Azərbaycan tarixi günbəgün: 2 iyun
2 iyun Azərbaycanda mülki aviasiya işçilərinin peşə bayramı günüdür...
2 iyun 1938 - Azərbaycanda ilk mülki aviasiya dəstəsi təşkil olunub. Bakıda ilk aviasiya məktəbi 1915-ci ildə yaradılmış, 1923-cü ildə Bakı-Tbilisi marşrutu ilə ilk mülki aviasiya xətti açılmışdı. 1933-cü ildə Binədə ilk hava limanı istifadəyə verilib. 1938-ci ildə isə ilk mülki aviasiya dəstəsi uçuşlara başlayıb. Prezident İlham Əliyevin 2006-cı il 18 may tarixli sərəncamı ilə 2 iyun Azərbaycanda mülki aviasiya işçilərinin peşə bayramı günü elan olunub.
2 iyun 1979 - Tanınmış kinorejissor Hüseyn Seyidzadə (19.10.1910 - 1979) vəfat edib. Milli kino tariximizdə özünəməxsus yeri olan “O olmasın, bu olsun, “Koroğlu”, “Dəli Kür”, “Yenilməz batalyon”, “Qayınana” flimlərini çəkib.
2 iyun 1989 - Ermənistan rəhbərliyi respublika ərazisində azərbaycanlı əhaliyə qarşı etnik təmizləmənin həyata keçirildiyni etiraf edib. Ermənistan KP MK-nın birinci katibi S.Arutyunyan SSRİ Xalq deputatlarının 1-ci qurultayındakı çıxışında bəyan edib ki, «1989-cu il iyunun 1-nə olan məlumata görə, Ermənistanda bir dənə də olsun azərbaycanlı ailəsi qalmayıb». Ermənistandan 220 mindən çox azərbaycanlı əhalinin kütləvi deportasiyası faktiki olaraq 1988-ci ilin sonunda başa çatmışdı.
2 iyun 1993 - Azərbaycan dəmir yolunda ermənilərin növbəti təxribatı həyata keçirilib. Bakı dəmir yolu vağzalında törədilmiş partlayış nəticəsində dövlətə külli miqdarda maddi ziyan dəyib. Partlayışın icraçısı Rusiya vətəndaşı İqor Xatkovski Ermənistan Milli Təhlükəsizlik Baş İdarəsi kəşfiyyat şöbəsinin casusu kimi Azərbaycana göndərildiyini, təxribatçı qrupun Rusiya ərazisindən Bakıya gələn sərnişin qatarlarında silsilə partlayışlar törətdiyini etiraf edib.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: