“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
10.11.2010, 18:45
790

Tatlar

A- A+

XI əsrdə yaşamış görkəmli mütəfəkkir, ensiklopedist alim Mahmud Kaşğarinin «Divanü lüğat-it-türk» əsərində tatlar haqqında belə bir atalar sözü var: «Tatsız türk bulmas, başsız börk». Minilliklərin sınağından keçmiş bu ifadənin izahı isə belədir: «Türk tatsız, baş papaqsız olmaz». Yəni hər iki xalq – həm türklər, həm də tatlar tarixən yaxın, bir olmuşdur.

Linqvistlərin qənaətinə görə, qədim tat etnonimi «yabançı, yad dildə danışan, başqa xalq» anlamını verir. Halbuki Azərbaycan reallıqları, burada yaşayan müxtəlif xalq və millətlər ara- sında yaranmış tarixi münasibətlər bu yozumu nəinki inkar edir, hətta onun özünün nə dərəcədə yad və ədalətsiz səsləndiyini göstərməklə böyük Kaşğari- nin təqribən min il əvvəl söylədiklərini daha önəmli sayır. Çünki Azərbaycanı özlərinə vətən bilən, təəssübünü çəkən tatlar bu torpağa sevgi və sədaqətlərini əsrlər boyu canları, qanları ilə sübuta yetirmişlər. Onlar Azərbaycanın ortaq etnomədəni məkanına bağlı olan, ortaq Azərbaycan mədəniyyətinin, elminin, ədəbiyyatının, incəsənətinin inkişafına böyük töhfələr verən, qədim ənənələrin, muğam və aşıq sənətinin, xalçaçılığın keşiyində duran doğma xalqlardan biridir.

Tanınmış Azərbaycan tarixçisi və etnoqrafi, ömrünün qırx ildən artıq bir dövrünü Azərbaycan xalqlarının tarixi və mədəniyyətinin tədqiqinə həsr etmiş professor, tat əsilli Qəmərşah Cavadov həmin doğmalıq haqqında bunları yazırdı: «Azərbaycanın irandilli etnosları arasında tatlar mühüm yer tuturlar. Bu etnos adət-ənənələrinə, etnik xüsusiyyətlərinə, milli mədəniy- yətinə və digər etnoqrafik xüsusiyyətlərinə görə azərbaycanlılara (Azərbaycan türklərinə –red.) ən yaxın xalqdır, bir çox cəhətdən isə onlarla tam eyniyyət təşkil edir».

Tatlar bu gün İranın Gilan və Qəzvin əyalətlərində, Tehranda, Dağıstanın cənubundakı Gimeydi, Belici, Bilqadi, Rukel kimi kəndlərdə, Dərbənd şəhə- rində və onun ətraf kəndlərində, Azərbaycanda isə əsasən Xızı, Şabran, Quba, Şamaxı və İsmayıllı rayonlarında, Bakı şəhərinin Balaxanı və Suraxanı qəsə- bələrində yaşayırlar. Bununla yanaşı, paytaxtda özlərini «dağlılar» kimi iden- tifikasiya edən Xızı-Bərmək tatlarının kompakt şəkildə məskunlaşdıqları və öz adət-ənənələrini, yaşam tərzlərini qoruyub-saxladıqları etnik məhəllələr də vardır. Yeri gəlmişkən, tat etnoniminə Şimali Qafqazda, Krımda, Mərkəzi Asi- ya və Sibirdə, Macarıstanda da rast gəlinir. Tatlar XX əsrin 90-cı illərinə kimi Qərbi Azərbaycanda – Zəngəzurda da yaşamışlar. XIX əsr müəllifi olan rusiyalı qafqazşünas, etnoqraf və linqvist Sergey Zelinski Azərbaycan türkləri ilə qaynayıb-qarışmış həmin tatlar haqqın- da bunları yazırdı: «Özlərini «tat» adlandıran daha bir tatar (Azərbaycan türkləri - red.) tayfasını da qeyd etməliyəm. Onlar qəzanın (Zəngəzurun) Mehri sahəsində dövlətə məxsus kəndlərdə məskunlaşmış və başqa tatar tayfalarının başa düşmədiyi ayrı ləhcədə danışırlar». 

Ensiklopedik mənbələrə əsasən, Yaxın və Orta Şərqin qədim xalqlarından olan tatlar məskunlaşdıqları regionlarda fərqli adlarla, məsələn, İranda tati, XIX əsr Rusiyasında Qafqaz farsları, perslər, Azərbaycanda isə tat, dağlı, lo- hicihon, pars kimi tanınırlar. Hind-Avropa dilləri ailəsinin İran qrupuna aid olan qədim tat dili (zuun tati, zuhun tati, zuban tati) fars, tacik, dari dillərinə daha çox yaxındır. Lakin tat dilinin bu dillərdən daha qədim olması, parf dilinə xas elementləri qoruyub-saxlaması haqqında da elmi qənaətlər vardır. Görkəm- li ədəbiyyatşünas və tənqidçi, professor, Tat Mədəniyyət Mərkəzinin sədri Maqsud Hacıyevin elmi qənaətinə görə, bu dil özünəməxsus tarixi təkamül yolu keçmişdir: «İran dillərindən ayrı düşdüyünə görə tat dilində dilçilik cəhətdən maraqlı olan və bir sıra İran dillərində unudulmuş, arxaikləşmiş qrammatika qaydaları və sözlər mühafizə edilmiş, fərqli keyfiyyətlər qa- zanmışdır». 

Azərbaycanda tat dili üç dialektə – şimal, mərkəzi və cənub ləh- cələrinə bölünür. Belə ki, Quba, Şabran bölgələrinin tat əhalisi şimal, Xızı rayo- nunda yaşayanlar mərkəzi, Abşeron yarımadasının, İsmayıllı və Şamaxının tat sakinləri isə cənub ləhcələrində danışırlar. Tat dili yüzilliklər boyu Azərbaycan türkcəsi, Dağıstanda isə kumık dili ilə qarşılıqlı təmasda olmuş və bu əlaqələr onların hər birinin lüğət fondunda iz buraxmışdır. Diqqət çəkən məqamlardan biri də budur ki, müasir Azərbaycan dilində unudulan qədim türk sözləri və ifadələri tat dilində qorunub-saxlanılmış və bu gün də istifadə edilməkdədir.4 Bu fakt tatların Azərbaycan ərazisində məskunlaşmasının, onların türk etnosu ilə təmaslarının qədim tarixi köklərə malik olduğunu bir daha təsdiq edir. 

Tarixi mənbələrdən o da məlumdur ki, Qafqaz Albaniyasının əhalisi türkdilli, irandilli və qafqazdilli tayfalardan ibarət olmuşdur. Müxtəlif tarixi proseslər nəticəsində əhalinin böyük bir qismi, o cümlədən irandilli tayfalar xristianlığı və islam dinini qəbul etmişdir. Lakin Alban həvari kilsəsi 1836-cı ildə Rusiya imperatorunun fərmanı ilə erməni-qriqorian kilsəsinin tabeliyinə veriləndən sonra fəaliyyətini tam dayandırmalı olmuşdur. Nəticədə xristian albanların bir hissəsi qədim inanclarını qorumaq məqsədilə gürcü kilsəsinə sığınmış, bir his- səsi islam dininə tapınmış, qalan hissəsi isə erməni-qriqorian məzhəbini qəbul etmişdir. Tədqiqatçıların bir çoxu, o cümlədən Azərbaycan alimi Qəmərşah Ca- vadov tatların dini mənsubiyyət əsasında bölünməsini qüsurlu saymış, müxtəlif dinlərə tapınan tatları vahid etnosun nümayəndələri hesab etmişdir. Dini bölgü baxımından bu gün tatların əsas hissəsi müsəlman-şiələr, Dərbənd ətrafındakı bəzi kəndlərdə yaşayanlar müsəlman-sünnilər, hazırda Şimali Qafqazda və Er- mənistanda məskunlaşanlar isə xristian-qriqorianlardır. 

Tat yəhudilər və ya yəhudi tatlar, cuhurlar adlandırılan dağ yəhudiləri- nin etnik mənşəyi isə bu gün həm etnoqrafların, həm də ilahiyyatçıların qızğın mübahisə mövzusudur. Onları iudaizmə tapınan etnik tat və ya tatlaşmış yəhu- dilər kimi qəbul edən ziddiyyətli qənaətlər var. İudaizmin monoetnik din olma- sı və digər xalqlar arasında missionerlik fəaliyyəti ilə məşğul olmaması faktı bu polemikanı dərinləşdirməkdədir. Nəticədə tat dilini də əsasən iki müstəqil qola – müsəlman tatların danışdıqları tat dilinə və dağ yəhudilərinin istifadə etdikləri yəhudi-tat dilinə bölürlər. Hər iki dilin eyni mənbədən qaynaqlanması- na baxmayaraq, fərqli dini mənsubiyyət üzündən va- hid dil ciddi dəyişikliklərə məruz qalmışdır. Dağıstan- lı alim, əslən dağ yəhudisi olan Yevgeniya Nazarova digər həmfikirləri kimi cu- hurları fərqli etnik qrup – tat dilində danışan (tatlaşan) yəhudilər kimi təqdim edir, hər iki etnik qrupun istifadə etdiyi dil variantlarının fərqli xüsusiyyətlərini açıqlayaraq bildirir ki, Azərbay- canda işlədilən tat dilinin fonetikası, qrammatikası və leksikasında Azərbaycan türklərinin dilinə xas olan elementlər daha çoxdur. Dağıstanda yaşayan tatların lüğət tərkibinə isə əsasən kumık kəlmələri daxil olmuşdur. Dağ yəhudilərinin danışdığı dildə ivrit (ibrani) dilinin təsiri, qədim arami söz və dini ifadələri özünü daha qabarıq göstərir və xüsusi leksik qat təşkil edir. Odur ki, bəzən ortaq tat dilinin daşıyıcıları – tatlar və dağ yəhudiləri bir-birini çətinliklə başa düşürlər. 

Azərbaycanda yaşayan tatların, təəssüf ki, az öyrənilən üçüncü qrupu xris- tian dininə etiqad edənlərdir. XVIII-XX əsrlərə aid yazılı mənbələrdə təkcə xristian tatlar deyil, erməni tatlar, tat ermənilər və ya qriqorian tatlar kimi adlandırılan bu qrup Alban kilsəsinin zorən süqutundan sonra erməni-qriqo- rian məzhəbinə tapınmağa, hay etnomədəni məkanına daxil olmağa məcbur edilmiş və dini mənsubiyyət tədricən onların milli özünüdərk hissini üstələmiş, son nəticədə erməniləşmişlər. Xristian tatlar ötən əsrin sonlarınadək Şamaxının Mədrəsə və Xaçmazın Kilvar kəndlərində yaşamışlar. Erməni ad və soyadlarını daşıyan bu tatlar 1990-1991-ci illərdə Azərbaycanı tərk edərək Ermənistana köçmüş və orada Dperavan (Yeni Mədrəsə) kəndini salmışlar. Hazırda Şimali Qafqazda yaşayan xristian tatların digər qrupu əsasən erməni dilində danışsa da, yaşlı nəslin nümayəndələri parseren (fars dili) adlandırdıqları ana dillərini hələ də unutmamışlar. 

«Erməni-tatlar», daha doğrusu, xristianlığın qriqorian məzhəbinə tapınan tatların həqiqi etnik mənşəyi professor Boris Millerin də diqqətindən kənarda qalmamışdır. Alim «Tatlar, onların məskunlaşması və ləhcələri» əsərində Xaç- mazın Kilvar kəndindəki qriqorian kilsəsinin bünvrəsinin tikintisində istifadə edilmiş baş daşında “qeyri-erməni və erməni əlifbası” ilə tat dilində yazıların olduğunu müşahidə etmişdir. Ötən əsrin 20-ci illərinin sonunda qələmə alınmış həmin əsərdə o da bildirilir ki, Kilvar sakinləri evdə və yığıncaqlarda tat dilin- də danışsalar da, onların təqribən 90%-i erməni dilini bilir. Kilvar beşillik mək- təbində təhsil rus və erməni dillərində olsa da, müəllimlər şagirdlərə dərsləri tat dilində izah etməyə məcburdurlar. V.Miller onu da yazır ki, «Hələ 1912-ci ildə erməni ruhanisi tat dilini bilmədiyi üçün moizələrini türk dilində söy- ləməli olurdu. Mən şahidəm ki, Kilvar sakinləri mədrəsəlilərlə tat dilində sərbəst ünsiyyət qurur və bu iki kəndin tatları öz ləhcəsini daha «təmiz» hesab edirdilər. Türk dili Kilvar kəndində ikinci dil sayılır. Poqosova so- yadlı mədrəsəli qadın mənə dedi ki, onlar ermənilər başa düşməsin deyə, öz aralarında tatca danışırlar. 1926-cı il əhalinin siyahıya alınmasının nə- ticələrinə görə, onların məişətdə işlətdikləri dil «farsi» adlanır, lakin özlə rini milliyyətcə «erməni» hesab edirlər. Halbuki 30 il əvvəl mədrəsəlilər erməni dilinin bir çox səslərini ifadə edə bilmirdilər». 

Tat tayfalarının İran ərazilərindən Cənubi Qafqaza miqrasiyasına dair tə- dqiqatlarda onların İrandan Cənubi Qafqaza ilk gəlişinin eramızdan əvvəl 558- 330-cu illərdə – Əhəmənilər sülaləsinin hakimiyyətdə olduğu dövrlərə təsadüf etdiyi iddia olunur. Lakin tatların kütləvi şəkildə eramızın III-VII əsrlərində Sasani hökmdarları tərəfindən buraya köçürülməsi haqqında da fikirlər var- dır. Tanınmış tarixçi və şərqşünas Vladimir Minorskinin qənaətinə görə, sasa- nilər imperiyanın şimal ərazilərini hücumlardan qorumaq üçün tatları Xəzərin cənub-qərb səhillərindən Dərbəndə kimi uzanan ərazilərdə məskunlaşdırmış, burada yaşayış məntəqələri, hərbi qarnizonlar, istehkam qurğuları yaratmışlar. Azərbaycanlı tarixçi-etnoqraf Məhəmməd Həsən Baharlı (1896-1937) tat- ların Cənubi Qafqaza İranın İsfahan, Təbəristan, Lahican, Şüzistan ərazilə- rindən köçülməsini eramızın IV əsrinə Sasani hökmdarlarının – Yəzdəgirdin və Xosrov Ənuşirəvanın dörvünə təsadüf etdiyini, onların burada hərbi-siyasi qüvvəyə çevrildiyini vurğulayır.7 Yeri gəlmişkən, Xızı rayonunun və İsmayıllı rayonundakı Lahıc kəndinin qədim İranın Lahican və Xuzistan əyalətlərinin adları ilə bağlı olduğu bildirilir. Rəvayətə görə, Sasani hökmdarı I Keyxosrov hakimiyyətdən əl çəkərək buraya gəlmiş və əsrarəngiz təbiət onu o qədər valeh etmişdir ki, dağların qoynunda kənd salaraq onu Lahican əyalətinin şərəfinə «Lahıc» adlandırmışdır. Hətta I Keyxosrovun ömrünün sönunadək burada ya- şaması və Lahıcın qədim kənd qəbiristanlığında dəfn olunması iddia edilir.
     Orta əsr yazılı mənbələrində Lahıcın «Əl-Axbaz», «Əl-Əycan», «Lahıcan» kimi adları çəkilən, təqribən 1500 il yaşı olan Zəvəro, Muradan, Ağalı, Bədə- van və Piştə adlanan beş məhəllədən ibarət olması qeyd olunur. Lahıcın ilk məhəlləsinin əsası III-IV əsrlərdə qoyulmuşdur. Vaxtilə Qafqaz Albaniyasının hökmdarı Cavanşirin iqamətgahı və onun adı ilə bağlı olan Niyal qalası da bu- rada yerləşirdi. Lahıc ərazisindəki Fit qalası isə Şirvan xanlığının son hökmdarı Mustafa xanın yay iqamətgahı olmuşdur. O da maraqlıdır ki, şəhərdə min beş yüzdən artıq yaşı olan su və kanalizasiya sistemi bu gün də fəaliyyət göstərir.

Lahıc özünəməxsus adət-ənənələri, sənətkarları, nadir memarlıq abidələ- ri ilə zəngindir. XVIII-XIX əsrlərdə bu qəsəbə silah və mis qabların, bəzək əşyalarının istehsalı üzrə aparıcı mərkəzlərdən biri sayılırdı. Misgərlik sənəti Lahıcda bu gün də qayğı ilə qorunub-saxlanılır. Sənətkarların əl işlərinə xarici ölkələrdən gəlmiş qonaqlar xüsusilə çox maraq göstərirlər. 

XIX əsrdə yaşamış rus şərqşünası Nikolay Xanıkov orta əsr ərəb coğrafi- yaşünası əl-İstəxrinin (850-934) «İqlimlər kitabı» əsərinə istinadən qədim Xu- zistanda ərəb və pars dilləri ilə yanaşı xuzi dilinin də mövcud olduğunu qeyd etmişdir. Yaşlı nəslin sözlərinə görə, Xızı vaxtilə şıx xızılı və səyyad xızılı tay- falarının məskunlaşdığı kənd olmuşdur. Azərbaycan paytaxtından təqribən 70 kilometr məsafədə yerləşən Xızı rayonu dağlıq ərazidə yerləşir və üç tərəfdən meşəli dağların əhatəsindədir. Şərq tərəfdən isə Xəzər dənizinə söykənir. Xızı tarix-memarlıq abidələri ilə də zəngindir. Burada V əsrə aid şəhərin, Xızı qa- lasının, VIII əsrin ortalarında ucaldılmış Beşbarmaq qülləsinin qalıqları, Şeyx Heydər türbəsi, Tüdar, Xələnc, Ağdərə, Qarabulaq və Fındığan kəndlərində qədim pir və ziyarətgahlar tədqiqatçıların yolunu gözləyir. Rayonda bir şəhər, üç qəsəbə və iyirmi beş kənd vardır.  

Qədim türk dillərinin leksik fonduna aid olan tat kəlməsinin yozumuna gəl- dikdə isə bu söz həqiqətən də ilk dövrlərdə etnonim – xalq adı kimi yaranma- mış və yuxarıda qeyd edildiyi kimi, “yad, başqa dildə danışan, özgə”, sonralar isə “oturaq” anlamlarını vermişdir. Tanınmış rusiyalı türkoloq Nikolay Baska- kov prtotürklərin dillərində də tat sözündən geniş istifadə olunması və “yadelli, azad xalq” mənasını verməsi qənaətində idi. Belə ki, eramızın VIII əsrinə aid qədim göytürk yazılı abidələrində – Kül Tigin və Bilgə xaqanın şərəfinə ucal- dılmış daş kitabələrdə tat kəlməsi “yabançı, özgə” mənalarında işlədilmişdir. Bəzi tədqiqatçılar həmin semantikadan çıxış edərək tatar və tacik kəlmələrinin də kökündə tat sözünün və analoji yozumun dayandığını bildirirlər. Məsələn, tatar xalqının qədim «Yedigey» dastanında tat sözü tatar kəlməsinin sinonimi kimi işlədilmişdir. Etnoqraf, professor Mixail Çlenov Qafqaz tatlarından bəhs edən məqaləsində tat sözünə yeni məna çalarları əlavə olunmasını və tədricən fars dilində danışan irandilli xalqın etnoniminə çevrilməsini qədim türk tayfa- larının hərbi yürüşləri, onların fərqli xalqlarla təmasları ilə əlaqələndirir. 

992-1211-ci illərdə mövcud olmuş Qaraxanilər dövlətində bütün iranlılar və bütpərəst uyğurlar, XVIII əsrdə yaşamış Əbdülqazi Bahadur xan Xivəlinin «Şəcəreyi-tərəkəmə» əsərinə əsasən, Mərkəzi Asiya ərazilərində türk olmayan xalqlar, ilk növbədə farslar, daha sonra Xarəzm özbəkləri və Xivə əhalisi tat adlandırılırdı.9 Qeyd edildiyi kimi, görkəmli mütəfəkkir, ensiklopedist alim Mahmud Kaşğarinin (XI əsr) «Divanü lüğat-it-türk» əsərində, «Kitabi-Dədə Qorqud» dastanlarında da tat kəlməsi fərqli xalqın etnonimi kimi işlədilmiş, «yabançı, oturaq həyat tərzi sürən» kimi yozulmuş, tatca sözü isə «yabançı dil, fasca» mənalarını vermişdir. O da maraqlıdır ki, Krımın şimalında yaşayan tatarlar tat dedikdə etnik və dini mənsubiyyətindən asılı olmayaraq, yarıma- danın cənub hissəsində yaşayan bütün oturaq əhalini – yunanları, xristian və müsəlman qıpçaqları nəzərdə tuturdular. Krım noqayları isə tat sözünü bütün qeyri-noqay əhaliyə, o cümlədən Krım tatarlarına aid edirdilər. 

Xatırladaq ki, qədim Xızı-Bərmək bölgəsi əhalisinin – dağlıların bir qis- mi istisna olunmaqla, tatlar köçəri və ya yarımköçəri həyat tərzi sürməmişlər. Bu baxımdan türk tayfalarının irandillilərə şamil etdikləri ümumiləşdirici tat etnoniminə yeni məna çaları – «oturaq əhali» anlamı əlavə olunmuşdur. Yeri gəlmişkən, Azərbaycanın coğrafi adlarının arasında kökündə tat sözü dayanan toponimlər vardır. Məsələn, Tatlar (Kəlbəcər, Ağdaş), Tatlı (Ağstafa, Samux), Tatoba (Lənkəran) və s. Əgər Kəlbəcər və Ağdaş rayonlarındakı kəndlərin adı Azərbaycanda və Dağıstanın cənub hissəsində tat kəlməsi vahid etnonim olsa da, bu xalqın müxtəlif regionlarda məskunlaşmış nümayəndələri milli identiklik- lərini fərqli adlarla göstərirlər. Məsələn, Bakının Suraxanı və Balaxanı qəsəbələ- rinin tat sakinləri özlərinə parsi (fars, pars), dillərinə isə zuvan parsi deyirlər.  İsmayıllı rayonunun Lahıc kəndində yaşayanlar etnik mənşələrini bildirmək üçün lokal ifadədən - lohici (lahıclı) sözündən istifadə edirlər. Xızı, Siyəzən, qismən də Şabran bölgələrində yaşayanlar isə özlərini dağlı adlandırırlar. 

Yeri gəlmişkən, müxtəlif mənbələrdə özlərini «dağlı» kimi idenfikasiya edən etnik qrupun həm də Azərbaycandakı qədim türk tayfalarına aid mədə- ni-mənəvi irsin daşıyıcıları olmasının səbəbləri barədə fərqli fikirlər dolaşmaq- dadır. Onları əsas etibarilə irandilli hesab etsələr də, opponentlər bu qənaətlə qismən razılaşır, dağlıların tat dilində danışmalarına baxmayaraq, bir hissəsi- nin türk kökənli olmasını bildirirlər. Məsələn, əslən dağlı olan tədqiqatçı Rəfail Mustafayevin araşdırmalarına əsasən, Xızı və Siyəzən bölgələrində yaşayan dağlıların müəyyən qismi tarixən oturaq deyil, tərəkəmələrə xas yarımköçəri həyat tərzi sürmüş və onların etnogenezinin formalaşmasında burada məskun- laşmış səlcuq oğuzları və əfşar boyuna aid şahsevənlər iştirak etmişlər. Lakin əsrlər boyu qonşu tatlarla sıx ünsiyyətləri və qaynayıb-qarışmaları nəticəsində türk dili tədricən tat dilinin güclü təsirinə məruz qalmış, sonralar isə unudul- muşdır. R.Mustafayev yazır ki, həmin dağlılar «məskunlaşdıqları ərazilərdə tat dilini öyrənməklə yanaşı, türk dilinin də yayıcıları olmuşlar... Azər- baycan ərazisində türk dilinin vahid ünsiyyət dili olmasında «dağlılar» adlandırılan oğuz qisminin də iştirakı danılmazdır». Müəllif XIX əsrə və XX əsrin 30-cu illərinə aid arxiv materiallarına istinad edərək türk kökənli hə- min dağlıların isalu-əfşar, xirək-əfşar, dəlülər-əfşar, qazılu, quzman, saruqlu, quşçu, küş, zəngi, gərmiyanoğulları, quzman-qazaq, anasıoğlu, atabəylu, qə- dirli, çigil, bulaq, muradlu, hacılu, qağalu kimi oğuz mənşəli tayfa və nəsillərə aid olduqlarını bildirir.12 Yeri gəlmişkən, bu fikri ilk dəfə irəli sürənlərdən biri də professor Boris Miller olmuşdur. Alim «Tatlar, onların məskunlaşma- sı və ləhcələri» məqaləsində yazırdı: «Hətta bu gün Sovet Azərbaycanının hüdudlarında – Şamaxı qəzasının aran hissəsində məskunlaşmış türklər dağlarda yaşayan oturaq türkləri «tat» adlandırırlar. Qazax qəzasında, Gəncə və Qarabağda türklər dilindən asılı olmayaraq bütün keçmiş İran təəbələrinə (İrandan köç edənlərə), hətta Kür çayından cənubda yerləşən ərazilərdə məskunlaşanların hamısına, bütövlükdə oturaq həyat tərzi sürən əhaliyə «tat» deyirlər».13 Bu fikir bəzi tarixi mənbələrdə də öz təs- diqini tapmışdır. Məsələn, tanınmış linqvist-türkoloq Andrey Kononov XVIII əsrdə yaşamış hökmdar, tarixçi və şair Əbülqazi Bahadur xan Xivəlinin «Şəcə- reyi-tərəkəmə» əsərinə şərhlərində qeyd edir: «Türkmanlar «tat» terminini etnoqrafik ad olaraq qeyri-türkləri, ilk növbədə iranlıları fərqləndirmək üçün istifadə edirdilər. Lakin bu adla oturaq əhalini, o cümlədən xivəliləri və Xarəzm özbəklərini də çağırırdılar. Qaraxanilər dövlətində isə (992-1211-ci illər) müsəlman iranlılara və bütpərəst uyğurlara da «tat» deyirdilər».

Dağlıların Bakıya kütləvi köçü XX əsrin əvvəllərinə təsadüf edir. 1900-cü ildə Biləcəri-Dərbənd dəmir yolu xəttinin istismara buraxılması, Bakının neft və sənaye mərkəzlərindən birinə çevrilməsi, burada işçi qüvvəsinə tələbatın kəskin şəkildə artması müxtəlif bölgələrdən Abşerona əhali axınına səbəb ol- muşdu. Dağlılar əsasən şəhərin şərqində – «Çəmbərəkənd» və «Həmşəri pa- lanı» adlanan hissələri arasında binə salmış və həmin ərazi sonralar «Dağlı məhəlləsi» kimi məşhurlaşmışdır. Dağlılar Bakının Yasamal hissəsində, Sovet və İ.Papanin küçələrində də məskunlaşmış, yerli əhali ilə qaynayıb-qarışmış, paytaxtın etnomədəni mühitinə yeni, özünəməxsus elementlər və yaşam tərzi gətirmişlər. Təsadüfi deyildir ki, dağlı məhəllələrinin unikal koloriti – lokal ənənələri, dünyagörüşü, yumoru, mətbəxi və folkloru uzun illər boyu şair və yazıçıların, kinomatoqrafçıların ilham mənbəyi olmuşdur. 

