“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
28.12.2014, 11:22
2680

Qasım bəy Zakir (1784-1857)

A- A+

Azərbaycan satirik şeirinin banilərindən olan Qasım bəy Zakir 1784-cü ildə Qarabağ mahalının Şuşa şəhərində bəy ailəsində doğulub. Onun əsli Qarabağda məhşur olan Cavanşirlər nəslindəndir. Ulu babası Kazım ağa Şuşa şəhərinin əsasını qoyan Pənah xanın doğma qardaşıdır.

Zakir ilk təhsilini Şuşada mollaxanada almış, ərəb, fars, dillərini öyrənmişdir. Bu dilləri bilməsi ona Yaxın Şərqin Firdovsi, Nizami, Sədi, Hafiz kimi məhşur söz usadlarının əsərləri ilə tanış olmaq imkanı vermişdir. Zakir mollaxananada oxuduğu illərdə adları çəkilən sənətkarların bədii irsini oxuyub öyrənmişdir. Şairin yeniyetməliyi və gəncliyi Qarabağda baş vermiş siyasi-hərbi hadisələr dövrünə təsadüf edir.

1795-ci ildə Qacarın Qarabağa hücum edib Şuşanı mühasirədə saxlaması, əhalinin şəhəri mərdliklə müdafiə etməsi, bundan iki il sonra Qacarın Şuşada qətli, şair Molla Pənah Vaqifin öz oğlu ilə birlikdə Cıdır düzündə öldürülməsi, XIX əsrin əvvəllərində İbrahim xanın Qarabağda vəhşicəsinə güllələnməsi və s. onun yeniyetməlik və ilk gənclik illərində gördüyü hadisələr, eşitdiyi əhvalatlar idi. Bu hadisələr onun dünyagörüşünün formalaşmasında öz təsirini göstərmişdir.

Qarabağ xanlığı Rusiyanın idarəçiliyinə keçdikdən sonra Zakir çar ordusunun Qafqaz müsəlman könüllü atlı dəstəsinə qoşulmuş, 1806-1813, 1826-1828-ci illərin Rusiya-İran müharibələrində iştirak etmişdir. O, Abbas Mirzənin başçılıq etdiyi İran qoşununa qarşı vuruşan dəstənin tərkibində olmuş, döyüşlərdə fərqləndiyinə görə 1828-ci ildə gümüş medalla təltif edilmişdir.

1829-cu ildə Zakirin oğlu xəstələnib vəfat edir. Bu hadisə şairi dərindən kədərləndirir, onun şax qəddini əyir. Bu münasibətlə yazdığı bir şerində Zakir oğlunun ölümündən doğan iztirablarını təsvir edərək bildirir ki, həmişə Yaqub kimi qəm çəkirəm, Yusifin gedişindən dəli kimiyəm. Şam kimi yanıram, təkcə gecələr yox, gündüzlər də yanıram.

İlin yay fəslini Şuşada, qalan fəsillərini Mehdiqulu xanın ona bağışladığı Xındırıstan kəndində (Ağdam rayonu - red.) keçirirdi. Tarxan-Mouravov Zakiri qaçaq düşmüş qardaşı oğlu Behbud bəy Cavanşiri evində saxladığına görə günahlandırıb onu həbs etdirir. Şair bir il Şuşada saxlanıldıqdan sonra məhkəməsiz Bakıya sürgün edilir.

Zakir dostları: Axundzadə, M.Kolyubakin, Qutqaşınlı və Orbelianinin köməyi ilə həbsdən azad olur, ancaq ömrünün sonuna qədər nəzarətdə yaşayır. Nəzarət altında yaşamaq şairin ömrünün son aylarında fərəhsiz ömür sürməsinin səbəblərindən biridir. Bunlardan biri də maddi ehtiyac içində yaşamışdır. 

Dostlarının səyi ilə onun fəaliyyəti nəzərə alınaraq «Rus dövlətinə göstərdiyi xidmətlərinə görə» 1857-ci ildən başlayaraq 36 manat təqaüd təyin edilmişdir. Lakin təqaüd kağızı Şuşaya çatanda artıq qoca şair dünyasını dəyişmişdi.

Şair Mirzə Həsən qəbiristanlığında dəfn olunmuşdur.

* * *

Zakirin satiraları əsas etibarı ilə çar hakimləri və çarizmin müstəmləkəçi qanun və qaydaları əleyhinə çevrilmişdir. Zakirin satirasında ən amansız tənqid olunanlar gücsüzlərin və acizlərin hüquqlarını tapdalayanlardır. İfşaçılıq, kəskin tənqid və kinayəli gülüş Zakir satiralarının əsas xüsusiyyətlərindəndir. O, ictimai nöqsanları sadəcə təsvir etməklə kifayətlənmir, eyni zamanda onlara qarşı özünün kəskin tənqidi münasibətini, nifrət və qəzəbini də bildirir.

Zakirin mənzum hekayələrində məhəbbət insanın ülvi və nəcib hissi kimi təsvir olunur. Məhəbbətdə sədaqət, mətanət və dözümlülük, vəfada möhkəmlik bu hekayələrin bir qismində əsas məzmunu təşkil edir.

Zakirin realist yaradıcılığında təmsillərinin əhəmiyyəti müstəsnadır. Onun nəşr olunmuş "Əsərləri"ndə : "Aslan, Qurd və Çaqqal", "Dəvə və Eşşək", "Tülkü və Qurd", "Xain yoldaşlar haqqında" ("İlan, Dəvə, Tısbağa"), "Tülkü və Şir", "Sədaqətli dostlar haqqında" ("Tısbağa, Qarğa, Kəsəyən, Ahu") adları ilə altı təmsili çap olunmuşdur.

Zakir təmsillərini yazarkən birinci növbədə şifahi xalq yaradıcılığında geniş yayılan təmsillərdən və məşhur hind abidəsi "Kəlilə və Dimnə" əsərindən, həmçinin klassik poeziyadakı təmsillərdən, Nizami, Cəlaləddin Rumi, Füzuli-təmsillərindən də istifadə etmişdir.

Azərbaycanın görkəmli satirik şairi Qasım bəy Zakir təndiqi realizmin təməl daşını qoyanlardan biri, dövrünün qabaqcıl fikir və meyillərinin ifadəçisi olmuşdur. Haqq-ədalət tərəfdarı olan şair daim cəmiyyətdəki eybəcərlikləri tənqid etmiş, xalqın maariflənməsi üçün əlindən gələni əsirgəməmişdir.

Görkəmli dövlət xadimi Nəriman Nərimanov Qasım bəy Zakir haqqında danışarkən bir həqiqəti demişdir: "Zakir "zülmət səltənətində" xalqa bəlanın haradan və kimlərdən gəldiyini görürdü".

Zakir və onun müasirləri olan A.Bakıxanov, İ.Qutqaşınlı və M.F.Axundov xalqın gözünü açmaq, onları maarifləndirmək üçün satiranı ədəbi janrların ən münasibi hesab edirdilər. Şairin əsərləri müstəqil ədəbi cərəyana çevrilən satirik şeirin vuran qəlbi və düşünən beyni olmuşdur.

Qasım bəy Zakiri, Mirzə Şəfi Vazehi, Baba bəy Şakiri, Abbasqulu ağa Bakıxanovu, Mirzə Baxış Nadimi və başqa şairləri satira yazmağa təhrik edən amillər yaşadıqları ictimai mühitdə baş verən hərc-mərclik, özbaşınalıq və qanunsuzluqlar idi. Bunların arasında Zakir maarifçi satiranın banisi olması ilə fərqlənirdi. Şair xalqı cəhalətdə və zillətdə saxlayanların pozulmuş əməl və əxlaqına dözə bilmir, satiraları ilə onları ifşa və ittiham edirdi.

Maarifçi və tənqidi realizmin bir metod kimi inkişafından söz açan Fuad Qasımzadə yazırdı: "İlk maarifçilər tərəfindən əsası qoyulan realist ədəbiyyat həmin illərdə Q.Zakir, B.Şakir, M.B.Nadim, M.C.Miskin və başqalarının yaradıcılığında tənqidi realizmə doğru inkişaf etməyə başladı..."

Bədii fikir tariximizdə XIX əsr Azərbaycan realizmi özündən əvvəlki əsrlərdəki realizmdən mahiyyət etibarilə fərqlənməklə qalmayıb, mühüm bir mərhələ kimi özünəməxsus estetik və yaradıcılıq prinsipləri ilə də seçilirdi. Bu realizmə "demokratik realizm", "maarifçi realizm" də deyiblər və hər iki realizmdə müəyyən həqiqət vardır.

* * *

Zakirin realizmi qabaqcıl rus demokratik fikri ilə bərabər Qərbi Avropadakı mütərəqqi ideyaların güclü təsiri ilə fərqlənirdi. Şairin yaradıcılığı bir də onunla seçilirdi ki, o, yazdığı realist əsərlərində Azərbaycan həyatının bir çox tipik xüsusiyyətlərini ümumiləşdirməyi bacarmış, eyni zamanda, satirik şeirlərin yeni nümunələrini - mənzum məktub, taziyanə, mənzum hekayə və təmsil janrlarını yaratmışdır.

Böyük satirikin gülüşü yaşadığı mühitin qan damarlarına qədər təsir etmişdir. Bu gülüşdən heç kim, nə xalqı maarif ziyasından uzaq tutmağa çalışan bəy, xan, mülkədar, nə çar məmurları, nə ruhanilər, nə də xalqı soyub-talayan başqa tüfeyli fırıldaqçılar yaxalarını qurtara bilməmişlər. Zakir avam kütlənin gözünü açmaq, onların savadlanmasına yardım etmək məqsədilə yorulmadan çalışmışdır. O, qələmini süngüyə çevirərək xalqı zülmət səltənətində saxlayan mürtəce qüvvələrə qarşı gülüşün bütün növlərindən - satira, istehza, kinayə, sarkazm və yumordan bacarıqla istifadə etmişdir.

Elə buna görə özünün həyatı zillətdə keçmiş, düşmənlərinin sayı getdikcə çoxalmış, var-yoxu talan edilmiş, mülki zorla əlindən alınmış, oğlu və qardaşı oğlu şərə salınaraq tutulmuş, qardaşı oğlu öldürülərək həbsxananın divarları dibində quyulanmışdı. Ehtiyac içində yaşayan şair dostu M.F.Axundovdan maddi yardım istəmişdi. M.F.Axundov ona kömək etməklə bərabər, həm də Bakı sürgünündən qurtarmışdı.

Zakirin yaradıcılığı maarifçi satiranın inkişafında ayrıca mərhələ təşkil etmişdir. Şair öz əsərləri ilə cəmiyyətin sağlam yollarla inkişafına, xüsusilə maariflənməsinə və bu yolla cəhalətdən qurtularaq bəy, məmur özbaşınalığına qarşı çıxmalarına çalışmışdır. Onun bu istiqamətdə yazdığı satiralar, o cümlədən "Aslan, qurd və çaqqal", "Tülkü və qurd" təmsilləri, "Dərviş və fəqir" mənzum hekayəsi və başqa yazıları 1888-ci ildə Tiflisdə nəşr edilən "Ana dili" dərsliyinə salınmışdır.

Böyük satirik ictimai və siyasi məsələlərə də açıq gözlə baxmış, hər cür yaraların sağalmasına cəhd etmiş, "məzlumun qanını içənlərə" nifrət etmiş, onlara qənim kəsilmiş, xalqın nicatını yalnız maariflənməkdə görmüşdür. İctimai haqsızlıqlara qarşı amansız və mübariz olmaq ruhu şairin maarifçi realist və satirik şeirlərinin diqqəti cəlb edən xüsusiyyətlərindəndir.

Satirikin əsasən, ifşaçı ruhda olan realizmi, kəskin satirası, yaradıcılığında xalq həyatına yaxınlıq, feodal təhkimçi mühitdə kütlənin elmdən uzaq tutulmasına qarşı çıxması, yaşadığı mühitdəki nöqsanlara dərin istehzalı münasibət onu müasirlərindən fərqləndirirdi. Şairin dost tutduğu mütəfəkkir yazıçı M.F.Axundova və eləcə də Axundovun ona olan müsbət təsirini də inkar etmək olmaz.

Bu barədə Ə.Mirəhmədovun yazdıqları da maraqlıdır: "Bu iki yazıçı arasındakı dostluq onların öz yaradıcılıq inkişafına və ümumiyyətlə, Azərbaycanda maarifçi, realist ədəbiyyatın, demokratik fikirlərin get-gedə güclənməsinə mühüm təsir göstərmişdir".

* * *

Görkəmli satirikin xalq qarşısındakı xidmətlərindən biri də odur ki, o, M.P.Vaqifdən sonra Azərbaycan dilini daha yüksək pilləyə qaldırmağa çalışan ən böyük sənətkarlardan biri olmuşdur. O, dil məsələlərinə yaradıcı sənətkar kimi yanaşmış, şeirin, sənətin xalqa xidmətini daim nəzərə almışdır.

Zakir əsərlərini geniş xalq kütlələrinin başa düşdüyü bədii dildə yazmışdır. Məhz buna görə M.F.Axundov, F.Köçərli, Ə.Haqverdiyev, A.Şaiq və başqaları Azərbaycan dilinin incəliyindən, gözəlliyindən danışarkən Zakirin adını dönə-dönə çəkmişlər.

Ana dili hər bir sənətkarın əlində fikrini və hissini dolğun, düzgün əks etdirmək üçün əsas silahdır. Zakir bu silaha yiyələnmiş, Vaqifdən sonra Azərbaycan bədii dilini daha da zənginləşdirmiş və incələşdirmişdir. Bədii söz elə deyilməlidir ki, orada sözün mənası da dərinləşməlidir. Şair belə bir bacarığa malik idi.

Zakirin sadə Azərbaycan dilində yazdığı əsərlərin M.F.Axundovun heyrətinə səbəb olması təsadüfi deyildir. O görürdü ki, Vaqifdən sonra şeirdə, sənətdə xalqa doğru meyil güclənir və qüvvətlənir. Xalqa doğru meyilin ən gözəl nümunəsi isə Azərbaycan xalq dilinin şeirdə, sənətdə üstün mövqe tutması idi.

F.Köçərli yazırdı: "Hər millətin özünəməxsus ana dili var ki, onun məxsusi malıdır. Ana dili millətin mənəvi diriliyidir, həyatının mayası mənziləsindədir. Ananın südü bədənin mayası olduğu kimi, ananın dili də ruhun qidasıdır, hər kəs öz anasını və vətənini sevdiyi kimi, ana dilini də sevir..."

"Açıq və aydın dildə" yazıb-yaradan Zakirin leksikonunun əsasını və canını ümumxalq sözləri təşkil edir. O, Azərbaycan dilinin ən gözəl xüsusiyyətlərindən, incəliklərindən məharətlə istifadə etmiş, dildə olan məsələlərdən, idiomatik ifadə və frazeoloji birləşmələrdən, ayrı-ayrı sözlərin xalq dilində işlədilən məna çalarlarından bol, həm də yerli-yerində işlətmişdir. Bütün bunlar şairin fikrini zənginləşdirmiş, sözün təsir qüvvəsini artırmış, həm də onu obrazlı, təbii və sadə etmişdir.

Zakirin şeirlərində canlı danışıq dilinin bir sıra başqa xüsusiyyətləri də nəzərə çarpır. Məsələn, şair danışıq dilində olan əks mənalı qoşa sözlərdən istifadə etmişdir; eniş-yoxuş, gecə-gündüz, gəl-get, əl-ayaq, alıb-satmaq və sairə XIX əsrdə Azərbaycan ədəbiyyatında realizm bir ədəbi məktəb kimi formalaşmağa başlamış və Zakir də bu ədəbi məktəbin ilk görkəmli nümayəndələrindən biri olmuşdur. O, XIX əsr realist ədəbiyyatımızın inkişafına müsbət təsir göstərən və ona istiqamət verən maarifçi ziyalılardan olmuşdur.

Şair öz yaradıcılığı ilə Azərbaycan ədəbiyyatını mövzu, fikir, ideya cəhətdən zənginləşdirdiyi kimi, janr etibarilə də onu inkişaf etdirmişdir. O, Azərbaycan dilinin bir çox gözəlliklərini şeirə, sənətə gətirmişdir. M.F.Axundovdan sonra realist-demokrat ədəbiyyatımızın görkəmli nümayəndələri də yeri gəldikcə Zakir sənətinə müraciət etmişlər.

Zakir görkəmli bir sənətkar kimi özündən sonrakı realist şeirimizin inkişafına müsbət təsir etmişdir. Bu təsir S.Ə.Şirvani və eləcə də M.Ə.Sabir yaradıcılığında özünü göstərmişdir.

XIX əsr realist Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Zakirin ədəbi irsi xalqımızın mədəniyyət xəzinəsinə daxil olmuşdur. Onun yaradıcılığı orta və ali məktəb proqramlarında, dərsliklərdə, müntəxəbatlarda geniş yer tutmuşdur.

Böyük şair, görkəmli satirik Qasım bəy Zakirin maarifçilik fəaliyyəti, sonralar onun xələfləri, o cümlədən dostu M.F.Axundov tərəfindən davam və inkişaf etdirilmişdir. Həmin tarixi şəxsiyyətlərin, görkəmli ziyalıların elm, təhsil, maarifin inkişafı, dilimizin saflığı uğrunda apardıqları mübarizələrin məntiqi nəticəsidir ki, hazırda bu sahədə böyük irəliləyişlərin, inkişafın şahidi oluruq.

* * *

Mənbə:

Adilə Qocayeva, Şamil Sadiq və digər müəlliflərin internetdəki yazıları

* * *

Əsərlərindən seçmələr

►Qəzəllər

 

Sən onda elə zovqu səfa bağ arasında,

Mən munda yanum piltə kimi yağ arasında.

Peykanlarını sineyi-cakimdə gorən der: -

Bir qonceyi-tərdir ki bitib bağ arasında.

Konlum quşunu seyd elədi qəmzəvu ceşmin,

Qorxum budu qanlar duşə ortaq arasında.

Getmişdi sacı seyrinə, dil gəlmədi, bişək,

Gum oldu şəbi-tardə sığnaq arasında.

O1 guşeyi-əbruydə ceşminmidi, yoxsa,

Yatrmş iki Xutən geyiki tağ arasında?

Nasehlər edir mən məni mutribu meydən,

Əfsus ki, qaldım necə sarsaq arasında.

Zakir, rəhi-eşqində diriğ eyləmə canı,

Ta nami-nikuyin qala uşşaq arasında.

* * *

Gərcı tutub aləmı şunşu qovğayı-eşq,

Yoxdu cahanda, vəli mən kimi rusvayi-eşq.

Canu dilu əqlu huş curalə musəlləm ona,

İndi nədir bilməzəm daxi təmənnayi-eşq.

Xuni-dili dişrəyə mərdumi-ceşmim tokər

Kim, gərək ari ola mənzilu məvayi-eşq.

Dur yola duş, ey təbib, carə mənim dərdimə,

Ləli-ləbi-dilbəri yazmış ətibbayi-eşq.

Vaizi-əfsanəgu dun məni neyrəng ilə,

İstər idi dondərib eyləyə tərsayi-eşq.

İş mana qalsaydı gər, kecmiş idim badədən,

Tale edib yarlıq, qoymadı danayi-eşq.

Dərgəhi-piri-muğan - məlcəyi-əmnu əman.

Xanəgəhi-meyfuruş - bəzmi-dilarayi-eşq.

Zahidi-sahilnişin, bəhri-bəladan saqın,

Kamə cəkər Yunisi mahiyi-dəryayi-eşq.

Sal təni-napakinə xirqeyi-sədparəni,

Hər qədə layiq dogul xələti-zibayi-eşq.

Qeyslə həmdərs idim, qaldı o "Vəllyl"də,

Naqis imiş, olmadı vaqitı-mənayi-eşq.

Badiyeyi-hicrdə Zakiri-gumgəştəyə,

Oldu əcəb rahbər murşidu movlayi-eşq.

* * *

►Qoşmalar

Durnalar

 

Bir saat havada qanad saxlayın,

Nizam ilə gedən qoşa durnalar!

Qatarlaşıb nə diyardan gəlirsiz

Qaqqıldaşa-qaqqıldaşa, durnalar?

 

Mən sevmişəm onun ala gözünü,

Nəsib ola bir də görəm üzünü,

Yoxsa danışırsız dilbər sözünü,

Veribsiniz nə baş-başa, durnalar?

 

Diyari-qürbətdə müddətdi varam,

Gecə-gündüz canan deyib ağlaram,

Mən də sizin kimi qəribü zaram,

Eyləməyin məndən haşa durnalar!

 

Laçın yatağıdır bizim məkanlar,

Yavaş-yavaş gedin səsiniz anlar,

Qorxuram toxuna ötən zamanlar,

Sürbəniz dağılıb çaşa, durnalar!

 

Zakirəm, od tutub alışdı cigər,

Var isə canandan sizdə bir xəbər,

Təğafül etməyin, Allahı sevər,

Dönməsin bağrınız daşa durnalar!

* * *

Gəlsin

 

Badi-səba, söylə mənim yarıma,

Gözəllər çıxıbdır seyranə, gəlsin!

Təğafül etməsin işrət çağıdır,

İçilir hər yerdə peymanə, gəlsin!

 

Bənövşələr salsın başın aşağa,

Nərgiz olsun gözlərinə sadağa,

Gül camalın görüb düşsün torpağa,

Bülbülü gətirən əfqanə, gəlsin!

 

Siyah zülfü tər buxaqda dənlənib,

Sonalar yerişi ondan öyrənib.

Ovçu görmüş maral kimi səksənib

Oğrun baxa-baxa hər yanə, gəlsin!

 

Barmağında xatəm, belində kəmər,

Telində güşvarə, düymə tamam zər,

Qərq olsun yaşıla, ala sərasər,

Naz ilə sallana-sallana gəlsin!

 

Sürmə çəksin gözlərinə, qaşına,

Gündə yüz yol mən dolanım başına,

Zakir tək yanmağa eşq ataşına,

Cürəti var isə pərvanə gəlsin!

* * *

►Gəraylilar

 

Neyləmışəm, incımısən

Yenə, ey gulbədən, məndən?

Zahirən, vardır təzədən

Sənə bir soz deyən məndən?

Qəm evində zar olalı,

Eşqə giriftar olalı,

Yarımadıq yar olalı,

Nə mən səndən, nə sən məndən.

Mailəm ceşmi-ğəzalə,

Olmuşam dərdə həvalə.

Əl goturməz ahu nalə

Gecələr subhədən məndən.

Pərişan etdin halımı,

Əyibsən qəddi-dalımı;

Nə deyim, tanrı zalımı

Xəbər alsa, gorən, məndən?

Yox olub Zakirin varı,

Gunbəgun artar azan;

Xəbərdar eyləyin yarı,

Ey Allahı sevən, məndən.

* * *

Kecdi novbəti-zimistan,

Yenə fəsli-bahar oldu.

Əndəlibi-binəvanın

Sənəti ahu zar oldu.

Yasəmənu gulu lalə

Bir cəməndə qurub halə;

Ərğovan tutub piyalə,

Nərgis icib xumar oldu.

Əmr olundu, abi-neysan,

Cansızlara bəxş etdi can;

Yenə təzələndi dovran,

Nə gozəl ruzigar oldu!

Səbzpuş olub cəmənlər,

Qaldırdı hər şukufə sər.

Oyan, ey bəxti-bixəbər,

Yatan hamı bidar oldu.

Əlac oldu hər bimarə,

Tapıldı dərdinə carə.

Elə həsrət qalan yarə

Zakiri-dilfikar oldu.

* * *

Mənbə:

XIX əsr Azərbaycan şeiri antologiyası, Bakı, "Şərq-Qərb", 2005, 424 səh.

* * *

►Satirik şeirlər

 

Xəbər alsan bu vilanın əhvalın

 

Xəbər alsan bu vilanın əhvalın,

Bir özgədir keyfiyyəti-Qarabağ.

Həqdi, bundan əqdəm görübsən səndə,

Hanı o qaidə, o qanunsəyaq?

 

Qüttəüttəriqin vüfuru vardir,

Yaylaqda, aranda qatar-qatardir,

Yenə ötür-ötür, apar-apardir;

Bizim başımızda çatdadı çanaq.

 

Zərgər, Drağarda aləm-aşikar,

Bir ucdan oğurlar, biri ucdan satar,

Vay odur-sahibi at başı tutar,

Yüz yerdən tökülür üstünə çomaq.

 

Belə vilayəti dağıtsın Tarı,

Ziyadə məğşuşdu Ərəs kənarı,

Xurda, Parababı, Qarğabazarı,

Maralyan, Horadiz, Nüzyar, Quyucaq.

 

Əgər xəbər alsan Molla Səfini,

Oğru dürüst qarışdırıb kefini,

O, Qalada biçər ölü kəfəni,

Çöldə üç atını soyublar çılpaq.

 

Qarabağda nə day qaldı, nə dana,

Bu gün, sabah qaçar hərə bir yana;

Tənbeh etmək ilə Xındırıstana,

Xub saldı nizama ölkəni qoçaq.

 

Ədalətdə yoxdu bir kəsrü kəmi,

Mundan sonra vilayətin nə qəmi?

Əlbət, dağıdırmış külli-aləmi

Ağzından süd iyi gələn iki uşaq.

 

Birindən şikayət edəsən əgər,

Danişmağa qoymaz, sözünü kəsər,

Qardaş malı kimi ortadan bölər,

Murovlar olublar oğurya ortaq!

 

Görsən tanımazsan Yarımsaqqalı,

Çıxıb əndazədən dövləti malı,

Xandəmirov çaldı, çapdı mahalı,

O ki tutub keçəl qurumsaq.

 

Üləmalar üz döndərib xudadan,

Usanmaz bir ləzhə cövrü cəfadan.

Başı əmmaməli seyid-molladan

Taətdə övladır o qatmaqurşaq.

 

Gərək bu aləmdən eyləmək həzər,

Öz yerində deyil çünki xeyrü şər.

Bihörmət olubdur pədərə pesər,

Yüzdə biri yaxşı olur ittifaq.

 

Fəraqət oturub hər kəs bir işdə,

Nə yazda yarıdırdıq,nə də ki qışda;

Ya rəb,neyləmişdik, bu dağılmışda

Haram oldu bizə bir qarış torpaq?

 

Çəkilib köksümə dağlar,düyünlər,

Kafirə olmasın nəsib bu günlər.

Qınamasın məni könlübütünlər,

Fikrim dağınıqdır, xatirim övraq.

 

Gərçi vilayətdə çox idi əhval,

Müyəssər olmadı şərh edəm əhlal,

Bir parasın yazıb, eylədim irsal,

Bir şərt ilə nə diş bilsin, nə dodaq.

* * *

Var mülki-Qarabağda çox dun köpək oğlu

 

Var mülki-Qarabağda çox dun köpək oğlu,

Haşa kim, ola bir belə məlun köpək oğlu!

