“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
20.10.2013, 09:14
1453

Azərbaycan tarixi günbəgün: 20 oktyabr

A- A+

20 oktyabr Azərbaycanda energetiklərin peşə bayramı günüdür. 1981-ci ilin bu günündə Mingəçevirdə ölkə energetikasının flaqmanı - Azərbaycan İES istifadəyə verilib...

 

20 oktyabr 1141 – Dahi Azərbaycan şairi, böyük mütəfəkkir Nizami Gəncəvi (İlyas Yusif oğlu Nizami, 1141-1209) Gəncədə anadan olmuşdur. Nizaminin «Xəmsə»si ("Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl", "İsgəndərnamə" poemaları) dünya ədəbiyyatı xəzinəsində ən möhtəşəm yerlərdən birini tutur.

 

20 oktyabr 1913 –  Tanınmış şair Əhməd Cəmil (Cəmilzadə Əhməd Səttar oğlu, 1913-1977) İrəvan şəhərində anadan olub. Bir çox ədəbi nəşrlərə rəhbərlik edib. Rus, ukraynalı, gürcü, belarus, özbək şairlərin əsərlərini Azərbaycan dilinə tərcümə edib. 1977-ci il sentyabrın 27-də vəfat edib.

 

20 oktyabr 1922 – Xalq artisti, görkəmli müğənni Şövkət Ələkbərova (1922-1993) anadan olub. Şövkət Ələkbərova məlahətli səsi ilə Azərbaycan musiqisini keçmiş SSRİ məkanında, eləcə də Fransa, İsveçrə, Şri-Lanka, Əfqanıstan, Hindistan, Misir, Əlcəzair, İran, Türkiyə, Polşa və digər xarici ölkədə tanıdıb. 1993-cü il fevralın 7-də vəfat edib.

 

20 oktyabr 1940 – Görkəmli ictimai-siyasi xadim Həsən Həsənov Tiflis şəhərində anadan olub. 1981-1990-cı illərdə Azərbaycan KP MK-nın katibi işləyib, 1990-1992-ci illərdə respublikanın baş naziri, 1992-1993-cü Azərbaycanın BMT-də ilk daimi nümayəndəsi, 1993-1998-ci illərdə xarici işlər naziri olub. 2004-cü ildə Azərbaycan Respublikasının Macarıstanda səfiri təyin edilib, hazırda ölkəmizin Polşada səfiridir.  Tarix elmləri doktorudur .Azərbaycanın sovetləşmə tarixinə (Nəriman Nərimanov haqqında) dair tədqiqat əsərlərinin, pyes və nəsr əsərlərinin müəllifidir.

 

20 oktyabr 1981 – Mingəçevirdə Azərbaycan iqtisadiyyatının ən böyük müəssisələrindən biri, ölkə energetikasının flaqmanı “Azərbaycan” istilik elektrik stansiyası (İES) istifadəyə verilib. İnşası 1974-cü ildə başlanan elektrik stansiyası Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrün ən möhtəşəm tikintisidir. “Azərbaycan” İES Qafqazda ən böyük istilik elektrik stansiyasıdır, Azərbaycanın enerji tələbatının təxminən yarısını (2400 Mvt) təmin edir. Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, 2004-cü ildən etibarən 20 oktyabr - “Azərbaycanda energetiklərin peşə bayramı günü” kimi qeyd olunur. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

 

Xəbərlər
Redaktorun seçimi