Qrızlılar
Azərbaycanda yaşayan və Şahdağ qrupuna aid edilən etnoslardan olan qrız lılar da kök etibarilə qədim alban tayfalarının varislərindən sayılırlar. Qubanın Qrız kəndi onların qədim və baş kəndi sayılır.
Qrız toponimi də ilk dəfə X əsrə aid mənbədə qeyd edilir. Tufan dağı, Ağ dağ, Baltaqaya kimi dağların əhatəsində, sıldırım qayalıqların üzərində salınmış bu qədim dağ kəndi qayaların üstünə qonmuş qartala da bənzəyir. Qrızda qədim evlər, divarlar, küçələr – hər şey hamar çay daşı ilə hörülmüşdür. Bu evlər əsasən ikimərtəbəli tikilsə də, dağlıq relyef üzündən, bir qayda olaraq, fasad tərəfdən ikimərtəbəli, dağlara baxan hissədə isə birmərtəbəli olurdu. Evlərin yuxarı mərtəbəsi yaşayış yeri, aşağı mərtəbəsi isə təsərrüfat tikilisi kimi istifadə edilirdi. Qrız evlərindəki tacvari taxta sütunlar kəsmə işləmələrlə bəzədilir. Keçilməz və çox təhlükəli, hətta atla çətin keçilən dolama dağ yolları olan Qrız kəndinə doğru uzanan daşlı-kəsəkli aşırımlardan birinə xalq arasında «Mıxtökən» adının verilməsi də təsadüfi deyildir. Yerli əhalinin söylədiyinə görə, bu yolların daş-kəsəyi atların nalını belə qoparırmış.
Qeyd etmək lazımdır ki, qrız etnosuna eyni adlı kəndlərdə məskunlaşmış hapıtlılar, ceklilər, əliklilər və yergüclülər də aid edilir. Bu etnosların hər biri qrız dilinin müvafiq dialektlərində danışır. Yerli əhalinin söylədiyinə görə, Ha- pıt, Cek, Əlik və Yergüc kəndlərinin əhalisinin də ilkin yaşayış yeri məhz Qrız kəndi olmuşdur. Tədricən onların əcdadları bu kənddən ayrılaraq, Şahdağın ətəklərində öz yaşayış məntəqələrini salmışlar. Odur ki, həm hapıtlılar, həm ceklilər, həm də əliklilərin etnomədəniyyətlərində müəyyən fərqlər olsa da, on- ların danışdıqları dil qrız dilinin dialektlərindən sayılır.
Qrızlıların etnik özünüadlandırması qərəz (qxərəz) və qərəzər şəklindədir. Hapıtlılar qrızlıları hərəd, buduqlular isə qərəd adlandırırlar. Qrızlılar qonşu etnosları adlandırarkən onların adlarının sonuna öz dillərində cəm bildirən -ər şəkilçisi əlavə edirlər. Məsələn, buduqluları buduqər, cekliləri cegər, hapıtlıları isə habudər çağırırlar. Qrızlılar kimi onların subetnosu olan hapıtlılar (hər), çeklilər (cəgər), əliklilər (ilaqar) və yergüclülərin (ərgüc) də özünüadlandırma formalarında hər etnonimi özünü büruzə verməkdədir. Qrız kəndinin adı da yerli əhali arasında Qərəz kimi ifadə olunur. Bu etnik adların hər birində hər və ya qər etnoniminin olması qrızlıların, həmçinin bu etnosa aid edilən hapıt, cek, əlik və yergüclülərin Qafqaz Albaniyasında məskunlaşmış qədim hər (er) tayfalarının varisləri olduğunu söyləməyə əsas verir.
Hər tayfaları erkən orta əsrlərdə Qafqaz Albaniyasının şimal-qərb ərazilə- rində (indiki Şəki-Zaqatala bölgəsində) Hereti mahalında məskən salmışdılar. Erkən orta əsrlərdə mürəkkəb şəraitdə – xəzərlərin basqınları, İran-Bizans, Ərəb-Bizans müharibələrində Qafqaz Albaniyası şiddətli döyüşlərin getdiyi müharibə meydanına çevrilmşdi. Mənbələrdə bu müharibələrin getdiyi dövrdə Qafqaz Albaniyasının dağılan şəhər və kəndləri ilə bağlı bir çox məlumatlar var. Dağıdılmış bir çox alban vilayəti sırasında bir-birinin qonşuluğunda yerləşən Xeni, Bex, Hərənta (Hereti) mahallarının da adı çəkilir. Bu toponimlər bu gün Şahdağın ətəklərndə məskən salmış və yenə də bir-biri ilə qonşuluqda yaşayan Xınalıq, Buduq, Qrız, Hapıt toponimləri və hər etnonimi ilə səsləşir. Belə ki, erkən orta əsrlərdə Albaniyanın döyüş meydanına çevrildiyi bir dövrdə basqınlardan qorunmaq istəyən hər və qat alban tayfaları əlçatmaz dağlara sığınaraq buralarda Hər Xeni, Bex Haband kimi qədim alban toponimlərini və etnonimlərini yaşatmağa calışmışlar. Bunu qrızlılar və hapıtlılar arasında onların mənşəyi ilə bağlı dolaşan əfsanələr də təsdiq edir. Qrızlılar əcdadla- rının qədim Hərna şəhərindən olduğunu söyləyirlər. Qrızlıların Azərbaycanın qədim yerli tayfalarından biri olduğunu antropoloji materiallar da təsdiq edir. Tədqiqatlar qrızlıların Qafqaz antropoloji tipinə məxsus olub, Azərbaycanın ən qədim sakinlərindən olduğunu müəyyən etmişdir. Azərbaycan antropoloqu R.M.Qasımova da Şahdağ xalqlarının, o cümlədən qrızlıların fiziki xüsusiyyət- lərinin Azərbaycan türkləri üçün xarakterik olan kaspi antropoloji tipinə uyğun oduğunu müəyyən etmişdir.
Qrız əhalisi arasında kəndin düşməndən qorunmaq üçün istehkam məqsədilə salınması haqqında rəvayətlər mövcuddur. Həqiqətən də, Qrız kəndinin yerləşdiyi coğrafi ərazi və kənddəki qədim qala və qala bürclərinin qalıqları bu fikri təsdiqləyir. Qrız kəndi xanlıqlar dövründə Quba xanlığının müvəqqəti iqamətgahı olmuşdur. Abbasqulu ağa Bakıxanov vaxtilə Qrız kəndi haqqında bunları yazmışdır: «Hicri 1225-ci (1810-cu) ildə il yarımdan artıq Təbəsə- randa qalmış Şeyx Əli xan əcdadı Səfəvilərin dövründən Şeyx Cüneyd türbəsinin mütəvəllisi olan həzrəli Xan Butay bəy Hacı Şərif bəy oğlunun təhriki ilə gəlib Quba əhalisinin çoxunu özünə müttəfiq etdi, ölkəni almaq və qalanı mühasirə etməklə dörd ay məşğul oldu. O, əhalinin bir hissəsini Qrız kəndinə köçürüb, yeni bir şəhər salmışdı».XIX əsrin əvvəllərində Rusiyanın Azərbaycanı istila etdiyi dövrdə Azərbaycanın bir çox bölgələrində olduğu kimi Qrız mahalında da rus istilasına qarşı üsyan qalxmışdı.
XIX əsrə aid mənbələrin və yerli əhalinin verdiyi məlumata görə, Azərbaycanın şimal-qərb hissəsindən Xınalıq, Qrız, Buduq ərazisinə Tufan dağı, Baba dağ, Bazardüzü kimi qarlı dağ aşırımlarından keçən yol olmuşdur. Yerli əhali- nin söylədiklərindən məlum olur ki, XIX əsrə qədər Şahdağ ətrafındakı kəndlə- rin əhalisi dağların o tayı, yəni Azərbaycanın şimal-qərb bölgəsi ilə əlaqələrini kəsməmişdilər. Hələ qədim dövrlərdən Şahdağ kəndlərinin Qafqaz Albaniyası- nın paytaxtı olan Qəbələ bölgəsi ilə iqtisadi və etnogenetik əlaqələri olmuşdur.
XIX əsrin 30-40-cı illərindən etibarən miqrasiya meyilləri Xınalıqdan başqa digər bütün Şahdağ kəndləri kimi Qrız kəndi üçün də səciyyəvi olmuşdur. XIX əsrə aid mənbələrin verdiyi məlumata görə, 1870-ci illərdən etibarən qrızlıla- rın da bir hissəsi – 640 ev düzənlik əraziyə, daha isti və mülayim iqlimi olan Müşkürə köçdüyü üçün XIX əsrin sonunda Qrız kəndində cəmi 26 ev qalmış- dı.XIX əsr müəlliflərindən N.K.Zeydlis Qrız kəndindən 39 obanın ayrıldığını yazır. 38 XIX əsrdə Qrız kəndindən Hacı Məmməd oba, Ağaverdi oba, Pirqulu oba, Rüstəm oba, İbrahimxəlil oba, Bağı oba, Çinar tala, Mançar oba, Girdə tala, Əhmədxan oba, Ovuclu oba, Hacı Əbdürrəhim oba, Sibir oba, Usta Məmməd oba, Bala oba, Uzun oba, Hacıqazma, Hacı Əhməd oba, Şərif oba, Tikanlı oba, Hacı Qurban, Qala oba, Manaf oba, Qara bucaq, Dink oba kimi nəsillər ayrılaraq yeni məskənlər salmışlar. 1880-ci illərdə Müşkür mahalında onlarla Qrız kəndi var idi. Qrız kəndindən dağətəyi bölgələrə köçən qrızlılar demək olar ki, bütün yaşayış məskənlərinə öz nəsillərinin adını vermişlər. Hazırda qrızlılar Xaçmaz rayonunun Hacıqazma, Hacı Əhməd oba, Hacı Qurban oba, Mançar oba, Şərif oba, Uzun oba, Yataq oba, Məcid oba, Tikanlı oba, Nağı oba, Hacı Əbdürrəhim oba, Sibir oba, Molla oba, Ağaşirin oba, Pirqulu oba, Hacı Məmməd oba, Ağa- verdi oba, İdris oba, Fərzəli oba, Nəcəf oba, Digah oba və Şümağır kəndlərində yaşayırlar. XIX əsrdən etibarən Qrız kəndindən ayrılan qrız nəsilləri onlarla oba, kənd salsalar da, yeni qrız məskənləri ilə qrızlıların baş kənd saydıqları Qrız kəndi arasında hər zaman mənəvi birlik, icma ittifaqı ənənələri qorunub-saxlanılmışdır və bu günədək də qalmaqdadır.
Qrızlılar hal-hazırda Quba rayonunun Çek, Əlik, Hapıt, həmçinin Qrız-Dəh- nə kəndlərində məskunlaşıblar. Son illərdə Qrız kən- dinin əhalisinin Qrız-Dəhnə kəndinə miqrasiyası daha da artmışdır. Qrız-Dəhnə ilə Qrız kəndləri arasında Laçın beli adlanan divar kimi keçilməz yüksəklik uzanır. Lakin bu yüksəklik hər iki qohum kənd arasında ünsiy- yətə mane ola bilməmişdir. İş burasındadır ki, təbii «di- varın» hər iki tərəfində Qrız və Qrız-Dəhnə kəndlərinə məxsus olan və qarşıdan aydın görünən təpəciklər və onların üzərində “rabitə vasitələri” – «xeyir» və «şər» daşları vardır. Qrızlılar bu daşlara Xoku daharbi (Çağıran daşlar) deyirlər. Həmin kəndlərin əhalisi toy edəndə və ya yas düşən- də bir-birini xəbərdar etmək məqsədilə bu daşlardan özünəməxsus şəkildə isti- fadə edərdi. Belə ki, bir nəfər həmin daşların üstünə çıxar, üzünü qarşı tərəfə tutub var səsi ilə hay salardı. Onun hansı daşın üstünə çıxmasından asılı olaraq, qonşu kənddə toy və ya yas olduğunu anlayardılar.
Müasir Şahdağ kəndləri ilə Şəki-Qəbələ-Zaqatala bölgəsi arasında ərazi yaxınlığından başqa, adət-ənənələr baxımından da oxşarlıqlar mövcuddur. Xüsusilə də Şəki-Zaqatala bölgəsində məskən salan saxurların, ingiloyların, həmçinin Qəbələ rayonunun Nic kəndində yaşayan udilərin toy mərasimlərin- də icra olunan bir sıra spesifik adətlər eyniliklə təkrar olunur.
Digər Şahdağ xalqları kimi qrızlılar da elçilik mərasimində çörəkkəsmə ayini icra edərlər. Bu zaman oğlanın atası süfrənin qırağına müəyyən miqdarda pul qoyar və buna pıl saac deyərlər. Ümumiyyətlə, çörəkkəsmə ayini Azər- baycan türklərinin bu günədək qorunub-saxlanılmış ən qədim, ən müqəddəs adətlərindən biridir. Çörək kəsdikdən sonra tərəflərdən heç biri sözünü geri götürə bilməzdi. Qrızlılarda birgə çörək kəsib yeməklə müşayiət olunan elçilik mərasimi «iki ailənin bir-birinə söz verməsi, ömürlük əhd-peyman kəsməsi» mənasını daşıyır.
Şahdağ kəndlərində sənətkarlıq sahələri, xüsusilə də toxuculuq, yun və gön-dəri emalı kimi sahələr geniş inkişaf etmişdir. Qrız xalçalarının ən səciy- yəvi xüsusiyyəti onların ortasında xaçvari ornamentin və əsasən tünd göy rəng- də olmasıdır. Qrızda Səlim ağacı adlı xalça çeşnisi çox geniş yayılmışdır.
Qrız kəndlilərinin başlıca təsərrüfat sahəsi digər Şahdağ etnoslarında olduğu kimi qoyunçuluqdur. Onlar da hər il oktyabr-noyabr aylarında mal-qara sürülərini götürərək ailələri ilə birgə Azərbaycanın aran əra- zilərinə, qışlaqlara köç edirlər. Qış aylarında bu kəndlər də, demək olar ki, boşalır. Yalnız köç etmək iqtidarında olmayan ailələr – cəmi 30-40 evlik əhali qalır. Çünki burada qışda həyat şərtləri çox ağır olur. Yazın son- larında isə kəndin əhalisi yeni- dən öz kəndlərinə qayıdır. Qrız kəndlilərinin əsas qışlaq yerləri Xaçmaz bölgəsinin düzən hissəsidir.
Yerli əhalinin dediyinə görə, vaxtilə Qrız kəndində dağ yəhudiləri də yaşamışlar. Rəvayətə görə, Şah Abbasın zülmündən (əslində, indiki Dağıstan ərazisində dini təqiblərdən) qaçan yəhudilərə ilk olaraq qrızlılar sahib çıxıb, onlara sığınacaq veriblər. Hətta yəhudilər guya kəndin ətrafındakı mağaralarda qədim əlyazmalarını, müqəddəs kitablarını da gizlətmişlər. Yerli əhali burada yəhudi qəbiristanlığının da qorunub-saxlanıldı- ğını bildirir. Nəticədə Qrız kəndində sığınacaq tapan yəhudilər hər zaman onun sakinlərinə böyük hörmət və minnətdarlıqla yanaşırlar. Bir müddət sonra Quba xanı Fətəli xandan sığınacaq istəyən yəhudilər Qubanın Qaladüzü adlanan əra- zisinə köçmüş, burada sonralar “Qırmızı qəsəbə” adlanan kəndlərini salmışlar. Hazırda da dağ yəhudiləri öz kəndlərində qrızlıları ən yaxın dost və ən əziz qonaq kimi qarşılayırlar. Bu iki etnosun nümayəndələri bir-birinə sıx-sıx ge- dib-gəlirlər. Qrızlılarla Qırmızı qəsəbədə yaşayan dağ yəhudiləri arasında həm də geniş ticarət əlaqələri olmuşdur.
Mənbə: multikulturalizm.gov.az