Azərbaycan tarixi günbəgün: 8 iyun
8 iyun 1604 - Səfəvi-Osmanlı müharibəsi gedişində I Şah Abbasın qoşunları İrəvan qalasını ələ keçiriblər. Osmanlının nəzarətindən çıxan İrəvanın idarəçiliyi Əmirgünə xan Qacara verilib...
8 iyun 1604 - Növbəti Səfəvi-Osmanlı müharibəsi (1603-1612) gedişində I Şah Abbasın qoşunları İrəvan qalasını ələ keçiriblər. Osmanlının nəzarətindən çıxan İrəvanın idarəçiliyi Əmirgünə xan Qacara verilib. Bundan bir qədər əvvəl Səfəvi qoşunları Təbrizi Osmanlıdan geri almışdı. 1580-ci illərdə tərəflər arasındakı müharibədə Azərbaycan əraziləri, demək olar ki, bütünlüklə (Talış bölgəsi və Ərdəbil istisna olmaqla) Osmanlının nəzarətinə keçmiş və bu, 1590-cı ildə İstanbul sülh müqaviləsində təsbit olunmuşdu.
8 iyun 1993 - Gəncə hadisələri ilə bağlı ölkədə böhran dərinləşib. Surət Hüseynovun tabeçiliyindəki silahlı birləşmələr Gəncəbasar bölgəsində yerli hakimiyyət strukturlarını devirərək Bakıya doğru hərəkət etməyə başlayıblar. Bu arada respublika rəhbərliyi vəziyyətdən çıxış yolu axtarmaq üçün Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət edib.
8 iyun 2002 - Prezident Heydər Əliyev Sankt-Peterburqda rusiyalı həmkarı Vladimir Putinlə birlikdə dahi şair Nizami Gəncəvinin abidəsinin açılışında iştirak edib. Prezidentlər Xəzərin sektoral bölgüsü və Qarabağ məsələsini müzakirə ediblər. Xəzərlə bağlı sazişin sentyabrda imzalanması qərara alınıb.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: