İngiloylar
Azərbaycanın Zaqatala, Qax, Balakən rayonlarında azərbaycanlılar, avarlar, zaxorlarla birgə yaşayan etnik qrup ingiloylar adlanır. Bu qrupun nümayəndələrindən əsasən müsəlmanlar və çox az hissəsi xristianlar gürcü dilinin cənub dialektində danışırlar. XIX əsrdən başlayaraq belə bir fikir irəli sürülmüşdür ki, guya ingiloylar etnik mənsubiyyətə görə XVIII əsrdə islam dinini qəbul edən gürcülər olmuşlar. Guya ki, ingiloy sözü “yeni” və yol (özlərinə yeni yol seçənlər) sözlərinin birləşməsindən əmələ gəlmişdir. Ancaq yeni yol başqa heç bir şeylə əsaslandırılmamışdır. Tarixi məlumatlara görə azərbaycanlılar ingiloyları “qellər” adlandırırlar.
Qax rayonunun İlisu kəndindəki ingiloyların qellər, avarlar tərəfindən qeloylar, zaxorlar tərəfindən qelovlar adlandırılması ona əsas verir ki, ingiloy etnonimi azərbaycanca yeni qellər sözlərinin birləşməsindən yaranmışdır. Qellər komponenti qədim qel etnonimi ilə əlaqələndirilir. Strabonun (I əsr) məlumatına görə qellər amazonkalıların arasında yaranmışlar. Bu faktı Plutarx da (II əsr) təsdiq etmişdir. Qədim gürcü mənbələrində Dağıstan xalqları “leki” adlanır.
Qellərin Qafqaz dağlarında və yaxud Şimali Qafqazda yaşadıqları söylənilmişdir. K.Əliyev təsdiq edir ki, qellər Dağıstanın cənubunda yaşamışlar. Bununla əlaqədar Trever belə bir fikir irəli sürmüşdür ki, Strabonun və Plutarxın amazonkalılar adlandırdığı xalq alazanlar, Alazan çayı sahillərində yaşayanlar olmuşlar. Beləliklə, müasir ingiloylar (qədim qellər) iki min ildir ki, eyni bir yerdə – Alazan çayı ərazisində yaşayırlar.
İngiloyların əcdadları olan qellər orta əsrlərdə dinin inkişafı nəticəsində dilləri gürcüləşmiş irandilli Albaniya tayfaları olmuşlar.
İngiloyların əcdadları Albaniya vilayətinin ərazisi olan Eritedə yaşamışlar. Müxtəlif dövrlərdə Gürcüstanın tərkibinə daxil olan qellər gürcü-provaslav dininin təsirindən gürcü dilini qəbul etmiş və beləliklə, gürcü dilinin ingiloy dialekti yaranmışdır. Hələ N.Y.Maar qeyd etmişdir ki, qədim Eretiya vilayəti həqiqətən gürcüləşmiş Albaniya olmuş, sonralar Kaxetiyanın sərhədlərinə daxil olmuşdur. S.T.Yeremyan da həmçinin qeyd edir ki, Ereti Albaniyanın gürcüləşmiş hissəsidir. Qeyd etmək lazımdır ki, ingiloyların yaşadıqları kənd adlarından heç birinin gürcü dili ilə əlaqəsi yoxdur. Onların yaşadıqları Qasımallı, Zəyəm, Korağan, Əlibəyli, Kötüklü – Qax, Əliabad, Mosul-Zaqatala, İtitala-Balakən ingiloy kəndləri Azərbaycan dilli adlardır. Qədim toponimlərdə qel etnoniminə rast gəlinir. Ptolomeyə görə Alban şəhəri Qelda, Qevanda, Qelavu adlanır.
Qelda toponimində olan qel etnonimin Qoloda toponimi ilə müqayisə etmək olar. Qədimlərdə avarlar Zaqatala rayonunda ingiloyların yaşadıqları ərazini Qoloda adlandırmışlar. Kür çayının şimal hissəsi ilə Şəki arasında olan ərazi Qelavu adlandırılmışdır. İngiloyların yaşadıqları Albaniyanın Şimal-Qərb hissəsini zaxor və avarlar Qelavu və Qoloda adlandırırlar ki, həmin sözlərin səslənmə ahəngi də xüsusilə diqqəti cəlb edir.
Son 200 ildə ingiloyların tarixi saxtalaşdırılmış və bəzi qafqazşünaslar tərəfindən özünküləşdirilmişdir. Təbii ki, burda siyasi maraqlar əsas rol oynamışdı. Çünki ingiloyları konfessional, yəni dinini dəyişmiş əhali qrupu kimi təqdim edən tədqiqatçılar onları öz tarixi-etnik kökündən kənar salmağı, gürcüdən törəyən və sonradan İslamı qəbul etmiş etnik qrup kimi verməklə əslində onların yaşadıqları tarixi torpaqlara iddialarını əsaslandırmaq məqsədi ilə bunu etmişdilər.
Onların və gürcü dillərini müqayisə etmiş məşhur akademik N.Y.Marr yazırdı: “...İngiloylar barədə hələlik onların özlərinin deyil, gürcülərin fikri məlumdur”. Bu bir daha onu göstərir ki, ingiloylar gürcü hakimiyyəti altında olduğu dövrdə assimilyasiya prosesinə məruz qalıblar. Bu baxımdan ingiloyların müasir dili şərq dialekti kimi hesab olunur.
İngiloyların dili gürcü dilinə yaxın (gürcü dilinin cənub dialekti) olduğu üçün ingiloyları gürcüdən dönmə hesab edənlər, hətta bu aspektdən çıxış edib, Azərbaycan Respublikasının bəzi ərazilərini gürcülərə aid edənlər də var.
Azərbaycan müstəqillik əldə etdikdən sonra bu istiqamətdə məqsədyönlü tədqiqatlar aparılıb. Tarix elmləri namizədi Şirinbəy Əliyevin “Şimali-Qərbi Azərbaycan: ingiloylar” kitabında ingiloyların tarixi tamamilə tədqiq olunub. Müəllif yazır ki, ingiloylar Qafqaz Albaniyasında yaşamış və yunanlara məlum olan 26 tayfadan biridir. Çünki yunan müəllifləri ingiloyların qədim əcdadı olan gel tayfaları haqqında məlumat veriblər və onların yaşadıqları etnik əraziləri də göstəriblər. Çox maraqlı faktlardan biri odur ki, ingiloylar ötən 2 min ildən çox bir tarixdə elə eyni ərazidə məskunlaşmaqda və yaşamaqda davam edirlər. İngiloyların müstəqil etnos olması ilə bağlı yüzlərlə faktlar var. Onların maddi və mənəvi mədəniyyəti, məişəti, təsərrüfatı bilavasitə onların özlərinə məxsusdur.
İngiloyların sayı ilə bağlı da ziddiyyətli məqamlar var. Belə ki, Azərbaycanın Dövlət Statistika Komitəsinin məlumatında ingiloyların deyil, gürcülərin sayı barədə məlumatlar verilir. Azərbaycanın regionları üzrə statistik göstəricilərdə də gürcülər barədə məlumat verilir. Heç bir son dövrlərin statistik məlumatında ingiloy adı altında say göstəricisinə rast gəlinmir. Bu da yəqin ki, ingiloyların gürcü mənşəli olmaları ilə bağlıdır. Biz də Azərbaycanın regionları üzrə ölkədə yaşayan gürcülər barədə məlumat veririk. Onların sayı 14 800 nəfərdən çoxdur. Belə ki, Qax rayonunda – 7450, Zaqatalada – 3075, Bakı şəhərində – 2340, Balakəndə -1731, Gəncədə -136, Sumqayıtda -46, Şəkidə -13, Mingəçevirdə -10, Ağstafada -7, Şəmkirdə -5, Lənkəranda – 3, Yevlaxda -3, Əli-Bayramlıda -3, Masallıda – 2, Daşkəsəndə -2, Qazaxda -2, Samuxda -2, Ağdaşda -2, Göyçayda -2, Qəbələdə -2, Tərtərdə -2, Abşeronda -1, Siyəzəndə -1, Ağcabədidə -1, Hacıqabulda -1, İmişlidə -1, Kürdəmirdə -1, Neftçalada – 1, Saatlıda -1 gürcü yaşayır.
Təhsil Nazirliyi Azərbaycan Respublikası Konstitusiyası, Təhsil Qanunun tələblərini və Avropa Xartiyasının prinsiplərini rəhbər tutaraq, azsaylı xalqların dillərinin, tarixi və mədəniyyətinin öyrənilməsi istiqamətində mümkün imkanlardan istifadə edir. Hazırda respublikamızın 1205 şagird əhatə olunmaqla 6 məktəbində təlim yalnız gürcü dilində aparılır. Təlim Azərbaycan-gürcü dillərində aparılan 5 məktəbdə 1101 nəfər gürcü bölməsində, təlim Azərbaycan, rus və gürcü dillərində aparılan 1 məktəbdə 146 şagird gürcü bölməsində, 90 şagird rus bölməsində təhsilə cəlb edilmişdir. Beləliklə, respublikanın 12 məktəbində 2452 şagird gürcü dilində təhsil alır. Balakən, Qax, Zaqatala bölgəsində ingiloyların məktəbyaşlı uşaqları valideynlərin arzu və istəyindən asılı olaraq təhsillərini Azərbaycan, gürcü və rus dillərində alırlar.
Qeyd edək ki, gürcü məktəblərində humanitar fənlər üzrə dərslikləri Azərbaycanın Təhsil Nazirliyi hazırlayır və 8-ci sinfə qədər pulsuz paylayır. Dəqiq və texniki elmləri əhatə edən dərsliklər isə Gürcüstandan gətirilir. Gürcü şagirdlərin 70 faizi Azərbaycan dili dərsliklərinə malikdirlər. Gürcüstanın Təhsil Nazirliyinin bir sıra kitabları göndərməyə belə imkanı olmur. Belə olan təqdirdə rayonun sabiq deputatlarından biri öz şəxsi vəsaiti hesabına Gürcüstandan Qaxda yaşayan gürcülər üçün kitab alıb və onlara paylayıb.
Qax rayonunun Əlibəyli, Gürcü Kötüklü, Qax İngiloy və Meşəbaş kəndlərində əsasən gürcülər yaşayırlar. Torağan və Xələfsala kəndlərində də gürcülər var. Yaşlı nəslin nümayəndələri azərbaycanlılarla qaynayıb-qarışsalar da gənclərin dil problemi var. Onlar yaşadıqları ərazidə öz dillərində danışdıqları üçün qonşu kəndlərə, rayona, lap elə paytaxt Bakıya gələndə çətinlik çəkirlər. Tədqiqatlar göstərir ki, bölgədəki gürcü məktəblərinin Azərbaycan dilinə və tarixinə münasibəti lazımi səviyyədə deyil. Müəllimlər və valideynlər gürcü məktəbləri üçün Azərbaycan dili dərsliklərinin çatışmazlığından giley edirlər. Baxmayaraq ki, onlara öz dillərində təhsil almaları üçün rayonda zəruri şərait yaradılıb.
Gürcü məktəblərində Azərbaycan tarixini Bakı Dövlət, Pedaqoji Universitetlərin tarix fakültəsini bitirmiş məzunlar tədris edir.
Prezident İlham Əliyevin 2004-cü ilin iyunun 10-da Gürcüstana etdiyi səfəri zamanı kütləvi informasiya vasitələrində Azərbaycanın Qax-Zaqatala bölgəsində yaşayan bir qrup ingiloyun Gürcüstanın Dövlət Dəftərxanası qarşısında nümayiş keçirdikləri barəsində informasiyalar getdi. Lakin az keçməmiş Azərbaycanda yaşayan ingiloylar bəyanat yayaraq nümayiş keçirmələrinin səbəbi kimi Gürcüstan hökumətinin onların təhsilləri ilə bağlı lazımı vəsaitlərin vaxtı-vaxtında göndərilməsi istəyində olduqlarını ifadə etmişlər.
İndi böyük yaşayış məntəqələrində və ingiloyların öz ana dillərində danışdığı kəndlərdə həm Azərbaycan, həm gürcü bölməsi olan məktəblər fəaliyyət göstərir. Təhsil məsələsində başqa problem var. İldən-ilə gürcü bölməsinə uşaqların verilmə tendensiyası azalmağa doğru gedir. Səbəb də budur ki, indi Gürcüstan və Azərbaycan ayrı-arı respublikalardır, sərhəd var və s. Təbii ki, bu hal da valideynlərin işini çətinləşdirir. Ancaq ingiloyların bəzi hissəsi gürcü dilində on il təhsil alır, sonra Gürcüstana gedib ali təhsil alır. Ali məktəbi Gürcüstandan bitirdikdən sonra onların diplomlarının Təhsil Nazirliyində tanınmasında problemlər yaranır.
Son illər Gürcüstanda özəl məktəblər açıldı və saxta diplomlar aşkarlandı. Azərbaycanın təhsil naziri ciddi sistem yaratdı. Bu sistemin prinsipləri ingiloylara da ºamil edilir. İstisna hal kimi, bir insanın ingiloy olduğu məlumdursa və onun 10 illik orta təhsilinin sırf gürcü dilində olması nəzərə alınsın və bu uşaqların diplomlarının təsdiqi çox mürəkkəb sistemlə aparılmasın. Amma bu gün Gürcüstanda ali təhsil alıb qayıdan ingiloylar çətinliklərlə üzləşirlər və iş tapmaqda da problemlər olur.
İngiloy dilində 5 məktəb fəaliyyət göstərir ki, bu məktəblərin ümumilikdə 51 sinfi və 2600-dən artıq şagirdi var. Bu məktəblərdə I - IV siniflər üzrə mindən artıq şagird, V - IX siniflər üzrə 1200-dən artıq şagird, X - XI siniflər üzrə isə 352 şagird təhsil alır.
İnzibati rayonlardan Qax, Zaqatala və Balakəndə ingiloylar yaşayırlar. İngiloylar Balakəndə İtitala kəndində, Zaqatalada Əliabad, Mosul və Yengiyanda yaşayırlar. Qaxda isə vəziyyət bir qədər mürəkkəbdir. Qaxda o da maraq doğurur ki, ingiloylar həm dağın cənub yamaclarında, həm də Alazan vadisində yaşayırlar.
Hazırda ingiloyları ikiyə bölürlər: xristian və müsəlman ingiloylar. Xristian ingiloylar yalnız Qaxda yaşayırlar. Dövlət statistikasında xristian ingiloylar gürcü kimi qeydiyyata düşüblər. Bu ingiloylar XIX əsrin ikinci yarısında Rusiya imperiyasının və gürcü katolikoslarının təzyiqi altında məcburi xristianlaşma siyasətinə məruz qalıblar. O vaxtı onlar xristianlığı qəbul edəndə birmənalı olaraq onlara gürcü ad-soyadları verilib.
Yəni xristianlaşdırma siyasəti həm də gürcüləşdirmə siyasəti ilə paralel aparılıb. Nəticədə adı xristian olan bu gürcülər nə müsəlman kimi müsəlman, nə də xristian kimi xristian ola bildilər. İndi bir-iki kilsənin fəaliyyətini təmin ediblər. Ancaq bütövlükdə orada bir dini boşluq hiss olunmaqdadır. Statistikada səhvən xristian ingiloyları gürcü kimi qələmə veriblər. İndi Azərbaycanda gürcü etnosunun nümayəndələrinin etnik ərazisi yoxdur. Bakıda, Sumqayıtda gürcülər yaşaya bilərlər, ancaq etnik ərazisi olan gürcü yoxdur.
Qaxda yaşayan müsəlman ingiloyların vəziyyəti ürəkaçan deyil, çünki orada olan ingiloylar məişətdə Azərbaycan türkcəsindən istifadə etdiyinə görə, yəni azərbaycanlılar tərəfindən təbii assimilyasiyaya məruz qaldıqları üçün artıq onları da ingiloy adlandırmırlar. Qorağan, Zəyəm, Lələpaşa, Şotavar və s. kəndlərin əhalisi ingiloy mənşəlidirlər, ancaq onlar məişətdə, küçədə ingiloy dilindən istifadə etmirlər, Azərbaycan türkcəsində danışırlar. Buna görə də bəzən biz görürük ki, o kəndlərin sakinlərini ingiloyluqdan çıxarırlar.
Zaqatala rayonunda Yengiyan kəndində yaşayan ingiloylar təmiz Azərbaycan türkcəsində danışdıqlarına görə, həmin kənd ingiloy kəndləri siyahısından çıxarılır. Ümumiyyətlə, ingiloy etnosu xalq səviyyəsinə yüksələ bilmədiyi üçün, tayfa kimi qaldığına görə XV əsrdən bəri onların azalma tendensiyasını görmək olur.
XIX əsrə qədər ingiloylar avarlar və saxurlar tərəfindən təzyiqə məruz qalıblar. Buna görə də vaxtilə Balakəndə, Carda ingiloylar yaşasa da, indi artıq yaşamırlar. Hazırda Azərbaycanda təxminən 20 minə yaxın ingiloy dilində danışan müsəlman ingiloyu yaşayır. Eləcə də ölkəmizdə 8 mindən artıq xristian ingiloy yaşayır.
Əliabad kəndi respublikada ərazisinə, əhalisinə, istehsalat obyektlərinə görə ən böyük kəndlərdən biridir. Kəndin 9476 nəfər əhalisi, 4 məktəbi, mədrəsəsi, bir neçə dəyirmanı, çörək kombinatı, 20 məscidi və sair tədris ocaqları və istehsalat müəssisələri var. Əhali Azərbaycan və ingiloy dillərində danışır.
Qax rayonundakı 12 kilsədən bəziləri normal fəaliyyət göstərir. Bölgənin gürcü əhalisi öz ənənələrinə yaşadırlar.
Hazırda Əliabad kəndində baptist dini icması fəaliyyət göstərir. İlk yarandığı illərdə ətrafına 200-ə yaxın təəssübkeş toplamış icma Zaqatala rayon İcra Hakimiyyəti, hüquq-mühafizə orqanları və icmadan narazı olan kənd əhalisi tərəfindən keçirilən profilaktik tədbirlər nəticəsində xeyli zəiflədi. Kənddə İslamın möhkəmləndirilməsi üçün (əslində bu missionerlik fəaliyyəti kiçik bir kənddə İslamın misilsiz qüdrətinə heç bir xələl də gətirə bilməzdi) 21-ə yaxın hücrə tikildi, mədrəsə açıldı və ilkin fəaliyyəti zamanı dini təhsil alan tələbələrin sayı 80-i ötdü. 180 nəfərə yaxın dinini dəyişmiş müsəlman tutduğu əməldən peşman olaraq yenidən islamın qüdrətinə tapındı. Hazırda 21 nəfər rəsmi, 10 nəfərə qədər qeyri-rəsmi üzvü olan baptist icmanın heç bir nüfuzu yoxdur və puçluğu qısa bir vaxtda üzə çıxdı.
Zaqatala rayonunun Əliabad kəndində yaşayan ingiloylar Qorqot bayramına böyük önəm verirlər. Buna görə də bayrama xüsusi hazırlaşırlar. Kənddə 12-yə yaxın tabun, yəni məhəllə mövcuddur. Kənd yuxarı tabun, aşağı tabun, koxa tabun, dəyirman tabun və digərlərinə bölünür. Adətə görə Qorqot bayramı ərəfəsində bütün tabunlarda və eləcə də hər bir ingiloy ailəsində əkin-biçin işləri sona çatmalı, həyət bacada səliqə-səhman aparılmalı və bayramın keçirilməsinə mane olacaq bir iş qalmamalıdır. Sonra bayrama hazırlıq işlərindən ən vacibi sayılan – bayram yeməklərinin hazırlanması başlayır.
Bu bayram əslində ingiloylarda Novruz kimi də dəyərləndirilə bilər. Mahiyyətinə görə tamamilə Novruzla üst-üstə düşən bayramdır. “Qorqot” bayramı da martın 20-dən sonra başlanan bir bayramdır. Novruzda çərşənbələr olur, ancaq “Qorqot” bayramında olmur. Ancaq bu bayramda əkinçiliklə bağlıdır, qışın sərt sınağından çıxmağı bayram edirlər. Novruzda azərbaycanlılar buğdadan səməni hazırlayırlar, ingiloylar isə buğdadan Qorqot adlı yemək bişirib hər kəsə paylayırlar. Bu bayramda da tonqal qalanır, müxtəlif xalq oyunları icra olunur.
Qeyd edək ki, burada da Novruz bayramının elementləri yetərincədir. Ancaq “Qorqot” bayramını qonşu etnosların heç biri qeyd etmir, ancaq ingiloylara məxsusdur.
Digər bir bayramları isə tutun yetişməsi ilə bağlı qeyd edilən Tut bayramıdır. Dini bayramları isə azərbaycanlılarla eynidir.
İngiloyların məşğuliyyət formaları olduqca zəngindir: Bu kənddə məşğuliyyət formalarının olduqca zəngin olmasından bilmək olur ki, İtitala camaatı həddən artıq əməksevər, çalışqandır. Bütün kəndlərdə olduğu kimi İngiloylar da mal-qara saxlamağı zəruri hesab edirlər və heyvandarlığın bütün sahələrindən yetərincə yararlanmağı bacarırlar. Kəndin əlverişli şəraiti olan yerlərində balıq gölləri salınıb ki, bir tərəfdən kəndin təbii gözəlliyinə böyük təsir edir, başqa tərəfdən hətta istirahət üçün buraya gələnlər də olur.
Dənli bitkilərin əkilməsi geniş yayılmışdır ki, onlar arasında qarğıdalı əkini də özünəməxsus yer tutur. Zaqatala-Balakən bölgəsinə xas olan fındıqçılıq İtitala kəndində də hamı tərəfindən qəbul olunmuş məşğuliyyət növlərindəndir. Həmçinin bu tərəflərdə kəndlərin hamısında, tütünçülük lap əvvəllərdən kənd camaatının daha çox əkdiyi bitkilərdən olub. Azərbaycanın demək olar ki, ən iri tütünçülük sahələri məhz Zaqatala-Balakən, Qax-Oğuz rayonlarındadır.
İtitala kəndinin məşğuliyyət növlərinin zəngin olmasındandır ki, burada növbənöv ləzzətindən doymaq olmayan yeməklərin bişirilməsi, ingiloyların mətbəxinin nə qədər zəngin olmasını aydın göstərir.
İngiloylar kökünə bağlı tarixini yaşadan bir xalqdır. Öz adətlərinə sadiq qalan İtitala camaatı bu gün də ata-babalardan, nənələrdən qalan irsi, adətləri qoruyub saxlayırlar.
Azərbaycanda çox az kənd tapmaq olar ki, İtitala qədər öz milli musiqilərini kiçikli - böyüklü hamı əzbər bilsin. Burada yaşından asılı olmayaraq hamının oxumağa, oynamağa böyük həvəsi var.
Hər gün səhər açılar-açılmaz hamılıqla işə tələsərlər. Kimi mal-heyvan güdər, kimi qarğıdalı yığımına gedər, kiminin də başı tütün yığımına qarışar. Bir sözlə, sübh açılandan hava qaralanadək hamı həyatın mənasını işdə görürmüş kimi bütün gününü böyük həvəslə əkin-biçinə həsr edir...
Əkin sahələrinin yaxınlığında öz həyat tərzlərinə daha bir məşğuliyyət növü qata bilib ititalalılar. Bir vaxt burada göl yaradarkən kəndin kənarından keçən çaydan səmərəli istifadə edərək balıqçılıq təsərrüfatı yaradılmışdısa, bu gün öz gözəlliyi ilə İtitalanı bəzəyən bu göllər kəndin ayrılmaz hissəsinə çevrilib. Göllər böyük olmasa da, istirahət vaxtlarında balıq tutmaq və qayıqda oturub kiçik bir səyahətə çıxmaq onlar üçün sevimli məşğuliyyətə çevrilib.
Ümumiyyətlə, ingiloylar siyasətlə məşğul olmayan, kimlərin hakimiyyətdə təmsil olunmağından asılı olmayaraq öz işləri ilə məşğul olan insanlardır. Onların yaşadığı yerlərdə təbiətdə səxavətli olub və il ərzində onlara bütün nemətlər bəxş edilib.
Son dövrlər regionlarda yeni iş yerləri açılır və ingiloylarda orada işləyirlər. Bakıda tikinti sahəsində çalışan ingiloylar da var.
Azərbaycanda yaşayan gürcülərin heç bir probleminin olmadığını söyləmək düzgün deyil. Amma bu problemlərin əsasən etnik köklərdən qaynaqlandığını iddia etmək də yersizdir. Qax rayonunun 53 min nəfər əhalisinin təqribən 7 minindən çoxu gürcüdür. Onlar rayonun 5-6 kəndində kompakt halında yaşayırlar. Etiraf etmək lazımdır ki, bütövlükdə Azərbaycanın bütün regionlarına xas olan problemlər bu rayonda da mövcuddur.
Gürcüstanda yaşayan azərbaycanlılardan fərqli olaraq, Azərbaycanda yaşayan gürcülər torpaq islahatından bəhrələniblər. Onların torpaq məsələsində narazılığı əsasən verilən sahələrin uzaqda yerləşməsi ilə bağlıdır.
Bundan başqa ingiloylar yaşadıqları ərazidə mövcud olan dövlət strukturlarında da çalışırlar. Qax rayonunda polis orqanlarında xeyli gürcü işləyir. Gürcülərin məskunlaşdığı bütün kəndlərdə icra nümayəndələri və bələdiyyə sədrləri gürcülərdir. Qax İngiloy kəndində kifayət qədər azərbaycanlının olmasına baxmayaraq, bələdiyyədə təmsil olunan gürcülər çoxluq təşkil edir və bələdiyyənin sədri də gürcülərdəndir. Rayonun səhiyyə sahəsində çalışanların yarıdan çoxu gürcüdür.
Prezident İlham Əliyev Şimal-Qərb zonasına səfəri zamanı Balakən, Qax, Zaqatala rayonlarına baş çəkir. Dövlət başçısı hətta Qaxda ingiloyların məskunlaşdığı kəndə bir neçə dəqiqəliyə dayanıb, kilsəni ziyarət edib. Onu qarşılayan ingiloylarla ayaqüstü söhbət zamanı onların problemlərini dinləyib, yaşayışları ilə maraqlanıb.
İngiloyların həm də zəngin mənəvi mədəniyyəti var. İngiloylarda aşıq sənəti yaxşı inkişaf edib. İngiloy aşıq yaradıcılığında qəribə xüsusiyyət o idi ki, onlar bütün şerləri Azərbaycan türkcəsində yazırdılar. Yalnız Aşıq Hüseynin yaradıcılığında Azərbaycan və ingiloy dilinin birgə istifadəsini görmək olurdu. İngiloy aşıq məktəbində digər aşıq məktəblərində müşahidə olunmayan əvvəl-axır deyilən şeir üslubu da var.
İngiloyların milli adət-ənənələrinin qorunub saxlanması sayəsində dövlət tərəfindən bir sıra işlər görülüb. İngiloyların yaşadıqları rayonlarda əhalinin əsas hissəsini azərbaycanlılar təşkil etsə də, burada digər azsaylı xalqların nümayəndələri də yaşayırlar. Bu bölgələrdə azərbaycanlılarla yanaşı, həm də azsaylı xalqların nümayəndələri ilə bağlı tədbirlər keçirirlər. Azərbaycan şairlərinin yubileyləri ilə yanaşı, gürcü xalqlarının nümayəndələri məsələn, İ.Çavçavadzenin, Ş.Rustavelinin yubileyləri qeyd edilmişdir. Milli tərkibindən asılı olmayaraq Əlibəyli kənd mədəniyyət evinin gürcü xoru, xalq teatrı, Qaxbaş, Qax-gürcü kənd mədəniyyət evlərinin gürcü xoru və rəqs qrupu, Qəbələ rayonunda fəaliyyət göstərən folklor kollektivləri, kəndirbazlar qrupu, zurnaçılar dəstəsi, “zopu-zopu” xalq kollektivi həmin bölgədə milli adət-ənənələrin təbliğində mühüm rol oynayırlar.
Rayon mərkəzlərində keçirilən xeyriyyə marafonları, 20 yanvar və Gürcüstanda baş vermiş 9 aprel faciələrinin qeyd olunması həm də milli azlıqların adət-ənənələrinin təbliğinə xidmət göstərir.
Qax rayon Tarix - Diyarşünaslıq Muzeyində milli adət-ənənələri əks etdirən sərgilər təşkil edilmiş, bölgədə yaşayan azsaylı xalqların mədəniyyətinin təbliğinə diqqət yetirilmişdir.
Azsaylı xalqların bir çox bədii özfəaliyyət kollektivlərinin rəhbərlərinə fəxri adlar verilmişdir. Bu sırada gürcü Z.Poladaşvili “Əməkdar Mədəniyyət İşçisi” fəxri adına layiq görülmüşdür.
Milli azlıqları bədii kollektivlərinə diqqət və qayğı Mədəniyyət Nazirliyinin fəaliyyətində xüsusi yer tutur. Bir çox kollektivlər nazirlik tərəfindən geyim, musiqi alətləri və texniki vasitələrlə təchiz olunmuşlar.
Qaxda Gürcü Teatrı fəaliyyət göstərir. Eyni zamanda milli azlıqların vokal instrumental ansamblı da onların istifadəsindədir.
Mənbə: multikultural.az