 

Sən sənki-cəfabirlə mənim könlümü yıxdın,

Yıxsın evini qadiri-biçun, köpək oğlu!

 

Yox səndə məgər şərmü həya, bir kəsə eylər

Bu zülmü nə həccacü nə Məmun köpək oğlu!

 

Munca nədi kim, dinini dünyayə satırsan?!

Yığdı o qədər neylədi Qarun köpək oğlu!

 

Bir dərdə salıbsan ki, məni çarə tapılmaz,

Hərgah gələ Loğmanü Fəlatun, köpək oğlu!

 

Eşşəkdən at olmaz, çulunu eyləyəsən gər

Ya tirməvü ya ətləsi-gülgun, köpək oğlu!

 

Əfali-bədin qıldı Qarabağı müləvvəs,

Pak etməz onu lücceyi-Ceyhun, köpək oğlu!

 

Hərçənd müsəlmandı adın, yaxşıdı səndən

Taətdə Mıkırdış ilə Ərtun, köpək oğlu!

 

Kimdir o çörəksiz qapına şad gəlib, axşam

Qayıtmaya dilxəstəvü məhzun, köpək oğlu!

 

Üftadələrin dəstini tut ta nəfəsin var,

Həmvarə dolanmaz belə gərdun, köpək oğlu!

 

Hər kim tanıdı, tapdı səni, oldu peşiman,

Bir mən deyiləm beylə cigərxun, köpək oğlu!

 

Kimin evinə düşsə sənin məqdəmi-şumün,

Yeydir ki, düşə zəlzələ, taun, köpək oğlu!

 

Hər bəndini bir kəsdən alıb madərin, oldur

Səndən görünür kari-digərgun, köpək oğlu!,,.

 

Bir acı xiyarca mana iş görmədin əsla,

Dursun gözünə yük-yük o qavun, köpək oğlu!

 

Dörd yük sarı buğda keçən il vurdu qatırçın,

Yolda üyünüb getdi sizə un, köpək oğlu!

 

Dünya işi əql ilə deyil, talei-meymun

Çəkmiş nə yerə gör səni, meymun köpək oğlu!

* * *

►Təmsillər

Aslan, qurd və çaqqal

 

Görmüşəm nüsxədə bir türfə misal,

Əyyami-sabiqdə bir qurd, bir çaqqal

 

Şiri-cəyan ilə tutmuşdu ülfət,

Yedilər, içdilər bir neçə müddət.

 

Təqdiri-qəzadən üç gün, üç gecə

Ov keçmədi ələ, oldusa necə.

 

Aqibət, tapdılar səbahə yavuq

Bir qoyun, bir quzu, bir də bir tovuq.

 

Ğalib olmuş idi şirə iştəha,

Qurda dedi: bölgü sənindi, durma,

 

Təqsim eylə, olaq yeməyə məşğul.

Anlamayıb fikrin gürgi-biüsul

 

Dedi ki: ey sərvər, cənabi-bari

Öz əlilə göydə bölüb bulari.

 

Qoyun sənin, quzu mənim, çəqqalə

Göndərib tovuqu xaliq nəvalə.

 

Giran gəlib bu söz şirin xaşına,

Bir tapanca saldı qurdun başına.

 

İki gözü ol biçarə fəqirin,

Çıxıb yerə düşdü zərbindən şirin.

 

Ondan sonra üzün tutub çəqqalə

Dedi: oldu bölgü sana həvalə.

 

Qismət eylə, məlum olsun əməlin,

Eşitmişəm vardır bölgüdə əlin.

 

Çaqqal zərbi-dəsti-şiri görmüşdü,

Annamışdı karı, rəyin bilmişdi.

 

Dedi: ata-baba bölgü bizimdi,

Sən gedib naəhlə buyurdun indi.

 

Eylə qismət edim ğəniməti mən

Ta ruzi qiyamət deyəsən əhsən!

 

O ki, qoyun padşahın naharı,

Quzunu saxlarıq axşam iftarı.

 

Toyuq da sabahın qəlyanaltına,

Əlbəttə ki, xaliq yetirir yenə.

 

Şir dedi: "afərin sana ey pürfən,

Bu bölgünü kimdən öyrənibsən sən?

 

Dedi ki: bilməzdim binadən, başdan,

Öyrəndim o gözü çıxan qardaşdan.

 

Böyük əgər deyə gündüzə gecə,

De ki, göydə ulduz səyrişir necə!

 

Nisbət verə gər gündüzə gecəni,

Söylə ki, yandırır afitab məni.

 

Nəinki cənabi-hacıqulu tək,

Xanın bostanının novbarı gəlcək,

 

Üzləyib yaxşısın evə göndərə,

Çarıqın çürüyün təhvilə verə.

 

Çubuğa saldıra fəqir rəyəti,

Özü yeyib-içib sürə vəhdəti.

 

Bu nə alış veriş, bu nə ticarət?

Bu nə haramxorluq, bu nə ziyarət?

 

Elə iş baş verir yoğun qurşaqdan,

Həq bilir ki, çıxmaz nadan uşaqdan.

 

Satıbdır gulluhüm dini dünyayə,

Bu əhli-Şişədən pənah xudayə.

* * *

Tülkü və şir

 

Əyyami-sabiqdən edim hekayət,

Mustəme olanlar aparsın ləzzət.

 

Çin bəhrində bir cəzirə var idi,

Ziyadə basəfa ələfzar idi.

 

Tən edərdi ol behişti-bərinə,

Yox idi aləmdə ona qərinə.

 

Tutmuşdu həşərat şol mülki vətən,

Turfə canəvərlər salmışdı məskən.

 

Təqdiri-qəzadan bir şir, ittifaq,

Gözəl sərzəmini eylədi yataq.

 

Sair heyvanata təng oldu məaş,

İçlərinə düşdü aşubü pərxaş.

 

Gündə üçün, dördün qovub tutardı,

Yeyib, gəlib öz yerində yatardı

 

Yığılıb bir yerə oldu fərahəm

Cəzirədə nə var isə bişü kəm.

 

Binayi-məşvərət etdilər ağaz,

Axırda tutdular bu sözü mümtaz:

 

"Bizdə yox onunla qüdrəti-cədəl,

Ya gərəkdir çəkək bu vətəndən əl,

 

Ya qoyaq onunla binayi-saziş,

Dolanıb arxayın, edək güzariş.

 

Pərişan olmasın, barı sağımız,

Yüyürməkdən saf əridi yağımız".

 

Çox keçdi arada dəlil, dəlail,

Küllühüm bu əmrə oldular qail.

 

Tülküyə dedilər: "ey yari-pürfən!

Bu təklifi bizdən qəbul eylə sən.

 

Çünki onlar ilə başdan, binadan

Birevli kimisiz ata-babadan.

 

Düşəndə eylərlər sizə məsləhət,

Xahi aşikara, xahi də xəlvət.

 

Dur bu gün varid ol hüzuri-şirə,

Rəhmin gəlsin binəvayə, fəqirə.

 

De ki, ey sərhəngi-külli-dirrəndə!

İnsafü mürüvvət yoxdurmu səndə?

 

Güzarın düşübdür bizim vətənə,

Cannisarıq həmə, həq bilir, sənə.

 

Var xəlfəyə təəllüqü Bağdadın,

Neçin yamanlığa çəkilsin adın?

 

Sülhü səlah ilə düzələ bir kar,

Bu qəhrü ğəzəbin nə surəti var?

 

Kimdir səndən edə müzayiqə can,

Keç bu mərhələdən, aman, əl'aman!

 

Nə layiqdir sənin kimi sərvərə,

Bais ola belə nahaq işlərə;

 

Yol kəsə dəmbədəm həramilər tək,

Vura, tuta, yıxa müxlisin görçək.

 

Şah istəsə olsun rəiyyət abad,

Gərək aralıqda bir qərardad.

 

Sən ağa, biz sənə bəndeyi-fərman,

Zilli-himayətdə qoy gəzək hər yan.

 

Dəhyeki-divanə nədir sözümüz,

Bu yolları yaxşı billik özümüz.

 

İtaət etməsə malikə məmluk,

Olmaz aralıqda təriqi-süluk.

 

Gündə bir çarpa eylərik irsal,

Yeyərsən, yatarsan bicürmü vəbal".

 

Göftü şeno ta ki, yetdi payanə,

Görək tülkü nə gətirdi bəhanə!

 

Dedi: "əsirgəməm bir qaşıq qanı,

Vəli laf uranlar gen gündə, hanı?

 

Xırsi-qəviheykəl, xuki-pürğürur,

Gürgi-şikarəfkən, çəqqali-məğrur.

 

Yaxşı gündə mənəm-mənəm deyənlər,

Ovu göydə alıb, göydə yeyənlər.

 

Seyd edən zamanda salmazlar yada,

Deməzlər bir parça verək ona da.

 

Yaman gündə tamam durub kənara,

İstər bir fənn ilə özun qurtara.

 

Məni qətlgahə eylərlər rəvan,

Mən rubahi-aciz, o şiri-cəyan.

 

Əgər bir pəmbəçə vura sərimə, .

Xürdü xəmir olub dollam dərimə.

 

Dinəndə deyirsiz əhli-tədbirik,

Məsəldir: güclüyə nə dözər çürük.

 

Göndərin laəqəl mərdi-hünərvər,

Yetirsin ərziniz, gətirsin xəbər".

 

Yerbəyer dedilər: "ey tülkü qardaş,

Bu sözü söyləməz əcamir, ovbaş.

 

Küllühüm aləmi tuta qiylü qal,

Heç adətdə yoxdur elçiyə zəval.

 

El namusu elə düşər, əzizim,

Yaman yerə yetib işimiz bizim.

 

Doğrudur, gen gündə biz laf urarıq,

Gərdən çəkib, yal qabardıb durarıq;

 

Hanı bizdə şöylə adabü ədəb,

Təqrirati-məlih ləfzi-müntəxəb;

 

Böyük hüzurunda deyək, danışaq,

Kürəyə düşməyən olmaz yumuşaq

 

Bir ağaca çəkilməyə ta törpü,

Nə dər olur, nə dərvazə, nə körpü.

 

O ki, sənsən - hər elmdə mahirsən,

Fəhmü fərasətdə xəlqə zahirsən.

 

Yüz kari-müşkülə gər qoyasan əl,

Göz yumub açınca səyin eylər həll.

 

Xidmətində eyləmişik təğafül,

Əfv eylə cürmümüz, ey piri-aqil!

 

Hörmətin lazımdır bizlərə, əmma

Axtarma keçəni, "məza ma məza".

 

Əgər ki, olmasa səndən bir çarə,

Gərəkdir vətəndən olaq avarə".

 

Söylədilər əfzun, dedilər bihədd,

Tülkü eyləməyib iltiması rədd,

 

Yola düşüb getdi badi-sərsər tək,

Təbəssüm eylədi şir onu görcək.

 

Çün özü bu əmrə minnətkar idi,

Baş tutdu, dərzaman meyli var idi.

 

Qayıdıb yetirdi xəlqə bəşarət:

İndən belə dəxi gəzin fərağət.

 

Bəs ki, hasil oldu bu müddəalər,

Eylədilər şahə xeyrü dualər.

 

Hər firqədən gündə bir fərbeh davar

Göndərdilər, həm şam ola, həm nahar.

 

Bu hal ilə dolandılar bir muddət,

Ta inki tülküyə yetişdi növbət

 

İlk axşamdan çavuş eylədi izhar

Kim: "rəsəd sizindir, olun xəbərdar.

 

Göndərin gecədən bir rübahi-çağ,

Məbada ki, əmir ola bidamağ".

 

Var idi bir qürfən kədxudaləri,

Çox yola salmışdı belə işləri.

 

Əshabü əqranın yığıb səmtinə,

Dedi: "bu keyfiyyət ar gəlir mənə;

 

Bizim hiyləmizdən çərxi-kəcrəftar

Gecə-gündüz daim ölüm arzular.

 

Vəhmü hərasından afitabü mah

Çəkir üzlərinə pərdeyi-siyah.

 

Əksimizi görsə suda divü dəd,

İlim-ilim itər ta ruzi-əbəd.

 

Yarım saat əgər bizi görsə ac,

Özün kola soxar qırqovul, turac.

 

Hər məkrdə ola ictihadımız,

İndi ara yerdə itə adımız.

 

Həq bilir, deyiləm mən ziyanlıqdan,

Ölüm yeydir belə zindəganlıqdan;

 

Əbəs-əbəs gələ bir şiri-həpənd,

Dövləti-qədimə yetirə gəzənd.

 

Bu əmrin olmasa bizdə çarəsi,

Sağalmaz ölüncə bilin yarəsi".

 

Dedilər ki, ey sərxeyli-əqrəba,

Xaliq edib səni bizə kədxuda.

 

Olmasaydı səndə fəhmü fərasət,

Bir məlcəü məva tapardıq, əlbət.

 

İxtiyar sənindi, səlah sənindi,

Nə isə, tədbirin işə sal indi.

 

Kədxuda üstünə karı yıxdılar,

Sözlərin danışıb, tez dızıxdılar.

 

Sübhədən yatmayıb qoca kədxuda,

Bəstəri-fikrdə çevrindi ol, ta

 

Səhər oldu, ay gizləndi, gün doğdu,

Ol qədər atının cilovun boğdu,

 

Keçdi şirin naharının zamanı,

Kəsildi açından tabü təvanı.

 

Ahəstə-ahəstə üftanü xiyzan

Yetişib hüzura çəkdi əlaman.

 

Dedi: "ey sərvəri-külli cəzirə,

Rəhmin gəlsin binəvayə, fəqirə.

 

Bir ölkənin olmaz iki sərdarı,

Lazımdır ki, sən çəkəsən bu arı;

 

Gətirirdim sizə bir fəhbeh şikar,

Ərzi-rəhdə oldum bir şirə düçar.

 

Bunca dedim, töməsidir əmirin,

Həddi nədir olsun hər yetən şirin?

 

Pəndü nəsihətə olmayıb qail,

Göndərdi bir neçə föhşü latail.

 

Zor ilə şikarı əlimdən aldı,

Özümə də bir yol pəmpəçə saldı.

 

Koldan-kola qaçıb gəlmişəm naçar,

Mundan sonra dəxi ixtiyarın var".

 

Bir tərəfdən aclıq, bir yandan söyüş,

Şir özün itirib, getdi əqlü huş.

 

Halü təbiətdən çıxdı bir babət,

Sözün axırına verməyib fürsət,

 

Yola düşüb dedi: "dayanma, zinhar,

O yer ki, görübsən, məni tez apar!"

 

Sabiqən görmüşdü bir çahi-pürab,

Fil düşsə olurdu mədumü nayab.

 

Çəkə-çəkə getdi quyu səmtinə,

Dübarə başladı təzərrö yenə.

 

Dedi: "yaxınlaşıb şirin məkanı,

Məndə yoxdur dəxi getmək imkanı.

 

Məgər ki, alasan püşti-sərinə,

Görən dəmdə tullayasan girinə,

 

Edəsən onunla cənki-sultanı,

Mən olam nüsrətin mədihəxanı".

 

Əhməq ol pürfəni alıb dalına,

Hər kimin əqli var xoşa halına!

 

Quyu kənarına ta kim, yetişdi,

Nəzəri özünün əksinə düşdi.

 

Eylə sandı şiri-peykardır bu,

Sıçradı üstünə bivəhmü qayğu.

 

Tülkü özün atmış idi kənarə,

Qərqi-fəna oldu dər-dəm biçarə

 

Hiylə ilə xəlqi eylədi azad,

Qayıtdı mənzilə xürrəmü dilşad.

 

Çoxdur yolu bu məsəlin dünyadə,

Mən özüm görmüşəm həddən ziyadə.

 

Biri o kim, hər kəs xəlqə zülm edər,

Aqibət ədl ilə fənayə gedər.

 

Biri o kim, hakimani-bitədbir

Çahi-intiqama ğərq olur çün şir.

 

Biri o kim, biməsləhət, biəndiş

Bu dari-dünyadə düzəlməz heç iş.

 

Biri o kim, sanma düşməni həqir,

Eylər səni axır bəlayə əsir.

 

Xətadır dolanmaq, xülasə-kəlam,

Xətm oldu hekayət, baqi vəssəlam!

* * *

Mənbə:

http://azerlit.info/?author=58

 

Xəbərlər
Redaktorun seçimi