpədə həyat” kimi də mənalandırırlar. Buduqluların öz dilləri var, “budadi-mez” adlandırırlar. Bu dilin əlifbası olmayıb, dil yalnız şifahi şəkildə yayılıb. Bu dildə boğaz səslərinin çox olması onun latın əlifbası ilə yazılışına o qədər də imkan vermir. Ancaq son illər buduqlu tədqiqatçıların əməyi nəticəsində “budadi-mez”in əlifbasının ilkin versiyası və dilin lüğəti hazırlanıb. Buduq dilində olan bəzi sözlərin tərcüməsi: mez-dil, didə-ana, ada-ata, şid-qardaş, şidr-bacı, memen-qonaq və s.

Buduqlu ailədə böyüyə hörmət çox vacibdir. Buduqlu ailələri əsasən çoxuşaqlı olur. Buduqlular qonaqpərvərdirlər. Buduqda evlər digər dağ kəndlərinə bənzər formada, yonulmuş daşdan inşa edilir. Hamar ərazi demək olar, olmadığından evlər bir-birinə yaxın tikilir. Hətta bəzi yerlərdə bir evin damından o biri evin damına keçmək mümkündür. Otaqlar xalça-palazla bəzədilir. Bu, payız-qış aylarında evlərin daha isti və rahat olmasına şərait yaradır. Buduqlular əsasən heyvandarlıq və qismən də əkinçiliklə, bostaçılıqla məşğul olurlar. 

 

Mənbə: multikultural.az

 

Xəbərlər
Redaktorun seçimi