“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
26.03.2017, 21:05
1385

Azərbaycan müxalifətində "Ruslan Bəşirli sindromu" (2005)

A- A+

⇔ ⇔ ⇔

Son günlər Azərbaycan gündəminin bir nömrəli müzakirə və mübahisə mövzusu olmuş hadisədən bütün cəmiyyət xəbərdardır. Bir həftəyə yaxındır ki, mətbuat səhifələri, televiziya ekranları, cəmiyyətin müxtəlif kəsimlərinin yer aldığı çoxsaylı toplantılar bu mövzuya həsr olunub, onunla bağlı geniş ictimai rezonans artıq Azərbaycan hüdudlarını da aşaraq çeşidli yozum və dəyərləndirmələrə yol açıb. Səslənən şərh və qiymətlərdə fərqli baxışlar və siyasi konyuktura meylləri ortaya çıxsa da, ümumilikdə cəmiyyətin mütləq əksəriyyətinin hadisəyə münasibəti birmənalıdır. Həmin münasibət isə ondan ibarətdir ki, mövcud Azərbaycan gerçəkliyində mahiyyətindən, siyasi kriterindən və digər meyarlarından asılı olmayaraq heç bir məqsəd erməni ilə işbirliyinə haqq qazandıra bilməz.

Bu, sadəcə, dövləti təəssübkeşlikdən, "düşmənlə işbirliyi olmaz" tezisindən irəli gələn siyasi bir imperativ deyil, geniş anlamda milli-mental gerçəkləri ehtiva edən bir məsələdir. Təsadüfi deyil ki, Azərbaycan xalqı ən kəskin ictimai qınaq ünvanı olan əməl sahiblərinə mənfi münasibətini ifadə edərkən adətən "belələri işinin xatirinə erməniyə də dayı deyər" kəlamından istifadə edir. "Dünyanın dinc vaxtında", yəni azərbaycanlılarla ermənilərin müharibə etmədiyi bir zamanda daha çox işlək olmuş bu xalq deyimini hazırkı şəraitdə hansı anlam kəsb etdiyini nəzərə alsaq, məsələnin mahiyyətinin folklor müstəvisindən çox daha ciddi bir ölçülərə malik olduğunu görərik. Söhbət nədən gedir?

Hər şeydən öncə söhbət ondan gedir ki, 27 yaşlı gənc azərbaycanlı sir-sifətin biclik yağan atası yaşında erməni ilə bir masa arxasında yeyib-içib nəşələnidikdən, erməni xalqının sağlığına tost dedikdən və həmin erməni pəzəvənglə qucaqlaşıb-öpüşdükdən sonra ondan 2 min dollar da pul alır. Hadisənin bütün digər təfərrüatını kənara qoyub bu faktın özünü nəzərdən keçirsək, Ruslan Bəşirlinin öz hərəkəti ilə böyük ictimai qınaq, Ermənistanın təcavüzü nəticəsində əzizini, yaxınlarını, ev-eşiyini, torpağını itirmiş minlərlə insanın isə açıq qəzəbini qazandığını təsdiq edə bilərik. Yəni burada ən azı yol verilmiş hərəkətə görə xalq qarşısında mənəvi (ictimai) məsuliyyətdən söhbət getməlidir.

İndi isə bu faktın üzərinə bayaq kənara qoyduğumuz vacib detalları əlavə edək. O zaman məlum olar ki, R.Bəşirli sadəcə sıradan bir azərbaycanlı gənc deyil, özü kimi onlarla gəncin birləşdiyi bir təşkilatın rəhbəridir, aktiv siyasi fəaliyyətlə məşğul olur və ermənidən aldığı pulları da bu fəaliyyətə xərcləmək niyyətində olub. Burada artıq ortaya mənəvi məsuliyyətlə bərabər, kriminal tərkibi (Azərbaycan qanunvericiliyinə görə, siyasi fəaliyyətin xaricdən maliyyələşməsi yasaqdır) olan siyasi məsuliyyət məsələsi çıxır.

Bunun üzərinə R.Bəşirlinin heç də spontan şəkildə fəaliyyət göstərən gənclər qurumunun deyil, Azərbaycanın iri müxalifət təşkilatlarından sayılan və hakimiyyətə gəlmək iddiasında olan AXCP-nin ("islahatçılar") sədrinin himayəsi altında fəaliyyət göstərdiyini və onun özünün də Əli Kərimliyə çox yaxın bir şəxs olduğunu (bunu onların hər ikisi etiraf edir), həmçinin 2 min dolları R.Bəşirliyə vermiş erməninin də Georgi İspiryan adlı sıradan birisinin deyil, Ermənistanın xüsusi xidmət əməkdaşı olduğunu əlavə etsək, mənzərə, necə deyərlər, tamamlanmış olar. O da bəlli olur ki, G.İspiryanın verdiyi pullar heç də, qəbzdə yazıldığı kimi, Azərbaycanda "demokratiyanın xilası" (bu yerdə İlf və Petrovun "12 stul" əsərindəki məşhur səhnə yada düşür) üçün deyil, buradakı mövcud hakimiyyətin devrilməsi, habelə R.Bəşirlinin Ermənistanın xüsusi xidmət idarəsi ilə gələcək əməkdaşlığı üçün avans imiş.

Düzdür, sonuncu məqam de-fakto, yəni R.Bəşirli erməni konyakı ilə "lazımi kondinsiyaya çatdıqdan sonra" ortaya çıxıb və bu fakt Baş Prokurorluğun açıqlamasında da əks olunub. Lakin hətta bu faktı bir tərəfə qoysaq belə, ona qədər sadalananlar müəyyən nəticələr çıxarmağa imkan verir.

İlk nəticə odur ki, Gürcüstan paytaxtındakı görüşə (yaxud, rəsmən deyildiyi kimi, konfransa) AXCP ("islahatçılar") sədrinin tapşırığı ilə gedən və Bakıya qayıtdıqdan sonra oradakı danışıqlar, əldə edilən razılaşma və 2 min dollar barədə ona məlumat verən (hadisə barədə Baş Prokurorluğa məlumat verən R.Bəşirlinin yoldaşı, onunla birlikdə Tbilisidə olmuş Osman Əlimuradov pulun min dollarının şəxsən Ə.Kərimliyə verildiyini də deyir) "Yeni fikir" gənclər təşkilatının rəhbəri Azərbaycanda hakimiyyətin devrilməsi planlarının yer aldığı ssenaridə, sadəcə, ona ayrılmış rolu oynayıb. Sözsüz ki, bu, sözügedən ssenarinin heç də əsas rolu deyil. Əsas rollar R.Bəşirlinin və onun kimilərin "beynini yuyub" onlardan siyasi alət kimi yararlanmağa çalışanların, AXCP ("islahatçılar") rəhbərliyinin üzərinə düşür.

Üstəlik o da məlumdur ki, Azərbaycan hakimiyyətinin devrilməsi planlarının müzakirə edildiyi Tbilisi görüşündən əvvəl, həmin görüşün təşkilatçılarından biri, Gürcüstan vətəndaşı Merabi Cibutia 2005-ci il iyun ayının sonu - iyul ayının əvvəllərində "Gürcüstanın demokratik qüvvələrinin nümayəndəsi" qismində Bakıda səfərdə olub və Ə.Kərimli ilə də görüşüb. R.Bəşirlinin məlum videolentdə yer alan açıqlamaları da bunu təsdiqləyir.

Yeri gəlmişkən, bu olayla bağlı mətbuatda, digər diskussiyalarda hallanan məsələlərdən biri də qeyd olunan videokasetin mənbəyi ilə bağlıdır. Baş Prokurorluğun məlumatında bildirilir ki, Tbilisidəki məclisin gizli videolentə alınmasını Ermənistan xüsusi xidmət orqanları təşkil ediblər və ermənilər sonradan kasetin surətini "yeni fikir"çilərə veriblər ki, onlar Ermənistan dövləti ilə məxfi əməkdaşlıqdan boyun qaçıra bilməsinlər, çünki əks halda həmin kaset telekanallar vasitəsilə yayılacaq. R.Bəşirliyə qahmar çıxmağa cəhd edənlər isə gizli videoçəkilişin Azərbaycan xüsusi xidmət orqanları tərəfindən həyata keçirildiyini, hətta kasetin sonradan montaj olunduğunu iddia edirlər.

Prinsipcə mövcud şəraitdə özünü təmizə çıxarmaq istəyən qüvvələrin belə iddiada bulunması təəccüblü görünməməlidir. İndiki şəraitdə belə bir iddianın ortaya çıxmaması və istər "Yeni fikir" təşkilatının üzvlərinin, istərsə də R.Bəşirlini məlum missiya ilə Tbilisiyə göndərmiş AXCP ("islahatçılar") sədrinin ictimaiyyət qarşısına çıxaraq baş verənlərə görə peşimançılıq çəkib üzüntü duyduqlarını ifadə etmələri təəccüblü görünə bilərdi. Baxmayaraq ki, yaranmış şəraitdə məhz belə bir addımın atılması, yəni heç olmasa R.Bəşirlinin erməni ilə nəşələndiyi məclisdə bəyan etdiyi fikirləri, həmçinin G.İspiryandan 2 min dollar almasını onun sərxoş olması ilə izah edilməsi bu biabırçılığın səhnəarxasında duranlar üçün ən məqbul çıxış yolu olardı.

Lakin bu dəfə də gümanlar deyil, gerçəklik özünü doğrultdu. Hər hansı yanlışlığa görə ictimai qınağı nəzərə alıb üzrxahlıq etmək kimi normal davranış üsulları bu qüvvələrin siyasi əqidə və məsləkinə tərs gələn bir addım sayılır. Məhz buna görədir ki, onlar bu boyda biabırçılığı, son bir neçə gündə ölkə əhalisinin dəfələrlə başdan sonadək izlədiyi kasetin (lap tutalım ki, həmin məxfi çəkilişi Azərbaycan xüsusi xidmət orqanları həyata keçirib, məgər bununla orada əks olunanlar, kef məclisində erməninin ağzından öpüb onunla qədəh-qədəhə vuran, axırda da ondan aldığı pulları qatlayıb cibinə qoyan azərbaycanlı gəncin iyrənc hərəkətləri, nəhayət, onu bu cur hərəkətlərə sövq etmiş siyasi liderlərin ikrah doğuran əxlaqı öz mahiyyətini itirmiş olur?) ortaya qoyduğu mənzərəni nəinki retuş, ümumiyyətlə, inkar etməyə qalxıblar.

R.Bəşirlinin hərəkətlərinin hüquqi qiymətini, bu hərəkətlərdə cinayət tərkibinin dərəcəsini, təbii ki, hüquq-mühafizə orqanları və sonda məhkəmə müəyyən edəcək. O cümlədən "Yeni fikir" rəhbərinin Ermənistan məxfi orqanının əməkdaşı ilə "işgüzar əlaqə" yaratmasının doğura biləcəyi hüquqi nəticələri də bu qurumlar aşkarlamalıdır. Hələlik R.Bəşirliyə qarşı Cinayət Məcəlləsinin 278-ci maddəsi ilə (hakimiyyətin zorla ələ keçirilməsinə, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) cinayət işi açılıb.

Amma bu cinayət işinin nəticəsindən asılı olmayaraq baş verən fakt Azərbaycanın ictimai-siyasi həyatı və bu müstəvidə imkanlarından yüksək ambisiyalarla çıxış edən hər bir kəs üçün ibrət dərsi olmalıdır. Əslində Azərbaycan müxalifətinin bugünkü qibtəedilməyəcək durumu xeyli dərəcədə həmin ambisioz şəxslərin "əməyinin" nəticəsidir. Əgər Azərbaycanda müxalifət hərəkatının gələcəyi erməni konyakından və erməni xəfiyyəsinin masaya qoyduğu 2 min dollardan başını itirib biabırçı vəziyyətə düşən və az qala milli kimliyini, dövlətini satmaq həddinə gələn R.Bəşirli kimilərinin öhdəsinə qalacaqsa, onda bu hərəkatın üfiqlərini indidən görmək olar.

Eyni zamanda, belə bir sual üzərində düşünməyə də lüzum var ki, əcəba, R.Bəşirli bu cür davranış tərzini, yekəxana ədaları, "üç aydan sonra hakimiyyətə gəlib ölkəni dəyişəcəyik", "konyak və şaqaladla Qarabağ məsələsini həll edəcəyik" kimi düşük siyasi aforizmləri kimdən və harada öyrənib?

Bizcə, bu sualı cavabı çoxlarına aydındır. Çünki həyatın bütün sahlərində olduğu kimi, siyasətdə də səbəb-nəticə əlaqəsi mövcuddur.

Yaxın tarixə nəzər salsaq, görərik ki, bu gün R.Bəşirlini və onun kimilərin beynini təməlsiz siyasi ambisiyalarla doldurub, onları istiqamətləndirənlər özləri də siyasətə bənzər üslub və davranışla gəliblər. Vaxtilə bütöv olmuş AXCP-ni parçalayıb bugünkü hala gətirən, özünün mənəvi lideri saydığı Əbülfəz Elçibəyin ölüm yatağında olduğu son günlərində də bu iddiadan əl çəkməyən və nəhəng təşkilatın bir qanadına sahib olub özünü Elçibəyin yeganə varisi elan edənin kimliyini məgər cəmiyyət unudub? Halbuki AXCP-də Elçibəyin varisi olmağa və onun ideyalarını davam etdirməyə layiq olan şəsxlər o vaxt da vardı, indi də var.

Hələ o tarixi qoyaq kənara. Son bir neçə ildə elə "islahatçı" AXCP-nin sıralarını tərk edənləri xatırlayaq. Məgər onları da bu addıma həmin ambisioz davranış vadar etməyibmi? Elə indinin özündə "müxalifətin yeganə perspektivli lideri Ə.Kərimlidir" kimi ambisioz bəyanatların baş alıb getdiyi göz qabağındadır və bu cür yekəxana davranışın ümumilikdə müxalifət düşərgəsində anlaşma atmosferinə necə təsir etdiyi barədə düşünməyə dəyər.

Təbii ki, bu cür siyasətdən və siyasi davranışdan dərs alan R.Bəşirli də 100 qram alkoqolun təsirindən sonra özünü AXCP sədrinin müavini və Azərbaycan müxalifətinin öncül simalarından biri kimi təqdim edəcəkdi. Hecə deyərlər, birilərinin tökdüyünü kimlərsə yığışdırmalı idi...

Effektiv Təşəbbüslər Mərkəzinin Analitik qrupu

«525-ci qəzet», 9 avqust 2005-ci il

 

Xəbərlər
Redaktorun seçimi