“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
10.11.2009, 22:22
508

Udilər

A- A+

Etnik tərkibinə görə rəngarəng olan Azərbaycanda hələ qədim dövlətimiz - Qafqaz Albaniyası dövrundə Azərbaycan xalqının etnogenezində mühüm rol oynamış qarqar, hun, uti, kaspi, qel, hər, qat kimi bir çox alban tayfaları Alban Tayfa İttifaqında birləşmişdilər. Azərbaycanın min ildən çox tarixini əks etdirən Qafqaz Albaniyasının (e.ə. IV – e.VIII əsrləri) süqutundan və Ərəb xilafətinin tərkibinə daxil olunmasından sonra buradakı tayfaların böyük hissəsi tədricən islam dinini qəbul etmişlər.

Alban Tayfa İttifaqında birləşmiş udi, qel, hər, qat, leq alban tayfalarının varisləri olan udilər, ingiloy- lar, ləzgilər, xınalıqlılar, qrızlılar, buduqlular bu gün də bütövlükdə Azərbaycan etnomədəni mühitində formalaşaraq Azərbaycan xalqının etnososial birliyin- də yaşamağa davam etsələrdə, udilərdən başqa Alban Tayfa İttifaqına daxil olan tayfaların böyuk əksəriyyə- ti orta əsrlərdə islamı qəbul edərək transformasiyaya uğramışlar. Yalnız udilər öz alban kimlikləri ilə bərabər alban xristian ənənələrini də mühafizə edə bilmişlər. Udilərin böyük əksəriyyəti XIX əsrin əvvəllərinədək IX–XIV əsrlərdə yenidən dirçələn    alban    çarlıqları Arsax, Uti, Şəki ərazilə- rində, XV əsrdən etibarən Qarabağın beş alban məlikliyindəöz mövcudluqlarını sürdürməkdə idilər. Udilər özlərinin alban tayfala- rından olduqlarını heç bir zaman unutmamışlar. Hələ XVIII əsrin əvvəllərində alban məlikləri I Pyotra ünvanladıqları məktubda özlərini “udi tayfasından olan albanlar” adlandırırdılar.1 Mənşəcə udi olan qafqazşünas alim Q.Voroşil (Voroşil Qukasyan) də «Qafqaz Albaniyası» əsərində vurğulayırdı ki, «Biz udilər Azərbaycanda, Azərbaycan türklərinin arasında doğulmuşuq. Qə- dim albanlar bizim də babamızdır».

XIX əsrin ortalarında Azərbaycanda olmuş böyük fransız yazıçısı Aleksandr Düma səfər zamanı udilərlə – tarixi, etnik mənşəyi və mədəniyyəti təhrifə və saxtakarlığa məruz qalmış xalqın keçmişi ilə maraqlanmış, on- ların haqqında məlumat toplamağa çalışmışdır. O, «Qafqaza səfər» əsə- rində bu barədə yazırdı: «Axı, bu udilər kimlərdir və necə millətdir? Elə mən özüm də bunu tam təfərrüatı ilə bilmək istərdim».3 Bu suala təkcə Aleksandr Düma deyil, XIX əsrin, hətta XX əsrin tarixşünasları və etnoqrafları da cavab tapmağa çalışmışlar. Cavabın gecikməsinin əsas səbəbi isə udilərin gerçək tarixinin uzun illər boyu siyasətin girovuna çevrilməsi idi.

Udilər Qafqaz Albaniyası dövlətinin təşəkkülündə rolu olmuş tayfalardan biri idi. Bu etnosun nümayəndələri bu gün də özlərini udi adlandırır, eyni zamanda Azərbaycan türkləri və Azərbaycanda yaşayan digər xalqlar da onları udi və ya rus tarixşünaslığından gələn udin adlandırmaqdadırlar. XX əsrin əvvəllərində Azərbaycan etnoqrafı Baharlı bu etnosun “udin” və “udulu” ad- landığını qeyd edirdi

XIX əsrdə ləğv edilmiş Alban katolikosluğunun son etnik alban din xadimi olan Makar Barxudaryansın Qarabağ tarixi üzrə fundamental mənbə rolu oynayan «Arsak» əsərində XIX əsrdə Tərtər çayının sağ sahilindəki Seysulan kəndinin xristian əhalisinin özünü «udi» adandırsa da, türkcə danışdığı qeyd olunmuşdu. Xatırladaq ki, sovet dövründə Dağlıq Qarabağ Muxtar Vilayəti təsis olunarkən Seysulan kəndi Ağdərə rayonunun inzibati ərazisinə, 1992-ci ildə isə Tərtər rayonuna daxil edilmişdi. Kənd Ermənistan ordusunun işğalı altında olarkən onun türk mənşəli adı da erməniləşdirilərək dəyişdirilmiş, tarixi toponim «Atsavan» adlandırılmışdı. Azərbaycan Ordusunun 2016-cı il aprelin 16-da həyata keçirdiyi qısamüddətli hərbi əməliyyat nəticəsində Seysulan kəndi və onun ətraf əraziləri erməni işğalçılarından tamamilə təmizlənmişdir. M.Barxudaryans onu da bildirirdi ki, vaxtilə Azərbaycanın şimal-qərb hissəsin dəki Xaçmaz, Padar, Vardanlı, Armanat, Muxas, Kiş, Zeyzit, Qoxmux, Xalxal, Qum, Vəndam, Bum, Zarağan, Courlu, Sultan-Nuxa kəndlərində də udilər ya şamışlar. Bu toponimlərin bir çoxu türk mənşəlidir.

Udilər öz etnik xüsusiyyətlərini saxlasalar da, onların müsəlman xalqların əhatəsində yaşaması udi dilinə, mədəniyyətinə, ənənələrinə, yaşam tərzinə təsirsiz ötüşməmiş, hətta xristian təsəvvürlərinə uyğunlaşdırılmışdır. Robert Mobili «Udilər. Onların dili, dini və ənənələri» məqaləsində onu da yazır ki, udilər də müsəlmanlar kimi cümə günlərini müqəddəs (halbuki xristianlıqda belə bir ənənə yoxdur) sayır.

Hazırda Azərbaycanda udilər kompakt halda Qəbələ rayonunun Nic kən- dində və Oğuz rayonunda yaşasalar da, XIX əsrin əvvəllərinədək onların bir hissəsi Azərbaycanın Qəbələ-Oğuz bölgəsindən başqa Qarabağ, Qazax-Tovuz bölgələrində də yaşamışlar. Lakin XIX əsrdə Azərbaycanın Rusiya imperiyası tərəfindən istilasından sonra İran və Türkiyədən yüz minlərlə erməninin Cənu- bi Qafqaza kütləvi şəkildə köçürülməsi sayəsində Azərbaycanın xüsusilə Qa- rabağ və Zəngəzur bölgələrinə İran və Türkiyə ermənilərini köçürülməsilə baş- latdığı etnik və dini siyasət nəticəsində bu ərazilərdə yaşayan əhalinin böyük əksəriyyəti, eyni zamanda yerli xristianlar da doğma torpaqlarından didərgin düşdülər. XIX əsrdə rus müəllifinin də qeyd etdiyi kimi, onlar müqəddəs yerlə- ri və kilsələri dağıdıldıqdan sonra doğma yerlərini tərk etmək məcburiyyətində qaldılar.8 Bu siyasətdən udinlər də ciddi ziyan səkmiş, onların etnik kimlikləri- nin, mədəniyyətlərinin və dini mənsubiyyətlərinin ağrılı və uzun sürən məhvi prosesi başlanılmışdı. Eyni zamanda, erməni kilsəsinin məkrli siyasəti nəticə- sində Alban kilsəsinin də fəaliyyəti dayandırılmışdı. Belə ki, 1836-cı il mart ayının 11-də Rusiya imperatoru I Nukolayın erməni-qriqorian kilsəsi ilə bağlı fərmanına əsasən,  Alban həvari kilsəsinin bütün mülkiyyəti, dini tikililəri və s. Eçmiədzinin sərəncamına verilmişdi. Üstəlik, 1910-cu ildə Rusiya sinodundan Alban kilsəsinin arxivinin ləğv edilməsi haqqında razılıq alan Eçmiədzin Qafqaz Albaniyasının xristianlıq tarixinə dair bütün sənədləri və maddi irsin bir hissəsini məhv etmiş, qalan hissəsini isə erməniləşdirmişdir.

XIX əsrdə Alban kilsəsinin ləğv edilməsi prosesi son albanların etnik kim- liklərinin də məhv edilməsi prosesi ilə müşayiət olundu. XX əsrin əvvəllərin- də rus müəlliflərinin də qeyd etdiyi kimi erməni-qriqorian məzhəbini qəbul etmək məcburiyyətində qalan Qarabağ əhalisi yanlış olaraq erməni adlan- dırıldı. Alban kilsəsi də monofizit olduğu üçün udilərin əksəriyyəti qriqori- an kilsəsinə aid edilmişdi. Hətta XIX əsrin sonunda və XX əsrin əvvəllərində əhalinin siyahıya alınması zamanı qriqorianlığı qəbul etmiş udilər məqsədli şəkildə «erməni», pravoslav olanları isə «gürcü» kimi göstərilmişdi. Məsələn, XIX əsrin sonunda Nuxa qəzasında, Zaqatala dairəsində, həmçinin Oğuzda yaşayan udilər pravoslavlığı qəbul etdiyi üçün gürcü kimi qeydə alınmışdılar. Bu proses yalnız udiləri deyil, xristian tatları, ingiloyları, hətta türkləri də əhatə etmişdi. Məsələn, Qəbələnin Sultan Nuxa kəndində yaşayan, nə erməni, nə də udi dilini bilən, Azərbaycan türkcəsində danışan xristian əhali də «erməni» kimi qeydə alınmışdı.10 Onu da əlavə edək ki, udilərin erməni kilsəsinə tabe olmaq istəməyən hissəsi islam dinini qəbul etmişdi. 

XIX əsrdə assimilyasiyadan qaçan udilərin sığınacaq tapa bildiyi yer- lərdən biri də Qazax qəzasının Kirzan kəndi olmuşdur. Qazax qəzasının Bozalqanlı bölgəsində (indiki Tovuz rayonunun ərazisində) yerləşən bu kənd XX əsrin 30-cu illərinə qədər udilərin yaşayış məntəqəsi kimi qeydə alın- mışdı.11 A.Yeritsov 1886-cı ilə aid olan «Yelizavetpol quberniyasının Qazax qəzasında dövlət kəndlilərinin iqtisadi məişəti» adlı geniş hesabatında verdiyi məlumata görə, Kirzan kəndi tamamilə udi əhalisindən ibarət idi: «Burada 700-dən çox ev var idi. Qədim udilərin varisləri indi də burada yaşayırlar. Onların bir hissəsi ermənicə danışsalar da, digərləri öz qədim əcdadlarını və udi dilini xatırlayır».

SSRİ-də etnodemoqrafiya təliminin əsasını qoymuş professor Solomon Bruk da Kirzan kəndinin sakinlərinin assimilyasiyadan qaçaraq burada sığı- nacaq tapan udilərdən ibarət olduğunu yazırdı. Lakin XIX əsrin ortalarına kimi kənddə 700-dən çox ailənin yaşamasına baxmayaraq, həmin əsrin so- nunda – 1873-cü ildə zorla qriqorianlaşdırılma siyasəti nəticəsində dini və etnik təcavüzə məruz qalan bu kənddə cəmi 29, 1885-ci ildə isə 26 udi ailəsi qalmışdı. Kənd əhalisi hələ ötən əsrin 30-cu illərində udi dilini müəyyən qə- dər qoruyub-saxlamağa müvəffəq olsa da, sonrakı onilliklərdə onlar tamamilə erməniləşdirilmişdilər. 1930-cu ildə Bakıda çıxan «İnqilab və mədəniyyət» jurnalında dərc olunmuş «Dünyada üçüncü udi kəndi» məqaləsində də Kirzan kəndindən, onun udi əhalisindən bəhs olunur və yaşayış məntəqəsinin 36 tüs- tüdən (evdən) ibarət olduğu bildirilirdi.

Hazırda udilər əsasən Qəbələ rayonunun Nic kəndində və qismən Oğuz rayonunda yaşasalar da, XIX əsrə qədər onların məskunlaşma ərazisi daha ge- niş olmuşdur. XIX əsrin əvvəllərindən etibarən Qarabağdakı erməni kilsəsi və Çar Rusiyası tərəfindən assimilyasiya edilməsinə etiraz edən udilər milli identikliklərini qorumaq üçün Azərbaycanın digər bölgələrinə, əsasən Nuxa qəzasına pənah gətirmiş, Nic, Vartaşen (Oğuz), Vardanlı, Mirzəbəyli, Sul- tan-Nuxa, Courlu, Malıx kimi kəndlərə sığınmışlar. XIX əsrdə xüsusilə Nic kəndi udilərin mərkəzinə çevrilmişdi. Bu proses udilərin XIX əsrə aid statisti- kasında da özünü büruzə verir. 1895-ci ilə aid statistik məlumatda Nicdə 5084 nəfər, 1908-ci ildə 7657 nəfər udi qeydə alınmışdı.

1910-cu ildə isə onların sayı 10 minə çatmışdı.17 Nic əhalisi də udilərin bir hissə- sinin buraya Qarabağ və To- vuz kimi müxtəlif ərazilər- dən köç etdiyini söyləyir. Bu köç posesinin izlərini Nic kəndində udi dilinin bir neçə dialektə bölünməsin- də də görmək mümkündür. Udilər Qafqaz dilləri ailə- sinin ləzgi yarımqrupuna aid edilən udi dilinin Oğuz və Nic dialektində danışır- lar. Nic dialektinin özü də bir neçə qrupa bölünür. Bu dialektlər   vaxtilə Qarabağ və Tovuz bölgələrindən (Tovuz rayonunun Kirzan kəndi, həmçinin Qarabağ bölgəsində Tərtər rayonunun Seysulan kəndi) Oğuz və Nic ərazilərinə köç- müş udilərə xas olub, tədricən Nic dialekti ilə qaynayıb-qarışmışdır.18 Udilə- rin bir hissəsinin erməni-qriqorian kilsəsinin təqibləri üzündən Azərbaycanın müxtəlif bölgələrindən Nic kəndinə kütləvi pənah gətirməsini bu məntəqədəki məhəllə adları da təsdiq edir: Məlikli, Ferimli, Malbel və s.

Udilərin faciəvi taleyinə baxmayaraq, onların böyük hissəsi öz qədim kök- lərini yaddan çıxarmamış, inanclarını və etnik mədəniyyətlərini qoruyub-sax- laya bilmişlər. Hətta 1853-cü ildə onlar üçün erməni kilsəsi tikilsə də, udilər inadlarından dönməmiş, dini ayinləri evdə icra etməyi üstün tutmuş, tarixi ənənələrə sadiq qalaraq Kala Gergets (udi dilində: böyük kilsə) adlandırdıqları 

Müqəddəs Elisey, Komrad məbədləri kimi qədim Alban kilsələrinə ziyarətləri- ni davam etdirmişlər. O da maraqlıdır ki, həmin məbədlər bölgənin müsəlman əhalisi üçün də müqəddəs yer – ocaq sayılmaqdadır. Etnik mənsubiyyətindən və dinindən asılı olmayaraq, bölgə əhalisinin Komrad (Qəbələ), Azərbaycan türkləri arasında «Qala piri» kimi tanınan Müqəddəs Elisey (Oğuz), Armatay  (Zaqatala), Kürmük (Qax) kimi qədim alban məbədlərini ziyarət etməsi, bura- da qurbanlar kəsməsi (xristianlıqda belə ayin yoxdur) islamaqədərki inanclara, xüsusilə Qafqaz Albaniyası xristianlığına aid ənənələrin xalq yaddaşında qa- lan izləridir. Onu da əlavə edək ki, udilər Azərbaycan türkləri kimi müqəddəs yerlərə, pirlərə «ocaq» deyirlər. Öz xristian məbədlərini belə ocaq – Komrat ocaq, Çotari ocaq, Yaloylutəpə ocaq, Müqəddəs Georgi ocağı, Bulun ocaq adlandırırlar. Bu, bütövlükdə azərbaycanlıların öz tarixi yaddaşlarına sadiq qaldığını və kökü qədim alban mədəniyyətinə, dini dünyagörüşlərinə daya- nan ümumalban-ümumazərbaycan ənənələrini xalq inanclarında bu günədək özünəməxsus şəkildə yaşatdıqlarını göstərir.

Udi xalqının maddi-mənəvi irsi, folkloru zəngindir. Onlar Ay kultu, Günəş kultu kimi qədim alban inanclarını xristian ənənələrində yaşatmağa çalışmışlar. Qeyd etmək lazımdır ki, Azərbaycanın digər bölgələrinə nisbətən Ay və Günəş kultlarının qədim izləri ölkənin şimal-qərb regionunun əhalisi içərisində, o cümlədən udilər arasında daha çox mühafizə olunmuşdur. Ay, Günəş kultu ilə baglı qədim alban dini dünyagörüşləri udilərin etnik ənənələrində bu gün də bütün canlılığı ilə yaşamaqdadır, Azərbaycanın Alban-udin xristian icmasının sədri Robert Mobili yazır ki, «hətta xristian dininin qəbul edilməsindən son- ra digər Alban tayfaları kimi udilər də öz qədim adətlərini unutmamış, onları yeni dinə uyğunlaşdıra bilmişlər. Məsələn, evdə ocağın qədimdə ol- duğu kimi gecə-gündüz yanması onların atəşpərəstlik təsəvvürləri ilə bağ- lıdır. Keçmişdə udilər də, albanlar da baş ilahi olan Aya sitayiş etmişlər. Bu gün də onlar bəzən Aya dualarını edirlər». 

XIX əsrdə udi mənşəli müəllif M.Bejanovun verdiyi məlumata görə, bu qədim alban tayfası əski inanclarına sadiq qalaraq Aya qurbanlar kəsər, sonsuz qadını təzə ay işığında axar sudan keçirərdilər. M.Bejanovun udilər arasında müşahidə etdiyi «təzə aydan uzun ömür diləmək» ənənəsi Azərbaycanın bir çox bölgələrində indi də qalmaq- dadır. Bu ənənə hazırda islam ideologiyası ilə qaynayıb-qarışmışdır və təzə ayı görən zaman yaşlı insanlar islam adəti ilə salavat çevirərlər. Belə ki, türk xalqlarının çoğrafiyasında təzə ay (aypara, hilal) hər zaman həyat, nəsil artımı, bolluq rəmzi olmuşdur. Ay tanrıçasına sitayişlə bağlı məqamlar udilərin digər məişət ənənələrində də öz əksini tapmışdır. Məsələn, udilər vəfat etmiş adam haqqında Buxajuğun xaş kanbi, yəni «Allah onu Ay eləsin» ifadəsini işlədirlər. Daha sonra aya andiçmə kimi adətin olması da diqqət çəkir. Belə ki, udilər and içərkən Xaş axçin, yəni «Ay haqqı» deyirlər. Yerli sakinlərin verdiyi məlumata görə, əvvəllər udilər xəmir yoğurarkən yanında ay şəkli qoyarlarmış. Bütün bunlar hələ Strabonun albanlarla bağlı qeyd etdiyi Ay ilahəsinə sitayişin izlərini daşımaqdadır.

Udilər həftənin bazar gününü qədim təqvimlərdə olduğu kimi “Günəş günü” adlandırır, yayın qızmar çağında Günəşin şərəfinə Vərtivər bayramını keçirirlər. Bu bayram haqqında mə- lumata Musa Kağankatlının «Alban tarixi» əsərində də rast gəlirik. Müəl- lif albanların yayın isti günlərində Günəşin şərəfinə xaçqaldırma ayinini icra etdiklərini yazırdı.21 Qeyd edək ki, xaç işarəsi xristianlıqdan öncə al- ban tayfalarında, o cümlədən qədim türklərdə Günəşin rəmzi sayılmışdır. Xristianlığaqədərki inamları özün- də cəmləşdirən bərabərtərəfli Alban xaçı göylə yerin əlaqəsini, günəş, işıq, nur və məhsuldarlıq simvolunu özündə əks etdirən işarələrə malik ol- muşdur. Udilər Vərtivər bayramında sübh tezdən Günəşi salamlayar, çöl çiçəklərindən bərabərtərəfli xaçvari çələnglər toxuyub evlərə paylayarlar. Onlar hətta kilsədəki xaç suyunu  da Günəşin əlaməti – «qızıl su» və ya «nur suyu» adlandırırlar.
Qədim və ümumazərbaycan ənənəsi olan Ağac kultu, Ağac pirləri Qafqaz Albaniyasında da geniş yayılmışdı. Musa Kağankatlı Albaniyada «bütpərəst- lərin» uca, qocaman ağaclara sitayiş etdiklərini, ona qurban kəsdiklərini, əha- linin müqəddəs palıd ağacının tökülmüş yarpaqlarını və ya quru budaqlarını belə öz ehtiyacları üçün yığmadıqlarını bildirirdi. M.Bejanovun qeydlərindən  məlum olur ki, bu inamın izləri də XIX əsrdə udilər arasında qalmaqda idi. Müəllif yazırdı ki, Oğuz rayonunda müqəddəs sayılan qədim bir palıd ağacının altında udilər şam yandırar, qurban kəsərdi. Heç kəs ağacın nəinki yaşıl, hətta qurumuş budaqlarını belə qırmağa cəsarət etməzdi. Qurumuş budaqlar ağacın dibinə yığılar və ancaq qurbankəsmə mərasimlərində istifadə edilərdi.

М.Kağankatlı Qafqaz Albaniyasında “ağaca qurban kəsmək, qanının yar- paqlara çilənib, kəlləsinin və dərisinin isə budaqlardan asılması adətinin ol- duğunu da yazırdı. Nic kəndində udilərin qədim sitayiş yerdlərindən olan “Toyuq piri”ndə, həmçinin Qəbələ bölgəsindəki Komrad pirində bu ənənə qorunub-saxlanılmışdır. Burada kəsilən heyvanın ayaq və başı hündür ağac- dan asılardı. Ümumiyyətlə, XIX əsrdə Azərbaycanın Gəncə, Lənkəran, Astara kimi bir çox bölgələrində müqəddəs ağacların altında qurban kəsərək, dərisi- nin ağacdan asılması ənənəsi mövcud olmuşdur.  

Udilər xristian olmalarına baxmayaraq, demək olar ki, bütün dini bayram- larında məsələn, “Kala Аxsibay” (böyük bayram) adlandırdıqları Pasxanın ilk günündə «Kala Qerqets» adlandırdıqları Yelisey məbədində, həmçinin Kom- rad pirində qara qoç qurban kəsər, ətini kasıblara paylayardılar.25 Bu ziyarət- gahlar bölgədə yaşayan Azərbaycan türklərinin, maraqlıdır ki, həm də Quba bölgəsində məskunlaşmış albanların birbaşa varislərindən sayılan xınalıqlıla- rın da ən çox getdikləri yerlərdir.

Hələ XIX əsr mənbələrində, məsələn, türkoloq A.Şefnerin əsərlərində udilə- rin çox qədim dövrlərdən etibarən Azərbaycan türkləri ilə qaynayıb-qarışması haqqında geniş məlumat verilir.26 Udilər və Azərbaycan türklərinin həyat tərzi və etnik mədəniyyətləri arasında oxşarlıqlara toxunan qafqazşünas alim Q.Vo- roşil yazırdı ki, udilər Azərbaycan türklərindən təkcə söz almamışlar. Udilərin nağıl və təmsilləri, atalar sözləri, zərb-məsəlləri də Azərbaycan dilindən götü- rülmədir. Üstəlik, geyimləri, adət və ənənələri ilə Azərbaycan türklərindən az fərqlənirlər. 

Azərbaycan türklərində olduğu kimi udilərin də “bəlgə” adlan- dırdıqları nişan mərasimində qıza qırmızı şal və ya yaylıq gətirmək ənənəsi mövcuddur. Udi ənənəsinə görə, gəlin gedərkən qız mütləq bu şalı da özü ilə aparmalıdır. Bundan başqa, udi dilində xaç atasının xristian türklərin dini ter- minologiyası ilə xaçbaba adlandırılması da Qafqaz Albaniyası xristianlığına türk etnomədəniyyətinin təsirinin göstəricisidir.

Azərbaycan türklərində elçilik, toy ərəfəsində ağsaqqalların məsləhət üçün toplaşdığı məclis – «Ağsaqqal aşı», «Salahaşı» mərasimi udilərdə məşvərət  adı ilə yayılmışdır. Azərbaycanın bir sıra bölgələrində «malkəsdi», «ağamət- lik» kimi tanınan adət – toy cöngəsinin kəsilməsi udi toylarının vazkeçilməz ənənəsidir və ona daha qədim adla əttuq (ətlik) deyirlər. Hələ keçən əsrin 50-ci illərində udilərin toy şənliklərində iştirak etmiş xalq şairi Səməd Vurğun bu məclisləri Dədə Qorqud boylarında təsvir olunan düyünlərə bənzədirdi.

Udilərin toy mətbəxi də Azərbaycan türklərinin süfrəsindən o qədər də fərqlənmir. Burada süfrəyə əsasən şiləxup (şilə, sıyıq-plov), kələm dolması, çaraka (kabab), yəxni (buğlama), tərəvəzlər, müxtəlif növ şoraba, pendir və göyərti düzürlər. Türk eposu “Dastani-Əhməd Hərami”də adı çəkilən yəxni, hərisə kimi qədim mərasim yeməklərimiz udilərin də toy və yas mərasim- lərinin əsas yeməklərindəndir.29;30 Maraqlıdır ki, qədim türk mərasim yemək- ləri olan çilov, xəşil, yəxni, xup, hərisə bu gün Azəbaycan türklərinin məişət ənənələrində qorunub-saxlanılmasa da, udilərin milli mətbəxində qalmışdır.

Toy ərəfəsində ən yaxın qohumlar, ağsaqqallar oğlan evinə çağrılardı. Mas- lahat toyi adlandırılan bu məclisdə hər kəsin vəzifəsi – kimin divanbəyi (toybə- yi, toybaşı), aşçi (aşpaz), mağarbaşı, yasavul (ayaqüstü, sərpayı), kimin  otaxçi və ya çardakçi (toy ərzağına və içkilərə nəzarət edən), hansı cavanların isə qul- luxçi və ya ayaxçı (qulluqçu, süfrəyə xidmət edən) olması müəyyən  edilərdi.

Bəyin ailəsi mütləq qız evinə xüsusi hədiyyələr göndərməli idi. Əvvəlcə qızın anasına süd- pulu ödənməli, sonra dayısına tayıluq (dayılıq), xalasına xalaluq, əmisinə ammuq (əmilik), bibisinə isə daduq adlanan hədiyyələr çatdırılmalı idi. Toy günü oğlan adamları qız evinə çatanda onların həyətə daxil olmasına icazə verməzdilər. Azərbaycanın digər bölgələrində olduğu kimi içəri girmək üçün əvvəlcə gəli- nin yaxınlarına mütləq doqqaz akkı (doqqaz haqqı, qapı pulu) ödəməli idilər. Bəy evində evlənənlər  üçün karday (gərdək) qurular, xaçbaba (xaç atası) oğlana nəsihətlərini verər, onu və dostlarını öz evinə aparar, süfrə açardı. Gəlin isə yenka (yengə) nəsihətlərinə qulaq asardı.

Udi və Azərbaycan türklərinin ailədaxili münasibətlərində də eynilik çox- dur. Məsələn, udilərdə də nişanlılar toy gününədək bir yerdə ola bilməzdilər. Toydan sonra da Azərbaycan türklərində olduğu kimi evdə heç kəs, hətta həyat yoldaşı da böyüklərin yanında gəlini öz adı ilə cağırmazdı. Evdə gəlinin qayınatası ilə birbaşa danışması da «hörmətsizlik» kimi dəyərləndirilərdi. Udilərdə dayıya xüsusi münasibət vardır. Oğlan uşağının tərbiyəsinin ananın qardaşlarına (dayılara) həvalə olunması kimi matriarxat dövrünün qaydalarını əks etdirən bu qədim ənənənin izlərinə həm Azərbaycan türklərində, həm də Azərbaycanın alban mənşəli saxur, rutul, xınalıq kimi digər etnoslarında rast gəlinməkdədir. Dayı udilərin toy məclislərinin, matəm mərasimlərinin ən hörmətli iştirakçılarından biridir. Bəy nişanda da, toy günündə də gəlinin dayısına xüsusi ehtiram göstərməli, ona tayıluq verməlidir. Hətta elçilikdən əvvəl oğlan evinin ağsaqqalları qızın dayısının ağzını aramalı, onun vasitəsilə nənəsinin razılığını almalı idilər.

Udilərin milli geyimlərinə gəldikdə isə keçmişdə qurat (dik yaxalıqlı üst  köynək), kxülü (şalvar), çuxa, arxalıq udi kişilərinin ənənəvi geyimi olmuşdur. Paltarın üstündən gümüş toqqalı dəri kəmər taxar, xəncər asardılar. Ayaq- larına çarıq, çəkmə geyər, başlarına qoyun dərisindən papaq qoyardılar. Qadın paltarları isə geniş tuman və şalvardan, ətəyi dizə çatan arxalıqdan ibarət idi. İmkanlı xanımlar arxalığın üstündən gümüş kəmər, qalanları isə parçadan kuş- tuk adlanan qurşaq bağlayardılar. Arxası olmayan dikdaban ayaqqabılar –koş keçmişdə imkanlı udi xanımları arasında geniş yayılmışdı. Qadınlar başlarına daqqa adlanan mürəkkəb baş geyimi qoyardılar. Daqqa udilərin katar adlan- dırdıqları dairəvi araqçından, onun üstünü örtən və çənənin altından düyün- lənən yaylıqdan – çələbənddən ibarət idi. Daqqanın üstündən yalıqat (ağ üçkünc yaylıq) və təpəlik (kiçik yaylıq), ən nəhayət, dinaya adlanan qara örpək bağlayardılar. Ərli qadınlar ağızlarını yaşmaq ilə örtərdilər.

Bu gün Nic kəndi Azərbaycanda müxtəlif dinlərə tapınan, fərqli dillər-   də danışan insanlar arasında tarixən birgəyaşayış normalarının yaranmasının bariz nümunələrindən biridir. Əhalisi təqribən 6800 nəfər olan bu kənddə iki məscid və üç kilsə vardır. Buradakı beş məktəbdə Azərbaycan dili ilə yanaşı udi dili də tədris olunur. Bundan başqa, qədim tarixi tikililərlə zəngin olan Nic kəndində mədəniyyət evi, kitabxana, xəstəxana, dörd klub və uşaq bağçası da fəaliyyət göstərir. Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu milli siyasət  nəticəsində udi etnosunun da milli-mədəni hüquqları tamamilə bərpa olunmuşdur. Prezident İlham Əliyevin Nic Nic kəndinin, udilərin qədim tarixə, mədəniyyətə malik olduqlarını, Azərbaycan xalqlarının birliyinə böyük töhfələr verdiyini vurğulayaraq demişdir: «Azərbaycanda yaşayan bütün xalqlar eyni hüquqa malikdir, eyni səviyyədə yaşayır və bundan sonra belə də olacaqdır. Azərbaycan Respublikasının Prezidenti kimi mən bundan sonra da əlimdən gələni edəcəyəm ki, Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi özünü rahat hiss etsin». 

Azərbaycanda Alban həvari kilsəsinin statusu, dini tikililərin bərpası istiqamətində də bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Məsələn, 2003-cü ildə Alban-Udi Xristian İcması təsis olunmuş, Nic kəndindəki Çotari udi-alban kilsəsi əsaslı təmir olunaraq dindarların ixtiyarına verilmişdir. 1836-cı ildən – Alban həvari kilsəsinin ləğvindən sonra özlərinə məxsus dini bayramlarını və ənənələrini icra etmək hüququnu itirmiş udilər bu gün həmin xristian ənənələ- rini yaşatmaqdadırlar. Azərbaycanda xalqların və dinlərin tarixən formalaşmış ortaq birgəyaşayış qaydaları, etnik və dini ayrı-seçkiliyin olmaması udilərə də etnik mədəniyyətlərinin inkişafında əlverişli imkanlar açmışdır. Hazırda Nic kəndində «Orayin» udi milli-mədəniyyət mərkəzi, Alban-Udi Xristian İcması, Oğuzda isə udilərin mədəniyyət cəmiyyəti fəaliyyət göstərir. Udilər Qafqaz Albaniyası xristianlığının daşıyıcıları olmaqla,öz etnik mədəniyyətini, dilini, dinini, etnik kimliyini və etnik adını uğurla yaşatmaqdadırlar.

Son dövrlərdə Azərbaycan dövlətinin fəal dəstəyi ilə udilərin sıx məskun- laşdıqları Nic kəndində dini və mədəni-kütləvi tədbirlərin keçirilməsi ənənə halını almışdır. Bundan başqa, Azərbaycan Respublikasının multikulturalizm siyasətinə, Alban həvari kilsəsinin bərpasına dair xarici ölkələrdə – İngiltərə, İtaliya, Fransa və Türkiyə və s. dövlətlərdə beynəlxalq konfranslar təşkil olunur, udin icmasının nümayəndələri həmin tədbirlərdə fəal iştirak edirlər. 2016-cı ilin iyul ayında Qəbələdə keçirilmiş beynəlxalq konfransda Alban həvari kilsəsinin bərpasının istiqamətləri, udilərin dini, etnik tarixi və digər məsələlər geniş müzakirə edilmişdir.

Bu gün Azərbaycan Respublikasında Alban kilsəsinin bərpası və intibahı ilə bağlı müxtəlif beynəlxalq konfransların keçirilməsi, udilərin alban xristian ibadətlərini özünəməxsus şəkildə dini və məişət ənənələrində davam etdirə bilməsi, bununla da öz mədəniyyətini, dilini, dinini, etnik kimliyini və etnik adını günümüzədək qoruyub-saxlaya bilməsi Azərbaycanın hər zaman sadiq qaldığı tolerantlıq ənənələrindən irəli gəlir. Bu gün Nic kəndi müsəl- man və xristian udilərin birgə yaşadağı, kilsə və məscidin yan-yana fəaliyyət göstərdiyi Azərbaycan tolerantlığının kiçik bir modelidir.

 

Mənbə: Məhəbət Paşayeva, Araz Qurbanov. Biz azərbaycanlıyıq: qısa etnoqrafik oçerklər. - Bakı, 2018. 232 s.

 

Xəbərlər
Redaktorun seçimi