Azərbaycan mədəniyyətinin, ortaq adət-ənənələrin formalaşmasında və inkişafında, mədəni irsin yaşadılmasında və qorunmasında böyük rolu olan Azərbaycan tatları öz milli dəyərlərini yaşatmaqla yanaşı, bu əraziyə təbii in- teqrasiyaları nəticəsində ortaq polietnik mədəni məkanın ayrılmaz hissəsinə, daşıyıcılarından və yayıcılarından birinə çevrilmişlər. Onların Azərbaycanda yaşayan digər xalqlarla sıx təmasları, qarşılıqlı mədəniyyət mübadiləsi, qo- humluq bağlarının qurulması bir sıra oxşar adət-ənənələrin, yaşam tərzinin ya- ranmasına səbəb olmuşdur. Bir çox hallarda isə tatları Azərbaycan türklərindən yalnız dil fərqi ayırır. 

Qəmərşah Cavadov yazır ki, «İctimai-sosial münasibətlərin, ailə-məişət ənənələrinin inkişafı tarixin gedişində bu etnosların daha da yaxınlaşması, eyni milli mədəniyyətə və mənəvi dəyərlərə malik olmaları ilə nəticələnmişdir. Buna əsrlər boyu bu torpaqda, qonşuluq mühitində yaşayan müxtəlifdilli etnosların vahid mənəvi birliyi səbəb olmuşdur». Məsələn, XIX əsrdə yaşayıb-yaratmış el sənətkarı Aşıq Xaltanlı Tağı təkcə Qubada, Şamaxıda, Bakıda, Göyçayda deyil, Da- ğıstanda da məşhur idi. Şirvan aşıq mək- təbinin görkəmli nümayəndələrindən olan ustad sənətkarın tat dilində və Azərbaycan türkcəsində qoşduğu gəraylı və qoşmalar, qıfılbəndlər, «Nəsihətnamə» əsəri bu gün də dillər əzbəridir. 

Azərbaycan türklərinin və tatların, o cümlədən özlərini həm də lokal etnonimlə quboyi (qubalı) adlandıran cuhurların – dağ yəhudilərinin milli geyimləri, mətbəxləri də demək olar ki, bir-birindən fərqlənmir. Azərbaycanda tat mətbəxi adla tanınır. O,zəngin olduğu qədər qədimliyini də qoruyub-saxlamaqdadır. Azərbaycanda, xüsusilə Bakıda, Xızı və Siyəzən bölgələrində dağlı çörəyi, tat çığırtması, dağlı plovu, dağlı bozbaşı kimi xörəklər süfrələrin bəzəyidir. Bakı-Abşeron kulinariyasında olduğu kimi tat mətbəxində də xəmir xörəkləri – xingal, düş- bərə, qitob (qutab), girz (gürzə), xəşil, əsido (halva), giney (əriştə növü) və s. üstünlük təşkil edir. Tat etnik mətbəx mədəniyyətində qovurma, kabab, buğla- ma, ovduq, bozbaş, küftə, yəxni, müxtəlif növ plovlar kimi ortaq xörəklərə də  geniş rast gəlinir. Eyni zamanda, tatlara xas olan puşturuq, qurqut, şurə qaqal, sfan xalvo, sürqüt, quzqurap, dandur nuntarı, tərə pülə-pülə, ovnə dolma, oş kidki (balqabaqlı aş) kimi xörəklər digər xalqların da süfrələrinin bəzəyidir. 

Tat xalqının milli geyimlərində və hətta onların adlarında ortaq cəhətlər çoxdur. Məsələn, tatların da ənənəvi kişi geyimlərinə köynək, şalvar, arxalıq, qurşaq daxildir. Üstdən isə vəznəli çuxa, kürk və ya yapıncı, ayaqlarına isti yun corab, çarıq, başmaq, çəkmə və ya ayaqqabı geyər, başlarına araqçın və papaq qoyardılar. Tat qadınlarının geyimləri isə daha zəngin və çoxçeşidli olurdu: can köynək, ət köynək, üst köynək, arxalıq, don, cüttüman, cütba- laq (geniş şalvar), corab, başmaq, çəkmə, toqqalı kəmər, çutqu (baş geyimi), çarşo (çarşab, örpək) və s. Onlar qızıl, gümüş və misdən bəzək əşyaları və kəmərlər taxardılar.

Azərbaycanda tatların ənənəvi məşğuliyyəti əkinçilik, bağçılıq, tərəvəzçi- lik, heyvandarlıq, arıçılıq olsa da, onlar misgərlik və xalçaçılıq sahəsində də  böyük uğurlar qazanmışlar. Tat qadınlarının toxuduqları nəfis sənət əsərlərinə xalçalara bu gün dünyanın aparıcı muzeylərində, şəxsi kolleksiyalarda rast gəlmək mümkündür. Onların arasında Qonaqkənd, Xızı, Siyəzən, Çiçi, Lahıc Fındığan, Suraxanı və s. xalçaları təkrarolunmaz kompozisiyaları, ornament- ləri və rəng çalarları ilə seçilməkdədir. Xızı və Siyəzən xalçaları Azərbaycan xalça sənətinin Bakı qrupuna aid edilir. Bu bölgənin Gədi, Giləzi, Baxışlı, Ya- nıq Ələs, Tıxlı, Divəzər, Fındığan və digər kəndlərdə toxunan xovlu və xovsuz xalçalar bədii tərtibatı ilə göz oxşayır, rənglərinin intensivliyi, bədii elementlə- rinin orijinallığı və incəliyi ilə seçilir. Xalçaların bəzəklərində həndəsi formalı göllər, əyri xətli nabati elementlər üstünlük təşkil edir. Demək olar ki, həmin xalçaların hər birinin mərkəzi hissəsində müxtəlif variantlarda, məsələn, gül ləçəkləri və ya üst-üstə qoyulmuş kvadratlar şəklində səkkizguşəli sakral bəzək elementi vardır. Yerli xalça ustaları onu alma və ya qoğal adlandırsalar da, hə- min ornament qədim köklərə və inanclara bağlıdır, rübğ əl-hizb adı ilə müsəl- manların müqəddəs kitabını simvolizə edir. 

Xızıda toxunan Gədi xalçaları eyni adlı kəndin adı ilə əlaqəlidir. Belə ki, gədi sözü tat dilində “çəmənlikdə yerləşən kənd” anlamını verir. Bəlkə də, buna görə Gədi xalçaları çəmən üzrindəki çiçəkləri xatırladır və bəzən onlara “Dağlı xalça- sı” da deyirlər. Fındığan kəndində toxunan xalçalar isə həm də «Çaylı xalçası» adı ilə məşhurdur. Digər xalça növləri ilə müqayisədə onların kompozisiyasında daha çox haşiyədən istifadə edilir. Bir qayda olaraq, xalçanın ara hissəsində al- tıbucaqlı uzunsov göllər təsvir olunur. Quba-Şirvan xalçaçılıq mərkəzinin Quba qrupunun bir qolu olan Qonaqkənd, Gümür, Çiçi xalçaları geniş naxış müxtəlif- liyi ilə fərqlənir. Onların üzərindəki ornamentlərin böyük hissəsi həndəsi fiqurla- rın və müxtəlif bitkilərin stilizə olunmuş təsvirləridir. 

Azərbaycan qədim misgərlik sənətinin beşiklərindən sayılır. Arxeoloji qazıntılar zamanı burada aşkar olunmuş mis silah və ələtlərin, məişət qablarının, bəzək əşyalarının ən qədim nümunələri Neolit dövrünə – eramızdan əvvəl VII- VI minilliklərə aid edilir. Orta əsrlərdə bu sənətin formalaşması və inkişafı nə- ticəsində ayrı-ayrı yaşayış məntəqələri misgərlik mərkəzlərinə çevrilmişdir. Bu baxımdan Lahıc qəsəbəsi təkcə Cənubi Qafqazda deyil, Orta Şərqdə özünün mahir ustaları, sənət nümunələri ilə ad qazanmışdır. Hətta XIX əsrin 60-70-ci illərinə aid statistik məlumatlarda göstərilir ki, Lahıcın 6915 nəfər sakininin təqribən min nəfəri bilavasitə misgərliklə məşğul olmuşdur. Bütövlükdə həmin dövrdə burada 127 sənət növü, 200-dən çox sənətkarlıq emalatxanası var idi.

XIX və XX əsrin əvvəllərində Azərbaycan misgərlərinin hazırladıqları sənət nümunələri müxtəlif sərgilərdə nümayiş etdirilmiş və yüksək mükafatlara layiq görülmüşdür. Lahıc ustalarının hazırladıqları mis məhsullar – dolça, satıl, sərnic, məcməyi, sərpuc, güyüm, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq Orta Asiyada, Dağıstanda, Gürcüstanda, İranda, Türkiyədə və digər yerlərdə adla tanınırdı. Təsadüfi deyildir ki, Lahıc misgərlik sənəti UNESCO-nun qey- ri-maddi mədəni irs siyahısına daxil edilmişdir.

 

Mənbə: Məhəbət Paşayeva, Araz Qurbanov. Biz azərbaycanlıyıq: qısa etnoqrafik oçerklər. - Bakı, 2018. 232 s.

 

Xəbərlər
Redaktorun seçimi