Azərbaycan tarixi günbəgün: 21 iyun
21 iyun 2001 – Prezident Heydər Əliyevin fərmanı ilə Azərbaycanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılıb...
21 iyun 1503 – Şah İsmayılın başçılıq etdiyi Səfəvi qoşunları Almaqulağı döyüşündə sultan Muradın ordusunu məğlub edib. 1500-cü ildə Ağqoyunlu dövləti ikiyə parçalandıqdan sonra onun bir qoluna (Diyarbəkir, Azərbaycanın Kür çayından cənubdakı hissəsi) Əlvənd Mirzə, ikinci qoluna (Ərəb İraqı, Fars, Kirmanır) isə sultan Murad başçılıq edirdi. Səfəvi qoşunları 1501-ci ildə Şərur döyüşündə Əlvənd Mirzəni məğlub etmişdilər. Ağqoyunlunun ikinci qolunun məhv edilməsi ilə Səfəvi dövlətinin güclənməsi başlandı.
21 iyun 1830 – Zaqatala bölgəsində də çar üsul-idarəsinə qarşı üsyan alovlanıb. Üsyan dörd ay davam etdi və oktyabrın ortalarında yatırıldı. Azərbaycanda baş qaldıran üsyanlara cavab olaraq çar hökuməti bölgələrdə hərbi komendantlıq idarə üsulu yaratmağa başlayıb.
21 iyun 1794 – Tarixçisi, şair, maarifçi Abbasqulu ağa Bakıxanov (1794-1847) Bakı şəhəri yaxinlığında Əmircan (Xilə) kəndində anadan olmuşdur. Atası II Mirzə Məhəmməd xan Bakı xanları nəslindən, anası Sofiya xanım isə müsəlmanlığı qəbul etmiş gürcü qızı idi. Bakıxanov 8 yaşına qədər Bakıda yaşayıb. 1802-ci ildə atası xanlıq taxtı uğrunda mübarizədə əmisi oğlu Hüseynqulu xana məğlub olduğuna görə məcburiyyət qarşısında Qubaya, vaxtı ilə dayısı Fətəli xanın ona bağışladığı Əmsar kəndinə köçməli olmuşdur, təhsilini burada davam etdirmişdir, ərəb və fars dillərinə mükəmməl yiyələnmişdir.
1819-cu ildə Bakıxanov çar Rusiyasının Qafqaz canişini general Yermolovun dəvəti ilə Tiflisə gedərək Qafqaz Baş Hərbi Idarəsində Şərq dilləri tərcüməçisi vəzifəsinə qəbul olunub. Bakıxanov bu vəzifədə 26 il işləyib. 1828-ci ildə Rusiya ilə İran arasında bağlanan və Azərbaycan torpaqlarının bölünməsini rəsmiləşdirən Türkmənçay müqaviləsinin imzalanmasında tərcüməçi kimi iştirak edib.
Bakıxanov «Gülüstani-İrəm» əsəri ilə Azərbaycan tarixşünaslığın əsasını qoyub. “Qüdsi” təxəllüsü ilə şeirlər yazıb. Bakıxanov hərbi qulluqdan istefaya çıxdıqdan sonra Yaxın Şərqə səyahətə çıxmışdır. 1847-ci ildə Məkkədən Mədinəyə gedərkən Vadiyi-Fatimə adlanan yerdə vəfat etmiş və həmin yerdə dəfn olunmuşdur.
21 iyun 1933 – Tanınmış alim və ictimai xadim Tofiq İsmayılov (1933-1991) anadan olub. 1991-ci ildə Azərbaycan Respublikasının dövlət katibi təyin edilib. Həmin il noyabrın 20-də Dağlıq Qarabağda (Qarakənd) ermənilər tərəfindən vurulan vertolyotda həlak olub.
21 iyun 1991 – SSRİ prezidenti Mixail Qorbaçov Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun Lenin ordeni və ikinci "Qızıl ulduz" medalı ilə təltif olunması (ölümündən sonra) barədə fərman imzalayıb. Həzi Aslanov ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına hələ 1945-ci ildə təqdim olunsa da, Anastas Mikoyan başda olmaqla Kremldəki ermənilər buna imkan verməmişdilər.
21 iyun 2001 – Prezident Heydər Əliyevin fərmanı ilə Azərbaycanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılıb.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: