Azərbaycan tarixi günbəgün: 17 yanvar
17 yanvar 1915 – Birinci Dünya müharibəsi gedişində Qafqaz cəbhəsində Türkiyə (Osmanlı) qoşunlarını məğlub edən Rusiya qoşunları oradan İrana (Cənubi Azərbaycana) keçərək Təbrizə yaxınlaşıblar.
Üç gündən sonra, yanvarın 20-də Təbriz şəhəri rus qoşunları tərəfindən işğal olundu.
17 yanvar 1926 – Tanınmış şairə Mədinə Gülgün (Mədinə Nurulla qızı Ələkbərzadə; 1926- 17.2.1991) Bakıda anadan olub. 1938-ci ildə ailəsi ilə Cənubi Azərbaycana köçüb, orada milli azadlıq hərəkatının (1941-1946) fəal iştirakçısı olub. 1947-ci ildə Bakıya gəlib. "Təbrizin baharı", "Təbriz qızı", "Xatirələrimin nəğməsi", "Dünyamızın sabahı" və s. şer və poema kitablarının müəllifidir.
17 yanvar 1992 – Azərbaycan Respublikası Ali Sovetinin daimi fəaliyyət göstərən işçi orqanı – Milli Şura 20 Yanvarın “Şəhidlər günü” elan olunması haqqında" qanun qəbul edib. Qanuna əsasən, yanvarın 20-si Azərbaycan ərazisində qeyri-iş günü elan olunub.
17 yanvar 1994 – Azərbaycan Ordusunun hissələri Qarabağ cəbhəsinin Füzuli istiqamətində Ermənistan silahlı qüvvələrinin yenidən hücuma keçmək cəhdinin qarşısını alıblar. Bundan öncə Azərbaycan Silahli Qüvvələrinin hissələri Füzuli rayonunun Horadiz qəsəbəsini, bir sıra Arazboyu kəndləri işğaldan azad etmişdilər. Ermənilər bu əraziləri yenidən ələ keçirmək üçün aramsız hücumlara keçsələr də, böyük itkilər verərək geri çəkilməli oldular.
17 yanvar 2001 – Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycanın təşkilata tamhüquqlu üzv qəbul olunması haqqında qərar qəbul edib.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: