18 fevral
18 fevral 1931 – Xalq şairi, dramaturq Nəriman Həsənzadə anadan olub...
Azərbaycan
18 fevral 1201 - Dünya şöhrətli azərbaycanlı alim, riyaziyyatçı, astronom və filosof Nəsirəddin Məhəmməd ibn Həsən Tusi (1201 - 23.6.1274) Həmədan şəhərində anadan olub (bəzi mənbələrdə Tusinin təvəllüdü 16 və 17 fevral göstərilir). Nəsirəddin Tusinin yaratdığı Marağa rəsədxanası uzun illər təkcə Şərqin deyil, dünyanın mötəbər elm (astronomiya) mərkəzlərindən biri olub.
18 fevral 1895 - Azərbaycanın məşhur qəzəlxan şairi Əliağa Vahid (Əliağa Məmmədqulu oğlu İsgəndərov, 1894-1.10.1965) Bakının Masazır kəndində anadan olub.
18 fevral 1925 - Tanınmış jurnalist və ictimai xadim Hacı Hacıyev (1924-2008) anadan olub. Uzun müddət Azərbaycan Jurnalistlər Birliyinə rəhbərilik edib, bədii tərcümə (rus dilindən) ilə məşğul olub.
18 fevral 1929 - SSRİ rəhbərliyinin qərarı ilə Azərbaycan SSR ərazilərinin bir qismi - Naxçıvan Muxtar Respublikasından 657 kv. km ərazi - Qurdbulaq, Hörədiz, Oğbun, Almalı, İtqıran, Sultanbəy, Qarsevən, Kilid və digər kəndlər, həmçinin Zəngilan rayonunun Nüvədi kəndi, eləcə də Qazax rayonunun 4400 hektarıq meşə sahəsi Ermənistan SSR-ə verilib.
18 fevral 1931 – Xalq şairi, dramaturq Nəriman Əliməmməd oğlu Həsənzadə Qazax rayonunun Poylu qəsəbəsində doğulub. Ədib çoxsaylı poetik topluları (“Cavid", "Nizami", “Nuru Paşa” poemaları), dram əsərləri (“Pompeyin Qafqaza” yürüşü”, "Atabəylər" ) ilə müasir Azərbaycan ədəbiyyatına böyük töhfələr verib. "Şərəf" ordeni ilə (2011) təltif edilib.
18 fevral 1947 - Tanınmış fırça ustası, Əməkdar rəssam Ənvər Vahid oğlu Qarayev (1947 - 30.1.2011) Şəkidə anadan olub. Dekorativ-tətbiqi sənət, xalça, batika, parça üzərində tikmə texnikasının mahir ustası idi, bir çox beynəlxalq sərgilərin iştirakçısı olmuşdu.
18 fevral 2009 - “Bakı İslam mədəniyyətinin paytaxtı - 2009” tədbirlərinin təntənəli açılış mərasimi keçirilib. Bakı şəhəri İslam Konfransı Təşkilatına üzv ölkələrin elm, təhsil və mədəniyyət qurumu olan İSESCO-nun qərarı ilə (noyabr 2007) 2009-cu il üzrə İslam mədəniyyəti paytaxtlı elan olunub. İl ərzində Azərbaycan paytaxtı bir çox beynəlxalq əhəmiyyətli mədəniyyət tədbirlərinə ev sahibliyi etdi.
Dünya
18 fevral 1404 - İtalyan alimi, yazıçı, arxitektor Leon Battista Alberti (Leone Battista Alberti, 1404-1472) anadan olub.
18 fevral 1564 - Böyük italyan rəssamı, heykəltəraş, memar, şair, Avropa İntibah dövrünün görkəmli sənətkarı Mikelancelo Buonarrotti (Michelangelo di Francesci di Neri di Miniato del Sera i Lodovico di Leonardo di Buonarroti Simoni, 6.3.1475 - 1564) vəfat edib.
18 fevral 1718 - Danimarka yazıçısı və rəssamı Seren Abildqaard (Sören Abildgaard, 1718-1791) anadan olub.
18 fevral 1780 - Rus rəssamı, məişət boyakarlığı janrının banilərindən biri Aleksey Venesianov (1780-1847) anadan olub.
18 fevral 1836 - Hind filosofu və dini lideri, induizmin islahatçısı Ramakrişna (Şri Ramakrişna Paramaxamsa, 1836-1886) anadan olub.
18 fevral 1838 - Avstriya filosofu və fiziki, pozitivizmin tanınmış nümayəndəsi Ernst Max (Ernst Mach, 1838-1916) anadan olub.
18 fevral 1898 - Məşhur italyan konstruktoru və iş adamı, “Ferrari” avtomobil şirkətinin qurucusu Enso Ferrari (Enzo Anselmo Ferrari, 1898-1988) anadan olub.
18 fevral 1932 - Çex əsilli Amerika kinorejissoru və ssenaristi Miloş Forman (Milosh Forman - Jan Tomash Forman; 1932 - 13.4.2018) anadan olub. Rejissorun “Qu quşunun yuvası üzərində uçuş” filmi (1975) 5 “Oskar”a, “Amadey” filmi isə (1984) 8 “Oskar” mükafatına layiq görülüb.
18 fevral 1933 - Yapon əsilli Amerika musiqiçisi və rəssamı, əfsanəvi “Beatles” qrupunun lideri Con Lennonun həyat yoldaşı Yoko Ono anadan olub.
18 fevral 1934 – Rusiyanın Xalq artisti, sirk ustası Muxtarbek Kantemirov (1934-2017) anadan olub. “Azərbaycanfilm”də “Qorxma, mən səninləyəm” filmində (1981) Rüstəm rolunda çəkilib.
18 fevral 1954 - Məşhur Amerika kinoaktyoru Con Travolta (John Joseph Travolta) anadan olub. Filmləri: «Şənbə axşamının həyəcanı», «Kriminal qiraət», «Sifətsiz», «Əsas rənglər» və s.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: